"Klon", klounada və ədəbiyyat - Cavi Dan

Su üstündə yerimək

Cavi DAN

Alınmayan klonlardan klounada düzəlir yəqin, alimi-bidəftərlər bilərlər.

Mənsə keçən yazının davamını söz vermişdim və bütün fikrimi bu yazıya cəmləməliyəm deyə klonları və klounları bir kənarda rahat buraxsam yaxşıdır.

"Klon"dan yazım öncə. "Klon" serialından.

Braziliya serial sənayesinin 2001-ci ildən etibarən geniş tamaşaçı kütləsinə təqdim etdiyi bu serialı hamımız yaxşı xatırlayırıq. Rio-de-Janeyroda başlayan süjet Mərakeşdəki hadisələrlə davam edir və serialın ana xəttini bir-birindən həm din, həm dil, həm mədəniyyət, həm həyat tərzi ilə olduqca fərqlənən insanlar arasındakı münasibətlərin fonundakı iki gəncin böyük sevgisi təşkil edir. Serialın əsas mövzusu ilə paralel olaraq daha iki güclü xətt görürük: insanın klonlaşdırılması, bu məsələyə münasibətdə elmlə dinin qarşı-qarşıya dayanması, bir də dinindən, dilindən, mədəniyyətindən, məkanından asılı olmayaraq, bütün dünyanı bu dəyərlərdən daha güclü bağ ilə birləşdirən ümumi bəla - narkotik asılılığı.

Serialın cəmiyyətə ötürdüyü müsbət faydalı mesajlar o qədər çox idi və serial o qədər maraqlı davam edirdi ki, izlədikcə ssenari müəllifinə gizli və xoş bir həsəd duymağa başladığımı hiss edirdim. Məni çəkən ən maraqlı cəhət isə ssenari müəllifinin qadın olması idi: Qloriya Peres adlı bu Braziliya yazıçısının sadəcə varlığı məni əməlli-başlı narahat etməyə başlamışdı. Özümün evdar qadın statusumla gününü körpə uşaqlara, mətbəxə və axşam yorğunluğu saatlarında sevimli seriala həsr edən mənim üçün bu məqam qəribə bir hal ilə assosiasiya olurdu - qaranlıq otağa sızan xəfif və xəlvəti Günəş şüasının verdiyi həyat eşqi ilə.

Və mən bir də ayıldım ki, ümumi dəftərlər aldırıram və bu dəftərlərə kinopovestlər yazıram. Bu, mənim televiziya serialı yazmaq üçün ilk cəhdlərim idi və həmin vaxtlarda nə internetim vardı, nə çağdaş ədəbi proseslərdən xəbərim. Heç ssenarinin quruluşu barədə belə elementar biliklərim yox idi. Eləcə bir istək vardı, vəssalam.

Sonralar, 2011-ci ildə əcnəbi seriallar milli telekanalların efirlərindən yığışdırıldı və Milli Televiziya və Radio Şurası ümumrespublika teleradio yayımçılarına pul vəsaiti ayırdı ki, özümüzün teleseriallarımız yaransın.

Həmin vaxtlarda artıq "Klon" dövrünün evdar qadınının virtual ədəbi məkanda az-çox tanınmağa başlayan imzası vardı və verilən qərar illər öncəki ssenari yazmaq istəyini yenidən oyatmışdı. Lakin müraciət etdiyim rejissorlar suallarıma da, təkliflərimə də susqunluqla cavab verirdilər və mən sonralar bildim ki, artıq bu sahədə mənim üçün boş yer qalmayıb. Serial yazmaq istəyi yenə istək olaraq qaldı. Kinopovestlər olan ümumi dəftərləri də atdım, unutdum.

Və 2016-cı ilin aprelində evə qəfil zəng oldu, teleşirkətlərin birindən ssenari yazmaq üçün iş görüşməsinə dəvət aldım. Regionda çəkilməsi nəzərdə tutulan gündəlik serial ssenarisi yazmağı böyük bir sevinclə qəbul etdim. Sanki dünyanı mənə vermişdilər həmin gün.

Lakin...

