Yer altında günəş - Sevinc ELSEVƏR

Sevinc ELSEVƏR

Uşaqlığımın, daha doğrusu, məktəb illərimin son iki ilini metronun "Nizami" stansiyasında keçirmişəm. İndiki Slavyan Universitetinin nəzdində yerləşən liseydə oxuyurdum və "Nizami" stansiyasından, demək olar ki, hər gün istifadə edirdim. Sinif yoldaşlarımızla deyə-gülə, zarafatlaşa-zarafatlaşa metroya düşəndə gözüm divarlardakı mozaikalarda qalırdı. Ancaq heç vaxt uşaqlarla bir yerdə olanda bu mozaikaların qarşısında ayaq saxlamazdıq. Nə vaxt ki tək olurdum, özümlə baş-başa qalırdım, mütləq stansiyanın içində o yan-bu yana var-gəl edir, hər pannonun qarşısında dəqiqələrlə dayanırdım.

Sənət intimlik tələb edir. Onunla baş-başa olmalısan. Duyğularını, düşüncələrini təkbətək yaşamalı, içində söhbətləşməlisən onunla. Bəlkə, buna görə belə idi bu?

İndi, illərdən sonra "Nizami" metrosunun içində o baş-bu başa gedib-gəlirəm, adamlara göz qoyuram. Baxıram ki, adamlar qoşa-qoşa metroya düşür, başları qızğın söhbətə qarışır, pannoların yanından etinasız ötüb-keçirlər. Hətta kürəklərini bu möhtəşəm sənət əsərlərinə çevirib, Allah bilir qeybət edirlər. Aralarında gənclər, tələbələr də çoxdur.

Ancaq kim ki, təkdir və özüylə baş-başadır, mütləq ya bir-bir pannoların hamısına yaxınlaşır, ya da ən çox diqqətini çəkən mozaikanın qarşısında dayanır. Bir neçə dəqiqəlik də olsa ayaq saxlayır.

Bu cür təkbaşına pannolardan birini seyr edən gənc oğlanlardan birinə yaxınlaşıram. Söhbətə tuturam onu.

- Maraqlıdır, hə?

Diksinib mənə şübhəylə baxır. Nə istədiyimi anlamağa çalışır.

- Hə, maraqlıdır, - qısaca cavab verir oğlan. Utancaq qız kimi başını aşağı salır.

- Tələbəsiniz? - soruşuram.

- Bəli, tələbəyəm.

- Bu pannoda təsvir olunan səhnəni oxumusunuz? "Daranın ölümü" adlanan pannonun qarşısında dayanmışıq.

- Yox, bunu oxumamışam. Orda biri var, onu oxumuşam, - əlilə qarşı divarın lap o başını göstərir.

"Bayquşların söhbəti"ni deyir.

- Hansı əsərdəndir o səhnə deyə bilərsiniz?

- Yox. Mən orta məktəb dərsliyində oxumuşam - deyir.

- Bəs Nizaminin "Xəmsə"lərindən bütövlükdə heç nə oxumamısınız?

Başını bulayır.

- Eybi yox, oxuyarsınız, əsərlər lap maraqlıdır.

Oxuyaram, - gülümsəyir.

Onu mozaikalarla baş-başa buraxıram, qoy rahat təəssürat ala bilsin.

Ancaq onsuz da çox çəkmir, qatardan düşüb gələn dostu qoluna toxunaraq onu fikirdən ayırır. Gənc tələbə səyahət etdiyi sirli bir dünyadan qoparılmış kimi diksinir, sonra dostuna qoşulub gedir.

Böyük ehtimalla insanlar ən az "Nizami" stansiyasında gözləməkdən yorulurlar. Gözləmək çox vaxt darıxdırıcıdır. Böyük Nizami yerin altında da insanları darıxmağa qoymur, onların dadına çatır. Keçirdikləri hər saniyədə, dəqiqədə onlara nəsə öyrədir. Hətta yerin altında da Nizami günəş kimi işıq saçır. Bəlkə elə buna görə rəssam Mikayıl Abdullayev stansiyanın yuxarı hissəsində Nizaminin mozaika ilə işlənmiş, hündürlüyü 3 metrdən artıq olan irihəcmli portretini günəş şəfəqlərinin fonunda verib. Qaranlıqları aydınladan, zülmətlə çarpışan Nizami kürəyini günəşə söykəyib durub.

