Konseptual və fundamental dəyərləndirmə - Hüseyn HƏŞİMLİ yazır

AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, müasir Azərbaycan filologiyasında xüsusi mövqeyi olan akademik İsa Həbibbəylinin çoxsaylı tədqiqatlarının, o cümlədən sayı yüzə çatan fundamental kitablarının, ədəbiyyatşünaslığımızda hadisəyə çevrilən qiymətli monoqrafiyalarının hər biri professional və universal elmi düşüncənin geniş imkanlarının uğurlu təzahürüdür.

Ustad ədəbiyyatşünasın 2019-cu ildə "Elm" nəşriyyatında çapdan çıxmış "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" adlı 452 səhifəlik monoqrafiyası da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Həmin dəyərli tədqiqatda ədəbiyyat tariximizin mükəmməl dövrləşdirmə konsepsiyası müasir elmi nailiyyətlər səviyyəsində işlənilib hazırlanmış, çoxəsrlik zəngin ədəbiyyatımızın inkişaf mərhələləri dəqiqləşdirilmiş, onların hər birinin əsas xüsusiyyətləri səciyyələndirilmişdir.

Akademik İsa Həbibbəyli ciddi ehtiyac duyulan, böyük əhəmiyyət kəsb edən bu məsuliyyətli və şərəfli missiyanın ağırlığını öz üzərinə götürmüş, çoxillik tədqiqatçı əməyinin əzəmətli bəhrəsi kimi "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" adlı monoqrafiyasını araya-ərsəyə gətirmiş, elmi-ədəbi mühitimizə təqdim etmişdir.

İsa müəllimin bu problemə müraciəti, belə bir fundamental monoqrafiya yazması təsadüfi olmayıb, onun bir neçə onilliyi əhatə edən ardıcıl tədqiqatlarının davamı və məntiqi nəticəsi kimi yaranmışdır. Alimin çoxsaylı kitabları və xeyli qismi monoqrafik oçerk təsiri bağışlayan elmi məqalələri ədəbiyyat tariximizin, eləcə də çağdaş ədəbi prosesin müxtəlif aspektlərdə tədqiqinə yönəlməklə həm də ədəbi mərhələ, fakt, hadisə, problem və şəxsiyyətlərə yeni, müasir elmi yanaşmanın əyani təzahürüdür və "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyası üçün etibarlı təməldir.

Azərbaycan ədəbiyyatşünaslığında akademik İsa Həbibbəyli həm ədəbiyyat nəzəriyyəçisi, həm ədəbiyyat tarixçisi, həm də tənqidçi kimi öncül mövqe, böyük xidmət və möhtəşəm nüfuz sahibidir. Onun ədəbiyyatımızın ən müxtəlif sahə, mərhələ, problem və şəxsiyyətləri barədəki araşdırmaları bir-biri ilə üzvi surətdə bağlıdır. Yəni onun nəzəri tədqiqatlarında ədəbiyyat tarixçiliyi çalarları, ədəbiyyat tarixinə dair araşdırmalarında və ədəbi-tənqidi əsərlərində dərin elmi-nəzəri ümumiləşdirmələr var.

Folklorumuzun möhtəşəm abidəsi "Kitabi-Dədə Qoprqud"dan söz açanda da, çoxəsrlik Azərbaycan ədəbiyyatının Nizami Gəncəvi, Əvhədi Marağalı, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Saib Təbrizi, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Məhəmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əliqulu Qəmküsar, Eynəli bəy Sultanov, Hüseyn Cavid, Məhəmməd Hadi, Əli bəy Hüseynzadə, Abbas Səhhət və digər nümayəndələrinin ədəbi irsini çoxşaxəli səpkidə araşdıranda da, sovet dövründə yaşamış müxtəlif sənətkarların yaradıcılığını yeni təfəkkür işığında qiymətləndirəndə də, müasir ədəbi prosesi hərtərəfli şəkildə təhlil edib dəyərləndirəndə də, ədəbi əlaqələrdən, mühacirət ədəbiyyatımızdan, ədəbiyyatşünaslıq tarixindən bəhs edəndə də İsa Həbibbəyli universal elmi düşüncənin unikal və möhtəşəm imkanlarını məharətlə nümayiş etdirir.

