Qumdan inşa edilən "Qəsr" və ya insanın böcəyə çevrilməsi - Nəcəf Əsgərzadə yazır

Kobo Abenin "Qumların qadını" əsəri və bu əsər əsasında çəkilən eyniadlı film haqqında. Filmin rejissoru Hiroşi Teşiqaxaradır.

Qum səhrasının nəhayətsiz arealında yürüşə çıxan bir insanın azadlığının boğulması...

O, təkdir. Bəlkə tək deyil? Onun məqsədi var. Bu məqsəd bir vaxtlar hobbi olub. Bəs onun hobbisi nə idi? Böcək toplamaq. Cürbəcür, qeyri-adi böcəkləri toplayıb şəxsi kolleksiya yaratmaq.

Sizcə, o, bizə kimi xatırladır? Bəli, bəli. Vladimir Nabokov. Nabokov cürbəcür rənglərə malik kəpənəklərdən ibarət şəxsi kolleksiyaya sahib idi. Deyilənə görə, elə kəpənəkdən yoluxan xəstəlik ucbatından həyatla vidalaşdı. Uşaqlığımızın maraq dairələri bizim gələcəkdəki həyat trayektoriyamızı cızır. Əgər qarşısı hər hansı bir maneə ilə kəsilməsə.

Kobo Abe. Böcəklərə meyil salmış uşaq. Meylin yarada bilmədiyi entomologist (böcəkləri araşdıran alim). Yaranmış marağın genişləmə səthinə daxil olan kitablar onu başqa bir yönə çəkib aparır. Yazıçı olmağa həvəslənir Kobo Abe. Bəs nədən yazmalı? Burada uşaqlıqda onu günlərlə məşğul edən hobbi özünü büruzə etdirir. Böcəkləri yığma məşğuliyyəti bizim uşağın beynində hələ ki bilmədiyi ideyanın toxumunu basdırır. Sonradan...

Sonradan... oxuduğu, ruhuna bütünlüklə sindirdiyi yazıçıların sayəsində xəbərsiz olduğu, amma şüuraltında gündən-günə böyüməkdə olan "ideya ağacından" fikir meyvəsini dərməyin vaxtı-vədəsi yetişir.

Və budur. Bir zamanlar hobbi kimi təzahür olunan məşğuliyyət gözlənilməz şəkildə sənət torunu hörməyə başladı. Tora ilk ilişib qalan elə yazıçının özü oldu. Əslində, yazıçı deyil, onun kimliyini əmələ gətirən şəxsiyyət problemi - mən kiməm? - sualı onu tora salıb əzab verirdi. Ümumiyyətlə, sənət cavablar tapmaqdan daha çox, suallar yaratmağa çalışmalıdır. Özü, ətraf və dünya haqqında sualları olan şəxslər sənətdən istifadə edərək bir növ müddətsiz ərəfəyəcən ruhi arınma dönəmi keçir.

Qumluqdakı qadın romanı.

Kobo Abenin qumdan inşa etdiyi "Qəsr" və ya quma batan insanın böcəyə çevrilməsi

Əsərin filmə dönüşməsi.

Qumluqdakı qadın filminin rejissoru Hiroşi Teşiqaxara boynuna götürdüyü işin öhdəsindən layiqincə gəlib.

Niki Jumpei. O, üç günlük icazə alaraq qum səhrasına yollanır. Qumluqda yeriyərək qarşısına çıxan böcəkləri ələ keçirir, gətirdiyi bankanın içərisinə yığır. Əsas niyyəti isə bu ərazidə olan "qarışqa aslanı" adlandıran həşəratı tapmaqdır. Bu, xüsusi növ böcəkdir. (Yemini tərs, kiçik konusvari şəkildə qazdığı qum hovuzuna düşürməsiylə seçilir). Əgər bunu bacarsa, onun adı kitaba düşəcək. Tarixin bir köşəsində yazılan bu ad vasitəsilə o özünü təsdiq etmiş olacaq. Amma...

