On əmr - Ceyhun MİRZƏLİ

Dünya kinosunda səmavi kitabların motivləri əsasında bir çox ekran əsəri yaradılmışdır. Onlardan biri "Tövrat" motivləri əsasında çəkilmiş "On əmr" filmidir. Musaya verilən on ilahi əmr kinonun diqqətində olmuşdur. Hələ kinonun yeni yarandığı dövrdə - 1909-cu ildə İngiltərə rejissoru Ceyms Stüard Blakton "Musanın həyatı" filmini çəkmişdir. Rejissor Sesil de Levisin 1956-cı ildə ekranlaşdırdığı "On əmr" filmi Musa peyğəmbərin həyatına həsr olunmuşdur. Filmin müəllifi bundan öncə bu mövzunu səssiz kino dövründə 1923-cü ildə ekranlaşdırmışdır.

İbrani kölələri öz nəzarəti altında saxlayıb onları ən ağır işlərdə istifadə edən Misir dövlətində bir narahatlıq hakim olur. Kahinlər ulduzlardan onların bir xilaskarının olacağının təxmini firona söyləyirlər. Əzən və əzilənlərin bir ortaq nöqtələri var. Hər biri qurtarıcının gəlməsini gözləyir. Bu məsələdə kölələrin ümidi və onlara hakimlik edənlərin bir qorxusu vardır. Bu məqsədlə firon hökuməti yeni doğulan ibrani uşaqlarını qətlə yetirdir. Bütün bunları görən gələcəkdə üzərinə ilahi missiya yüklənəcək Musanın anası övladını xilas etməyə çalışır. Onu bir səbətə qoyaraq İbrahimin təlqin etdiyitək Tanrıya güvənərək onu Nil çayının öhdəsinə buraxır.

Övlada ehtiyacı olan Misir şahzadəsinin qismətinə Musa çıxır. Fironların gözlədiyi təhlükə bununla onların sarayına daxil olur. İllər keçəndən sonra Musa (Çarton Heston) Misir dövlətində adlı-sanlı sərkərdəyə çevrilir. Qul əməyi hesabına tikilən Misir şəhərləri də Musanın rəhbərliyi ilə inşa olunur. Ağır qul əməyi nəticəsində əziyyət çəkənlərdən biri də Musanın öz anası olur. Böyük bir heykəlin altında məhv olmaq təhlükəsi ilə qaldıqda o, Musanı köməyə çağırır. Musanın hələ ki özünün də tanımadığı anasına kömək etməklə öz əzilən qövmünün xalqının ilk dəfə dadına çatmış olur. Kahinlərin yaratdığı sistem nəticəsində ac qalan kölələrin də köməyinə çatır. Taxıl anbarlarında guya öz allahları üçün azuqə topladan kahinlərdən taxılları alaraq aclıq problemini çözür. Musanın elə ilk toqquşmalı qüvvə kahinlər olur. Bu gələcəkdə təktanrılı dinlə çoxallahlı anlayışın savaşının ilk nümunəsi olur. Musa bu davranışı həyata keçirməklə firon Birinci Setiyə (Sedrik Hardvik) "onların daha xilaskarları yoxdu, Musaları var" deməklə sanki özünün qurtarıcı olduğunu fironun üzünə demiş olur. Bu cəsarətli addımlarına görə Musanı sevən Nefertitinin (Anne Baxter) ona olan rəğbəti daha da artmış olur. Ümumiyyətlə, film boyu Musaya olan qadın sevgisi xətti həmişə işlək olur.

Firon Birinci Setinin qarşısında nüfuzu artan Musaya paxıllıq da çoxalmış olur. Xüsusən fironun oğlu Birinci Ramzes (Yul Breyner) ona qarşı kinini həmişə saxlayır. Lakin şəhərsalmadakı nailiyyətlər Musanın etibarını həmişə Birinci Setinin qarşısında qorumuş olur. Musayla bağlı sarayda böyük sirr açılmasın deyə, onu sevən Nefertiti yaşlı dayəni öldürür. Lakin onun büründüyü yəhudi qumaşının yerə düşməsini Musa görür, bununla özünün kimliyini axtarmağa başlayır. Həqiqi anasının - Sephoranın qarşısına gələrkən onun Musaya "İnsanların şallaqlanaraq idarə olunmasına və daşlardan olan bütlərə inanırsansa sən mənim oğlum deyilsən" deməsi İbrahimdən gələn Tanrı anlayışına olan qəti inamı ifadə edir. O bununla həqiqi ailəsini, bacısı və qardaşı Harunu tapmış olur. Misir sarayında etibar edilmiş, fironun rəğbətini qazanmış Musa öz kimliyini tapmaq üçün mübarizə aparır. Özünün ibrani soydaşları kimi o da ağır qul əməyində iştirak edir. Öldürülən ibrani kölənin dilindən bir daha ümid dolu sözləri eşitmiş olur. O da həlak olarkən qətiyyətlə bir qurtarıcının olacağını onları xilas edəcək Musanın özünə söyləyir.

