Bu dünyada qardan sakit heç nə yoxdur - Səlim Babullaoğlunun təqdimatında Peter Poulsenin şeirləri

Çağdaş Danimarka şeiri

 

Bu dünyada qardan sakit heç nə yoxdur

2015-ci ildə "Lindhart və Ringhof" nəşriyyatı Peter Poulsenin sayca 25-ci şeir kitabını çap edərək şairin 75 illik yubileyini qeyd etdi.

Poulsenin, Kopenhagen kitabxanasına baş çəkən  redaktoru Lene Vissinq  şairin aktiv fonddakı kitablarının axtarışına çıxdı və şairin  21 kitabını tapa bildi. Maraqlıdır ki, kütləvi rəqəmsallaşma dövründə kitabxanalar öz fondlarını  heç də həmişə çap məhsullarının deyil,  məhz  istifadəçilərin  maraqlarına müvafiq komplektləşdirirlər.  Demək, Poulseni oxuyurlar.

Təmkinli ironiya, tənqidçilərin fikrincə, büsbütün qeyri-ənənəvi modernist olan Poulsenin yaradıcılığının və şəxsiyyətinin başlıca keyfiyyətidir. Poulsen modernist sayılmağına etiraz etmirsə də, "qeyri-ənənəvi" sözüylə razılaşmır.

80 yaşı bir ay əvvəl tamam olan Peter Poulsen 1940-cı ildə anadan olub. Müasir Danimarka ədəbiyyatının görkəmli nümayəndəsi, şair, ssenarist, dramaturq, tərcüməçidir. Otto Gelsted mükafatına (1996), Danimarka Tərcüməçilər Birliyinin Şərəf Ödülünə (2000) layiq görülüb. "Cırcıramalar oxuyur" (1996),  "Titrlər" (2010), "Sükutu gizlincə dinləyərkən" (2015) və başqa kitabların müəllifidir.

PETER POULSEN

Hamlet olsaydım

Hamlet olsaydım,

Ofelya üçün gül alardım,

marmelad, qulaqlıq, şampan şərabı, dişçöpü alardım

onu Romaya, Florensiyaya gəzməyə aparardım.

 

Hamlet olsaydım,

ona içində səs-küylü hind bülbüllü qəfəs alardım,

İsveç bərəsinə bilet, ağ fiqurlu konki...

 

Hamlet olsaydım,

ailə işlərinə qarışmadan özümlə məşğul olardım;

Kronborqu şəxsi mənzillərə bölər və paylardım,

özüm də ki, Fioilgedaya daşınar,

və yəqin, su dolu matras alardım.

Hamlet olsaydım,

bütün qara fikirləri başımdan atardım,

özümə məğlub olmaz,

uzun monoloqların başını buraxardım.

Anamın şəxsi həyatına qarışmazdım

Hamlet olsaydım.

Qocanın öldüyünü etiraf edər,

yalnız qisasla dolu kabus arxasınca qaçmazdım.

 

Hamlet olsaydım,

o qoca əbləhə, Poloniyə toxunmazdım

(durub da özüyçün xalçanın dalında)

və əlbəttə, vaz keçərdim harasa getməkdən

Gildenqnil-Rozenşvalla bərabər -

doğrusu, adları necəydi, unutdum, nə fərq edər...

 

Hamlet olsaydım,

Horatsio ilə sülənərdim şəhərdə,

çəllək pivəsi içərdim Frank Yegerlə

və aşıq atardım dənizçilərlə liman traktirlərində;

bir də İsveç xanımlarıyla rəqs edər,

atəşli ürək döyməsi vurdurar əlimə

və altında yazdırardım:

Ophelia, I love You

...Hamlet olsaydım.

 

Ev üçün darıxmaq

Qasırğa uçuşa hazır ağacları titrədir.

Budaqlarıyla necə əl elədiklərinə baxsana.

Həyəcanlanırlar.

Evə tələsirlər, kainata...

 

Əsəb dispanserinə müraciətin qaralaması

Bura dəlixana, hətta quşxana deyən də var.

Hər necəsə, mən ora yerləşdirilmək istərdim.

Xüsusi qapalı şöbəyə.

 

Deməliyəm ki, əsla xəstə-filan deyiləm,

ətrafımdakı adamların ən sağlamıyam,

odur ki, ən azı, ayrıca palata ayrılmalıdır mənə.

Çünki bilirəm: Nyuton kökündən səhv edib,

adi şeyi bilməyib ki, alma sadəcə yorulubdur.

Sonra... bu dünyada yeganə daniyalıyam ki,

həmvətənlərim məni

gecə stəkanda, suda saxladıqları qoyma dişləriylə

diri-diri yeyə bilərlər -

bu isə məni təcrid eləmək üçün çox ciddi səbəbdir.

 

Poeziyanın qələbəsi

"Bu gen dünyada qardan susqun heç nə yoxdur".

Bəs, döşəmə üçün şəffaf boya necə olsun?

Ya yun? Yaxşı, bəs dırnaqlar,

pişiyin bığları, daraqlar?

 

Bəs navalçada illərlə ilişib qalan,

qaranquşlara sevgi duyan dinməz top,

köşkün yanındakı skamya -

bəs onlar

hər şeyi saran sükuta qərq olmayıblarmı?

 

Siyahını uzada bilərdim,

deyək ki, salfet, markalar,

dodaqlara həsrət dodaq karandaşı

və başqa nələrisə söyləyə bilərdim.

Amma haqlıdır şair,

bu dünyada qardan sakit heç nə yoxdur.

 

Ağı

Payızın oğlan çağında

şeirlərimdən qafiyələr düşür,

çılpaq qalırlar,

üşüyürlər.

 

Bilirəm ki, səs onları

 elə bu şəkildə də yuyundurur, dilləndirir.

 

Amma bizim bu ağır zamanda

kimdir çılpaq və qafiyəsiz şeirləri

dinləmək istəyən?

Axı ortada daha ciddi məsələlər var:

yalnız Sibir pələngi deyil,

kərgədan və kotletlər belə

silinə bilər yer üzündən.

 

Başqa sözlər

Sözlər geri qayıdırlar, özümə.

Bilmək istəyirlər mən nə demək istəyirdim,

onlara nəyi yükləmişdim.

 

Bacardığım kimi izah edirəm,

razılaşmırlar.

 

Başqa sözlərlə izah etməyə çalışıram.

Mənasızdır.

Gözlərini döyürlər inamsızlıqla.

Onları doladığımı düşünürlər.

Tərcümə Səlim Babullaoğlunundur

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!