Amma... Hər şey tərs gedir. Geriyə qayıtmaq üçün sonuncu avtobusu qaçıran və qalmağa yeri olmayan Nikiyə qarşısına çıxan kəndli kömək əlini uzadır. Bu uzadılan əl ona köməkdən daha çox, zərbə endirir. Ucsuz-bucaqsız boşluq içinə həbs edir.

Bir gecəlik qonaq olduğu evdən səhər olunca çıxıb getmək istəyən Niki böyük maneəyə rast gəlir.

Maneə - qumdur. Qum suyu necə içinə hopdurursa, Nikini də elə o cür çəkib hopdurur.

Niki qarışqa aslanının hazırladığı tələyə düşüb, sanki. Ov və ovçu yerini dəyişir. Əvvəllər Niki böcəkləri tuturdu, indi isə böcəklər Nikini ələ keçirir. Onu bankaya tıxayır. Niki bundan sonra böcəyin inşa etdiyi "Qəsr"də yaşamalıdır. Niki artıq insan deyil, o, böcəyə dönüşməyə doğru irəliləyir. Zamza ilə müqayisədə zahirən deyil, daxilən böcəyə çevrilir Niki Jumpei. Onu buna məcbur edirlər. Amma silahı yerə qoymaq acizlik olar. İnsanın üzərinə şığıyan düşmənə qarşı mübarizəyə qalxmaq lazımdır. Bizim qəhrəmanımız da bu yolu seçir. Hər yola əl atır. Təki bu qumdan inşa edilən "Qəsr"dən canını xilas etsin. Çevrilməyə son qoysun. Çifayda. Cəhdlər səmərəsiz olur. Qadını girov götürür. Bəlkə bunun faydası olar deyə, düşünür. Çünki qadın işçidir. O, axşamlar qumları yuxarıdan aşağıya endirilən vedrələrə doldurur. Qum ilə dolu vedrələr yuxarıya qalxır və boş şəkildə təzədən aşağıya endirilir. Bu tsikl hər gün baş verir.

Sizif əməyi

Albert Kamyunun Sizifini yadımıza salaq. Daşı dağın zirvəsinə aparıb çatdırır Sizif. Daş yenidən yuvarlanıb dağın yamacına düşür. Sizif yenidən işə qoyulur.

Baxın, Nikinin birgə yaşadığı qadının vəziyyəti bizə bunu xatırladır. Hər gecə bellə vedrələrə qum doldurur. Səhər yuxuya gedir. Günortayacan yatır. Axşam yenə eyni işi usanmadan görür.

"Yaşamaq üçünmü kürüyürsən, kürümək üçünmü yaşayırsan"?

Gözlənilməz sual başımıza çəkic kimi dəydi. Amma bu sual qadının eyninə də olmadı.

Necə də dəhşətlidir? Elə deyilmi? Belə yaşamaqmı olar?

Olar. Oldu. Olacaq.

Bizim vəziyyətimiz heç də o qadından fərqlənmir. Biz də hər səhər məktəbə, universitetə və ya işə gedirik. Sonra isə evə qayıdıb gəlirik. Fərq sadəcə ondadır ki, biz düşüncəyə sahibik. Seçim imkanlarımız genişdir. Azadlıq massivimiz uzundur. Niki düşünən insandır. O, vərdiş edilən gündəlik iş rejiminin qarşısını alır. İş görülmədiyi üçün yemək və su tükənir. Aclıq və susuzluq başlanır. Bütün bunlara rəğmən, Niki sinəsini qabağa verib apardığı mübarizəsindən geriyə addım atmır. Nifrət onun gözünü tutur.

Hadisələrin gərginliyi pik həddə yetişir. Qum uçqununun altında qalıb ölməkdən qorxan Niki mübarizəsini sonladırır. Amma müvəqqəti. Hər şey get-gedə qaydasına düşür. Kiçik sahədə birgə yaşayış başlayır. Monoton həyat anları. Yeksənəq yaşam kadrları. Təkrarlanan həyat fəaliyyəti. Hər şeydən təcrid olunmağın müdhiş teatral səhnəciyi. Sanki Adəm və Həvvanın yeni tipi qarşımızdadır.

