Nurməmməd Ağanın nur dolu nəğmələri - Əli NƏCƏFXANLI

 

...Doxsanıncı illərdi. Sumqayıtda məclislərin birində dostlarımızdan kimsə "Gənclik metrosu" adlı şeir oxudu. Məzmunu beləydi ki, metroda bir qoca "Gənclik" stansiyasının səmtini soruşur. Ona cavab verirlər ki, hələ qocalıqdan gəncliyə metro xətti çəkilməyib. Qoca da köksünü ötürür: "Eh, qocalıq yaxşı olsaydı, onun da adına bir stansiya tikərdilər". Həmin görüşün təəssüratından yaranan şeir bu misralarla bitir:

"Gənclik" metrosunda düşürtdüm onu,

Dedim, ünvanını burda taparsan.

Kövrəldim... Bir sual sardı qəlbimi:

- Onu gəncliyinə bəs kim aparsın?!

Şeiri bəyənib tərifləsək də, müəllifin kimliyini bilmədik. Sonradan öyrəndim ki, bunu yazan Masallıda yaşayıb-yaradan Nurməmməd Ağadır. "Anamın əlləri əldən düşübdür", "Pəncərəm ağlayır..." kimi gözəl şeirlərin də müəllifi olan, mövzuya fəlsəfi yanaşmaları, poetik təfəkkürü, obrazlı deyim tərzi yadda qalan Nurməmməd Ağa.

Qələm dostumuz altı tarixi-etnoqrafik, bədii-publisistik və şeirlər kitabının müəllifidir. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür. Amma onun hələ qələmə almadıqları - ağ vərəqlərə "hönkürmədikləri", duyğu-duyğu pıçıldamadıqları yazmış olduqlarından daha çoxdur. Onun haqqında tərifli yazılar az olmayıb. Amma ən möhtərəm imza kimi, unudulmaz Xalq şairi Bəxtiyar Vahabzadənin məktublarını tutiya kimi əzizləyir. Yenicə çapdan çıxmış "Hər görüşdə ayrılıq var" kitabının ön səhifələrində də həmin məktublara yer ayırıb. Bu dəyərli məktublarda ölməz şairimiz həvəslə Nurməmmədin yazılarına münasibət bildirib, onları təqdir edib və dostumuza uğurlu yollar arzulayıb. Professor Akif Hüseynov da, cəfakeş tənqidçi-alim Vaqif Yusifli də onun yaradıcılığına yüksək qiymət verib, ürək sözlərini ürəklə dilə gətirib, qələmə alıblar.

İxtisasca müəllim olan Nurməmməd Ağanı ilk dəfə onun doğma Boradigah qəsəbəsində balaca bir dükanda alver etdiyi zaman görmüşəm. Bəstə boylu, qarabuğdayı bir oğlandı. Doxsanıncı illərin əvvəlləri - dolanacağın çətin olduğu vaxtlardı, o da səhərlər məktəbdə dərs deyir, günortadan sonrasa dükanda "çaq-çuq" edirdi. Amma poeziya onun ən sevimli məşğuliyyəti idi. Bəlkə də, məhz həmin çətin vaxtlarda "polad bişərək daha da bərkiyib" və taleyinə şairlik yazılan gənc, poeziya adlı vadi boyunca büdrəmədən irəli gedə bilib. İndi məktəb direktorudur, bölgədə sayılıb-seçilən ziyalılardandır.

...Günlərdir Nurməmməd Ağanın yeni kitabında toplanmış şeirlərinin təsiri altındayam. "Təndir Vətəndir" bölümündəki ictimai-siyası, fəlsəfi mövzulu yazıları ruhuma qida verir. Eyniadlı şeiri fikrimi ayrıca məşğul etməkdədir.

Azalıbdır gözlərindən nur təndirlərin,

Sönən ocaq ürəyimi yaxır haçandı.

O yıxılan, o yox olan gur təndirlərin

Tüstüləri təpəmizdən çıxır haçandı.

 

Məlhəm olan təndir külü hardadı görək?!

O külümün başına da kül ələnibdi.

Bağrıyanıq babaların məzarlarıtək

Qarabağda təndirim də güllələnibdi.

 

Kənd "qalac"ın ümidinə qalanda bildim

Uçan təndir ruzimizin son axşamıydı.

Humanitar yardımları alanda bildim

Sönən külfə bir külfətin sönən şamıydı.

