Şair ömrü, rəssam taleyi... - Xuraman Hüseynzadə

Xuraman HÜSEYNZADƏ

Plutarx deyirdi: "Şəkil çəkmək səssiz poeziyadır, poeziya isə danışan şəkildir." Şair rəssam Bedri Rahmi Eyüboğlu isə şeiri şəkilə dönmüş rəsm, rəsmi isə şəkillənmiş şeir  adlandırırdı. Bedri Rahmi Eyüboğlu işığa qovuşan hər şeyi böyük bir sevgi ilə incələyir, bu sevgini rənglər və cizgilər vasitəsilə göstərmək istəyirdi. Rəsm sənətini tanıdan zaman işlətdiyi ifadələr, bizə Eyüboğlunun həm şairlik, həm də rəssamlıq istedadını anladır. "İçərisində işıq, günəş dadı olmayan rəsm, naxış şah əsəri ola bilər, amma rəsm ola bilməz",- deyən şair, rəsmdə şeir və işığın bir-birini tamamlamasını axtardığı kimi, şeirdə də rəsm və işığı birlikdə görmək istəyirdi...

Anadolu yaylığı kimi yazdı şeirlərini Bedri Rahmi, kilim kimi toxudu. Çox sevdiyi gilasları, narları, tutları köçürdü kağızlara… İgidliyi, mərdliyi, eşqi, sevdanı, həsrəti həkk etdi ağ vərəqlərə. Kainatın sirrini tək bir nar dənəsi ilə açmağa çalışdı o. Sərbəst, rahat bir dillə qələmə alınmış şeirlərdə poeziyanın hər zaman yaşayacağını sübut etmək istədi.

Türkiyə mətbuatı onu hazırda da bu cür xarakterizə edir: "Bəşəriyyətin hikməti, gölün səthində əks edər kimi çatdı bizə. Bu qədər saf, çox hamar, dərin... Xalça, kilim, yaylıq, xəttatlıq, az da olsa miniatür, keramika onun başlıca cizgi, biçim və rəng repertuarı oldu. Bedri Rahmi Eyüboğlu, gücünün ən çəkici qismini divar naxışlarında göstərdi."

"Yaxşı, eyni zamanda faydalıdır"

Rəssam Zeki Kocamemi Trabzonda bir liseydə rəsm dərsi keçdiyi illərdə, o dönəmə qədər atasının işi ilə əlaqədar 1911-də Giresunda başlayan həyatını Anadolunun fərqli məkanlarında davam etdirən, oraların havası, suyu ilə bəslənən Bedri Rahminin istedadını kəşf edən, ona yol göstərən ilk ustadıdır. Həmin dönəmdə Fransaya gedən Sabahattin Eyüboğlu isə Fransadan göndərdiyi rəsm kitablarıyla qardaşının Qərb sənətindən xəbərdar olmasında böyük rol oynayır.

Bedri Rahmi 1929-cu ildə İstanbul İncəsənət Akademiyasında professional rəssamlıq təhsili almağa başlayır. Ziya Güran, İbrahim Çallı, Leopold Levinin emalatxanasında yaradıcılığını inkişaf etdirməklə yanaşı Ahmet Haşimdən də estetika və mifologiya dərsləri alır.

1931-ci ildə o, Fransaya qardaşının yanına gedir. Fransada Pol Qogen, El Qreko, Pol Sezan, Anri Matiss,  Braque, Mark Şaqal kimi usta rəssamların rəsmlərindən təsirlənir və onların əsərlərini araşdırmaq fürsətindən yararlanır. Həmin vaxtlar araşdırdığı rəssamların Şərqə aid motivlərdən və simvollardan istifadə etməsi Bedri Rahminin diqqətini daha çox çəkən mövzu olur. Daha sonra Lill-Müasir İncəsənət Muzeyində ibtidai insanlara, o dövrə aid sənətləri araşdırmağa başlayır. "Yaxşı, eyni zamanda faydalıdır" fikri də bu illərdə onun sənətinə təsir edir. Parisdə bir aya qədər Andre Lhote emalatxanasında çalışan Bedri, 1936-cı ildə Ernestine Letoni (Eren Eyüboğlu) ilə tanış olur və onunla ailə qürur. Eren, Bedrinin gavur qızı Mari Gerekmezyan ilə xəyanətini nəinki ona bağışlayır, hətta Marinin ölümündən sonra Bedrinin depressiyadan çıxması və onu unutması üçün əlindən gələni edir. Gavur qızının ölümündən sonra Bedrinin içkiyə qurşanması bu sevdanın asanlıqla unudulmayacağını deyir. Amma bu, belə davam etmir. Bedri özünü toplayır və 11 yaşlı oğlu ilə arvadının yanına qayıdaraq depressiyadan çıxmağı bacarır.

Kənd mənzərələri, kəndlilər, faytonlu yollar…

Tekel tütün məmulatları şirkətində vitrin yığan kimi işə başlayan Bedri Rahmi "Sipahi ocağı" siqaretinin qapağındakı qaçan nizəli atlar fiqurunu dizayn edir. Həmin vaxtlar - 1936-cı ildə İncəsənət Akademiyasının diplom yarışmasında rəssamın "Hamam" adlı əsəri birinci olur. Eyüboğlunun bu dönəmlər çəkdiyi rəsmlər məşhur fransız rəssam Henri Matisseyə olan marağını və Şərq-Qərb incəsənətinin sintezini hiss etdirir.