Monoqrafiyanın "Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi üzrə axtarışlar" adlı ilk fəslində müəllif bu prosesə hələ orta əsrlərdə yaranmış təzkirələrlə başlanıldığını, həmin sahədə yüz illər boyu formalaşmış ənənələri, toplanılmış təcrübəni təhlil edib ümumiləşdirmişdir. Bunun davamında isə F.Köçərli, Y.V.Çəmənzəminli, S.Mümtaz, Ə.Abid, Ə.Nazim və digər Azərbaycan ədəbiyyatşünaslarının, eləcə də B.Çobanzadənin, 1920-ci illərdə bir müddət Bakıda fəaliyyət göstərmiş M.F.Köprülü, İ.Hikmət kimi türkiyəli tədqiqatçıların müvafiq əsərləri respublikamızda ədəbiyyat tarixçiliyi sahəsində səmərəli axtarışlar kimi qiymətləndirilmişdir. 1943-1991-ci illəri Azərbaycan ədəbiyyat tarixçiliyində yeni mərhələ sayan monoqrafiya müəllifi ikicildlik "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi"nin çapından (1943) etibarən bu sahədə həyata keçirilmiş kollektiv nəşrləri, eləcə də H.Araslı, F,Qasımzadə, M.Arif, Mir Cəlal və F.Hüseynov, C.Xəndan, Ə.Səfərli və X.Yusifli, Y.Babayev, S.İbrahimov kimi alimlərin ədəbiyyat tariximizin müxtəlif mərhələləri barədə yazdıqları kitabları növbəti fəsildə nəzərdən keçirmişdir. "Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin elmi təsnifatına doğru" adlanan bölmədə isə müstəqillik dövründə həmin istiqamətdə görülmüş işlər, aparılmış elmi diskussiyalar, çap olunmuş kitablar konsepsiya axtarışları kontekstində və Y.Qarayev, N.Cəfərov, E.Əlibəyzadə, N.Qəhrəmanlı, N.Şəmsizadə, Ş.Alışanlı, B.Əhmədov, B.Şəfiyev və digərlərinin əsərləri, eləcə də müxtəlif müəlliflər kollektivinin hazırladığı müvafiq nəşrlər əsasında təhlil olunub qiymətləndirilmişdir.

Aparılmış təhlillər belə bir qənaəti ortaya çıxarır ki, Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilmə konsepsiyasının, inkişaf mərhələlərinin müstəqillik dövrünün prinsiplərinə, milli məfkurəyə uyğun şəkildə yenidən işlənilib hazırlanmasına, bu sahədəki boşluqların, pərakəndəliyin, sistemsizliyin aradan qaldırılmasına ciddi ehtiyac vardır və akademik İsa Həbibbəylinin monoqrafiyası da məhz bu zərurətdən yaranmışdır. Görkəmli alim Azərbaycan ədəbiyyatı tarixinin yenidən dövrləşdirilməsi üçün konseptual baxımdan aşağıdakı dörd əsas prinsipə istinad etmişdir: Azərbaycançılıq məfkurəsi, sivilizasiya faktoru, ədəbi-tarixi prosesin reallıqları, Azərbaycanda ədəbi cərəyanlar. Ümummilli lider Heydər Əliyevin mükəmməl Azərbaycançiliq təliminin möhtəşəm prinsipləri işığında araşdırma aparan monoqrafiya müəllifi hər bir prinsipin mahiyyətini yetərincə izah etmişdir.

Ədəbiyyatımızın ən əski çağlardan VII əsrə qədərki ilk mərhələsini "Qədim dovr Azərbaycan ədəbiyyatı. Etnosdan eposadək" başlığı altında təsnifata daxil edən akademik İsa Həbibbəyli miflər, əfsanələr, əsatirlər, digər epik süjetlər, eləcə də xalq şeirinin qədim ilk örnəkləri və s. əsasında bu mərhələnin elmi xarakteristikasını vermişdir. VII-X əsrlər isə Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc mərhələsi kimi elmi təsnifatın ikinci pilləsində yer almışdır. Tədqiqatçının bu qənaəti də diqqəti çəkir ki, Azərbaycan yazılı ədəbiyyatının tarixinin müəyyən olunmasında istinad edilən meyarlar sırasında üç prinsip daha mühüm yer tutur: ortaq türk yazılı mətnlərinə istinad olunması; anadilli milli ədəbiyyat faktoru; harada yaşamasından, hansı dildə yaranmasından asılı olmayaraq mahiyyət etibarilə azərbaycanlı olan qələm sahiblərinin əsərlərinin meydana çıxması. Alimin haqlı qənaətinə görə, Azərbaycan yazılı ədəbiyyatının başlanğıc dövrü aşağıdakı ortaq mətnlərlə birgə yaranıb inkişaf etmişdir: ortaq ümumtürk yazılı mətnləri; ərəbdilli Azərbaycan ədəbiyyatı, alban şeir nümunəsi və "Avesta". Bu istiqamətlərin hər biri monoqrafiyada müfəssəl elmi qiymətini almışdır. Bu fəsillərdə "Kitabi-Dədə Qorqud" barədə deyilənlər də problemin ümumi mündəricəsi kontekstində maraq doğurur.

"İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər)" adlanan üçüncü mərhələnin tədqiqinə intibahın mahiyyəti, müəyyənləşdirilməsinin çağdaş elmi prinsipləri barədə təhlillərlə başlayan akademik İsa Həbibbəyli həmin yüzilliklərdə yaranmış həm ümumtürk mahiyyətli əsərləri (Y.Balasaqunlu "Qutadqu-biliğ", M.Kaşğarlı "Divani-lüğət-it türk" və s.), həm də fars dilində yazmış Qətran Təbrizi, Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi, Xaqani Şirvani kimi şairlərin ədəbi irsini bu kontekstdə nəzərdən keçirmiş, ustad Nizami Gəncəvinin yaradıcılığını Şərq intibahının zirvələri sırasında qiymətləndirmişdir.

İsa müəllimin elmi dövrləşdirməsində "Orta əsrlər Azərbaycan ədəbiyyatı. Anadilli ədəbiyyat epoxası: Həsənoğludan Füzuliyədək" adlanan dördüncü mərhələ XIII-XVI əsrləri əhatə edir. Bu mərhələnin başlıca inkişaf xüsusiyyətlərini araşdırıb ümumiləşdirən alim İzzəddin Həsənoğlu, Nəsir Bakuyi, Hümam Təbrizi, Qul Əli kimi şairlərin doğma dildəki şeirlərini, müəllifi naməlum "Dastani-Əhməd hərami" məsnəvisini, Yusif Məddah, Mustafa Zərir, Həqiqi, Kişvəri, Həbibi və s. müəlliflərin müvafiq əsərlərini diqqət mərkəzinə çəkmiş, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli kimi şairlərin yaradıcılığının doğma dildə yaranan ədəbiyyatın inkişafında böyük rolunu məxsusi şəkildə dəyərləndirmişdir. Bəhs olunan mərhələdə Azərbaycan şairlərinin digər dillərdə qələmə aldığı əsərlərə də diqqət yetirilmiş, müvafiq təhlillər aparılmışdır.

Bir mühüm məqam da ondan ibarətdir ki, ədəbiyyatımızın Orta əsrlər dövrünə XIII-XVIII əsrləri daxil edən əvvəlki müəlliflərdən fərqli olaraq, akademik İsa Həbibbəyli əhatəli elmi təhlillər yolu ilə əsaslandırmışdır ki, ədəbiyyat tariximizdə orta əsrlər epoxası XVI yüzilliyin sonlarında tamamlanır. XVII-XVIII əsrlər isə mahiyyət etibarı ilə yeni xüsusiyyətlərə malik olmuşdur. Həmin əsrləri beşinci mərhələ - Azərbaycan ədəbiyyatında erkən realizm dövrü kimi qiymətləndirən İsa müəllimin bu konseptual yanaşması da özünün mükəmməl elmi-ədəbi əsaslandırılması ilə razılıq doğurur. Alim XVII-XVIII əsrlərin ictimai-siyasi reallıqlarının və ədəbi-mədəni proseslərinin tədqiqi, Saib Təbrizi, Qövsi Təbrizi, Məsihi, Şakir Şirvani, Ağa Məsih Şirvani, Molla Vəli Vidadi, Molla Pənah Vaqif və s. aparıcı ədəbi simalarının əsərlərinin, eləcə də dövrün aşıq poeziyasının, epik folklorunun və digər müvafiq bədii materialların araşdırılması sonunda bu qənaətə gəlir ki, "Azərbaycan ədəbiyyatında XVII əsrdən etibarən lirik-romantik tərənnümdən həyata, gerçəkliyin təqdimatına doğru yeni bir proses başlanmışdır".

Azərbaycan ədəbiyyatının növbəti mərhələlərinin müəyyənləşdirilməsində monoqrafiya müəllifi müvafiq reallıqlardan çıxış edərək daha çox ədəbi cərəyanlar faktoruna üstünlük vermişdir. Yeni elmi təsnifatda XIX əsri Azərbaycan ədəbiyyatının maarifçi realizm dövrü - altıncı mərhələsi kimi xarakterizə etməklə tədqiqatçı bu sahədə olan müxtəlif mübahisələrə də aydınlıq gətirmişdir. Çünki indiyədək ayrı-ayrı ədəbiyyatşünaslar on doqquzuncu yüzil Azərbaycan ədəbiyyatına ən müxtəlif yanaşmalar nümayiş etdirmiş, hətta onda tənqidi realizmin varlığından da söz açmışlar.

