"Bizdə yaxşı ədəbiyyat da var, yaxşı film də" - ART müsahibə

Müsahibimiz aktyor, ssenarist, əməkdar artist Vidadi Həsənovdur

- Vidadi müəllim, film sahəsində hansı yenilikləriniz var?
- Bu aralar hələ ki, kino baxımdan yenilik yoxdur. Amma bir seriala çəkilmişəm. Bu yaxınlarda efirə veriləcək. Adı "Lal yuxu"dur. Bütün seriallar haqqında deyirlər ki, "yaxşı bir məhsul olacaq". Amma bu dəfə nə olacağını mən deməyim. Boş vaxtlarım olanda isə, ədəbi yaradıcılıqla məşğulam. Çoxseriyalı bədii televiziya filminin ssenarisinə başlamışam. Artıq 3 seriyasının ssenarisi hazırdır. Necə deyərlər, boş vaxtımız olanda, ağlımıza gələni, gözümüzə görünəni yazırıq kağıza. Bu kağız da elədi ki, hər şeyə dözür. Canlı adama dərdini danışsan dözməyə bilər, etiraz edə bilər. Amma kağız belə deyil, dözür.
- Qeyd etdiyiniz televiziya filmi haqqında nəsə bölüşmək istərdinizmi?
- Ana bətnində olan uşaq barədə nə deyəsən? Uşaq doğulur, ad qoyursan, sonra haqqında nəsə deyə bilirsən. Hələ ki, bu film ideya şəklindədir. Düzdür, son zamanlar ideya sözünü tez-tez eşidirik. Yadıma Eynşteynə verilən bir sual düşür. Ondan soruşurlar ki, "siz ideyalarınızı harasa yazırsınızmı? Qeyd kitabçasına, ağ köynəyinizin qoluna və s." Eynşteyn cavab verir ki, "İdeyalar o qədər nadir hallarda ağıla gələn şeydir ki, mən onların hamısını yadımda saxlayıram".
- Yeri gəlmişkən, uzun müddət incəsənət sahəsində olmağınıza baxmayaraq, filmoqrafiyanıza nəzər yetirdikdə, çəkildiyiniz filmlərin sayı çox deyil. Bu nə ilə əlaqədardır? Dəvət azdır, yoxsa, xüsusi dəvətləri dəyərləndirirsiniz?
- Elə aktyorlar var ki, onların filmoqrafiyasına baxdıqda filan qədər filmə çəkildiyini görərsiz. Bu yaxşı şeydir, çəkilsin. Gənclik illərində hədəfimiz o idi ki, iynəylə gor qaza-qaza üzdə qalmağa çalışırdıq. Amma müəyyən yaş dövrünə çatandan sonra insan anlayır ki, pişik kimi yox, şir kimi balalamaq lazımdır. Düşünürəm ki, hədəf çəkildiyin filmlərinin sayını çoxaltmaq olmamalıdır, hədəf keyfiyyət olmalıdır. Məsələn, mənim çəkildiyim filmlərin hər biri aktyor kimi formalaşmağımda, inkişafımda çox böyük rol oynayıb. Mən bu filmlər sayəsində görkəmli rejissorlarla çalışmışam, onlardan çox şey öyrənmişəm. İlk dəfə kamera qabağında dayananda insan ümumiyyətlə orada nə iş görməli olduğunu belə yaxşı anlamır. Amma zaman keçdikcə aktyor nəinki öz duyğularını, düşündüklərini, qənaətlərini, hətta alternativ fikirlərini ortaya qoyub uğur qazanır. Tarkovskinin nə qədər filmi var ki? Bir daha təkrar edirəm, çəkildiyin filmlərin sayı hələ nəyinsə göstəricisi deyil.
- Vidadi müəllim, seriallar və onların keyfiyyəti barədə çox danışılır. Təbii ki, serialların hələ ki, gözlədiyimiz səviyyədə olmamasının yetərincə obyektiv səbəbləri də var. Necə düşünürsüz, sözügedən müstəvidə, yəni serial sahəsində yaxın müddətlərdə müsbət dəyişikliklər olacaqmı?
- Hazırda kino sahəsindəki ən ciddi problemimiz prodüser, menecer çatışmazlığıdır.
Ola bilər ki, bir nəfər dahiyanə bir ssenari yaza, bir rejissor da elə o ssenariyə layiq bir film çəkər, amma o filmə həqiqətən ehtiyac olub-olmadığını müəyyənləşdirə bilən, kino bazarını yaxşı tanıyan insanlar olmalıdır.