SSRİ Xalq rəssamı, görkəmli boyakar, qrafik və teatr rəssamı Mikayıl Abdullayev Nizaminin portretilə birgə 19 panno yaradıb metrostansiyada. Pannolardan 18-də Nizaminin "Xəmsə"sinə daxil olan beş məsnəvidən səhnələr təsvir edilmişdir, mozaikalardan üçü "Sirlər xəzinəsi", üçü "Xosrov və Şirin", üçü "Leyli və Məcnun", dördü "Yeddi gözəl", beşi isə "İskəndərnamə" əsərlərindən götürülmüşdür.

Rəssam süjetlərin təsvirində klassik miniatür formasına müraciət etmişdir, parlaq, gözqamaşdıran rənglərdən qaçmış, yumşaq rənglərə üstünlük vermişdir. Ancaq həm də pannolar rəng çeşidi ilə zəngindir, monoxrom rənglərdən ibarət deyil.

1973-cü ildə Bakı metropoliteninin "Nizami" stansiyasının interyerinin işlənməsi təsadüfən Mikayıl Abdullayevə tapşırılmamışdı. O, bundan əvvəl də Nizami mövzusuna dəfələrlə müraciət etmişdi. Nizami yaradıcılığına ilk dəfə 1941-ci ildə müraciət edən rəssam şairin "İskəndərnamə" poemasının motivləri əsasında "Nəsihət" adlı üçfiqurlu tablo yaratmışdır. Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin sifarişilə 20 yaşlı gənc rəssamın çəkdiyi tabloda Aristotellə İskəndərin söhbəti təsvir olunur. Metro stansiyasının yeraltı salonunun mozaikalarla bəzədilməsini stansiyanın baş memarı Mikayıl Hüseynova rəssam özü təklif edir, onun təklifi rəğbətlə qarşılanır.

"1973-cü ildə dahi şairin adını daşıyan "Nizami" stansiyasının bədii tərtibatı kimi məsul və şərəfli bir iş başlandı. Bütün yaradıcılıq imkanlarımı səfərbərliyə aldım. İncilər incisi "Xəmsə"ni yenidən mütaliə etməyə başladım. Hər poema üçün seçdiyim ən səciyyəvi səhnələri, stansiyanın yeraltı salonunun tağlı pilonlarında yerləşdirməyi qət etdim. Doqquz cüt qabaq-qabağa yerləşən pilonlarda on səkkiz səhnəni təsvir etməyi qərara aldım. Baş memar, akademik Mikayıl Hüseynovun bu niyyətimə razılıq verməsi məni bir qədər də ürəkləndirdi. Belə ki, memarlıq layihəsində mozaik pannolardan istifadə edilməsi məsələsi əsla nəzərdə tutulmamışdı" - rəssam Mikayıl Abdullayev xatirələrində yazırdı.

Rəssamın xatirələrindən öyrənirik ki, mövzuları təsadüfən seçməmişdir. Nizaminin məsnəvisini yenidən və diqqətlə oxuyaraq, ən səciyyəvi hesab etdiyi səhnələrin üzərində dayanmışdır. Ən birinci pannolardan biri də təsadüfi deyil ki, memarlıq mövzusundadır.

Ekskalatordan enən kimi sol tərəfdə "Simnarın faciəsi" pannosu sağ tərəfdəki "Bayquşların söhbəti" ilə üz-üzə dayanır. "Simnarın faciəsi" "Yeddi gözəl" əsərindən alınmış mövzudur. Hekayəyə görə, Yəmən şahı Neman Simnar adlı memara dünyanın ən gözəl sarayını tikməyi sifariş edir. Şahın əmrilə işə başlayan memar beş il fasiləsiz çalışır, Xəvərnaq sarayı adlanan möhtəşəm bir saray inşa edir. Sarayın inşası başa çatdıqdan sonra şah Simnarın bundan yaxşı saray tikməməsi üçün memarın qollarını bağlatdıraraq sarayın qülləsindən aşağı atdırır. Xəvərnaq sarayı Simnarın son əsəri olur.

"Sirlər xəzinəsi"ndən alınan "Bayquşların söhbəti"ndəki əhvalat demək olar ki, uşaqdan böyüyə hamımıza tanışdır. Hələ orta məktəb dərsliklərindən tanış olduğumuz bu əhvalat belədir: şah Nuşirəvan ov zamanı dəstədən ayrı düşərək bir xarabalığa gəlib çıxır. Burada iki bayquşun söhbətinə şahid olurlar. Şah öyrənir ki, bayquşlardan biri qızını ərə verir və əvəzində oğlandan bir neçə xaraba kənd istəyir. O biri bayquş cavab verir ki, şah onsuz da hər yanı xarabazara döndərib, heç narahat olma, sənə yüz min belə xaraba kənd verərəm.