XIX əsrin doxsanıncı illərindən 1920-ci ilə qədərki zaman kəsiyi isə Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm epoxası adlandırılan yeddinci mərhələni təşkil edir. Ədəbiyyatşünaslığımızda romantizmin, xüsusən də tənqidi realist ədəbi irsin tədqiqində çox böyük xidmətləri ola akademik İsa Həbibbəyli bu fəsildə həmin ədəbi cərəyanların Azərbaycan ədəbiyyatında təşəkkülü, inkişaf xüsusiyyətləri, yaradıcılıq problemləri barədə dolğun qənaətlərini ortaya qoymuşdur. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir və digər çoxsaylı "Molla Nəsrəddin"çi ədiblərin yaradıcılığı timsalında tənqidi realizmin tematika, problematika və poetika özəlliklərini aydınlaşdıran, onların üz tutduqları mövzuları, önə çəkdikləri ideyaları, müraciət etdikləri janrları, o cümlədən ədəbiyyatımıza gətirdikləri yeni janrları dəyərləndirən alim dövrün digər realist ədəbi tendensiyalarını da diqqətdən kənarda qoymamışdır. Tənqidi realizmin üstün mövqeyi, dominantlığı şəraitində bəzi qələm sahiblərinin maarifçi realist ədəbi ənənələri davam etdirməsi, yaxud müxtəlif sənətkarların yaradıcılığında həm maarifçi realizmin, həm də tənqidi realizmin təzahürlərinin varlığı barədə deyilənlər bu baxımdan yerinə düşmüşdür. Analoji konseptuallıq Azərbaycan romantizminin ideya-bədii sistemi barədə elmi qənaətlərdə, Əli bəy Hüseynzadə, Hüseyn Cavid, Məhəmməd Hadi və s. ədiblərin əsərlərinə münasibətdə də özünü göstərir. XX əsrin əvvəlləri ədəbiyyatımızdakı sentimentalizm barədə deyilənlər də dövrün ədəbi mənzərəsi barədə təəssüratları tamamlamağa yönəlmişdir.

Sovet dövrü Azərbaycan ədəbiyyatının mürəkkəb, təzadlı mənzərəsi, keşməkeşli inkişaf yolu da monoqrafiyada özünün dolğun, obyektiv elmi-ədəbi qiymətini almaqla təsnifatdakı yerini tapmışdır. Bu dönəmin ədəbiyyatını İsa müəllim iki mərhələyə ayırmışdır. "Azərbaycan ədəbiyyatında sosialist realizmi dövrü" adı ilə təsnifatın səkkizinci mərhələsini təşkil edən 1920-1950-ci illər də öz növbəsində bir neçə yarımmərhələ əsasında təhlil olunub qiymətləndirilmiş, ədəbi gedişatın əsas istiqamətləri və problemləri izah olunmuşdur. Azərbaycan ədəbiyyatının dövrləşdirilməsində doqquzuncu mərhələ isə 1960-1980-ci illəri əhatə edir. "Milli-mənəvi özünüdərk və istiqlal ədəbiyyatı mərhələsi. Modernizm" adlandırılan bu mərhələnin ədəbi mühitində özünü göstərən yeniliklər, formalaşan ənənələr, yer alan mövzu və ideyalar sistemli şəkildə araşdırılıb ümumiləşdirilmişdir. Ədəbiyyatda milli-mənəvi dəyərlərin, özünüdərkin, istiqlalçılıq duyğularının müvafiq yer tutduğu bu mərhələdə ayrı-ayrı yazıçıların yaradıcılığında boy verən modernzim barədəki qənaətlər də elmi-ədəbi əsaslar zəminində üzə çıxmışdır.

"Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı (1991-ci ildən)" adlanan 10-cu mərhələnin səciyyəvi xüsusiyyətlərini araşdırıb ümumiləşdirən akademik İsa Həbibbəyli haqlı olaraq vurğulayır ki, ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi həyata keçirdiyi müdrik siyasət bütün digər sahələrlə yanaşı, ədəbi prosesin də sağlam, demokratik əsaslar zəminində hərtərəfli inkişafına şərait yaratmışdır. Hazırda respublikamızda ulu öndərin siyasi kursu yüksək səviyyədə davam etdirilir. Ədəbiyyatımız da inkişaf edir, yeni çalarlar və uğurlar qazanır. Monoqrafiya müəllifi apardığı təhlillərin nəticəsində müstəqillik dövrü Azərbaycan ədəbiyyatının inkişafını iki mərhələyə ayırır: 1.Müstəqillik axtarışları və yeni epoxanın ədəbiyyatının formalaşması (keçid prosesləri). Doxsanıncı illər. 2.Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının inkişaf edib möhkəmlənməsi (XXI əsr).