Digər bir məsələ isə peşəkarlıq və peşəkarlığa verilən maddi dəyərlə bağlıdır. Məsələn, heç vaxt yaxşı rejissor, yaxşı operator, yaxşı aktyor gəlib cüzi pula iş görməz.
Sifarişçilər də məcbur qalıb həmin pula bu işi görəcək şəxslərlə işləməyə başlayır. Kimi gəldi çəkirlər.
Bunun yaxşı tərəfi də var, yəni heç fəaliyyətsizlikdənsə, qoy çəksinlər. Amma çıxış yolu ondadır ki, bu industriya qurulmalıdır.
Kimsə prodüser, menecer işini özünə peşə seçməlidir. Bir də nə zaman ki, bu sahəyə yaxşı sərmayə qoyulacaq, o zaman yaxşı ssenari də yazılacaq, film də çəkiləcək.
- Doğrudan da, hazırda Azərbaycanda kino sahəsində ən önəmsənilməyən peşə prodüserlikdir. Sanki bu işi pul saymağı bacaran hər kəs bacarırmış.
- O vaxtı kinostudiyada  "teleşka" - kameranın arabası deyək də - onu sürən bir şəxs var idi. İlk baxışdan bu kino komandasında ən sadə peşə kimi görünür. Amma o şəxs işini o qədər səlist görürdü ki... Yəni çəkliş zamanı arabanın sürətinə düzgün nəzarət edir, onu silkələmir və s. Bu bacarığına görə bütün rejissorlar onunla işləmək istəyirdi.Kino işində bütün peşələr önəmlidir, peşəkarlıq önəmlidir.
- Vidadi müəllim, Azərbaycanda oxucu, tamaşaçı problemi varmı? Yoxsa, qarşı tərəf uyğun ortam yarada bilmir? Bəlkə bu sahədə tamam başqa problemin olduğunu düşünürsüz...- Görürsən ki, iki adam dalaşır, onların hansına yaxınlaşsan, özünün haqlı olduğunu düşünür. İndi deyəsən ki, kitab oxunmur, tamaşaçılar kinoteatra gəlmir, doğru olmaz. Digər tərəfdən desən ki, kinolarımız uğursuzdur, bu da düzgün olmaz. Məsələn, son dövrlərin bir neçə uğurlu filmi var ki, bəlkə Sərdar, sən də baxmamısan. "Nabat" filminə baxmısan?
- Bəli.
- "Nar bağı"na baxmısan?
- Hələ ki, yox.
- "Çölçü" filminə necə?
- Yox.
- Bax, sənin oxuduğun Orxan Pamukun bu "Qara kitab"ını Azərbaycanda neçə nəfər oxuyub? Çox az adam...
Durum elədir ki, hamı günahkardır, amma heç kəs günahkar deyil. Yaxşı filmlərimiz var. O filmlərimizin afişaları vurulur, hətta televiziyalarda anonsları verilir. Bəzən də deyirlər ki,  gəlin, pulsuz baxın. Tamaşaçılar yenə getmir. İndi kim deyə bilər ki, bu kinomuzun təqsiridir? Amma həmin kionteatrda bir Hollivud döyüş filmi nümayiş olunsa, heç o filmin reklamı getməsə belə, tamaşaçısı olacaq. Bu da həmin tamaşaçıdır da. Niyə bizim filmlər baxılmır? Öz filmlərimizə olan bu inam nə zaman itdi?
Niyə düşünürlər ki, çağdaş ədəbiyyatımız zəifdir? Mən sizi inandırıram, bizdə yaxşı ədəbiyyat da var, yaxşı film də.
Sovet dövründə Bakı kəndlərində qərənfil əkirdilər. Biz o qərənfili Bakıda satanda qəzetə büküb satırdıq, ancaq Moskvada bunu bəzəkli kağızlara büküb satırdılar. Təqdimat bacarığından da çox şey asılıdır.
- İncəsənət adamının, bir az da konkretləşdirsək, rejissorun, aktyorun mütaliəyə, ədəbiyyata yaxın olmasını nə dərəcədə zəruri sayırsınız?
- Bu barədə Stanislavskinin fikirlərini xatırladacağam. Onun bir ifadəsi var idi: "Raxid aktyor". Deyirdi ki, elə aktyor var ki, onun başı yekədir. Əl-ayağı balaca. Yəni biliyi, savadı çoxdur, ancaq bu savadını tədbiq edəcək bacarığı zəifdir.