Nə demək olar - təsirli şeirdir. Oxuduqca, sanki ətirli təndir çörəyinin iyi dəyir adamın burnuna. Bu, təkcə fiziki dad həsrəti deyil, daha çox yurd həsrəti, yuva nigaranlığı, ocaq yanğısıdır...

"Sönən külfə bir külfətin sönən şamıydı" misrası isə şairin çoxsaylı obrazlar qalereyasına əlavə rəng qatır. Burada "külfə - külfət" qoşalaşdırması xüsusilə gözəldir, şairanədir. Elə bircə "külfə" sözü adamın fikrini haralara aparmır? Talış dilində ana laylalarıyla xəmiri yoğrulmuş, körpəliyindən bu şirin dildə danışmağa başlamış Nurməmməd Ağanın Azərbaycan türkcəsini dərinliklərinə qədər bilməsi bir yana, bu dildə pakizə şeirlər yazması heyranedicidir. Özünə də dəfələrlə demişəm, Nurməmməd Ağa bu dilin şəhdi-şəkərinə bəzi qələmdaşlarımızdan yaxşı bələddir.

Onun tozunu silib, cila verdiyi "külfə" sözü etnoqrafik anlamdan çıxaraq ömür-gün, həyat nəsnəsinə çevrilib. "Külfə" - Gədəbəy, Qazax və Tovuz tərəflərdə təndir mənasında işlənən sözdür. Naxçıvan, Zəngəzur və Qarabağ ellərində təndirin havaçəkəninə "küflə" deyilir. Laçında tövlədə pəncərə əvəzi qoyulan dəlik belə adlanır. Şahbuzda belə bir deyim də var: "Küflə olmasa, təndir yaxşı yanmaz". Bəzi bölgələrdəsə buna "kiflə" deyilir. Şair bu sözü öz şeirində elə ustalıqla işlədib, "külfət" sözüylə yanaşı qoyaraq elə mənalandırıb ki, "əhsən" deməmək olmur. 

Özü də onun sözlə bir rəssam kimi yaratdığı lövhələr uzun müddət göz önündən çəkilib getmir. Hərdən düşünürəm ki, Ağa, bəlkə də, ucqar Boradigahda deyil, tutalım, İtaliyada, İngiltərədə dünyaya gəlsəydi, gözəl bir rəssam ola bilərdi. Amma onun istedadı daha çox şeir ölkəsi kimi tanınan Azərbaycanda təbii olaraq şairlik yönümündə parlayıb.  

Nurməmməd Ağanın sevgi şeirləri səmimidir, saf, mübarək duyğularla, misralarla doludur.

"Məstedici nə varsa,

            dində buyrulub haram",

Eşq ağlımı alırsa,

            demək, mən günahkaram?

Bu mövzuda şairin bir sıra türfə qəzəlləri də onun yeni kitabında toplanıb. "Çarəsi var", "Dürdanə gərək", "Gəlir", "Gözlər gözümdən düşməsin" rədifli qəzəlləri bölgədə dillər əzbəridir. Məclislərdə xanəndələr də, xiridar dostları da bu qəzəlləri çox sevir və səsləndirirlər.

Kitabda Nurməmməd Ağanın "Müqəddəs qorxu" və "Əsir düşən şəkillər" adlı iki poeması da yer alıb. Birinci poemasında ulu Yaradana məhəbbət, ömrün hikməti, əxlaqi-islami dəyərlər tərənnüm edilir. Digərində isə şəkilböyüdən aşotlardan, kartofsatan arakellərdən, pinəçilik edən armenlərdən və bu nankorların xətir-hörməti, od qonşuluğunu yerə vurmasından bəhs olunur.

Bizim çəkmələrimizi yamadılar,

Özlərinin torpaqlarını, xəritəsini...

Nurməmməd Ağanın "Hər görüşdə ayrılıq var" adlı yeni kitabı yeni-yeni mənalarıyla oxucu ürəklərini fəth eləmək gücündədir desəm, mübaliğə etmiş olmaram. Mənim bu qeydlərim dost sözü, oxucu düşüncələridir. Daha təhlili fikirləri tənqidçilər söyləyə bilərlər. Bu isə əyalətdə yaşayıb-yaradan, diqqətdən kənarda qalan bir çox istedadlı qələm sahibi kimi, onun da haqqıdır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!