Şəhla Qəmbərova: "Aydın səma, parlaq günəş onların olsun..."

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə M.Qorki adına kütləvi kitabxana fondunun bazası əsasında yaradılmışdır. 12 sentyabr 1967-ci ildən Azərbaycan Respublikası Mərkəzi Komitəsinin sərəncamına əsasən uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan, Azərbaycan ədəbiyyatşünası, pedaqoq, maarifpərvər ziyalı Firidun bəy Köçərlinin adını daşıyır.

Uşaq kitabxanaları üçün metodik mərkəzin yaradılması ölkədə uşaqlara kitabxana xidmətinin inkişaf perspektivlərinin elmi konsepsiyasının yaradılmasına, bu işə xidmət bütün kitabxanaların fəaliyyətinin əlaqələndirilməsinə və tam bir sistem kimi fəaliyyət göstərməsinə hüquqi, nəzəri, metodik və təşkilati zəmin yaratdı.

Respublikada uşaq kitabxanalarının fəaliyyətini metodik cəhətdən tənzimləyən mərkəzin yaradılması uşaqlara xidmət edən kitabxanaların təşkilati metodik problemlərinin vahid qaydada həllini təmin etməkdən, eyni zamanda ayrı- ayrı kitabxanaların qabaqcıllar səviyyəsinə qaldırılmasına kömək etməkdən ibarət idi.

Belə ki, uşaqlar ən müasir texnologiya və metodlardan istifadə edir, Nağıl otağında təşkil olunan Nağıl saatlarında təkcə öz nağıllarımızı deyil, dünya nağıllarını dinləyir, müzakirə edir, dünyagörüşlərini təkmilləşdirirlər. Milli dəyərlərimizin qorunması və təbliği işində kitabxana bir sıra tədbirlər həyata keçirir. Hər il kitabxanada 2 aprel Beynəlxalq Uşaq Kitabı günü ilə əlaqədar Milli Uşaq Kitabı Sərgisi təşkil olunur.

Kitabxana ilə yaxından tanış olmaq, onun fəaliyyətini izləmək üçün kitabxanada olduq. Müsahibimiz Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərovadır.

- Şəhla xanım, kitabxanada son illər hansı yeni layihələr həyata keçirilir?

- Bu il bizim kitabxanamızın 55 yaşı tamam olur. Bu o deməkdir ki, o, gənc deyil, artıq bitkin fikirli, özünü təqdim edə biləcək bir kitabxanadır. Bilirsiniz ki, bizim kitabxana uşaq ədəbiyyatı ilə zəngindir, oxucular uşaqlardır və biz onlara xidmət edirik. Müxtəlif yaş dövrlərini, ədəbiyyatın müxtəlif sahələrini əhatə edən kitablarımız mövcuddur.

Ümumiyyətlə, kitabxanamızda tez-tez müxtəlif tədbirlər həyata keçirilir. Kitabxanamızda oxucularla yaxından təmas qurmaq üçün çox işlər görülmüşdür. Bizim işimiz oxuculara kitabı vermək və onu geri almaqdan ibarət deyil. Əsas məqsədimiz müxtəlif üsullarla oxucuları mütaliəyə cəlb etməkdir. Oxucuların informasiya tələbatının ödənilməsi ilə bağlı Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası Uşaq və yeniyetmələr üçün səyyar kitab sərgisini - "Uşaq Kitab Karvanı" layihəsini uğurla həyata keçirir. 2011-ci ildən həyata keçirilən "Uşaq Kitab Karvanı" layihəsi çərçivəsində artıq 41 rayona Kitab Karvanı yola düşmüş, 28400 nüsxə kitab əyalət kitabxanalarına hədiyyə edilmişdir. Bu layihənin məqsədi və mahiyyəti ondan ibarətdir ki, karvanın sarvanı kitabxana, yükü kitablar, qonaqları isə uşaq yazıçıları olur.

Biz bu kitablarla və yazıçılarla Azərbaycanın müxtəlif bölgələrində yerləşən kitabxanalara səfər edir, kitab hədiyyələrimizi onlara bəxş edirik. Bu zaman həm yazıçılar uşaqlarla canlı təmasda olur, onlarla münasibət qurur, həm də kitabxanalar və kitabxanaçılar kitab əldə edir, bundan bəhrələnirlər.

İkinci böyük layihələrimizdən biri "Bərpanəşr" layihəsidir. Kitabxanamızın Milli ədəbiyyat və ölkəşünaslıq şöbəsində "Qızıl fond"a daxil olan 3000-ə yaxın kitab qorunur. Bura keçən əsrin 20-ci illərindən 80-ci illərinə qədər yalnız bir dəfə nəşr olunmuş kitablar daxildir. Qorunan kitablar əski Azərbaycan, kiril əlifbası ilə yazılmış kitablardır. Məhz "Bərpanəşr" layihəsi çərçivəsində qorunan kitablardan seçimlər edilir və kitabın təkrar çapı zamanı ilk nəşrin kitab göstəriciləri olduğu kimi saxlanılır. Beləliklə, keçən əsrin qorunan kitablarına ikinci həyat verməklə onları oxuculara təqdim edirik. Əsas məqsəd ondan ibarətdir ki, uşaqlar müasir dövr uşaq yazarlarının əsərlərini oxumaqla yanaşı, Azərbaycan klassik ədəbiyyatının dahi şəxsiyyətlərinin əsərləri ilə də tanış olsunlar. Bu günə qədər 58 adda kitab yenidən nəşr olunaraq kitabxanalara göndərilmişdir. Biz kitabın köhnə variantda olan bütün biblioqrafik göstəricilərini saxlamaqla, mətnə müdaxilə etmədən nəşr edirik, çünki bu hal baş versə orijinal varianta xələl gəlmiş olar.