Bayaq danışdırdığım tələbə oğlan da elə bu təsvirdəki əhvalatı xatırlayırdı. Pannolardan bəzilərinin süjetləri olduqca məşhurdur. Hətta ömründə bir dəfə də Nizaminin "Xəmsə"sini, hətta "Xəmsə"yə daxil olan əsərlərdən hər hansı birini əlinə alıb oxumayan adamlar da o təsvirləri seyr edəndə söhbətin nədən getdiyini o saat anlayırlar. Məsələn, məşhur Fitnə əhvalatının təsvir olunduğu pannonun haqqında kimi dindirsən bir-iki kəlmə deyəcək. Ancaq elə təsvirlər də var ki, "Xəmsə"dən xəbəri olmayan o təsvirlərdə nədən danışıldığını, hansı əhvalatın nəql olunduğunu çətin ki deyə bilsin. Təsvirlərin hər birinin qarşısında dayana-dayana baxıram və xatırlayıram: "Bəhram və əjdaha". Bu da "Yeddi gözəl" əsərindən alınmış mövzudur. Bəhram Gur şir ovundan sonra mağarada bir əjdahaya rast gəlir. Şah əjdahadan qorxmur, qəhrəmanlıqla vuruşub onu öldürür. Əjdahanın keşiyini çəkdiyi böyük xəzinəni ələ keçirir. Bu səhnə də hamıya tanışdır. Çünki Bəhram Gurun bu mozaikadakı təsvirinə oxşar heykəli şəhərin görkəmli yerlərindən birində qoyulub. Şəhər funikulyorunun qarşısında Azneft meydanında qəşəng bir fəvvarənin içində Bəhram Gur bu təsvirdəki kimi əjdahanı öldürür. 1959-cu ildə Albert Mustafayev, Qorxmaz Sücəddinov və Aslan Rüstəmov tərəfindən hazırlanmış heykəl hamının diqqətini heç olmasa bir dəfə çəkmişdir, insanlar heykəlin hekayəsiylə maraqlanmışlar.

"Kərpickəsən kişinin dastanı" hekayətinin təsvir olunduğu səhnə də kimə tanış deyil ki? "Əlifba" dərsliyindən tanıyırıq bu əhvalatı. Demək olar ki, böyük Nizami ilə ilk tanışlığımız elə bu əhvalatla başlayıb, onu bu əhvalatla sevmişik, xatırlamışıq.

Mövzusu "Sirlər xəzinəsi"ndən götürülmüş "Sultan Səncər və qarı" əhvalatı da eləcə. Hamımız qoca və yaşlı qarının qorxmadan, çəkinmədən sultana hansı öyüd-nəsihətləri verdiyini əzbər bilirik.

"İskəndər və çoban" mozaikasında İskəndərin buynuzunun olduğunu ney çalaraq aləmə car çəkən çobanın əhvalatının "İskəndərnamə"dən alındığını bilmək üçün filoloq olmağa gərək yoxdur. Bu əhvalatla da orta məktəbdən tanış olur hamı.

Bərdənin hakimi Nüşabənin işğalçı İskəndərin qarşısına ləl-cəvahirat dolu kasalar düzüb, yeməyə dəvət etməsini kim eşitməyib ki? Bu səhnə də "Nüşabə və İskəndər" mozaikasında əks olunub.

"Leyli və Məcnun" əsərindən olan məşhur səhnələr də hamımızın bildiyi səhnələrdir. Məcnunun atasının Məcnunu Məkkə ziyarətinə aparıb Leylini unutmağı dua etdiyi səhnə, Məcnunun Leylinin məzarı üstündə əzab çəkdiyi və Leyliylə Məcnunun - əfsanəvi aşiqlərin baş-başa, üz-üzə dayandıqları səhnələr ən daş ürəklərə belə toxunur.

Yeddi alimin - Ərəstun, Varis, Bəlinas, Sokrat, Fərfiryus, Hürmüz və Əflatunun Makedoniyalı İskəndərin ətrafında toplaşdığı məclis ("Yeddi alim") bir az da xristian kilsələrinin divarlarını bəzəyən mozaikaları xatırladır.

