Bəsirə Əzizəlinin "Son yüzilliyin türkçü ideoloqu Muhsin Kadıoğlu" kitabı haqqında qeydlər - İmamverdi HƏMİDOV

 

Tədqiqatçı Bəsirə Əzizəlinin "Son yüzilliyin türkçü ideoloqu Muhsin Kadıoğlu" (Bakı: Mütərcim, 2020. - 416 səh.) monoqrafiyası tanınmış türk yazarı və tədqiqatçısı, çoxsaylı şeir, hekayə, roman, səyahət kitablarının, elmi və ictimai xarekterli əsərlərin, publisistik məqalələrin müəllifi, türkçü ideoliq Muhsin Kadıoğluna həsr olunmuşdur. Həcmi, hədəf aldığı problemləri, əhatə etdiyi istiqamətləri ilə diqqəti cəlb edən əsər tədqiqatçının kitabları arasında fərqli bir sahəni təşkil edir. Amerikadakı ərəb mühacirət ədəbiyyatı, onun ayrı-ayrı görkəmli nümayəndələri - Əmin ər-Reyhani, Cibran Xəlil Cibran, Mixail Nüaymə, rus mühacirətinin görkəmli nümayəndəsi Vladimir Nabokov, dünya ədəbiyyatı və müqayisəli ədəbiyyatşünaslığın müxtəlif məsələlərini araşdıran və onlara həsr olunmuş kitabların müəllifi Bəsirə Əzizəli sonuncu kitabını türkçülük və onun tanınmış nümayəndəsinə həsr etmişdir. Əslində, bu təsadüfi deyildir. Çünki B.Əzizəli dünya ədəbiyyatını araşdırarkən hər zaman onu milli ədəbiyyatımız, bütövlükdə türk ədəbiyyatı kontekstində də nəzərdən keçirmiş, Mövlana Cəlaləddin Rumi, Yunis Əmrə, Hüseyn Cavid, Əhməd bəy Ağaoğlu, Cəlil Məmmədquluzadə kimi klassik şair və yazıçılarımızın əsərlərini müqayisəli araşdırmaya gətirmişdir. Bu vaxta qədər B.Əzizəlinin türkçülük istiqamətində yazdığı məqalələri arasında Muhsin Kadıoğlunun əsərləri və fəaliyyəti ön plana çəkilmiş, türkçü ideoloqun türk dünyası üçün gördüyü işlər və yazdığı əsərlər Azərbaycan elmi ictimaiyətinə və oxucularına təqdim olunmuşdur. Bu gün belə bir kitabın ortaya çıxması da, görünür, tədqiqatçının bir neçə illik uğurlu işinin yekunu kimi qiymətli bir araşdırmadır.

"Anlayarak Çok hızlı Okuma teknikleri" ("Anlayaraq çox sürətli oxumaq metodları"), "Küresel düşün, Ulusal davran" ("Qlobal düşün, milli davran"), "Nar Ülkesi. Endülüs'ün Son Yılları" ("Nar ölkəsi. Əndəlüsün son illəri"), "Türk-İslam Cihan Hakimiyeti Ülküsü Kızılelma" ("Türk-islam cahan hakimiyyəti idealı Qızıl Alma") və digər kitabları ilə tanıdığımız M.Kadıoğlunun yaradıcılığının geniş vüsətliyi, müxtəlif mövzuları əhatə etməsi, yazarın əsərlərində Azərbaycanın da önəmli yer tutmasını B.Əzizəlinin sözügedən kitabından daha geniş şəkildə öyrənirik.