Vətəninə qayıtdıqdan sonra-1937-ci ildə İncəsənət Akademiyasında rəsm müəllimi kimi fəaliyyətə başlayan Bedri Rahmi Cümhuriyyət Xalq Partiyasının Xalq evləri vasitəsilə təşkil etdiyi gəzintilərə qatılaraq 1938-ci ildə Edirneyə gedir. Bu yurd gəzintilərinin təsiri ilə Anadolu insanını təsvir edən rəsmlər çəkməyə başlayır. Həmin rəsmlərdə kənd mənzərələri, qəhvəxanaları, faytonlu yollar, tellərinə iydə çiçəkləri düzmüş gəlinlər daha çox təsvir olunur.

1940-cı illərdən sonra divar rəsmləri çəkməyə daha çox vaxt ayıran Eyüboğlu, bir ildən sonra yenə vətənin gözəl şəhərlərini, kəndlərini gəzməyə çıxır. Çoruma və İskilipə səfər edən rəssamın İskilip gəzintisi onun rəsmlərindən yan keçmir. Bu rəsmlərdə xan xalçaları, halay çəkənlər, uşaq əmizdirən analar, saz çalan aşıqlar kimi mövzular üstünlük təşkil edir…

Bedri Rahmi Eyüboğlu rəsmləri ilə yanaşı şeirləri ilə də Anadolu ellərinin sevgisini qazanıb…

Sitəm

Öndə zeytun ağacları, arxasında yar
İl 1946
Mövsüm
Payız
Öndə zeytun ağacları
Neyləyim? Neyləyim?
Budaqları neyləyim?
Yar yoluna tökülməyən dilləri neyləyim?
Yar, yar... Səni qarasaplı bıçaq kimi
                        sinəmə sapladılar,
Dəyirman kimi fırlanar başım
Gəl gör məni darmadağın,
Tel-tel sökülüb qalmışam.
Yar, yar... Canımın dənəsində tikan,
Gözümün bəbəyində sitəm var.

Dostların ölümü

Əvvəlcə dişlərimiz töküldü,
Sonra saçlarımız.
Sonra  da  bir-bir  dostlar  getdi.
Bu  gözəl  dünyanın  ortasında
Tənhayıq, tək -tənha.
Qırılıb qolumuz-qanadımız,
Şirin canımızdan bezmişik.

Bir şübhə dolub  ürəyimizə,
Ya özünü aldadır demişik, ya bizi.
Şübhə kök atıb  ciyərimizə,
Pambıq kəndir ilə bağlayıb bizi.
Düyün vurduğunu hələ demirəm.
Hərədə  bir işvə, bir minnət
Elə nazildiyi  yerdən qopaydı kaş.

Bu gözəl dünyanın tən ortasında
Heyvanlar qədər də
            bağlanmırıq bir-birimizə.
Yalanmı? Gözünü sevdiyim qarışqalar,
Budur, bax, balıqlar sürü-sürü,
Arılar dəstə-dəstə  uçur,
Durnalar  qatar-qatar.
Bəs biz? Əşrəfi-məxluq!..
Boğazımıza  qədər  öz murdar
            qaranlığımıza qərq olmuşuq.
Biz də bölük-bölük, biz də dəstə-dəstə,
Biz  də sürü-sürü
Öldürürük bir-birimizi.

Sərgidəki saz…

Xalq ozanı Aşıq Veyselin sazı ilə Bedri Rahmi Eyüboğlu arasında mənalı bir əlaqə var. Bu əlaqə Bedri Rahminin xalq ədəbiyyatını və Anadolu mədəniyyətini çox sevməsindən, yuxarıda qeyd etdiyimiz kimi, əsərlərində də bu mövzuları diqqətdə saxlamasından qaynaqlanır.

Bir müddət əvvəl Bedri Rahminin İzmirdə açılan retrospektiv sərgisində Aşıq Veysəlin sazı da sərgilənir. O sazın sərgidə yer almasının maraqlı bir hekayəsi var. Sərgidəki saz, şair rəssam Bedri Rahmi Eyüboğlunun Aşıq Veysəl ilə olan yaxın münasibətinin simvolu idi.

Bedri Rahmi Aşıq Veysəlin rəsmini çəkmişdi. Həmin rəsmdə Aşıq Veysəl, qarşımıza əlində saz rəng-rəng çıxır… Sərgidəki sazı Bedri Rahmi, Aşıq Veysəl üçün satın almışdı. O saz daima Bedri Rahminin evində durur, Aşıq Veysəl gəldikcə sazı çalarmış. Aşıq, özü ilə gətirərkən yorulmasın deyə, Bedri Rahmi Aşıq Veysəl üçün ayrıca bir saz satın almışdı. O saz sərgidə sənətsevərlərin böyük marağına səbəb olmuşdu...

Əslində sərgilənən saz deyil, bir sənətçinin, digər bir sənətçiyə - xalq ozanına verdiyi dəyər, sayğı və hörmət idi…

Bedri Rahminin emalatxanasının qapısından asdığı and:

Bu günə qədər rəsm sənəti dünyasında çəkilmiş əsərləri araşdırdığım zaman özünü bütün dünyaya qəbul etdirmişlər arasında mənə ən çox təsir edənləri ayıraraq onlara öz araşdırmalarımı qatacağıma; basmaqəlib, gözləri yoran, klişeləşmiş, çiynənə-çiynənə dadı-duzu qalmamış heç bir şeyi təkrarlamayacağıma, əlimdən çıxan hər naxışa, hər ləkəyə, hər rəngə öz ağlımı,öz təcrübəmi, öz ömrümü, həsr edəcəyimə aldığım hər nəfəs, içdiyim su, üstündə gəzdiyim torpaq, gözüm, qulağım, burnum, əlim, belim, dilim, dərim üstünə əlimi basaraq and içirəm.

Andımı pozduğum gün

Buralardan gedərəm.