"Onunla rastlaşmaq bizim üçün səadət idi..." - Səidə Quliyeva "Dördüncü divar" qarşısında

Onun üzünü görmək, onunla rastlaşmaq bizim üçün səadət idi...

Biz onu ilk dəfə "Yollar qovuşanda" tamaşasından Çiça kimi görüb, sevdik. Daha sonra "Bala - başa bəla" teletamaşasında, "Fransız", "Hər şey yaxşılığa doğru", "Yoxlama" kimi ekran əsərlərindəki ifası Səidə Quliyevaya olan sevgimizi daha da möhkəmlətdi. Bu gün "Dördüncü divar" layihəsinin qonağı xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası mehriban və səmimi insan Səidə Quliyevadır.

- Səidə xanım, sizinlə ötən söhbətimizin üzərindən dörd ilə yaxın vaxt keçir. Bu dörd il ərzində istər sənət həyatınızda, istərsə də şəxsi həyatınızda nələr baş verdi?

- Şükürlər olsun ki, bu dörd il ərzində mənim həyatımda yaxşılığa doğru dəyişikliklər oldu. Mən ümumiyyətlə pozitiv insan olduğumdan hansısa qanqaraçılığın sonunu belə xoş əhval-ruhiyyəylə bitirmək istəyirəm. Sənət həyatımla bağlı onu qeyd edim ki, artıq on dörd ildir radioda "Bulaq" verilişinin aparıcısıyam. Əvvəllər bu verilişə iş prosesi kimi yanaşırdım. Amma son illər artıq bu veriliş mənim yaradıcılığımın bir hissəsinə çevrilib. Teatrda da Şaqarelinin "Xanuma" tamaşasında maraqlı obrazla çıxış edirəm. Ordakı rolum balaca olsa da, yaddaqalandır. Tamaşaçılar məni tamamilə başqa səpkidə görürlər. Çəkilən yerli seriallara bir müddət idi ki, razılıq vermirdim. Amma bu yaxınlarda bir serialda iştirak etməliyəm. Yəqin ki, işlərimiz alınsa, tamaşaçılar məni ekrandan izləyə biləcəklər. Yəni bu dörd il ərzində mənim yaradıcılığımda elə böyük bir hadisə olmayıb.
Şəxsi həyatıma gəldikdə isə onu deyə bilərəm ki, ötən il möhtərəm Prezidentimiz bu il olacaq 60 illik yubileyim münasibətilə məni evlə təmin etdi. Bu ilin martında mənim altmış yaşım tamam oldu. Amma anamın səhhətindəki problemlərlə əlaqədar yubileyimi qeyd etmədim.

- Sizin kino yaradıcılığınızda dönüş nöqtəsi yaradan rejissor Vaqif Mustafayev olub. Bəs teatrda kimlərin  adını çəkə bilərsiniz?

- Demək olar ki, bütün rejissorlarla mən işləmişəm. Çünki bu ilin sentyabr ayında mənim səhnə həyatımın qırx ili tamam olur. Akademik Milli Dram Teatrında yeniləşmə baş verir, nəsil dəyişməsi gedir. Ətrafımda demək olar ki, cavanlar çoxluq təşkil edir. Bu da təbii haldır. Allah dünyasını dəyişənlərə rəhmət etsin, qalanlara isə cansağlığı arzulayıram.

Teatrda işlədiyim illər ərzində repertuardan çıxan tamaşalarım da oldu, qalanı da var. Misal üçün Elçinin "Qatil" tamaşasında mən artıq on dörd il idi ki, iştirak edirdim. Çox təəssüf olsun ki, baş rolun ifaçısı Hikmət Rəhimov teatrdan uzaqlaşdığına görə həmin tamaşa repertuardan çıxarıldı.

Yəni istər teatrımızın öz rejissorları, istərsə də dəvət olunan rejissorların hamısı ilə iş birliyim olub. Onu da deyim ki, rejissor müxtəlifliyini sevirəm. Onların iş təcrübəsi maraqlı olur. Yetər ki, rol mənim ürəyimə yatsın.