Lakin mən "Klon" yaza bilmədim. Bunu məndən istəyən belə olmadı.

Məndən bircə şey tələb olunurdu: hər gün çəkiləcək daha bir seriya üçün ssenarini ildırım sürəti ilə yazıb təhvil vermək.

İş görüşməsində layihənin baş prodüseri ilə bu qısa dialoqumuzu heç bir zaman unutmayacam.

- Belə başa düşürəm ki, mən həyatımın yarısını bu işə həsr etməli olacağam.

- Siz həyatınızın hamısını bu işə həsr etməli olacaqsınız, Cavidan xanım.

Bu, dəhşət idi. Təkbaşına yüzdən artıq seriayanı işləmək, bütün günü yazmaq, bütün gecəni redaktə etmək, iki-üç saatlıq yuxuda belə obrazların adlarını sayıqlamaq, özünü unutmaq, yemək bişirməyi yadırğamaq, kitab oxumaqdan uzaq düşmək, bədii mətn yazmağa həsrət qalmaq, bir evin içində uşaqlarımın üzünü görməmək...

Və bir həqiqəti anlamaq: Serial ssenaristi olmaq yazıçını məhv edir.

Sənin bütün fəaliyyətin prodüserin, rejissorun, aktyorların, reklam olunacaq məkanların, reytinq qazandıracaq tamaşaçı kütləsinin sözün həqiqi mənasında köləsinə çevrilməkdən başqa bir şey olmur. Və sən "nə qədər şanslısan, burdan yazırsan, ordan efirə verilir, bütün ölkəyə imzan hər gün ən baxımlı kanaldan nümayiş etdirilir" kimi parlaqlıqların fonunda o qədər çarəsiz bir hala düşürsən ki... özünə yazığın gəlməyə belə halın qalmır.

Absurd olan nədir?

Sən gecəsini-gündüzünü səhv salan çiləli çağa kimi vaxt-saat nədir, unudursan, hadisələri düşünürsən, məntiqi ardıcıllıqları götür-qoy edirsən, uğurlu alınan epizodlar üçün uşaq kimi sevinirsən, uğursuz olanları zəhərli saqqız kimi çeynəyib dözürsən, yenidən işləyirsən, aktyorlar evlərindən didərgin düşüb səndən betər bir halda əziyyətlərə qatlanırlar, yaradıcı heyət və rəhbərlik prosesin gərginliyini, məsuliyyət yükünü çəkib ömrünü xərcləyir...və hansısa evdar arvad kirli, zamoku qaçmış xalatının böyründən semiçkaları xalçanın üstünə çırtlayıb tüpürə-tüpürə reklamlar arasında youtubeyə şərhlər yazır: O aktyorun şalvarı dəyişmədi?

Bu yazını yazmaya bilməzdim.

Serial ssenarisi yazmağa həvəsli olan gəncləri görəndə, mənə serialın efir müddəti boyunca yazılan ismarıcları oxuyanda ürəyimin başı göynəyirdi, susurdum deyə, bu günümü bu mövzuya həsr etdim.

Əziz serial yazarı olmaq istəyən insanlar, belə bir yola çıxmaq fikriniz olanda, sadəcə bir anlıq dayanın və serial ssenarisi yazmağın əlifbasını da olsa, öyrənməyə çalışın, hər şeyi sizə rejissorlar və prodüserlər öyrətməsin, olduqca səhv tərəfə addımlamış olarsınız. Dilini bildiyiniz istənilən ölkənin serial sənayesində çalışan ən məşhur və məhsuldar ssenaristlərin müsahibələrini tapıb oxuyun, izləyin, beyin baqajları nə imişsə, o baqaja uyğun yük toplamağa çalışın. Və ən əsası, əvvəlcə sinopsis hazırlayıb, sonra beyninizdəki serialı tam olaraq yazıb bitirin. Yalnız bundan sonra tam hazır işi kino şirkətlərinə, televiziya kanallarına təqdim etməyə cəhd edin. Kim bilir, bəlkə də çox baha qiymətə sata bildiniz.

Vacib qeyd isə budur: Ədəbiyyat daha gözəldir.