Qadın və onun evinə məcburən sığınan Nikinin güzəranını belə təsvir etmək olar.

Mağara alleqoriyası

Bir dəfə mağaradan çıxdınsa, bir daha oraya qayıda bilməzsən. Niki də mağaradan çıxmışdı. Düşünməyi öyrənmişdi. Oxumuşdu. Çox şey görmüş, eşitmişdi. Qadın isə hələ də mağarada qalıb yaşamını sürdürməklə məşğul idi. Ona görə yenidən mağaraya salınanda Niki boğulmağa başladı. Hər vəchlə oradan canını götürüb getməyə çalışdı.

Şüurun qaranlıq dolanbaclarında

Qeyd edək ki, bunu başardı. Ağılla davranaraq, günlərlə çalışıb təmkin və səbrlə qurduğu plan əsasında tələyə salındığı yerdən azadlığa çıxdı. Qaçmağa başladı.

Qaçmaq ona azadlıq bəxş etdimi? O qaçırdı. Amma hara, bunu bilmirdi. Əraziyə bələd olduğuna əmin idi. Çox yol qət etdi. Özünü yordu. Heç bir nəticə əldə edə bilmədi.

Şüurun qaranlıq dolanbaclarında azıb qaldı. Özündən qaçan insan üçün qapı həmişə üzünə bağlı olur. O, zənn edir ki, açarı əldə edib və qapı ilə məsafəni xeyli azaldıb, amma qapıya tərəf hər addım atdıqca qapı ondan uzaqlaşır.

Kadrın ani geriyə fırladılması

Yorulduğu üçün istirahət etmək istəyən Niki qumluqdakı qayığın içinə daxil olur. Bütün ərazi qumdan ibarətdir. Bəs bu qayığın burda nə işi var? Nəysə. Gözlərini yumaraq dincini almağa çalışan Nikinin ağlından bu sözlər keçir:

"İnsanlar bir çox sənədə ehtiyac duyur: müqavilələr, sürücülük vəsiqələri, şəxsiyyət vəsiqələri, icazə sənədləri, əmlak sənədləri, sertifikatlar, bir işin görülməsinə dair rəylər, əmək müqavilələri, avanslar, çeklər, borc sənədləri, keçici icazələr, icazə məktubları, gəlir bəyannamələri... Bundan artıq nə ola bilər? Bütün bunları unuda bilərəmmi? Bəşər övladı bir yerlərdə səhv etməkdən çox qorxur. Doğru tərəfdə olmaq üçün yenilərini uydurub durur".

Sadalanan şeylərin hamısı insanı öz keçmiş kimliyindən qoparıb, kapitalizmin marionetkasına çevrilməsinə zəmin yaradan təşəkkül prosesinin obyektləridir. Süni yaradılmış obyektləri. İnsanı əldə saxlamaq üçün, onu cızığından çıxmağa qoymamaq üçün sistem bu yola gedir. Amma qumun altında yaşayan qadının bunların heç birinə ehtiyacı yoxdur. O, sadəcə işini görür və bunun qarşılığında ona yemək və su verirlər.

Təsadüfən ağızdan çölə çıxan sözlərin ardından Nikini yuxu aparır. Onun gözünə qadın görünür. Qumda yavaş-yavaş yeriyərək o, Nikiyə gülümsəyir. Oyananda qadın yoxa çıxır, avtobus da taleyi bəlli. Bəlkə heç Niki oyanmayıb. Xəyal qayığına minərək uzun, geridönüşü mümkünsüz görünən səfərə çıxır. Və keçmişini birdəfəlik arxada buraxır?

Ümid işgəncəni uzadır - Fridrix Nitsşe

Niki ümid edir. Tez-tez qadına deyir ki, onun arxasınca kimisə göndərəcəklər. Və o, xilas olunacaq. Kimsə onun itdiyinin, qeyb olduğunun fərqinə varacaq. Və onun axtarışına çıxacaqlar. Əvəzinə qadın onun üzünə gülümsəyir. Hər keçən gün Nikinin ümidi onun yaşamaq qayəsini sındırır. Ümidin sonu yoxdur. Ümid insanı tənbəlləşdirir.