- Uşaqlarla birgə təşkil etdiyiniz tədbirlər olurmu və uşaqlara bu, nə dərəcədə maraqlıdır?

- Bayaq haqqında bəhs etdiyimiz "Karvan" layihəsi zamanı bizə müxtəlif uşaq yazarları da qoşulur. Bunlardan mərhum şair İlyas Tapdıq, Zahid Xəlil, Qəşəm İsabəyli, Rafiq Yusifoğlu, Sevinc Nuruqızı, Aygün Bünyadzadə, Reyhan Yusifqızı, Gülzar İbrahimova, Solmaz Amanova və başqalarının adlarını çəkə bilərik. Bu görüşlərin təşkili əyalətdə yaşayan uşaqlar üçün çox faydalıdır. Onlar həmin yazıçılarla tez-tez görüşmək imkanına malik deyillər. Bu görüşlər zamanı isə yazalardan imzalı kitablar almaq, onlarla canlı ünsiyyətdə olmaq uşaqların təhtəlşüuruna və təfəkkürünə yaxşı təsir göstərir.

Bu yaxınlarda biz mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq yazıçılardan xahiş etdik ki, öz nağıllarını canlı oxusunlar və bunu sosial şəbəkələrdə paylaşdıq.

- Bəli, mən bunu sizin kitabxananın saytında gördüm. Çox uğurlu alınıb. Yazıçıların əsərlərini özləri oxuması maraqlıdır.

- Bu, izləyicilər tərəfindən maraqla qarşılandı, hamı sevə-sevə izlədi. Biz müşahidə etdik ki, oxucular yazıçı ilə uzaqdan-uzağa yox, canlı təmas qurmağı arzulayır. Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən müəllimlər də bu layihəyə qoşulmaq arzusunu bildirirlər. Pandemiya zamanı təxminən 14 yazarın 80-dən çox əsəri sosial şəbəkələr vasitəsilə oxuculara təqdim edildi. Yazıçılardan Zahid Xəlil, Rafiq Yusifoğlu, Qəşəm İsabəyli, Sevinc Nuruqızı, Aygün Bünyadzadə, Solmaz Amanova və başqaları bu layihəyə qoşularaq öz əsərlərini səsləndirdilər.

Bu görüşlər sosial şəbəkələr vasitəsilə baş tutsa da, şagirdlər, müəllim və valideynlər buna çox məsuliyyətlə yanaşırlar.

- Kitabxanaya daxil olan yeni kitabların bədii və informativ səviyyəsi sizi qane edirmi?

- Əslində, biz yeni kitabları oxucu sorğusu əsasında seçirik. Hər ayın sonu kitabxana şöbələrinin birgə müzakirəsi nəticəsində oxucuların hansı kitabları oxumaq istədiyini müəyyən edirik.

- Bu yaxınlarda siz gözdən əlil uşaqlar üçün hazırlanmış kitabların təqdimatını keçirtdiniz. Bu layihənin nə kimi faydaları oldu?

- Bəli, "Bərpanəşr" layihəsi çərçivəsində nəşr olunan kitabların bəziləri sağlamlıq imkanları məhdud - görmə qabiliyyəti zəif və ya məhdud uşaqlar üçün Brayl əlifbası ilə çap olunub. Həmin kitabları nitq və eşitmə qüsurlu uşaqların istifadə edə bilməsi məqsədilə surdodilə tərcümə etmişik. Müasir dövrdə, ölkəmizin hazırkı inkişaf şəraitində, kitabxana informasiya sisteminin yüksək fəaliyyəti dövründə uşaqları bir-birindən seçmək olmaz. Sağlamlıq imkanı məhdud uşaqlar digər uşaqlardan fərqlənməməli, cəmiyyətə, sosial mühitə uyğunlaşmalı, onlar da bədii ədəbiyyat mütaliə etməlidirlər. Məhz bu səbəbdən biz çalışırıq ki, onlar məktəbdənkənar müəssisələrdə kitablarla təmin olunsunlar. Bu kitabları hazırlamaq, onları səsli dilə çevirmək ümumilikdə çətin işdir, həm çox vaxt, həm də gərgin əmək sərf olunur. Bütün çətinliklərə baxmayaraq, biz çalışırıq ki, bu işin öhdəsindən layiqincə gələk. Hazırladığımız kitabları sağlamlıq imkanı məhdud uşaqların təhsil aldığı məktəblərə göndərdik və əsas məqsədimiz bu uşaqların oxuma, mütaliə imkanlarını genişləndirmək, dövlətimizin inkişafında az da olsa xidmət göstərməkdir.

