"Bunu sən yazmalısan!" - Xuraman Hüseynzadə yazır

Həyat yoldaşının Uilyam Qoldinqə "əmri": "Bunu sən yazmalısan!"

"Milçəklər kralı", "Varislər", "Sərbəst enmə", "Kağız adamlar", "Yaxın qonşuluq", "Piramida" kimi romanların müəllifi olan Qoldinq və arvadı öz uşaqlarına Ballantinin ada ilə bağlı romanlarını oxuyurmuşlar. Qoldinq arvadına uşaqlar kimsəsiz adaya düşsə, həqiqətən nələr ola biləcəyi ilə bağlı bir kitabın maraqlı ola biləcəyini söyləyir və "Bunu sən yazmalısan" cavabını alır. Vaxt gəlir, Qoldinq həyat yoldaşının məsləhətinə əməl edir. 

...Məktəbliləri müharibənin cəngindən xilas edən təyyarə, insan ayağı dəyməyən adada qəzaya düşür. Və beləliklə, Uilyam Qoldinqin şedevr hesab olunan 

"Milçəklər kralı" romanı yaranır...

Valideynlərindən, ailələrindən, dostlarından ayrı düşmüş məktəbli uşaqların yaratdığı cəmiyyət eyni hal ilə üzləşən böyüklərin yaratdığı cəmiyyətdən nə ilə fərqlənə bilər? İdentik situasiyadır. Elə romanda da bu suala cavab axtarılır: "Sizcə, hansı yaxşıdır: sizin kimi zəncisayağı rənglənmiş dəstə yaxşıdır, yoxsa Ralf kimi ağıllı-kamallı olmaq? Vəhşilər arasında bərk səs-küy qopdu. Piqqi yenə qışqırdı: Hansı yaxşıdır: qayda-qanunla yaşayıb hər şeyi məsləhətlə həll eləmək, yoxsa ov eləyib qan tökmək, öldürmək, öldürmək yaxşıdır?"

Əsərdən belə nəticəyə gəlmək olur ki, bütün çatışmazlıqlar, iyrəncliklər insana doğulandan bəxş edilir. Və insan vəhşiləşərsə, yırtıcıdan betər olar. Elə Qoldinq də roman vasitəsilə oxuculara bu subliminal mesajı ötürür.

"Maska artıq öz müstəqil həyatını yaşayırdı, Cek isə utancaqlığı və abır-həyanı bir tərəfə ataraq onun arxasında gizlənmişdi."

Əli Kərimin "Maska" şeiri yada düşür bu yerdə:

Yaxşı yadımdadır, Peredelkino,

Klubda karnaval gecəsi vardı.

Orda maskaları maska taxmamış

Bir şümal, bir gözəl qız paylayardı.

Bəzən görürdün ki, bir ayüzlüyə

Eybəcər bir meymun maskası düşür.

Bəzən də görürdün, elə tülkünün

Özü-özü ilə bir də görüşür.

Gah da hər gün üzü maskalı olan,

Təzədən üzünə bir maska vurur.

Cekin maska geyinərək utancaqlığı, abır-həyanı bir kənara atması bir də Andre Moruanın "Tufan" hekayəsini xatırladır:

"-Maskanı çıxarmaq? - deyə Bertran Şmidt söhbətə qarışdı.

- Sizə elə gəlir ki, maskanı çıxarmaq həmişə xeyirli olur? Məncə, çox yaxın və mehriban dostlar səmimi olurlar, qalan bütün cəmiyyətdə isə insanların münasibətində əsasən maskalar iştirak edir... Əgər bir dəfə təsadüfən, məcbur olub həmişə həqiqəti gizlətdiyimiz adamlara onu danışsaq, tez peşman olarıq.

Kristyan Menetrye İngiltərədə baş vermiş bir qəzanı xatırlayır:

-Şaxta qaz partlayışında uçmuşdu, on iki nəfər qazmaçı şaxtanın bir küncündə salamat qalmışdı... Bir həftə orada qaldıqdan sonra, qazmaçılar gizli işlərini etiraf edir... Onlar belə fikirləşiblər: "İndi ki, ölürük qoy ürəyimizi boşaldaq". Sonra gözlənilməz bir vəziyyətdə xilas edilirlər... Qazmaçılar bir daha görüşmək istəmirlərmiş... Özü barədə çox şey bilən adamlardan hər biri uzaq qaçırmış. Maskalar yenidən taxılmış, cəmiyyət xilas edilmişdi. Afrikaya səyahəti zamanı Bertranın başına oxşar hadisə gəlir. Belə ki, səyahət zamanı tufan başlayır. Onun olduğu təyyarə ağacların üstünə düşür. Ölüm anı yaxınlaşır. Jizel, qubernator ərinin gözü qarşısında gənc podpolkovinkə sarılır. Onu sevdiyini deyir. Öpür onu... Son anda xilas olurlar. Aradan zaman keçir. Jizel Anjel adlı həmin podpolkovnik haqda danışır: "…Döyüşdə həlak olub. Çox təəssüf, yaxşı gələcəyi vardı. Ərim onu çox istəyirdi."

Andre Morua, hekayəni bu sözlərlə bitirir: "Maska sifətə elə möhkəm bağlanmışdı ki, lap qaynayıb-qarışmışdı. Jizel əhvalatdan xəbərdar olduğumu unutmuşdu."