Muhsin Kadıoğlunun yaradıcılığının ilkin dövrlərindəki fəaliyyətinə diqqət etsək, onun Türkiyənin milli düşüncə və ictimai fikir tarixində gördüyü işlərin çox əhatəli sahəsini gözümüz qarşısnda canlandıra bilərik. B.Əzizəli bu məsələni uğurlu şəkildə işıqlandırmışdır: "M.Kadıoğlu yaradıcılığa publisistik yazıları ilə başlamış, 1980-ci ildə 16 yaşında ilk, "Türklərin tarixi oyunu: Polo" yazısı "Doğu Türkistan" dərgisində yayınlanmışdır. 1984-1988-ci illərdə milliyyətçi-ülküçülərin yeganə qəzeti olan "Yeni Düşünce" qəzetində öncə müxbir, sonra isə "Kültür-Sənət" və "Xarici siyasət" bölməsinin rəhbəri kimi çalışmışdır. 

İş fəaliyyətinə 1989-cu ildə İstanbul Texnik Universitetində başlamış, hal-hazırda da həmin universitetin Dənizçilik Fakültəsi "Deniz Ulaştırma İşletme Mühendisliği Bölümü"ndə çalışan Muhsin Kadıoğlu yalnız ixtisası sahəsində çalışmamış, onun fəaliyyəti türk kültürünün və düşüncəsinin bütün qatlarını əhatə etməsidir. Kitabdan da bəlli olduğu kimi, M.Kadıoğlunun ilk böyük mətbu işi anlayaraq sürətli oxuma sahəsindəki fəaliyyəti ilə bağlı olmuşdur: "M.Kadıoğlu 1990-cı ildə Türkiyədə ilk olaraq "Anlayarak Hızlı Okuma Teknikleri" kitabını yazmış, bununla da Türkiyə və türk dünyasında sürətli oxumaq sahəsində ilkinliyə imza atmışdır. O, Birlik Vəqfində "Anlayarak Hızlı Okuma, Araştırma, Geliştirme ve Uygulama Merkezi" yaratmışdır. M.Kadıoğlu 1998-ci ildə isə yenə də Türkiyədə ilk dəfə olaraq "Anlayarak Hızlı Okuma Teknikleri" internet saytını yaratmışdır. 1998-ci ildə "Bağımsız Milliyetçi, Ülkücü, Türkçü Site" adlı milliyyətçilərin ilk gündəlik internet saytı olan www.ulkucu.org saytını qurmuş, bununla da internet elektron sistemində türkçülüyün təbliği ilə bağlı bir çox yeniliklər etmişdir. Bu sahədki fəaliyyətinə görə M.Kadıoğlu 1999-cu ildə Yəsəvi Vəqfinin 10-cu ildönümü ödüllərindən "Elektronik Milliyetçilik Ödülü"nə layiq görülmüşdür".

Kitabın bir bölməsi də yazarın 2006-cı ildə İstanbulda nəşr olunmuş "Küresel Düşün, Ulusal Davran" əsərinə həsr olunmuşdur. XXI əsrin ilk illərində türkçük görüşlərinin nəzəri məsələlərinin şərhi və tətbiqi tərəflərinin müəyyənləşdirilməsi baxımından bu kitabın bütün türk dünyası üçün faydası oludğunu düşünürəm. Muhsin Kadıoğlunun "Türkçülüyün hədəfi türklüyə xidmətdir. Türklüyə edilən hər xidmət insanlıq ailəsinin bütün fərdlərinə adil bir şəkildə yetişəcək bir xidmətdir" sözlərini epiqraf kimi bölümün əvvəlində təqdim edən B.Əzizəli yazarın türkçülük görüşlərindəki humanist və multikultural cəhətləri önə çəkmişdir. Müəllifə görə, "Küresel Düşün, Ulusal Davran" əsəri mübaliğəsiz və sözün həqiqi mənasında hər bir türkün, dövlətindən asılı olmayaraq, milli-mənəvi dəyərlərlə yaşayan, türk qürurunu düşünən, türk millətinin və dövlətlərinin gələcək inkişaf istiqamətləri haqqında narahatlıq hiss edən, eyni zamanda da, dünya insanının bir parçası olduğunu dərk etməyə çalışan hər bir millətdaş üçün önəmə sahibdir. Örnəkləri təbii olaraq daha çox Türkiyə Cümhuriyyətindən götürülsə də, bu əsərin ümumtürk kontekstini, ümummili dəyərlərini kölgədə qoymur". Həqiqətən də, M.Kadıoğlunun fikirlərinə diqqət etdiyimizdə onun milli kültürün bütün sahələrini əhatə etdiyini, Azərbaycan mədəniyyətinə də hər zaman xüsusi diqqətlə yanaşdığını müşühidə etmək mümkündür: "Türk olmaq Mahmud Kaşğarlıdan türkcəni, Hoca Əhməd Yəsəvidən inancı, Karamanoğlu Mehmet bəydən dili, Mövlanadan tolerantlığı, Yunusdan doğruluğu, Füzulidən təsəvvüfü, Mehmet Akifdən Çanaqqalanı və istiqlalı, Yahya Kəmaldan Süleymaniyəni, Nəcib Fazildən Sakaryanı öyrənmək deməkdi... Türk olmaq Bakıda Hüseynzadə Əli Turan, Əhməd Ağaoğlu, Əlimərdan bəy Topşubaşov, Məhəmməd Əmin Rəsulzadə olmaq deməkdir".

