Amistat - Ceyhun MİRZƏLİ

1841-ci ildə ABŞ məhkəmə tarixinə düşən "Amistat" hadisəsi köləliyə qarşı mücadilə prosesində mühüm rol oynamışdır. 1795-ci il İspaniya köləlik qanuna əsasən ABŞ ərazilərində əsir düşən zəncilərin oraya qaytarılması tələb olunmuşdur. O zamankı İspaniya kraliçası ikinci İzabella köləlik tərəfdarı olmuşdur. İspaniyanın o zamankı dövlət katibi Forsit kölələr barədə yalnız ispan məhkəməsinin qərar verməli olduğunu iddia etmişdir. Lakin ABŞ dövlət xadimi olmuş Elvis Lappanın mübarizəsi sayəsində kölələr azad olunmuşdur.

Yeni tarix dövrünə qədəm qoyulanda zəncilərin azadlığı problemi qabarmışdır. Onların həyat hekayəsi sənət və ədəbiyyatın diqqətini çəkmişdir. 1997-ci ildə ABŞ rejissoru Stiven Spilberqin ekranlaşdırdığı "Amistat" filmi bu tarixi mövzuya həsr olunmuşdur. Zəncilər Amistat gəmisində üsyan qaldırırlar. S.Spilberq bir rejissor kimi filmin əvvəlindən tamaşaçıları ekran əsərinə cəlb edə bilir. Zəncilərin azadlıq hekayəti başlanğıcdan kino dililə lazımınca təqdim oluna bilir. Uzun illər öncə baş verən bu olayların dramatik cəlbedici dillə təqdimi insanların bir daha köləlik probleminin tarixilə maraqlanmasına səbəb olur. Yağışlı, tufanlı havada  Şenge Pi (Dicmon Hansu) gəmi kapitanını qətlə yetirir. Bu səhnədə qətlin suların yerindən qalxması fonunda əksi üsyan edən zəncilərin qəzəbini nümayiş etdirir. Qanla yağış suyunun qarışması təbiət və cəmiyyət qanunlarının ədalətsizliyə qarşı olduğunu əks etdirir. Dənizdə boğulmaqdan xilas olan Şenge Pi məhbəs zülmünü yaşamalı olur. Şenge Pi həbsxanaya salınarkən onun göz yaşları fonunda İspaniya kraliçası  II İzabelin (Anna Pagin)  kuklasının əksinin paralel göstərilməsi insanlar üzərində qurulmuş oyunu göstərir. Quldarlığı məqbul görən düşüncənin, əslində, yetkin yox, uşaq düşüncəsi olması fikri tamaşaçılara bu vasitə ilə təqdim edilir. On üç yaşlı kraliça dövləti və insanları özünün oyuncağı kimi görür. Lakin dünyada gedən dəyişikliklər belə yanaşmanı artıq aradan qaldırmağa başlayır.

Həyatını kölələyin ləğvi üçün mübarizəyə həsr edən, şəxsi həyatında uğur qazanmayan Teodor Conson (Morqan Friman)  zəncilərin həyatını xilas etmək üçün ABŞ-ın sonuncu qurucu babası hesab olunan altıncı prezident Con Quin Adamsdan (Antoni Hopkins) kömək istəyir. 1830-cu illərdə köləlik məsələsi ABŞ-da qütbləşmə yaradanda Con Adams Konqresdəki yeni rolundan istifadə edərək ona qarşı mübarizə apardı. Bunun nəticəsində o bu problemlərin həlli istiqamətində atdığı addımlara görə milli lider hesab olunmuşdur. Konqresdə yuxuya getmiş vəziyyətdə olmasına baxmayaraq Con Adams hazırcavablığı ilə seçilir. Bədii filmdə onun sadə bir insan kimi obrazı yaradılır. Con Adams məhkəmədə iştirak edəcək tərəflərə uduzacaqları barədə cavab versə də, yerdən gül dərərək ümid dolu bir mesaj verir. Gül bir xilas elementi kimi filmin sonluğunda öz rolunu oynayır. Burada insanlara olan sevginin problemləri həll edilməsində rol oynaması  əks olunur. Levis Tappan (Stellan Skarsqard) və Teodor Conson Rocer Baldvindən (Matvey Mc Conqorsley)  zənci kölələrinin məhkəməsində vəkil kimi iştirak etmək istəyirlər. Tarixdə Konqres üzvü olmaqla yanaşı, hər gün "İncil" öyrənən bir xristian kimi xarakterizə olunan Baldvinə onlar zəncilərə kömək etməyin yaxşı dindar borcu olduğunu xatırladırlar.

