Kannda erməni küləyi - Cavi DAN yazır

 

Ermənilər "Əgər külək əsərsə" adlı bir film çəkiblər və o film 2020-ci ilin Kann festivalının siyahısına düşüb.  Filmin rejissoru Nora Martirosyan adlı gənc qadındır, Fransada yaşına və işlərinə görə kifayət qədər tanınır, hətta Bordo şəhərindəki İncəsənət Akademiyasında dərs deyir. Çox yəqin ki, öz ölkəsi və şəxsi karyerası üçün qazandığı bu qələbədən sonra (onun filmi 2067 işin içindən seçilərək siyahıdakı 56 yerdən birini tutur) daha çox tanınmaq və inkişaf etmək imkanı əldə edəcək. Çünki erməni o xalqdır ki, onun ölkəsini dünya miqyasında Kim Kardaşyandan sonra tanıdacaq ikinci qadının adını göydə qamarlayıb onu baş tacı edəcək. Əlavə təhsil lazımdırsa, verəcək, komanda lazımdırsa, təşkil edəcək, ona görə hətta rüşvət verməyə, siyahıda ad yeri dəyişdirməyə də gedəcək. Niyə? Çünki Nora öz filmini Qarabağ hadisələrinə həsr edib və təbii ki, hər şeyi məhz Ermənistana faydası olacaq rakursdan göstərib. Treyleri izləyənlər deyirlər ki, Biləcəridə bir yer və maşında siqaret çəkən azərbaycanlı qız obrazı görüblər. Görməyib axtaranlar da həmin treylerin internetdən yığışdırıldığını, ya da Azərbaycan seqmenti üçün qapalı tutulduğunu deyirlər.

Məsələ onda deyil ki, bu film 2067 filmin içindən necə seçilib, niyə seçilib.

Məsələ onda deyil ki, bu film Qarabağ müharibəsinin həqiqətlərinin ermənilərə sərf edəcək şəkildə təhrif olunmuş nümayişidir.

Məsələ heç onda da deyil ki, biz, ölkə olaraq, dövlət olaraq bu festivalda bizə qarşı hazırlanmış bu boyda təxribatın Venesiyada, Nyu-Yorkda, Dovildə, Torontoda, San-Sebastyanda, Anqulemada, Pusanda və Lionda nümayiş etdiriləcəyinə etiraz edirik.

Məsələ Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının Kann festivalına etiraz məktubu göndərməsində də deyil.

Məsələ ondadır ki... erməni Kanna bizim haqqımızda ağzına gələni çəkib film göndərir, biz isə məktub.

Bax, budur Kim Kardaşyanla dünya səviyyəsində baş qatıb Nora Martirosyanla dünya səviyyəsində iş görmək.

Şəxsən mən Ermənistanı da, Noranı da qınamıram, çünki onlar bir ovucdurlar və hər an yer üzündən silinmək təhlükələrini gözlərinə alaraq, caynaqları ilə özlərini gördükləri hər şeyə - onların olmayan torpağa, mətbəxə, musiqiyə, ədəbiyyata, incəsənətə, hətta tarixə pərçim edirlər. Buna kapital, enerji, istedad, əlaqələr fürsəti sərf etməkdən usanmırlar və utanmırlar.

Biz nə edirik?

Bəs biz nədən usanmırıq və utanmırıq?

