Cahangir Məmmədov: “Sanki atam illər əvvəl ölümünün, son anının avtoportretini yaratmışdı”

 

"Varislər"in qonağı Azərbaycan heykəltəraşlığında danılmaz yeri olan, "Məhəmməd Füzuli", "Nəsimi", "Üzeyir Hacıbəyov", "Xalq Qəhrəmanı Koroğlu" heykəllərinin müəllifi, Xalq rəssamı, Azərbaycanın və keçmiş SSRİ-nin dövlət mükafatlarını almış, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, unudulmaz Tokay Məmmədovun varisi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Cahangir Məmmədovdur.

Onun ilk sənət müəllimi anası Zivər xanım olub

Tokay Məmmədov 1927-ci ilin isti yay günlərinin birində Bakıda, ziyalı ailəsində anadan olmuşdu. Atası Həbib Məmmədov N.E.Bauman adına Moskva Texniki Universitetini bitirmişdi, texnika elmləri namizədi idi. Anası Zivər xanım Məmmədova isə Şərqin ilk heykəltəraş qadını kimi tanınırdı.

Onun uşaqlıq illəri Böyük Vətən Müharibəsi dövrünə təsadüf etmişdi. 1942-ci ildə yeddiillik məktəbi bitirən Tokay Bakı Rəssamlıq Məktəbi nəzdində yeni yaradılmış heykəltəraşlıq sinfində görkəmli sənətkarlardan Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı və P.Sabsaydan dərs almışdı. Leninqradda İ.E.Repin adına Rəssamlıq Akademiyasında təhsilini davam etdirən Tokay Məmmədov hələ tələbə ikən özünü göstərə bilmiş, yaratdığı büstləri, kiçik ölçülü işləri ilə müəllimlərin və sərgilərdə nümayiş olunarkən tamaşaçıların diqqətini çəkmişdi.

Böyük ustad, şərəfli insan Tokay Məmmədovun varisi Cahangir Məmmədovla onun xidməti otağında görüşdük. 

Oyuncaqlarını özü düzəldirdi

- Tükənməz istedadı, yaradıcılığı ilə Azərbaycan heykəltəraşlıq məktəbində böyük işlərə imza atan Tokay müəllim öz uşaqlıq illərini necə xatırlayırdı?

- Bilirsiniz, bir qədər qapalı adam idi, çox danışmağı xoşlamazdı. Uşaqlıq illərindən, sənətə necə gəlməyindən, ümumiyyətlə, xatirə danışmaqdan uzaq adam idi. Amma bir şeyi xatırlayıram. Deyirdi ki, uşaq vaxtı bütün oyuncaqlarını özü düzəldirmiş. Ağacdan, gildən... Ola bilsin, bu vərdişlərin də sonradan onun sənətə gəlməsində təsiri olub. Təbii, anası, heykəltəraş Zivər xanımın danılmaz rolu olub onun sənətə gəlməsində və məhz Zivər xanımın heykəltəraş olması onun gələcəkdə bu sənəti seçməsini müəyyən edib.

- Zivər xanım Şərqin ilk heykəltəraş qadını kimi xatırlanır. Siz Zivər xanımı görmüşdünüz? Yəni onun emalatxasını, hansısa bir əsər üzərində işlədiyini xatırlayırsınız?

- Əlbəttə. Zivər xanım 1980-ci ildə, 78 yaşında dünyasını dəyişib. Mən onu xatırlayıram, amma artıq işləmirdi, heç emalatxanası da yox idi. Daha çox mədəniyyət və əmək adamlarının, müharibədə həlak olmuş qəhrəmanların büstlərini hazırlayıb. Zivər xanım mənim yaddaşımda mehriban, qayğıkeş nənə kimi qalıb. Ömrünü ailəsinə, nəvələrinə həsr edən tipik azərbaycanlı ziyalı qadını. Şirvan əsilzadələrinin nəslindən olub, son dərəcə təmkinli, yerini bilən və ailədə, cəmiyyətdə sevilən ziyalı qadın idi. Çox gözəl skripka çalırdı. Təəssüf ki, babam Həbib müəllim isə çox tez dəyişib dünyasını. O, sadə ailədə böyümüşdü, lakin öz üzərində çalışan, məqsədinə çatmaq üçün yorulmayan adam olub.