Düzdür, kinoda bir-iki filmimi çıxsaq, ancaq Vaqif Mustafayevlə işləmişəm. Çox təəssüflə qeyd etmək istəyirəm ki, bu gün Azərbaycanda kino yox olub. Çəkilən o komediya filmlərini mən kinoya aid etmirəm. Onlar hamısı əyləncə xarakteri daşıyır. Bu gün mənim ən yaralı yerim Azərbaycanda çox ciddi kinoların yaranmamasıdır. Əgər bizim kinomuz yenidən bərpa olunsa, çox sevinərəm.

- Sizcə, ciddi filmlərin yaranmaması faktı nədən qaynaqlanır?

- Siz inanırsınız ki, bunun səbəbini mən özüm də düz-əməlli bilmirəm. Bircə onu deyə bilərəm ki, bu işlə çox ciddi məşğul olmaq lazımdır. Sizi inandırıram ki, son dövrlər çəkilən komediya janrlı filmlərə baxanda, xəcalət çəkirəm. Düzdür, istisna olaraq bir neçə yaxşı filmin adını çəkmək olar. Amma əksər filmləri kino işini, sənətini bilməyən adamlar çəkirlər. Əgər hər yetən əlinə kamera alıb sponsor gücünə necə gəldi film çəkirsə, mənə belə gəlir ki, bunun qarşısı alınmalıdır. Bu gün bizim kinomuz qeyri-professional insanların əlindədir. Mən təbii ki, əsl kinodan, rejissordan və aktyorlardan danışıram. Əgər komediya filmi deyiriksə və mən həmin filmlərə baxanda gülmürəmsə, ikrah hissi keçirirəmsə, onda nə komediya oldu? Nə vaxta qədər mən filmlərdə jarqon ifadələr eşidib, tanımadığım və eyni aktyorların simasını görəcəyəm? Sonra da həmin tanımadığımız aktyorlar sinələrinə döyüb özlərini peşəkar adlandırırlar.

Təbii kino praktikasında daima eyni aktyorlarla işləyən rejissorlar olub. Amma bu peşəkar səviyyədə həyata keçirilib. Elə Vaqif Mustafayevin filmlərində də davamlı olaraq eyni aktyor ansamblı olub. Amma baxıb görsünlər, ordakı aktyorlar kimlər idi. Onlar hamısı bəyənilən, xalq tərəfindən qəbul edilən və ən əsası aktyorluq sənətini dərindən bilən peşəkar insanlar idilər. Ona görə də xalq onları sevirdi, qəbul edirdi.

Vaxtilə bizim kino bazarımız o qədər güclü idi ki, istər SSRİ məkanında, istərsə də Asiya ölkələrində bizim filmlərimizə tələbat vardı, sevilirdi. Amma indi çəkilən filmlər Biləcəridən o tərəfə keçmir.

- Vaqif müəllimin demək olar ki, bütün filmlərində çəkilmisiniz. Onun filmlərindəki sarkazm, insanın özünü tənqid anlayışı aktrisa kimi sizdə hansısa tərəddüd yaratmayıb?

- Qətiyyən. Belə məsələləri düşünsək, onda gərək biz ümumiyyətlə heç bir filmə çəkilməyək, tamaşada iştirak etməyək. Vaqif müəllim çox böyük rejissordur. Çox təəssüf olsun ki, son dövrlər filmlər çəkmir. Bunun səbəbini deyə bilmərəm. Çünki bu barədə onunla söhbətim olmayıb. Amma çox istərdim ki, yenidən Vaqif müəllimin filmlərində çəkilim. Çünki mənəvi zövqlə yanaşı, həm də özümü aktrisa kimi dərindən hiss edirəm. Vaqif müəllimlə işləmək çətin proses olsa da, zövqlüdür. Çox peşəkar sənətkardı. Təəssüf ki, onun filmlərində tərəf-müqabilim olan aktyorlarımızın bir çoxu dünyasını dəyişdi. Və sanki bizim kinomuz yetim qaldı.

- Səidə xanım, özünüz vurğuladığınız kimi, son illər xeyli aktyorumuz həyatdan köçdülər. Bunların arasında sizin tərəf müqabilləriniz olan sənətkarlar da var. Bu gün həmin tərəf-müqabili yoxluğunun öhdəsindən necə gəlirsiniz?