Hər iki mərhələnin səciyyəvi xüsusiyyətlərini və inkişaf tendensiyalarını müxtəlif ədəbi nəsillərə mənsub aparıcı qələm sahiblərinin poeziya, nəsr və dramaturgiya sahəsindəki sənət axtarışları və uğurları timsalında dəyərləndirən alim tematika, problematika və poetika məsələlərini paralel şəkildə diqqətdə saxlamış, müstəqillik dövrü ədəbiyyatımızın çoxmetodlu mahiyyətini, əsas ədəbi cərəyanlarını da xarakterizə etmişdir. Alimin əsaslı qənaəti belədir ki, "artıq müstəqillik dövrünün demokratik ədəbi mühitinin doğurduğu postmodernizm, neorealizm, magik realizm, dekadentizm böyük ədəbiyyat meydanındadır.

Burası da önəmlidir ki, Cənubi Azərbaycanda, eləcə də mühacirətdə yaranmış ədəbiyyatımızın da müvafiq materiallarının aid bölmələrdə təhlil olunması elmi-ədəbi təəssüratın və mənzərənin tamlığına xidmət göstərir.

Monoqrafiya bu cümlə ilə tamamlanır: "Azərbaycann ədəbiyyatı - ölkəmizin tarixi keçmişinin poetik xəritəsi, işıqlı sabahlarının isə kompası və bələdçisidir". Həmin obrazlı qənaəti bir qədər dəyişib monoqrafiyanın özünə də aid edə bilərik: "Bu monoqrafiya Azərbaycan ədəbiyyatının zəngin inkişaf yolunun elmi-ədəbi xəritəsidir, sabahkı tədqiqatların isə etibarlı kompası və bələdçisidir". Heç şübhəsiz ki, bundan sonra ədəbiyyat tariximizin mərhələ və problemlərinin, eləcə də ən müxtəlif nümayəndələrinin yaradıcılığının tədqiq zamanı İsa müəllimin monoqrafiyasında əsaslandırılmış qənaətlər, konseptual müddəalar mühüm istinad mənbəyi olacaqdır. Çünki ədəbiyyat tariximizin dövrləşdirilməsi, ədəbi epoxaların təsnifatı, onların hüdudları, mahiyyəti və əhatəsi həmin kitabda elə elmi dəqiqliklə müəyyənləşdirilmişdir ki, bundan sonra əlavə təbəddülatlara və tərəddüdlərə yer qalmayacaq, -zənnindəyik.

Akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının zəngin və çoxəsrlik inkişaf yolunu, səciyyəvi tendensiyalarını, aparıcı simalarının yaradıcılığını öyrənib dövrləşdirmə konsepsiyası kontekstində qiymətləndirərkən hər bir mərhələnin tarixi mənzərəsini, sosial-siyasi proseslərini, mədəni mühitini də müvafiq məqamlarda diqqətdə saxlamış, əhatəli, kompleks tədqiqatlar aparmışdır. Həmçinin yeri gəldikcə dünya filologi fikirində, o cmlədən rus və Qərbi Avropa, həmçinin türk xalqları ədəbiyyatşünaslığında olan müxtəlif qənaətləri də nəzərdən keçirmişdir. Fikrimizcə, İsa müəllimin bu kitabının elmi-nəzəri, ədəbi-tarixi əhəmiyyəti təkcə Azərbaycan filoloji fikri ilə məhdudlaşmır. Bu konseptual tədqiqat bir sıra xalqların ədəbiyyatının tarixi inkişaf mərhələləri baxımından dövrləşdirilməsi sahəsində də etibarlı istinad sayılmaq imkanlarına malikdir.

Əlbəttə, akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyasının elmi-nəzəri, ədəbi-tarixi əhəmiyyətindən çox geniş söz açmaq mümkündür. Əlavə təfərrüata varmadan bir daha vurğulamaq istərdik ki, bu kitab son dövr Azərbaycan ədəbiyyatşünaslığının və ümumən humanitar elmi düşüncəsinin böyük uğurudur.

Hörmətli İsa müəllimə yeni elmi nailiyyətlər arzulayırıq!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!