"Daranın ölümü" pannosunda bu hekayət nəql olunur: Əhəməni şahı Daranın sülh təkliflərinə etiraz edən İskəndər müharibə edir. Dara məğlub olur və öz sərkərdələri tərəfindən öldürülür. İskəndər hörmət əlaməti olaraq Daranı dəfn edir, qızı Rövşənəklə evlənir, İran sərkərdələrilə əhd-peyman bağlayır. Pannoda ölmüş Daranın başı üstündə kədərlə və təəssüflə dayanan İskəndər təsvir olunub.

"Nəqqaş Mani" adlı mozaikada əksini tapan əhvalata görə, iki rəqib rəssam görüşürlər, biri digərinə qonaq gəlir, gözəl bir fontanla qarşılaşır, su içmək istəyəndə parçı sındırır. Sən demə, orda su yox imiş, su rəsm əsəri imiş. Səhər fontanın kənarında it ölüsüylə rastlaşan rəssam onun da gerçək bir it ölüsü yox, sadəcə bir şəkil olduğunu öyrənir.

Pannolardan üçündə "Xosrov və Şirin" poemasından təsvirlər öz həllini tapıb. Bu, "Fərhad və Şirin", "Fərhad Bisütunda", "Xosrov və Şirin" təsvirləridir.

Şirinə aşiq olan xalq qəhrəmanı Fərhad Şirinə görə Bisütun dağını yarıb ordan arx çəkir. Bunu öyrənən Xosrov Fərhadı çağırıb öldürtdürür. Məhəbbət üçbucağının əks olunduğu əsərdə hökmdar Şirinə aşiq olan hər iki gənc şərt kəsmişdi. Fərhad Bisütunu yara bilsə, Xosrov Şirindən əl çəkəcəkdi, dağı yara bilməsə, Fərhad. Ancaq məhəbbəti naminə Fərhad namümkünü həyata keçirir. Xosrov da hiyləyə əl atır.

"Xosrov və Şirin" adlanan pannonun qarşısında hərlənib bir də dayanıram. Rəssam süjeti həm rəngarəng, cəlbedici, həm də sərbəst şəkildə işləyib. Hekayəyə görə, Şirini axtarmaq məqsədilə Ərmənə gələn Xosrov yolda çayda çimən gözəl bir qızı görür. Qızı hürkütməmək üçün gizlincə izləyir, gözəlliyinə hayıl-mayıl olur. Saraya gəldikdən sonra gizlincə izlədiyi qızın elə Şirin olduğunu öyrənir. Mozaikada ağacların arasından axan çayda çılpaq çimən Şirini görürük, onun paltarları ağacın budaqlarından asılıb, atın tərkindəki Xosrov isə ağacların arxasında gizlənib.

Sağımdan, solumdan adamlar gəlib keçir, indi mən özüm də bu təsviri təxminən Xosrov kimi oğrun-oğrun izləyirəm. Elə Xosrov kimi gizlincə Şirinə baxıram. Guya Şirinə baxmırmış kimi göstərirəm özümü, sanki təkcə ağaclara, atlara, ağacların arxasında gizlənmiş Xosrova baxıram. Mən də gözümü Şirinin çılpaq gözəlliyindən çəkə bilmirəm, onu burda qoyub gedə bilmirəm, hansısa sirli bir qüvvə məni burda saxlayır. Bu vaxt bir polis mənə yaxınlaşır. Mən pannoları bir-bir seyr edib qeydlər etdikcə polis də Xosrov Şirini pusan kimi mənim özümü pusurmuş. Qulağımın dibində nəzakətlə deyir:

- Xanım, üzr istəyirəm, siz burda nə işlə məşğulsunuz, nə yazırsınız? - gözucu dəftərimə boylanır.

Gülümsəyirəm məsuliyyətli polisə:

- Heç nə, pannoları izləyir, qeydlər aparıram, siz də bilirsiniz ki, bu il dahi Nizaminin ili kimi qeyd olunur, bu mozaikalarla bağlı yazı yazacam, jurnalistəm.

Şübhəli biri olmadığıma əmin olandan sonra polis də gülümsəyir:

- Nə gözəl! - deyir və sanki ilk dəfə "Nizami" metrostansiyasına yolu düşən bir adama göstərirmiş kimi, həvəslə pannoları göstərir:

- Hə, xanım, baxın, baxın, hamısı bir-birindən gözəldir, hamısı bir-birindən maraqlıdır!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!