Muhsin Kadıoğlunun bədii yaradıcılığında, heç şübhəsiz ki, "Nar Ülkesi. Endülüs'ün Son Yılları" romanı əhəmiyyətli yer tutur. Türk-islam mədəniyyəti kontekstində yazılmış romanın bütün islam dünyası üçün rolu böyükdür və islam ölkələri və dini haqqında dünyanın bir sıra ölkələrində yayılan islamafobya tendensiyalarına ən yaxşı cavablardan biridir. Ayrıca bir fəsildə romanı geniş şəkildə təhlil edən B.Əzizəli onu yüksək qiymətləndirmiş, əsas keyfiyyətlərini önə çəkmişdir: "Roman, ilk növbədə, türk tarixinin önəmli bir mərhələsini, böyük şəxsiyyətlərini qələmə alaraq türklüyün simasını təqdim edən, tarixi keçmişin gerçəklərini bədii boyalarla əks etdirən bir əsərdir".

Romanda təsvir edilən  mühüm bir tarixi dövrü əhatə edir. Məlum olduğu kimi, İspaniya ərazisində ərəb-islam xəlifəliyi X əsrdən sonra davam etmiş, XV əsrdə (1482-ci il) müsəlmanların yaşadığı Qranada Əmirliyi ilə bağlanan sülh müqaviləsində əhalinin əqidə azadlığı nəzərdə tutulmuşdur. M.Kadıoğlunun yazdığı kimi, "Qranada əmiri XII Məhəmməd ilə İspaniya Krallığı arasında əldə edilən razılıqda "din azadlığı"na açıq şəkildə zəmanət verilsə də, əvvəlcə yəhudilərdən dinlərini dəyişdirmək və katolikliyi qəbul etmək tələb olunmuşdur".

Belə bir şəraitdə Qranada Əmirliyində yaşayan yəhudilər və müsəlmanlar ayrı-ayrılıqda o dövrün nüfuzlu türk və müsəlman imperatorluqlarından biri olan Osmanlı dövlətinə yardım üçün müraciət etmişdilər ki, M.Kadıoğlu da, məhz bu tarixi hadisədən çıxış edərək türk və islam dövləti olan Osmanlı dövlətinin yardımını yüksək bədii boyalarla, milli-mənəvi düşüncələri və tarixi həqiqətlərə sadiqliyi ilə qələmə almışdır. B.Əzizəli əsəri tədqiq edərkən çox önəmli məqamları vurğulayır ki, bunlar da yazıçının romanı haqqında dolğun fikir formalaşdırmağa imkan yaradır: "Türk tarixinin şərəfli səhifələri bir çox elmi və bədii əsərlərdə işıqlandırılmışdır. M.Kadıoğlu isə daha çox iki məsələyə diqqəti yönəldərək, öz sözləri ilə desək "... Allahın bərəkət verdiyi, nemətlərlə doldurduğu Osmanlı mülkünə gəlib rahatlıq tapmağa" nail olmuş qeyri-türk millətləri və dünyanın çox hallarda həqiqi simasını təqdim etmədiyi türk qəhrəmanlarının təsvirinə böyük yer ayırmışdır".