- Kitablara çəkilmiş illüstrasiyalar, onların örtük şəkli oxunması üçün əsas meyardır. Bu sahədə işlər qənaətbəxşdirmi?

- Kitabın üz qabığı, ona çəkilmiş illüstrasiyalar onun təqdimatında əsas meyardır. Bəzən yazıçılar bizə öz kitablarını hədiyyə edirlər. Adətən, gənc yazarların əsərlərində biz çatışmazlıqların olması ilə qarşılaşırıq. Bu gün mətndə istifadə olunan yazı üslubu belə, kitab çapında əhəmiyyətli rol oynayır. Bəzən kitablarda biblioqrafik təsvirlər olmur, bu, elektron kataloqlaşdırma zamanı bizə çətinlik yaradır. Bununla bağlı fikirlərimi nəşriyyatlara bildirmişəm. Ümumilikdə desək, bir çox nəşriyyatlar son illərdə xeyli yeniliyə imza atıb. On il bundan öncə çap olunmuş kitabların bədii və texniki tərtibatı indiki kitablardan xeyli fərqlənir. Yəni indi bu sahədə daha çox uğurlar əldə olunub. Uşaqlara maraqlı olsun deyə, oyuncaqlı, səsli kitablar nəşriyyatlar tərəfindən hazırlanaraq istifadəyə verilib.

- Xarici ölkə ədəbiyyatından tərcümə olunmaq üçün seçilmiş əsərlər barədə nə deyə bilərsiniz? Nəşriyyatların bu sahədə fəaliyyətini necə qiymətləndirirsiniz?

- Bəzən dünya ədəbiyyatından seçilmiş əsərlərin, xüsusilə ingilis dilindən tərcümə olunmuş kitabların zəif olduğunu müşahidə edirik. Bəzi nəşriyyatlar bu işə peşəkar səviyyədə yanaşdığından, oxucu tələbatı çox olur və maraqla oxunur. Müasir dövrdə bir çox sahədə inkişaf mövcuddur. Düşünürəm ki, nəşriyyatlar da çap etdiyi kitabların satılmasında maraqlıdırlar. Buna görə də bu sahədə çatışmayan cəhətlər olsa da, inkişafın olduğunu da müşahidə etmək olar.

- Bəs, mütaliə üçün kitab seçimində kitabxananın nə kimi rolu var?

- Bəzən azyaşlı oxucular bizə müraciət edərkən detektiv əsər oxumaq istədiklərini bildirirlər. Bu zaman kitabxanaçılar onları kitab seçimində doğru yola istiqamətləndirirlər. Biz çalışırıq ki, kiçikyaşlı oxucularımıza kitab seçimində yardım edək. Onlara həm yaşa, həm bədii estetik zövqə uyğun kitablar təklif edirik ki, sonra seçimlərində yanılmasınlar. Kitabxanaçı gülərüz, işini gözəl bilən, uşaq psixologiyasına bələd olan, kitablar haqqında məlumatlı mütəxəssis olmalıdır.

- Oxucuların səviyyəsi, onların kitabxanalara müraciəti hansı dərəcədə özünü göstərir?

- Kitabxanamıza çoxlu sayda müraciət olur, uşaqlar bir-birindən fərqli, öz maraq dairələrinə uyğun kitabları həvəslə mütaliə edirlər.

Müsahibənin sonunda Şəhla xanım bizi kitabxana ilə tanış etdi. Oradakı oxu zalları, hər bir sahəni əhatə edəcək müxtəlif kitablar, jurnallar həqiqətən kitabxananın zəngin fonda malik olduğunu göstərirdi. Kiçikyaşlı uşaqlar üçün nəzərdə tutulmuş "Nağıl otağı"nda uşaqlar həm əylənir, həm cizgi filmlərinə baxır, həm digər həmyaşıdları tərəfindən oxunan nağılları dinləyirlər. Bu otağın rəngarəng dizaynı həqiqətən uşaqlarda böyük maraq doğurur. Eyni zamanda, uşaqların müsabiqələr zamanı ayrı-ayrı xalqların adət-ənənəsini əks etdirən kuklalar hazırlaması diqqətçəkən məqamlardandır.

- Şəhla xanım, sonda Uşaqların Beynəlxalq Müdafiəsi Günündə onlara nə arzulayırsınız?

- Uşaqlara arzularım sonsuzdur. Onlara aydın səma, parlaq Günəş, bol-bol sevinc arzulayıram. Arzu edirəm ki, onlar heç zaman müharibə sözünü eşitməsinlər, daim sülh və əmin-amanlıq şəraitində yaşasınlar. Təhsil alsınlar, onlara həyat bəxş edən valideynlərinə layiqli övlad olsunlar. Uşaqlar gülərsə, bütün Kainat gülər.

Söhbətləşdi: G.RAMİZ

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!