- Həmin sənətkarların öz yerləri vardı. Bu gün də gənc nəslin içərisində istedadlı insanlar var. Amma onlar püxtələşənə qədər xeyli vaxt lazım olur. Bu baxımdan bizim ətrafımız indi boşdur.

Tək mən yox, mənim nəslimdən olan digər həmkarlarım da deyə bilərlər ki, biz tərəf-müqabili seçərkən çox çətinlik çəkirik. Yenə deyirəm istedadlı aktyorlarımız var. Amma onları kəşf edib, cəlb etmək lazımdır. Misal üçün Rasim Balayev o vaxtı Gənc Tamaşaçılar Teatrında işləyirdi. Onu kəşf edib kinoya gətirən Həsən Seyidbəyli olmuşdu. Bəlkə də Həsən Seyidbəyli Rasim müəllimi kəşf edib "Nəsimi" filminə çəkməsəydi, Rasim Balayev o zirvəyə qalxa bilməzdi. Rejissorardan da çox şey asılıdır. Bu gün yaxşı rejissorlarımız yox dərəcəsindədir. Yaxşıları da vətəndən uzaqlaşıb xarici ölkələrdə gedib orada işləməyə üstünlük verirlər. 

Bu sualla çox yaralı yerimə toxundunuz...  Çox ağrılı sualdır. Sizinlə danışıram, elə bil həm də öz-özümlə söhbət edirəm. Və çox çətinliklə bu cür suallara cavab tapıram...

- Sizin teatra gəldiyiniz zamana nəzər salanda görürük ki, o dövr yaxşı teatr məktəbi keçmiş aktyor nəsli bir dalğa kimi teatrlara gəldi. Özünüz də bir müddət pedaqoji fəaliyyətlə məşğul olmusunuz. Bu gün nə baş verir ki, həmin axının davamı təkrarlanmır?

- Bilirsiniz, o zaman dövr də bir az başqaydı.  İndi teatra gələn gənclər hər şeyə çox tez nail olmaq istəyirlər. İstəyirlər elə bir ilin içərisində fəxri ad, Prezident mükafatı alsınlar. Onlar zəhmətə qatlaşmaq, öz üzərlərində çox işləmək istəmirlər. Teatr savadı, dünya görüşü çox aşağı olan gənclər çoxluq təşkil edir. Elə bil ki, bizim İncəsənət Universiteti cərimə batalyonudur. Bu gün bizim gənclərimizn incəsənətə meyli elə türk serialları ilə kifayətlənir. Bizim özümüz hələ sağ ikən cavanlarımız bizi tanımır, yaradıcılığımızla maraqlanmırlar.

Amma o vaxtkı dövrdə biz tələbələr teatrın baniləri haqqında, teatrda işləyən böyük sənətkarlar haqqında əzbər bilirdik. Bu günün gənclərində həmin maraq, həmin həvəs yoxdur. Universitet hansısa istiqaməti tələbəyə verir. Tələbə, aktyor isə daim öz üzərində çalışmalıdır.

- Cəsarətli və millətçi, sözü birbaşa deyən insan kimi tanınırsınız həmişə. İndi də söhbət edirik, fikrimdə yanılmadğımı görürəm. Xarakterininz həyatda sizə maneçilik yaratmayıb?

- Mən həmişə Allaha inanan insan olmuşam. Bu səbəbdən də həmişə həqiqətin yanında olmağa üstünlük vermişəm. Ona görə də Allahdan nə arzu etmişəm hamısı həyata keçib. Bircə arzum var ki, Allah möhlət versin, övladıma toy edib bu dünyadan rahat köçüm...

Siz dediyiniz faktorlar bəlkə də nə vaxtsa maneçilik yaradıb. Amma mən heç vaxt doğru sözü deməkdən çəkinməmişəm. Öz həyatımda olmasa da, yaxınlarımla bağlı ağrılı məqamlarım olub. Amma mən bacardıqca insanlara köməklik etməyə çalışmışam. Söhbət təkcə maddi köməkdən getmir. Mənən də olsa səmimi, mehriban olmağa çalşmışam. Bəzən elə an olur ki, həmin səmimiyyətin dəyəri milyonlarla ölçüyə sığmır. Heç bir zaman heç kimin qəlbini qırmamışam. Əgər olubsa da, min dəfə üzr istəmişəm.