Biz şöhrət və biznes maraqları naminə aldanmağa meylli olan bir-birindən zəngin şirkət sahiblərini tovlayıb onların sponsorluğu ilə film, serial sənayesi "inkişaf etdiririk". Nə dövlət tərəfindən ayrılan, nə də sponsorların verdiyi pullar görülən işə lazımi dərəcədə sərf edilmir deyə ssenari, aktyor oyunu, çəkiliş, hətta montaj da keyfiyyətdən min ağac uzaq olur. Nə üçünsə bizim kino işlərinə özünü sırıyan zümrə düşünür ki, Azərbaycanda orta statistik televiziya tamaşaçısı savadsız, mənasız, səviyyəsi ancaq gəlin-qaynana deyingənliyinin cadu-pitik, aravurma, qızqaçırma, kişialdatma, ərbayıltma, arvadçırpma səhnələrini izləyib həzz ala biləcək biridir. Nə üçünsə bu zümrə düşünür ki, orta statistik Azərbaycan tamaşaçısı onun film və serial adına təqdim etdiyi hər bir infantil təfəkkür və sınıq-salxaq kamera məhsulu olan zir-zibili mənəvi qidası kimi qəbul edib hələ bir minnətdar da olmalıdır. Azərbaycan tamaşaçısı Azərbaycan kinoçularına minnətdar olmalıdır ki, onlar onun zövqünü aldadır, zorlayır və hər gün hər işi ilə daha çox korlamağa davam edirlər?!

Dərd təkcə kino tərəfində deyil ki!

Biz öz ən gözəl mahnılarımızı oxumuruq, illərlə onları kimsə yada salmır - qəfil oxuyan ermənilərdən başqa! Ermənilər bizim unutduğumuz, əslində isə bəyənməyib özümüzə, müasir ifaçılığımıza sanki yaraşdırmadığımız mahnıları ifa edən kimi başlayırıq "bu bizimdir!" deyib hay salmağa və qısa bir müddət ərzində həmin mahnıları internet trendi kimi oxuyub paylaşmağa. Vəssalam. Sonra yenə unudulur gedir. Bəs ədəbiyyat sahəmiz? 30 illik müstəqillik dövründə region müstəvisinə çıxıb səs-küy salan yeganə əsərimiz hansı olub? Öz əleyhimizə yazılan "Daş yuxular"? Təəssüf ki, bəli! Hələ şükür edək ki, ermənilər Kann ssenarisi üçün onun mətnindən yararlanmayıblar (bəlkə də yararlanıblar, bilmirik axı).

İndi mənə "Fəryad"ı, "Dolu"nu və s. bu kimi filmləri xatırladıb "biz də çəkmişik" deyənlər olacaq, bilirəm. Amma onları heç Azərbaycanın özündə belə hələ də izləməyənlər var, bunu da məni qınayacaq adamlar bilir. Və bu filmlərin heç biri Kann festivalı üçün olan 2067 filmin içindən seçilib dünyaya təqdim edilməyib.

Mədəniyyət Nazirliyinin mətbuata bugünkü (2 iyul, 2020-ci il) açıqlamasında isə deyilir ki: "Biz Qarabağ mövzusunda filmləri ermənilərdən qabaq festivallara çıxarmışıq. Dünyanın üç böyük film festivalı - Kann, Venesiya və Berlinə biz ermənilərdən qabaq gedib çıxmışıq." Nazirliyin kinematoqrafiya şöbəsinin aparıcı məsləhətçisi Elşad Əliyev "Altı il bundan əvvəl Qarabağ mövzusunda çəkilən "Nabat" filmi Venetsiya Film Festivalının əsas müsabiqə proqramlarından biri olan Horizontal proqramına seçilib, iştirak edib və orada nümayiş olunub" deyir.

Bu bir açıqlama yetərmi ermənilərin bizim öz torpaqlarımızdaca film çəkib bizim özümüzə qarşı həyasızcasına mədəniyyət savaşı da açmasının qarşısına çıxartmağa? Ovunaqmı, deyirsiniz, bununla? Azərbaycan mediasından və tamaşaçısından inciməyin vaxtı və yeri deyil axı. Çünki bu bizim təqsirimiz deyil ki, bu boyda Covid-19 pandemiyasının qaynar zamanında belə mədəniyyət xəbərləri gündəmimizi hansısa erməni rejissorun Qarabağda çəkdiyi filmi zəbt edir, özümüzün çəkdiyi "Nabat" yox. Hanı "Nabat"ın ölkə televiziya kanallarındakı vaxtaşırı nümayişi? Sıravi azərbaycanlı o filmi haradan izləməlidir? İnternetdə? Orada "Nabat"ın sadəcə treyleri var - 1 dəqiqə 42 saniyəlik...