Niki və Droqo

"Tatar Çölü" əsərini xatırlayaq. Dino Buzzatinin şedevr romanı. Buzzatini İtaliyanın "Kafkası" adlandırırlar. Dağın başında yerləşən hərbi qalaya gedən gəncin bir ümidi var. Müharibə görmək. Savaşda iştirak etmək. Ona qaladakı ilk dövrlər maraqsız gəlir. Nəfəsi daralır. Dəhşətli darıxmaq hissi onu bürüyür. Hərbi xidməti tez başa vurub evə dönmək istəyir. Amma...

Amma... Gün keçdikcə hər şey dəyişir. Droqo get-gedə qalaya öyrəşir. Oradan çıxmaq fikrindən daşınır. Hərbi xidmətini başa vurduqdan sonra belə burda qalaraq qalaya sidq-ürəkdən bağlanır.

Müharibədə iştirak etmək eyforiyası onu bütünlüklə çulğalayır. Ömrünü bu ümidlə yaşayır.

Droqonun yaşadığı hissləri Niki də yaşayır. Droqo müharibə həsrətiylə, Niki azadlığa çıxmaq həsrətiylə. Nəticə də nə olur? Ümid yerini ümidsizliyə buraxır. Nihilizm dönəmi başlayır.  Niki bu dönəmə ayaq basandan sonra artıq hər şeydən demək olar, əlini üzür. O da yanında qaldığı qadına çevrilməyə başlayır. Tapşırılan işləri qeyri-şərtsiz yerinə yetirir. Bunun qarşılığında heç olmasa beşcə dəqiqəlik də olsa dənizi görmək üçün yuxarıdakılardan izn istəyir.

Bəs niyə dəniz? Dəniz - ucsuz-bucaqsız azadlıq ümmanıdır.

Filmdən həyata keçid

Xeyli vaxtdır evdəyəm. Səbəbi bəlli. Karantin dönəmi. Əvvəl düşünürdüm ki, bu dövr mənim üçün şansdır. Oxumadığım kitabları oxuyacam, baxmadığım kinolara baxacam.

Amma... Gün keçdikcə hər şey dəyişdi. Daimi olaraq eyni ritualları yerinə yetirmək mənim üçün dözülməz hala çevrildi. Eyni günü təzədən, təzədən, təzədən yaşamaq. "Groundhog day" filmindəki hadisələr beş yuxarı, üç aşağı gerçəkləşməyə başlamışdı. Mən də özümü Bill Murray kimi aparırdım. İndi onun vəziyyətini tam anlayıram.

Bir müddətdən sonra həftənin günlərini unutmağa başladım. Təqvimə baxmasam bu günün çərşənbə, yoxsa şənbə günü olmasını ayırd edə bilmirdim. Həyətə düşüb bir az gəzişə bilərdim. Amma bu fikrimdən tez daşınırdım. Azadlıq massivimin uzunluğu tədricən kiçildi. Mənzilin otaqları mənim yeni azadlıq ərazilərimi təşkil etdi.

İradəmdə kütləşmə simptomları hiss edilir. Azad iradəm məni çölə çıxmamağa çağırır. Amma mənim heç də Niki kimi davranmağa niyyətim yoxdur.

Bayaqdan yazdığım uzun, darıxdırıcı sicilləmə boşuna deyildi. Bunlar filmin və əsərin sonu haqqında gəlinən nəticənin öz şəxsi həyatımdan götürdüyüm fraqmental mənzərəsidir. Niki haqqında gəldiyimiz təsbit elə onu böcək təki ovcuna alan qumun nəyi ifadə etdiyini bizim üçün faş edir. Qum ümidsizlik, pessimizm, nihilizm - üç ifadəni ehtiva edir. Ən əsas isə qum iradəni əmən generator, bədənə yapışıb qopmaq istəməyən zəli xarakterini özündə daşıyır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!