- Deyilənlərə görə, Həbib müəllim bir müddət Moskvada, Kremldə çalışıb. Moskvanın mərkəzində çox rahat evi olub, lakin hər şeyi atıb Bakıya qayıdıb. Buna səbəb nə olub?

- Hə, olub elə bir şey. Atamdan eşitmişdim, Həbib müəllim Bakı üçün darıxırmış. Nə qədər mühüm işi, gələcək üçün perspektivləri olsa da, Moskvada qala bilmirmiş... Çünki vətəninə, millətinə bağlı adam olub. Həbib müəllim ali məktəblər üçün bir neçə cildlik dərsliyin müəllifidir. Qeyd edim ki, bu gün üzdə olan əksər mühəndislər, bəzi nazirlər onun tələbələri olub və bu adamlar Həbib müəllimi çox hörmətlə xatırlayırlar.  Bir hadisə yadıma düşdü. Bir dəfə imtahan götürərkən tələbələrindən biri tələbə yoldaşına kağız yazıb atıb ki, kitabın filan səhifəsində filan abzası aç, üzünü köçür ver mənə. Bu kağız babamın əlinə keçib, oxuyub və həmin tələbəyə "dörd" yazıb. Deyib ki, yalnız oxuyan adam sualın cavabının hansı səhifənin hansı abzasında olduğunu bilər.

- Tokay Məmmədov Azərbaycan heykəltəraşlığının banisi Fuad Əbdürrəhmanovun tələbəsi olub. Necə xatırlayırdı öz ustadını?

- Cavab verməyə çətilik çəkirəm, çünki dəqiq fikirlər xatırlaya bilmirəm. Amma atam öz müəllimləri haqqında, o cümlədən Fuad Əbdürrəhmanov haqqında həmişə yüksək fikirdə olub. Fuad müəllimə isə xüsusi hörməti vardı, onun xatirəsini əziz tuturdu. Məsələn, onun müəllimlərindən biri də P.Sabsay olub, lakin Fuad Əbdürrəhmanov daha milli, daha doğma idi onun üçün.

- Bildiyim qədərilə ailədə iki uşaq olmusunuz, siz və sizdən kiçik bacınız. Bəzən ailədə ənənə yaranır, sənət zəncir kimi nəsildən-nəslə ötürülür. Sizin ailədə necə idi? Nə əcəb siz, ya da bacınız Tokay müəllimin sənətini davam etdirmədiniz? Yəqin, uşaq vaxtı siz də bir vaxtlar Tokay müəllim Zivər xanımın emalatxanasına gedib-gəldiyi kimi, atanızın emalatxanasında az vaxt keçirməmisiniz.

- Açığını deyim də, mənim ümumiyyətlə, elə bir istedadım, üstəlik, marağım da yox idi. Kinorejissor olmaq istəyirdim. Yadımdadır, bir dəfə mənə tapşırıq verdi, dedi bir şey çək. Çəkdiyimə baxdı və dedi ki, səndən rəssam olmaz. Amma bacım istedadlı idi, yaxşı şəkillər çəkirdi, onun da sənətə gəlməsinə atam razı olmadı. Dedi ki, bu çox mürəkkəb və çətin peşədir, sənin üçün ağır olacaq. Çox istəyirdi ki, bacım da anam kimi musiqi ilə məşğul olsun və bacım buna qarşı çıxmadı. Yəni böyüklərimiz bizi nəyəsə məcbur etmirdilər, amma fikir formalaşdıra bilirdilər. Həm də sizə bir şeyi deyim: ailəmizdə yaradıcılıq tələbi çox yüksək meyarlarla ölçülürdü, mən o ölçülərə cavab vermədiyini dərk etdiyimdən, buna səy göstərmirdim. Bizə deyirdilər ki, bacardığın işlə məşğul ol. Mən bir müddət kinostudiyada çalışdım, sonda kino komitəsində işlədim və müəyyən zamandan sonra başa düşdüm ki, inzibati işlərdə daha uğurluyam.