1953-cü ildə Qoldinq "Milçəklər kralı" romanını 9 nəşriyyata göndərir. Nəşriyyatların hamısı onu rədd edir. Amma roman, yeni işləməyə başlayan bir gənc redaktorun diqqətini çəkir və o, romanın surətini evə aparır. Vərəqlər son dərəcə aşınmış, saralmış, köhnəlmiş haldaydı. "Milçəklər kralı"nın ilk nüsxələrində dini elementlər çox idi. Bu da müharibədən qayıtdıqdan sonra Qoldinqin dinə çox maraq göstərməsindən irəli gəlirdi. O, tez-tez kilsəyə gedər, dualar edərmiş. Redaktor romandakı bəzi hissələri dəyişməyi tövsiyə edir...

Nəşrdən sonra əsərə münasibət çox yaxşı olur. Yaradıcılıqla məşğul olan Qoldinq, maddi çətinlik üzündən müəllimliyi buraxmır. Müəllim dostlarına səhifələri saydırır və onlardan kitabla bağlı digər işlərinə köməklik göstərməyi istəyir.

"Yuxu gündəlikləri"ndən gerçəkliyə...

Qoldinqin yayımlanmamış "Yuxu gündəlikləri"ni qızı Judi rejissor Adam Lov ilə paylaşandan sonra ortaya çıxır. Bundan sonra Qoldinqin həyat hekayəsi və düşüncələri haqqında saat yarımlıq maraqlı bir sənədli film çəkilir... 

Qoldinqin atası ateist, zəkalı bir adam idi. Onu da ateist kimi böyüdürdü. Anası fövqəltəbii şeylərə inanırdı. Küçənin bir ucunda onun oxuduğu orta məktəb, digər ucunda daha yaxşı bir kollec vardı. Bu məktəb ayrı-seçkiliyinə həmişə təəssüflənən Qoldinq, bunu gündəliklərində də yazmışdı.

Arvadı Ann ilə ilk müəllimlik etdiyi məktəbin kitabxanasında tanış olurlar. Oğlu dünyaya gələn vaxt o, müharibəyə dənizçi kimi gedir. Müharibə vaxtı bir gəminin kapitanı olan Qoldinq, həmin dövrün gündəliyini yazır. İkinci Dünya müharibəsi və mədəni görünən almanların qorxunc əməlləri onları dünyaya yenidən tanıdır. Gündəlikdə yazıçının müharibə haqda təəssüratları öz əksini tapır. 

Müharibədən sonra yazıçı, yenə eyni məktəbdə müəllimlik edir.

Əgər söz deyilibsə...

Qoldinq həmçinin arxeoloji sahəyə də maraq göstərirdi. Qazılan yerlərə tez-tez baş çəkirdi. İkinci romanı "Varislər" romanı bir qrup neandertalın şüurlu insan ilə qarşılaşmasından və öz sonlarına doğru yol almasından bəhs edir. "Varislər" əsərində Qoldinq göstərmək istəyir ki, inkişaf zamanı bəzən ləngimələr baş verib. Bu romanında Qoldinq neandertal insanın həyat tərzi, odu necə əldə etməsi və qoruyub-saxlaması, qəbilə daxilində insanların bir-birinə münasibəti, onlar arasında iş bölgüsü və digər məsələlərə toxunur. Qəbilə başçısının tövsiyəsi, əmri müzakirə edilə bilər və daha düzgün variant təklif olunarsa, icra edilər. Amma əgər tapşırığı müzakirə etmək imkanı yoxdusa, qəbilə başçısı öz qərarını dəyişməkdən imtina edərsə, onda ona əməl etmək lazımdır. Çünki bu cür məsləhət görülüb və əgər söz deyilibsə, mütləq onu yerinə yetirmək lazımdır.

Ailələr kimi ürəklər də parçalananda...

Piramida, Uilyam Qoldinqin öz həyatının müəyyən məqamlarını əks etdirən və cəmiyyətin çatışmazlıqlarından bəhs edən əvəzsiz bir əsərdir. "Piramida"da yazıçı oxucunu ingilis həyatı ilə yaxından tanış edir. Bu həyatda sinfi təbəqələşmə gedir və onların sərt qanunları var. Bunu əllərinə girəvə keçəndə kül kimi üfürərlər insanın gözlərinə. İngilis həyatına Vsevolod Ovçinnikovun "Palıd kökləri" kitabı vasitəsilə bələd olanlar üçün bu roman da əlavə məlumatlar verir. 

"Piramida" vasitəsilə bir daha bəlli olur ki, Qoldinqin mükəmməl təhkiyəsi var.Əlbəttə, tərcümə də mükəmməl olarsa, oxucunun tək işi gözəl bir əsəri mükəmməl tərcümədə oxumaq olur. Roman Oliver adlı bir gəncin həyatından bəhs edən məqamlarla başlayır. Oliver Oksford Universitetində təhsil alır. Hər gənc kimi onun da özündən asılı olmadan etdiyi xətalar var. Təbii, bir də tükənməyən enerjisi... Oliverin yaşadığı yerdə gözəllər gözəli bir qız vardır. Və bu qız məhəllədəki imkanlı bir ailənin oğlu ilə sevgilidir. Oliver buna çox əsəbiləşir, amma əlindən heç bir iş gəlmir. Fəqət, hadisələr başqa səmtdə inkişaf edir və o, qıza yardım etməyə müvəffəq olur. Bu yardımdan sonra Oliver kiçik bir mükafat alır. İrəliləyən zamanda mükafat daha böyük olur. Roman bu minvalla davam edir. Daha sonra Oliverin həyatından daha iki hekayə oxuyuruq. Bəzən faciəyə dönən, bəzən də komediyaya çevrilən həmin həyatda tək bir problem var: ingilis sinfi təbəqələşməsi. Bu ayrı-seçkilik ailələr kimi, ürəkləri də parçalamaqdadır...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!