Həyatda çox çətinliklərim olub. Qazandığım hər şeyi halal zəhmətimlə qazanmışam və bununla da həmişə fəxr edirəm. Mənə belə gəlir ki, həyat elə budur. O, boşqabın içərisindəki kimi hər çeyin hazır vəziyyətdə gəlməsi bir az usandırıcı və maraqsız olardı. İnsan zəhmət çəkməli və həmin zəhmətin bəhrəsini görməlidir. Belə olanda yaşamaq daha da maraqlı olur.

- Səidə xanım, xarici aktyorların bir çoxu öz həyat yolları haqqında memuarlar yazıb çap etdirirlər. Bizdə niyə görəsə aktyorlarımız bu məsələyə laqeyd yanaşırlar.  Nə zamansa öz memuarınızı yazmağı düşünmüsünüz?

- Bəli, düşünmüşəm. Hətta bir ara bir az yazdım da. Sonra yarımçıq qaldı. Nəsə ardı gəlmədi. Maraqlıdır ki, mən ondan sonra şairlərin, yazıçıların ilhamla işlədiklərinin həqiqiliyinə inandım. İnsan istəməsə, heç nə yaza bilməz. Yəqin ki, nə vaxtsa yazıb bitirərəm. Bunu mənə çox adam deyib. Çünki bəzən söhbət əsansında Hökümə Qurbanovadan, Məlik Dadaşovdan, Nəcibə Məlikovadan, Məhluqə Sadıqovadan nəsə maraqlı xatirələr danışanda, mənə deyirlər ki, Səidə xanım, bunları qələmə alın.

Amma mən sizə bir söz deyim ki, bizi xarici aktyorlarla müqayisə etmək doğru deyil. Açığına qalsa, mən özümü Azərbaycanda aktrisa hesab etmirəm. Bunu o mənada deyirəm ki, yəni mən aktrisa həyatı yaşamıram. Çox sadə azərbaycanlı qadın həyatı yaşayıram. Mağazaya da, bazara da gedirəm. Öz işlərimin hamısını özüm görürəm. Yəni xarici aktyorlar kimi gözəgörünməz və məchul deyiləm. Belə olanda da aktyor çox sadələşir. Məchul olmaq lazımdır.

- Bayaq bir çox korifey sənətkarlarımızın adını çəkdiniz. Hökümə xanımdan söz düşmüşkən o zaman teatra gələndə sizi necə qarşılamışdılar?

- İndi bu məsələ bir az sadələşib. Biz hər bir gənci çox yaxşı qarşılayırıq. Bizi də normal qarşılamışdılar. Sadəcə olaraq Hökümə Qurbanova ilə ünsiyyət qurmaq, onunla danışmaq mərhələsinə gəlib çıxmaq üçün bizə uzun illər və çoxlu obrazlar lazım idi. Teatra təzə gəlmiş gənc aktrisa kimi biz Hökümə xanımın yanından əsə-əsə keçirdik. Onun üzünü görmək, onunla rastlaşmaq bizim üçün səadət idi. Hökümə xanımla tərəf-müqabili olmaq, səhnəyə çıxmaq bizim üçün fəxr idi. Mən şükürlər olsun ki, Hökümə xanımla üç tamaşada tərəf-müqabili olmuşam.

- Teatrdan hal-hazırda gözləntiləriniz nələrdi?

Aktyorun peşəsi gözləməkdir. Mən də rejissorlar tərəfindən yeni obrazlar gözləyirəm. Amma bildiyiniz kimi, uzun müddət istər teatrda, istər kinoda, televiziya tamaşalarında çoxlu və fərqli rollar ifa etmişəm. Bu səbəbdən də açığını deyim ki, baş rollarda ifa etmək istəmərəm. Çünki buna qüvvəm bir az çatmır. Bəlkə də kinoda razılaşaram. Amma teatr canlı sənət növü olduğu üçün məşqlər və axşam tamaşaları aktyordan gərginlik və yüksək enerji tələb edir. Artıq mən həmin gərginlikdən uzaq olmaq, bir az sərbəst olmaq istəyirəm. Belə danışıram, bəlkə də ifa edə bilərəm. Hər halda hər şeyi zaman göstərər.

Söhbətləşdi:
Samirə ƏŞRƏF


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!