Nizaminin büstünü babasının obrazı üzərində işləyib

- Tokay Məmmədovun bir heykəltəraş kimi müxtəlif işləri var, lakin hər sənətkarın  yaradıcılığında xüsusilə dəyər verdiyi bir əsəri olur. Tokay müəllim üçün bu "əziz-xələf" onun hansı əsəri idi?

- Çox ciddi adam olduğu üçün belə mövzularda danışmağı xoşlamazdı. Heç vaxt işləri ilə lovğalanmaz, onlar arasında ayrı-seçkilik etməzdi. Maraqlı işləri çox idi, amma elə işləri də vardı ki, onları sevməyə bilməzdi. Məsələn, dahi Nizaminin başını hazırlamışdı və bu obrazı ulu babasının portreti üzərində işləmişdi. Çox istəyirdi bu əsərini. Bakı Musiqi Akademiyası qarşısındakı Üzeyir Hacıbəylinin abidəsini çox sevirdi. Çünki Üzeyir bəyə xüsusi məhəbbəti vardı.

- Tokay müəllim Üzeyir bəyi şəxsən görmüşdümü?

Üzeyir bəy olmasaydı...

- Dəqiq məlumatım yoxdur, amma Üzeyir bəyin anama böyük köməkliyi dəyib. Bəlkə də Üzeyir bəy olmasaydı hər şey başqa cür olardı. Lap gənc yaşlarında anam Dövlət Konservatoriyasında arfa ifaçısı olub. Sonradan konservatoriyanın professoru oldu - Aida Abdullayeva. Anamın ailəsi repressiya illərində sürgün edilib, anam təsadüf nəticəsində bu sürgündən xilas ola bilib və Üzeyir bəy bundan xəbər tutub, anamı - öz tələbəsini qoruyub. Onu aradan çıxartmaq üçün Moskva Konservatoriyasına göndərib və beləcə, anam təqiblərdən qurtulub. Azərbaycanda arfa sənətinə böyük maraq olmayıb, anam Aida xanım bizdə bu musiqi aləti üzrə peşəkar sinif yaradıb. Moskva Konservatoriyasında dövünün ən məşhur arfa ifaçısı və böyük pedaqoq Kseniya Aleksandrovna Erdeliyanın sinfində təhsil alıb. Bu qadın anamın bir peşəkar musiqiçi və pedaqoq kimi formalaşmasında mühüm rol oynayıb. Kseniya Aleksandrovna dünyasını dəyişdikdən sonra onu Moskvadakı məşhur "Novodeviçye" qəbiristanlığında dəfn ediblər. Ailəsi anamdan xahiş edib ki, atam onun qəbirüstü abidəsini düzəltsin. Atam bu işi görüb. Sonra qəribə, simvolik bir məqam yaranıb, atam anamın taleyini həll edən bir adamın - Üzeyir bəyin də abidəsini yaradıb. Aida xanım hər dəfə konservatoriyaya işə gedəndə həyatında mühüm rol oynamış Üzeyir bəyin abidəsi önündə bir anlıq dayanıb qürurla baxırdı. Həm müəlliminə görə, həm də həyat yoldaşının bu möhtəşəm işinə görə qürur duyurdu.

- Cahangir müəllim, siz bu hadisəni danışdıqca məndə sual yarandı. Hər dəfə kimsə Üzeyir bəy haqqında xatirə danışarkən onun nə qədər böyük ürəkli insan, nə qədər həssas, diqqətcil adam olduğunu dönə-dönə vurğulayır. Hansı monoqrafiyanı, hansı xatirə kitabını açırsan, yalnız xoş sözlər oxuyursan. Necə düşünürsünüz, o ölçülərlə böyük kişilər varmı indi?

Üzeyir bəyin halal pulu

- Məncə, yox. Təəssüf ki, yoxdur. (Ani pauza). Bəlkə də var... Bilirsiz necədir, Üzeyir bəyin öz qazancı yaxşı olub. Həm konservatoriya rektoru, həm deputat, həm ictimai işlər, həm qonorarlar. Böyüklərimiz deyirdi ki, Üzeyir bəy öz halal pulunu ehtiyacı olan tələbəyə, sənət adamına, kasıb-kusuba xərcləyirmiş. Müxtəlif yollarla əldə edilən pulu xərcləməklə, halal pulu xərcləmək, məncə, başqa-başqa şeylərdir. Bu dövrdə öz halal pulunu səxavətlə xərcləyən adamlar var, ya yoxdur onu deyə bilmərəm.