Romanda türk və islam dəyərləri, onların bir-birinə münasibəti, birinin digərini təkzib etməməsi incə məqamlarına qədər təqdim edilmiş və B.Əzizəli dövrümüz üçün də aktual olan bu məsələlərə xüsusi diqqət yetirmişdir. Müəllifə görə, türk millətinin milli dəyərlərinin hər zaman qiymətli olduğu, bunun islama zidd olmadığı romanın fikir dünyasında aydın səslənir. Milləti parçalayan təriqətlər, məzhəblər tənqid hədəfi olaraq türk birliyinə çağırış ifadə olunur...

Kitabda ayrıca bir fəsildə tədqiq edilən, Muhsin Kadıoğlunun 2019-cu ildə nəşr olunmuş "Türk-İslam Cihan Hakimiyeti Ülküsü Kızılelma" kitabı da mövzusu və istiqamətləri ilə əhəmiyyətli bir əsərdir. B.Əzizəliyə görə, qədim mifoloji, dini, tarixi-siyasi xüsusiyyətləri ilə müəyyənləşən, türk tarixinin önəmli mərhələlərində daha çox ön plana çıxan Qızıl Alma idealı günümüzdə də Türkiyədə müxtəlif məqalə, müsahibə və xəbərlərin mövzuna çevrilməyə başlamışdır. Muhsin Kadıoğlunun kitabı isə bu sahədə olan mübahisəli fikirlərin, bəzən tarixi hadisələrdən xəbərsiz irəli sürülmüş yanlış mülahizələrin cavabı olaraq mövzuya aydınlıq gətirdi, Qızıl Alma idealını anlamaq üçün əsaslı istinad mənbəyinə çevrildi.

M.Kadıoğlunun Qızıl Alma haqqındakı düşüncələrini, elə ən yaxşı şəkildə yazıçı özü ifadə edir: "Zaman dəyişmişdir. İnsanların hər baxımdan inkişaf etdiyi bir dövrdə yaşayırıq. Bu səbəbdən yenidən Qızıl Almadan söz edərkən Din müharibələri çağı və ya Fatehlər dövrü fəlsəfəsi ilə düşünə, davrana bilmərik. O halda islamı yaymaq və millətimizi güclü etmək, məzlumlara qol-qanad vermək hədəfini ifadə edəcək şəkildə Qızıl Almaya müasir bir anlam yükləmək və müasir dövrün Qızıl Alma düşüncəsini ortaya qoymak aydınların vəzifəsidir".

M.Kadıoğlu, haqlı olaraq belə hesab edir ki, "türk milliyətçiliyinin önəmli simvollarından biri olan Qızıl Alma obrazı ölkəyə və millətə yönəlmiş siyasi, hərbi, dini və iqtisadi təhdid mərkəzlərini ələ keçirmək mənasında ortaya çıxmış bir fikirdir...

Kitab Muhsin Kadıoğlu şəxsində bir müəllifə həsr olunsa da, burada türkçülüyün çox müxtəlif məsələlərinin təhlili öz əksini tapmışdır. Bu da onu göstərir ki, yaradıcılığı çox geniş və məzmunlu olmaqla Muhsin Kadıoğlu tədqiqatçı alim və yazıçı kimi geniş fəaliyyət göstərmişdir. Bəsirə Əzizəlinin bu kitabı da əsərləri türk dünyası üçün çox önəmli olan Muhsin Kadıoğlunun yaradıcılığı haqqında aydın mənzərə yaratmışdır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!