Məndən əl çəkməyən kölgə - Tərlan Əbilov - şeirlər

Daha

Başımın tacıydın, sənsiz

şahsız qalan taxtam daha...

Kəsir məni bir qılınctək

səndən düşən şaxtam daha.

 

Yanır kirpiklərim odda,

Yorulub çapdığım at da...

Qabağa qaçan saatda

geri düşən vaxtam daha...

 

Ta  ürək deyil yatdığım,

Arzu da deyil çatdığım...

Sevib, göyə ucaltdığım,

sən söydüyün baxtam daha...

 

Ad gününün şeri

Gülnar üçün

Əvvəllər saralmış heyvaydı

mənim üçün noyabr...

Çətirim yox idi deyə, sevməzdım yağışını,

sevməzdim həyətimizdə yığılıb

qalan gölməçələrini.

Yəni ayaq altında qalan yarpaqlardan,

pəncərələrimizi döyən,

qapımızı sillələyən küləkdən ibarət idi

mənim üçün noyabr.

 

Atamın üzündəki kədər,

yoxsulun başına gələn qəza-qədər idi,

yəni çökən ev,

pulsuzluqdan açılmayan kef idi...

 

Anamın sümüklərindəki ağrıydı,

qardaşımın işsizlikdən ağarmış saçıydı...

 

İndi atamın üzündəki kədərə,

qardaşımın saçlarındakı dənə qoyulan daşdı,

üzüyümə cilalanan qaşdı noyabr.

 

Yəni illər sonra qaysaqlayıb

                              içimdəki yaralar;

varsan deyə,

musiqi kimi dinləyə bilirəm

                              yağan yağışlarını,

şeir yaza bilirəm -

oturub altında baxışlarının...

dilimizə çevirə bilirəm tökülən

         yarpaqlarının pıçıltısını noyabrın.

 

Varsan deyə, anamın

                unutduğu sümük ağrılarıdı,

gecələrimin belə doğan günəşidi noyabr.

 

Noyabrda doğulmusan deyə,

sevirəm noyabrı!

 

Pis olmaz

Pis olmaz, küləkli, qarlı havada,

sənə yanında yer saxlayan ola.

Öləsən ipisti əllərin altda,

səni özün kimi ağlayan ola.

 

Peşman olmayasan olduğun günə,

İsidə üzünü bir nəfəs yenə.

Qısılıb köksünün döyüntüsünə,

arabir nəbzini yoxlayan ola.

 

Ola qiymətinə könlünü alan,

Ola bugünəcən ömür də yalan,

Ola saçı altda sənə yer salan,

üstünə qapını bağlayan ola...

 

Məndən əl çəkməyən kölgə

Məndən əl çəkməyən kölgə,

mən sənin yiyən deyiləm.

Bilsən yanımca gəlməzsən,

mənəm döyülən, söyülən.

 

Mən də sənintək min ildi

gəzirəm öz sahibimi;

İtirə-itirə burda

hər gün bir söz sahibini.

 

Nədir əynindəki libas,

zülməti kim biçib sənə?

Ay Allahdan düşən kölgə,

kim bu boyu ölçüb sənə?

 

Əl çək, onsuz da bəs etmir,

heç kəsə yeri dünyada.

Nə qədər önə çıxsan da,

saatın geri dünyadan.

 

Gerisən, geriyik burda,

ürəyi qış adamlardan.

Göydə balıq kimi süzən,

yerdə bu quş adamlardan...

 

Məndən əl çəkməyən kölgə,

mən də sənintək min ildi

gəzirəm öz sahibimi;

itirə-itirə burda

hər gün bir söz sahibini...

Mənim poeziyam

Bədiilyin ən gözəl illüziyasıdır yoxsulluq...

Yəni, dediyin kimi:

“Pulsuz olan hər şey çox dəyərlidir -

zaman kimi,

sevgi kimi,

həyat kimi,

gülümsəmək kimi,

sağlıq kimi”...

 

Mənə görə

yoxsulluğun ən varlı tərəfidir poeziya,

şair həyatının qadınsız səliqəsidi,

zamanın,

sevginin,

həyatın şipşirin zümzüməsidi.

 

Yağış kimi yağmaq,

qar kimi ərimək həvəsidi,

içində

sevgi,

həyat,

təbəssüm,

sağlıq yoxsa,

uzaqdan şair üçün darıxan,

yaxınına getdikcə yoxa çıxan qadın

təbəssümüdü bir az da.

 

Yəni həm də  qədərsiz darıxmaqdı

və darıxdığımdan

ya elə indicə,

ya da üç əsr,

beş əsr,

on əsr... sonralar da

yoxsulluğumun ən varlı tərəfində durub

yolunu gözləməkdi.

 

Pulsuz və dəyərlidir deyə

mənə bir az zaman,

bir az sevgi,

bir az həyat,

bir az təbəssüm,

bir az sağlıq gətir gələndə, Balaca...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!