Musanın növbəti xilaskarlığı Josuanı (Con Derek) qamçılayan Bakanı (Vinsent Prins) öldürmək olur. Musanın bu hərəkəti səmavi kitabların hər birində yazılmışdır. Bu zaman Josua onun gözlənilən seçilmiş şəxs olduğunu söyləyir, lakin bunu Dathan (Edvard Rabinson) eşitmiş olur. Özü ibrani olsa da, Misir dövlətinə can-başla xidmət edən Dathan bu məlumatı dərhal Ramzesə çatdırır. Misir sarayı üçün müdhiş olan bu məlumat Musanın Ramsez tərəfindən uzaq yerə göndərilməsi ilə nəticələnir. Onu sevən Nefertiti acı çəksin deyə, o Musayla onun son görüşünü təşkil elətdirir.

Musaya qarşı içində çoxdan gəzdirdiyi kini əməli işə çevirən Ramsez onu öz tanrısına tapşıraraq səhranın ixtiyarına verir. Ramzes məşhur olan ibrani qumaşını əba kimi Musaya verir. Bununla o, əsl kimliyinə qovuşmuş olur. "Əqrəblərə, kərtənkələlərə azadlığını verə bilərsən, ibranilərə mənim ixtiyarıma burax" deyərək Musaya xəbərdarlıq edir. Ramsez ona əsa da verir. Bu əsa daha sonra mühüm müqəddəsləşəcək bir simvola çevrilir. Bununla Ramsez gələcəkdə öz fəlakətinin əsasını qoymuş olur. Filmdə Musanın uzun müddət ac-susuz səhrada dolaşması inandırıcı şəkildə təsvir edilir.

Uzun müddətdən sonra Midyan ölkəsinə çatan Musa orada da Misir sarayında olan kimi qadın rəğbəti ilə qarşılanır. Qadınların istifadə etdikləri su quyularını onların əlindən almaq istəyənlərə qarşı Musa öz əsası ilə müqavimət göstərir, onları kənarlaşdırır. Əsa burada Musanın gələcək peyğəmbərliyinin simvolunu əks etdirməklə yanaşı, filmdəki dramatik funksionallığı da ilkin nümunəsi kimi ortaya çıxır.

Midyanda insanlar müqəddəs hesab etdikləri dağa çıxmağa qorxurlar. Sefra ilə söhbəti zamanı Musanın Tanrının varlığı ilə maraqlanması kölələrin çağırışlarını niyə eşitmədiyi sorğusunu verməsi modern düşüncənin bir əksi kimi görünür. Bu amil, təbii ki, tarixi peyğəmbərlik anlayışıyla bir qədər üst-üstə düşmür. Misir sarayında Nefertiti kimi, Sefra da Musanın cəsarətini görərək ona rəğbət bəsləyir. Daha sonra peyğəmbərlik veriləcək Musanın ilkin tərəfdarlarından birinə çevrilir.

Birinci Seti ölərkən fironluq əsasını oğlu Ramzesə təhvil verir. Burada da bir simvolika var. Əslində, bu əsa Musanınkından fərqli olaraq Ramzesə və onun başçılıq edəcəyi dövlətə bədbəxtlik gətirəcək. Musanın peyğəmbərliyi öncəsində Seti öz vədinə əks gedərək, onun adını anaraq dünyadan gedir. Bununla qalib və məğlub tərəflərin kim olması mesajı verilir.

Səmavi kitablarda bəhs olunan yanan göyəm kolu filmdə də əksini tapmışdır. Musanın üzərinə Tanrı tərəfindən müqəddəs missiya - peyğəmbərlik yüklənir. O, indi öz qövmünü fironların zülmündən qurtara bilər. 

Musa ilk işini görmək üçün firon Ramzesin hüzuruna gedir. Ondan öz xalqını sərbəst buraxmasını tələb edir. Ramzes Musanın əsa ilə göstərdiyi möcüzəyə də inanmır. Filmdə əsanın ilana dönməsini və fironun ilanlarını da udması səhnəsi "Tövrat"dakı məqamlarla üst-üstə düşür. Lakin Ramzesin hikkəsi onu fikrindən daşındırmır. İbrani qulların samansız kərpic düzəltməsini əmr etməsi Musanı ilk sınaqla üz-üzə qoyur. Öz xalqı onu daşlamaq istəyir.