- Allah rəhmət eləsin elə kişilərə! 

- Allah rəhmət eləsin! Azərbaycan musiqisinin inkişafı üçün Üzeyir bəy çox iş görüb. Anamın söhbətlərindən yadımda qalıb: faktiki olaraq məhz o, Mircəfər Bağırovun yanına gedib deyib ki, Moskvadan yüksək səviyyəli kadrlar dəvət etmək lazımdır Bakıya. Təklif edib ki, Bakıda bu adamlar üçün Moskvadakından daha yaxşı şərait yaratmaq lazımdır, onlar tərəddüd etmədən gəlsinlər. Və Bağırov da onu eşidib. Elə bu səbəbdən Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikov və onlardan sonra gələn nəsil yetişib.

- Tokay müəllim ölçülərinə görə bizdə ən böyük abidələr hesab edilən işlər müəllifi kimi xatırlanır. Ümumiyyətlə, o bu işləri necə seçirdi, necə qərar verirdi hansı işi görəcək?

- Doğru deyirsiniz, atam standart ölçülü abidələr müəllifi olmaqla yanaşı, miqyaslı işləri ilə daha çox diqqət mərkəzində olub. Amma sizə deyim, heç vaxt xalturaya meyil etməyib. Qəbirüstü abidələrə gəlincə, ya yaxın bildiyi adamların büstlərini, heykəllərini, tutaq ki, atası Həbib müəllimin, yaxın dostu, memar Fuad Seyidzadənin abidəsini, sonra anası Zivər xanımın və həyat yoldaşı Aida xanımın abidələrini hazırlayıb. Yəni dost-tanış üçün bu cür işləri təmənnasız görürdü. Ya da ancaq dövlət sifarişi ilə işləyib. Məsələn, Fəxri xiyabanda SSRİ Xalq artisti, professor Bülbülün qəbirüstü abidəsi onun ən gözəl işlərindən sayılır. O qədər belə xahişlər olurdu ki... Hətta bəzən məndən də xahiş edirdilər onu razı salmağı, o isə qəbul etmirdi.

- Şuşada Mir Möhsün Nəvvabın qəbirüstü abidəsi haqqında da maraqlı fikirlər var.

- Bəli. Təəssüf ki, o abidə əsirlikdə qaldı.

Məhəmməd Füzuli abidəsinin Tokay Məmmədova aid olan hissəsi

- Cahangir müəllim, atanız Məhəmməd Füzulinin abidəsini bizim canlı klassikimiz, sevimli Ömər Eldarovla bərabər işləyib. Mənim üçün çox maraqlıdır, abidənin nə qədəri Tokay Məmmədova, nə qədəri Ömər Eldarova aiddir?

- (Gülür). Çox maraqlı sualdır, amma cavab verməyə çətinlik çəkirəm, çünki mənim cavabım subyektiv səslənə bilər. Üstəlik, Allah Ömər müəllimə cansağlığı versin, yaxşı olar ki, siz bu sualın cavabını onun özündən soruşasınız.

Onun yaratdığı heykəlləri Bakıdan götürdülər

- Xatırlayıram, "Salnamə" studiyasının 2007-ci ildə Tokay Məmmədov haqqında çəkdiyi filmdə bir yer var: atanız "20 Yanvar" dairəsində yeni inşa olunan körpünün altında dayanıb kədərlə bir vaxtlar peşəkarlıqla hazırladığı XI Qızıl Ordu abidəsi olan nöqtəyə baxır. Bu, çox təsirli kadrdır. Daha sonra müəllifi olduğu Əzizbəyovun da abidəsi götürüldü. Bütün bunlar Tokay müəllimə necə təsir edirdi?