Yaxud da əksinə, bəzən də bir aktyor bacarığı ilə hər kəsi heyran edir, ancaq savadı, intellekti çox aşağıdır.
Deyirlər incəsənət elm deyil. Elm nədir? Elmin nəzəriyyəsi olur, bir də praktik tədbiqi. İncəsənətin nəzəriyyəsi çoxdan var, qalaq-qalaq kitablar yazılıb. Praktikası isə elə hər gün tətbiq olunmaqdadır.
Sadəcə, biz buna elm kimi yanaşanda deyirlər ki, "aktyorun elm nəyinə lazımdır, ürəklə oynadı bəsdir də". Bəs ağlı lazım deyil? Belə bir fikir mövcuddur: Elm və mədəniyyət başlanğıcda bir-birinə çox oxşardır. Məsələn, alim də kəşf zamanı emosional hisslər keçirir, bəzən araşdırdığına yaxın olur, sevinir, bəzən işi alınmır, hirslənir. Aktyorda da məşq zamanı eyni şey baş verir. Ona görə də elm və incəsənət bu yerdə bir-birilərinə çox bənzəyir. Onlar sanki dağın ətəyinəcən bir yerdə gəlirlər, dağın ətəyində ayrılırlar.
Məsələn, A+B=AB. Bunu əsrlərdir insanlar oxuyur, biz də oxuyuruq. Bunu oxuyanda biz duyğulanmırıq, qeyri-adi heç nə baş vermir. Amma Füzulinin "Leyli və Məcnun"unu, Şekspirin "Romeo və Cülyetta"sını oxuyanda hər adam başqa cür təsirlənir. Amma dağın zirvəsində elmlə incəsənət yenidən birləşir - hər ikisi insanlar üçündür.
Düşünürəm ki, aktyora təhsil lazım olmasaydı, onda incəsənət universitetləri nəyə lazım idi. Alternativ fikir də var: "Bəyəm bizim bütün müqtədir aktyorlarımızın savadı olub?" Xeyr. Olmayıb. Amma onların yaşadığı zəmanə də başqa olub. Dünyada hər şey inkişaf edir, incəsənət inkişaf etməli deyil? İncəsənət inkişaf edir, ona görə yeni, bu inkişafa adekvat olan kadrlar da yetişməlidir. Yoxsa, biz köhnə mahnıları oxuya-oxuya hələ çox yata bilərik.
- Teatrda, kinoda yeniliklərə münasibətiniz necədir?
- Məsələn, Vaqif İbrahimoğlu "Yuğ" teatrı kimi bir ideyanı düşündü - bilmirəm hansısa qeyd kitabçasına, ya ağ köynəyinin qolunamı yazmışdı bu ideyanı, ya yazmamışdı - çox güman ki, ideyanı elə ağlında saxlamışdı. Baxın, o yeni bir teatr yaratdı, yeni bir estetika, yeni bir poetika qoydu ortaya. Asanmı oldu? Vaqif "Yuğ"a nail olana qədər çoxları tərəfindən əllaməçi, eksperimentçi adlandırıldı. Onun fəaliyyətinə ağız büzənlər oldu. Lakin o, öz konsepsiyasını həyata keçirdi, öz aktyorlarını da yetişdirdi. Ortaya çox fərqli bir teatr çıxardı. Sonra dövlətimiz də bu teatra Dövlət teatrı adı verdi.
Götürək Tofiq Kazımovu, şərti teatr prinsiplərini Azərbaycan səhnəsinə gətirənə qədər qanı da getdi, canı da. Sonra nə oldu? Bu gün də Azərbaycan teatrı şərti prinsiplərlə işləyir. Yoxsa, 3 saat dekorasiya qururdular, 3 saata onu sökürdülər. Tofiq müəllim isə dedi ki, bu qədər əziyyətə ehtiyac yoxdur, səhnədə çərçivə qoysaq, hamı biləcək ki, bu pəncərədir, onu ayrı cür yerləşdirsək, tamaşaçılar başa düşəcək ki, bu qapıdır. Aktyor səhnədə əllərini yana açıb desə ki, "mən uçuram", insanlar inanacaq ki, o uçur. Yeniliklərin qəbul edilməsi çox çətin və çox vacibdir. Deyək ki, indi mən yaşlıyam, konservatoram, yenilikləri rahat qəbul edə bilmirəm. Qəbul etməyəcəyim təqdirdə elə köhnənin içində də batıb qalacam. Geri qalmamaq üçün gərək sinəni açıb, yeniliklərə qucaq aça biləsən.

Söhbətləşdi: Sərdar AMİN


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!