Stop kadr.

Səbəbi bilirsinizmi nədir bütün bu qarmaqarışıq vəziyyətin? Özümüzün özümüzə lageydliyimiz, özümüzün özümüzə tayfa, rayon, qrup və s. kimi baxıb birimizin digərimizi inkişaf etməyə qoymaması. Kaş ki bir-birimizə qarşı ciddi-cəhdlə sərgilədiyimiz həsədin, paxıllığın, "torbatikmə"nin, "ayaqaltıqazmağın", fürsətçiliyin mində birini min dəfədən birində də min ermənidən birinə qarşı edəydik.

Başqa heç nə demirəm.

Erməni gözümüzün önündəcə özü üçün özünün olmayan bir tarix uydurur, bir tarix yaradır, bir tarix yaşamağa iddia edir.

Onlar bizim tariximizin, bizim zamanımızın içinə girib özləri üçün tarix, zaman oğurlayır, vaxt qazanırlar.

Biz isə gah özümüzü, gah da onları tənqid edə-edə ( elə mən də bu yazımla) sadəcə vaxt itiririk, fərqindəsinizmi?

Ən pisi isə budur ki, bizim bəzi psevdodemokratlarımız  erməniləri təkrar etməyə meyllilik xəstəliyinə yoluxublar - ermənilər bizim dəyərlərimizə ləkə atır, bizimkilər də eynisini edir, ermənilər bizim qəhrəmanlarımıza,  milli-mental xarakterimizə, mədəniyyətimizə, hətta dövlətçiliyimizə dil uzadır, bizimkilər də eynisini edir. Hətta ermənilər bizim qızları siqaret çəkən vulqar  (güman ki, fahişə, ya daha hansısa aşağılayıcı obrazda) göstərir, bizimkilər də eynisini edir! Nümunə? "N" qədər!

Amma nə özünü, nə dünyanı aldatmağa dəyməz axı, nəticəsi bu gün Kann, sabah da daha kim bilir harada nə kimi fürsətlərə gətirib çıxarır.

Axı bizim dünyaya da, dünya tamaşaçısının və oxucusunun qarşısına çıxarmağa da hər şeyimiz var. Büdcəmiz, istedadlı insanlarımız, güclü yaradıcılq potensialına malik kreativ işləyə bilən beyinlərimiz və lənət şeytana, özümüzün olan həqiqi tariximiz, gözümüzün qarşısında baş verən tarixi hadisələri şəxsən izləmək imkanımızın bizə qazandırdığı informasiya bazamız!

Amma bizim nə üçünsə öz rəqabət hissimiz, yarışmaq, qalib gəlmək, həyatda qalmaq iddiamız və həvəsimiz yoxdur. Bu iddia və həvəs varsa da, öz içimizdə, bir-birimizə qarşıdır, bir-birimizə qarşı, əzizlər! Maddiyyat mənəviyyatı bu qədər içindən yeyib bitirə bilirmiş...

Amma axı biz əslində bu deyilik!

İçimizdə bir Prometey odu var, mən bunu bilirəm, mən buna inanıram. O odun bizi için-için köz edib külə döndərməməsi üçün onu özümüzdən kənara çıxarmalıyıq, məşəl kimi başımızın üstünə qaldırmalıyıq ki, o da bizim yolumuza nur salsın, ədəbiyyatımızı, mədəniyyətimizi, incəsənətimizi, ən əsası isə, əsl həqiqi olan çox qiymətli mahiyyətimizi qaranlıqlardan, kölgəliklərdən işığa çıxartsın.

Bu, mümkündür axı!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!