- Çox doğru buyurursunuz ki, haqqında danışdığınız hər iki heykəl sənət baxımından çox uğurlu işlər olub. Hər iki abidə dövlət sifarişi ilə hazırlanıb. Əzizbəyovun abidəsi dövlət mükafatına təqdim olunarkən bizdə həmin mükafatı bir məşhur rəssama vermək istəyiblər, amma Moskvadan gələn komissiya üzvləri təqdimatlarla tanış olduqdan sonra birmənalı şəkildə atamın namizədliyi üzərində dayanıblar və abidə SSRİ Dövlət Mükafatı alıb. O ki qaldı XI Qızıl Ordu abidəsinə, həmin abidəni hadisələr başlayandan sonra, A.Mütəllibovun prezidentliyi dövründə götürdülər. Güman eləmirəm ki, ümummilli liderimiz Heydər Əliyev o abidənin götürülməsinə razılıq verərdi. Çünki dünyanın müxtəlif yerlərində fərqli dövrləri, ictimai quruluşları əks etdirən analoji abidələr var. Bu, tarixdir axı. Bir məsələni xatırladım. Ulu öndər Heydər Əliyev prezident olandan sonra verilişlərin birində ona sovet dövrü heykəlləri, mədəniyyəti ilə bağlı sual vermişdilər və o, cavabında demişdi: "Doğrudur, müəyyən ideoloji tələblərə görə bəzi abidələr, mədəniyyət nümunələri götürülüb və hətta məhv edilib, lakin mənim üçün maraqlıdır, biz elə abidələri, incəsənət əsərlərini yenə yarada biləcəyikmi?!".

Koroğlu abidəsi haqqında müxtəlif fikirlər

- Tokay müəllimin son işi "Xalq qəhrəmanı Koroğlu" abidəsi oldu. Səhv etmirəmsə, abidənin açılışı 2012-ci ildə baş tutmuşdu. Tokay Məmmədovun digər işləri ilə müqayisədə bu abidə, nədənsə, birmənalı qarşılanmadı. Buna səbəb nə idi? Bəlkə artıq yaşlaşmışdı?

- Bu abidə üzərində çox işləmişdi o, amma heykəli yerləşdirəndə onun memarlığı atamı qane etmədi. Üstəlik, abidənin qəribə taleyi olmuşdu. Atam işlə bağlı Kiyevdə olanda kimsə nə səbəbdənsə abidəni kəsib doğramışdı. O, Kiyevdə Koroğlu abidəsini yenidən yığıb bərpa etməli oldu. Abidə ilə bağlı özü deyirdi ki, vaxt gələcək bu işin dəyərini layiqincə verəcəklər. Bilirsiz necədir, sənətdə fərqli cərəyanlar mövcuddur. Mənim öz fikrimi bilmək istəyirsizinizsə, sənət baxmından nəsə bir fikir söyləməyə çətinlik çəkirəm, çünki bu mənim sahəm deyil. Amma atam elə adam idi ki, ürəyincə olmayan şeyə qol qoymazdı. Yəqin, bu əsəri onu qane edib ki, ucaldılmasına razılıq verib.

- Yəqin, gününün çox hissəsi emalatxanada keçirmiş, ailəyə, sizə necə, vaxt ayıra bilirdi?

Maşın sürməyi və texnikanı xoşlayırdı

- Əlbəttə. Biz Rəssamalar evində yaşayırdıq, onun emalatxanası da orada idi. Sonra dövlət ona Montində çox böyük emalatxana ayırdı. Vaxtını elə bölürdü ki, ailəyə də, işə də zaman ayıra bilsin. Demək olar vaxtımız bir yerdə keçirdi. Hər yay Kislovodska, istirahət etməyə gedirdik. Maşın sürməyi xoşlayırdı. Yığırdı bizi "QAZ-21"-nə, çıxırdı yola. Birbaşa Şimali Qafqaza. Konkret dostlarımız vardı, eyni vaxtda gəlirdilər, birlikdə ailəvi dincəlirdik. Sonra qayıdırdıq Pirşağıdakı bağ evimizə, əncir, üzüm mövsümü başlayırdı, bir də məktəblər açılanda qayıdırdıq şəhərə. Nə qədər özünə qapalı, təkliyi sevən adam olsa da, ailəsinə bağlı idi. Heç vaxt irad bildirməzdi, amma ailədəki nüfuzu elə idi ki, biz hərəkətlərimizə, davranışımıza özümüz nəzarət edirdik. O bizə məhdudiyyətlərlə barışmağı öyrətmişdi. Rəssamlar İttifaqının sədri olduğu vaxtlarda xidməti maşını, sürücüsü vardı, amma bizə o maşından istifadə etməyə icazə vermirdi, deyirdi bu maşını dövlət ittifaq sədri kimi mənə ayırıb, ailəmə yox. Siz isə trolleybusdan istifadə edin. Ümumiyyətlə, o, daha çox yaradıcı adam idi, azadlığı sevirdi, inzibatçılıqdan qaçırdı. Bizi həyatın hər üzünə hazırlayırdı. Amma xaraktercə çox səxavətli adam idi, bizdən heç nəyini əsirgəmirdi.

