Vəhşi əhvalatlar - Günel Eminli yazır

 

Sərnişinlərin avtobus sürücülərinə terroru davam edən bir vaxtda bir film izlədim. Film Argentina və İspaniya istehsalı olan  Damian Sifronun rejissorluğu ilə çəkilmiş olduğu "Vəhşi əhvalatlar" (Wild Tales) adlı film idi. Filmə günümüzün ən parlaq və qeyri-adi üslubu ilə sevilən Pedro Almodovar prodüsserlik edib. Filmin sloqanı belədir: "Hamının daxilində bir heyvan yatır. Onu oyatmağa çalışma". Təsadüfi də deyil ki, filmin titrləri gedəndə film heyətinin bütün üzvləri aktyorlar, rejissor, adlarının yanında bir heyvanla təmsil olunurlar. Rejissor özünü tülküyə bənzədib. Tülkü kimi hər şeyə kənardan nəzarət etməyi sevdiyi üçün bunu etdiyini müsahibələrində qeyd edib. Bir çox nüfuzlu mükafatlara sahib olan film hətta Qoya, Bafta, eləcə də 2015-ci ildə Oskara ən yaxşı xarici film kimi nominant olub. Film ilk baxışdan bir-biri ilə əlaqəsi olmayan 6 müstəqil hekayədən ibarətdir. Rejissor tamaşaçını elə ilk dəqiqələrdən toruna salır. Belə ki, ilk əhvalat təyyarə səhnəsi ilə başlayır. Qabriel Pasternak adlı adamın ona bütün həyatı boyu hər hansısa pisliyi keçmiş bütün adamları hiyləgərliklə eyni təyyarəyə yığıb təyyarəni qəzaya uğradır. Bu əhvalat boyu biz Pasternakı görmürük. Sadəcə, rejissor diqqətli tamaşaçını özlüyündə mükafatlandırır. Pasternak əlində qəhvə fincanı arxa plandan son dəfə pilot kabinəsinə daxil olarkən görünür.

İkinci əhvalat gur yağışla başlayıb romantik əhval vəd etsə də, belə davam etmir.  Balaca kafeyə sığınan bir kişi görürük. Ona xidmət edən ofisiant qız atasını intihar həddinə çatdıran bu adamı tanıyır. Aşpaz qadınla dərdini paylaşır. Qisas planı hazırlanır. Onun yeməyinə siçan zəhəri tökmək qərarına gəlinir. Son anda qız plandan əl çəkir. Amma aşpaz qadın qızı dinləməyərək siçan zəhərini kişinin yeməyinə tökür. Aşpaz qadın məhbusxanadan qorxmadığını oranın elə də pis yer olmadığını qeyd edir. "Orda səni yedizdirirlər, qalmağa yerin var və kirayə pulu istəmirlər. Yaxşı nə ola bilər?" Bu qanlı əhvalatın sonunda məhz aşpaz qadın öz arzusuna çatır.

Üçüncü əhvalat gözəl musiqi sədaları ilə başlayır. Bahalı avtomobildə yolda hərəkət edən cavan kişi fonda görünür. O, iş görüşməsinə gedir. Amma tərslikdən qarşısında köhnə modelli bir avtomobil onu qarşıya buraxmaq istəmir. Bu xırda tərslik 15 dəqiqədən sonra onların hər ikisinin avtomobildə diri-diri yanaraq həlak olmasına gətirib çıxarır. Bu necə baş verir? Filmi izləmədən olmaz. 

Dördüncü əhvalatda mühəndisin xüsusi tapşırıqla yararsız binanı partlamasından başlayır. Evinə qızının ad gününə tələsən mühəndis mağazadan tort alarkən maşını evakuator vasitəsilə aparılır. Nəticədə o ad gününə gecikir. Həyat yoldaşı isə bu qabardılmış məsələnin fonunda ondan boşanmaq istədiyini dilə gətirir. Mühəndis bütün instansiyalara onun maşınının qanunsuz aparıldığını sübut etməyə çalışsa da, onu dinləmirlər. Qaldığı vəziyyətlə barışıb üsyan etməməyi məsləhət görürlər. Mühəndis isə durumu qəbul etmək istəmir və etiraz edir. Bu etiraz ona baha başa gəlir. O qısa müddətə də olsa, tutulur, işindən qovulur. Amma etirazını dayandırmır. Mühəndis bilgilərindən istifadə edərək, avtomobillərin evakuator vasitəsilə gətirib saxlandığı dayanacaq yerini partladır. Əlbəttə, həbsxanaya düşsə də,  xalq arasında çox məşhurlaşır və hörmət qazanır. Ona hətta "Partladan" ləqəbi verilir. Bu əhvalat cüzi də olsa nikbin sonluqla bitir.

Beşinci əhvalat Nuri Bilge Ceylanın "3 meymun" filmi ilə səsləşir. Varlı ailənin oğlu hamilə qadını maşınla vuraraq qaçır. Atası isə pul müqabilində onlara 20 il xidmət etmiş bağbana böyük pul təklif edərək ona oğlunun yerinə günahı etiraf etməyini və həbsxanaya getməyini xahiş edir. Bağban razılaşır. Amma əhvalat davam etdikcə biz bağbanın da, ailənin sadiq vəkilinin də, hətta işi aparan müstəntiqin də iç üzünü görürük. Böyük pullar söhbəti açıldıqdan sonra hər personajın necə əslində meşşan təbiətli olmağı çılpaqlıqla ortaya qoyulur. Artıq günahkar oğlan bu çirkabın yanında elə də günahkar görünmür. O hətta mətbuatın qarşısına çıxıb günahını etiraf etmək istəyir. Lakin hadisələrin gedişatı göstərir ki, bu onun həyatı bahası başına gələrdi.

Sonuncu əhvalatı sanki desert qisminə saxlayan rejissor toy səhnəsi ilə başlayır. Toyda nə pis hadisə baş verə bilər düşündüyün yerdə birdən gəlin bəyin ona xəyanət etdiyini öyrənir. Bu sakit gəlini özündən çıxardaraq dəlisov qisasçıya çevirir. O oğlanı, ona xəyanət edilən qızı, hətta qayınanasını belə cəzalandırır. Amma bu əhvalat da xoşbəxt sonluqla bitir.

Novellalarda yerində istifadə olunan qara yumor tamaşaçanı düşündürür. Bu hər birimizin həyatda başımıza gələcək hadisələrin qısa xülasəsi kimi gözümüzdə canlanır. Necə hərəkət edəcəyik? Bu, artıq bizim qərarımızdı. Necə ki, onu sağ-salamat mənzil başına çatdırmağa borclu olan sürücünün sürücüyə hücumu və onu qanına qəltan etməsi. Bu 7-ci novella ola bilərdi. Bu əhvalatların mənşəyində, qayəsində idarə olunmayan hissin necə aqressiya dalğasına çevriləcəyini və nə cür fəlakətlər törədəciyini göstərir. Sanki rejissor bu əhvalatları nəql etməklə yolun sonunu tamaşaçıya göstərərək onu qoruyur. Hirsinizi cilovlayın, aqressiyanızı ixtiyarınızda saxlayın. Amma antropoloq alimlərin bəziləri belə qənaətə gəliblər ki, insan məhz affekt vəziyyətə düşəndə elə iç üzünü çıxararaq əsl insan olur. İnsan yaşadıqları və hiss etdikləri ilə diridir, sevgisi, nifrəti, hətta aqressiyası ilə birgə...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!