Nefertitinin isə Musaya münasibəti dəyişməmiş qalır. Onu sevsə də Musaya öz xalqını çıxartmasında mane ola biləcəyini də deyir. O da Musaya öz gücünü göstərməyə çalışsa da buna nail ola bilmir. Musa Nefertitini "İsrailin gücü qarşısında toz zərrəsi adlandıraraq" onu tərk edir. Musa artıq bu mərhələdə qəzəbli bir şəxs kimi görünür. Həmçinin Musanın artıq sevgi obyekti dəyişmiş olur. Öncə qadınlara sevgi bəsləyən Musa məhəbbət hədəfini dəyişmiş olur.

Tanrının qəzəbi Misir üstündə hakim olur. Yeddi gün susuzluq, qaranlıq Nilin qan rənginə boyanması kimi "Tövrat" motivləri film boyu davam edir. Bundan qorxuya düşən Ramzes Musanı və xalqını sərbəst buraxır. Bu zaman Musa öz tək Tanrısına güvənərək gedəcəkləri ilə bağlı sözlərini deyərək saraydan uzaqlaşır paralel olaraq fironun canını tapşıran övladının cəsədi pilləkənlə anasının qucağındaN aşağı düşür. İbrani uşaqlarını qətl etməklə taxt-tacını qorumağı düşünən fironun başına ilahi cəza bununla gəlmiş olur. Ramzes üz döndərdiyi Misir tanrılarından biri Sokanın önündə övladı üçün canının qaytarılmasını istəyir. O bir ata kimi öz faciəsini yaşayır. Lakin bu bəla belə onun Musaya və onun tanrısına olan qəzəbini soyutmur. O, hələ ümid edir ki, atalarının sitayiş etdiyi tanrı onun övladının canını qaytaracaq. Bu epizodda Musanın tanrısının Misir tanrılarına qalib gəlməsini müşahidə edirik.

Özlərinin mal-mülkləri, hətta Yusif peyğəmbərin cənazəsinin qalıqları ilə birgə Musanın qövmü zülm gördükləri Misirdən uzaqlaşaraq Kənan torpaqlarına üz tuturlar. Onlarla birgə misirlilərə qulluq edən Dathan da gedir. Ramzesin içindəki qəzəbin yenidən canlanması onun Musanın liderliyindəki ibraniləri yenidən təqib etməsi ilə nəticələnir. Öz tanrılarından da cavab ala bilməyən Nefertitinin dediyi kimi bir heçə çevrilən Ramzes təkrar ibraniləri özünə tabe elətdirmək istəyir. Dənizin qırağına yığılmış qövmünə tanrının salamatlıq vədini verən Musaya qarşı Dathanın "o, yalançı peyğəmbərdir, sizi ölümə aparacaq" deməsi "Tövrat"ın "Çıxış" bölümündəki bir məqamı xatırladır: "Məgər Misirdə qəbiristanlıq yoxdur ki, bizi səhrada ölməyə apardın? Bizi Misirdən çıxarıb başımıza nə gətirdin, Bizdən əl çək misirlilərə qulluq edək". Dathan filmdə "Tövrat"da əksini tapan bu düşüncənin sahibi olur. O, təkrar Misirə qulluq etməyi özü üçün şərəf sayır. Musa Tanrının gücü ilə dənizi yarır və xalqını xilas edir.

Lakin Dathan və onun tərəfdarları yanlış işlərindən geri qalmırlar. Musa dağa çıxan zaman onlar qızıldan inək düzəldərək ona öz aləmlərində itaət edirlər. Dathan kimilərinin sayəsində onlara zülm edən misirlilərə bənzəyirlər. Bu məşhur məqam "Qurani-Kərim"də də öz əksini tapmışdır. Tanrının icazəsi ilə xilas etdiyi xalqının yolunu azmasını görməklə on əmrin yazıldığı daş parçalarını yerə atıb Qızıl inək bütünü yandıraraq məhv edir. Bu epizodda da təkallahlığın gücü nümayiş etdirilir. Bununla inəyə itaət edənlər də ilahi cəzaya düçar olurlar.

Filmdə Musanın körpəliyi rolunda çəkilən uşaq aktyor Çarton Hestonun öz yeni doğulan oğlu idi. Həmçinin, aktyorun qədim Misir barəsindəki bilikləri Musa rolunu canlandırmasına kömək etmişdir. Bəzi tədqiqatçılar ekran işinin "İncil" mətnlərindən fərqləndiyini qeyd etsələr də, ümumən film tənqidçilərin müsbət rəyini qazanmışdır. Film ekran müvəffəqiyyətinin zirvəsi adlandırılmışdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!