- Cahangir müəllim, bəs siz necə, öz ailənizdə Tokay müəllim kimi ola bilirsiniz?

- Bəli. Həyat yoldaşım da, qızlarım da həyatda yaxşını da pisi də, çətinliyi də, rahatlığı da normal qarşılayırlar.

Dostu ilə arası dəymişdi

- Kiminlə dostluq edirdi Tokay müəllim?

- Çox nizam-intizamlı, dəqiqliyi sevən adam idi və bu səbəbdən onunla dostluq etmək asan olmurdu. Amma bəstəkar Xəyyam Mirzəzadə ilə yaxın dost idilər. Ümumiyyətlə, ehtiyacı olan, köməksiz adamların tərəfini saxlayırdı. Özündən razı, yekəxana adamların cavabını verib yerində oturdurdu və bu xasiyyəti müəyyən mənada çətinlik yaradırdı onun üçün. Memar Fuad Seyidzadə ilə, Azad Şərifovla dost idi. Son vaxtlar Xəyyam Mirzəzadə ilə arasında nəsə bir məsələdən ötrü inciklik yaranmışdı...

Sizə bir söz deyim, atam heç vaxt özünə görə nəsə xahiş etməyib, vaxtı çatanda, məsləhət biləndə dövlət, hökumət hər şeyi onun üçün edib. Bütün fəxri adlara, mükafatlara dövlət və rəhbərlik özü onu təqdim edib.

İlk dəfə anam öləndə ağladı

- Bildiyim qədərilə Tokay müəllim və Aida xanım Moskvada tanış olublar. Aralarında səmimi münasibət və sevgi olub. Aida xanımdan sonra Tokay müəllim nə qədər yaşaya bildi?

- Anamdan sonra tamam düşdü Tokay müəllim. Nə atası Həbib müəllim dünyasını dəyişəndə, nə anası Zivər xanım rəhmətə gedəndə onun gözləri yaşarmamışdı. Heç anam da dünyasını dəyişəndə gözləri yaşarmadı. Qonşu idik, evinin açarları vardı məndə. Anamdan sonra bir dəfə təsadüfən qapını açıb içəri girdim və onun anamın portreti önündə oturub göz yaşı axıtdığını gördüm. Məni görən kimi tez gözlərini sildi. Yəni anamın vəfatı ona çox pis təsir etmişdi. Elə məhz buna görə atam dünyasını dəyişəndə hökumət onun dəfn olunması üçün İkinci Fəxri xiyabanda yer ayırmışdı, amma ailəliklə qərara gəldik ki, onu anamızın yanında dəfn etsək yaxşı olar. 

Öz ölümünün heykəlini yaradan adam

- Özəl olaraq Tokay müəllimlə bağlı nə deyə bilərsiniz?

- Motsartın yaradıcılığını çox sevirdi. "Rekviyem" adlı bir heykəli var, Motsarta həsr edib. Bu əsər üzərində uzun müddət işləmişdi. Bir dəfə söz düşəndə dedi ki, bunu avtoportret kimi yaratmışam. Çox qəribədir. Artıq yaşlaşmışdı, son vaxtlar nitqi də tutuldu və dünyasını dəyişdi. Təzə Pir məscidində yuyacat yerində atamı gördüm, gözləri geniş açılıb qalmışdı. Motsartın obrazının da gözləri o cür geniş idi. Tüklərim biz-biz oldu, avtoportret dediyi əsərindəki obrazına oxşayrdı. Sanki illər əvvəl ölümünü, son anının avtoportretini yaratmışdı.        

Söhbətləşdi: Əyyub QİYAS

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!