Məhkəməyə gətirilərkən Şenge Pi rahibin əlindəki "İncil"i alaraq onu götürür. Bu məqam afrikalıları əzən, istismar edən missioner anlayışına etiraz kimi görünür. Sonradan "İncil" azadlıq mübarizəsindəki prosesdə onlara kömək edir. Baldvin Şenge Pi ilə qarşılaşan zaman onun üzündəki qəzəbi görsə də ondan qorxmur ona kömək edəcəyini vəd edir.

Con Quins Adams növbəti dəfə Teodor Consonla görüşən zaman kölələrin həyat hekayəsini öyrənməyə çalışır. Cavabında "Qərbi Afrikadandırlar" deyilsə də, o bu fikirlə razılaşmır, köləliyin insanları necə də şəxsiyyət olaraq məhv etdiyini qeyd edir. Con Adamsın köləliyə qarşı mübarizəsindəki bir element də göz önünə gəlmiş olur. Bu epizodda şəxsiyyətin ortada olması fikri ortaya qoyulur.

Rocer Baldvin kölələrə yardım etmək üçün onların dillərini öyrənir. O, Şenge Pidən məhkəmədə danışmasını xahiş edir. Şenge Pi isə başına gələnləri nəql edir. Məhz bundan sonra kölələrin nə üçün üsyan qaldırdığı, gəmi heyətini öldürdüklərinin səbəbi açıqlanır. Onlarla qeyri-insani davranış zənciləri bunu etməyə vadar etmişdir. Baldvin isə məhkəmədə kölələri müdafiə etmək üçün bu arqumentlərdən istifadə edir. Kölə tacirləri bu ticarətdən daha çox pul qazanmaq üçün əlli nəfəri dənizə atmışdılar. Məhkəmə gedişatında Şenge Pinin kölə məhbuslar arasında üsyan edərək "bizə azadlığımızı verin" deməsi onun tarixi şəxsiyyət kimi obrazını ortaya qoyur.

Yazıb-oxumaq bilməyən kölələr şəkillər sayəsində "İncil"dən  İsa peyğəmbərin hekayəsini öyrənirlər. İsa peyğəmbərin həyat hekayəsində də zülmə qarşı mübarizənin elementlərini görən Şenge Pi də xristianlığın bu cəhətini qavraya bilir, onda bu dinin tarixinə rəğbət oyanmış olur. Baş verənləri əvvəlcə sadəcə bir hekayə kimi anlayan Şenge Pi İsanın dəniz üzərində gəzmə möcüzəsini görəndə bu məqamı öz həyatı ilə də tutuşdura bilir. Baldvinin öncüllüyü ilə gedən mübarizə qələbə ilə yekunlaşır. 

ABŞ siyasi dairələrində konqresdə yuxulayan şəxs kimi xarakterizə olunan Con Adams məhkəmə prosesinə qoşulur. Müxtəlif konqresmenlər onun artıq qocaldığını, işə yaramadığını düşünsə də, onun potensialından xəbərsiz olurlar. On beş il məhkəmə işlərindən uzaq dayansa da özünün keçmiş təcrübəsi onun köməyinə gəlir. Baldvinə təhdid məktubları gəldiyindən o, Con Adamsın avtoritetinə güvənərək ona məhkəmə işinə qoşulmasını xahiş edən məktub yazır. Con Adamsın prosesə qoşulması zəncilərin azadlığı üçün mühüm rol oynayır.

Filmin sonunda köləlik qalalarının məhv edilməsinin, II İzabelin isə oyuncağıyla oynamasının paralel formada göstərilməsi insan azadlığı ideyasının qalibiyyəti kimi görünür. Epiloq kimi vətəndaş müharibəsinin də kadrları ekranda göstərilir. Gələcəkdə köləliyə qarşı yenə də mübarizə getdiyi məlumatı çatdırılır. Bütün bunların fonunda Şenge Pinin ailə faciəsi nəql olunur. Onun yarıümid içində öz vətəninə - Syerra-Leoneye  geri qayıtması məlumatı verilir.

Film ekrana çıxdıqdan sonra tənqid də olunmuşdur. Kolumbiya Universitetinin professorları filmin qeyri-dəqiq olmasını qeyd etmişdilər. Amistat prosesində 1840-cı ildə yerli qanunların köləliyə dəstək vermədiyi açıqlandı. Bununla yanaşı, film bir neçə mükafat da qazanmışdır. Con Adams obrazına görə Antoni Hopkins "Tənqidçilərin seçimi" film mükafatının ən yaxşı köməkçi aktyor mükafatını almışdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!