Sonuncu teleqram - Fidan Nizaməddinqızı

 

Babamın gözlərinə diqqətlə baxa bilmirdim son illər. Gözünün dibi torpağın alt qatlarının sarımtıl tozuna bürünmüşdü. Baxışları çıxış yolu axtaran suallar şəklində dəlik-deşik edirdi qarşısındakını. Babamla söhbətlərimiz cox maraqlı olurdu. Verilməmiş sualların tapılmayan cavablarını kirpiklərimin arasında gizlədib yerə, torpağa ismarlayırdım. İnsanı, bəlkə də, bu nədənlə göz yaşları ilə torpağa tapşırırlar: torpağın sərt üzünü yumşaltsın deyə... Mən yalnız danışa bilməyən uşağın baxışlarında bu ifadələrə rast gəlmişdim. Bir də ömrünə az qalmış yaşlı insanda...

Hər il Böyük Vətən müharibəsi iştirakçılarına 9 May - Qələbə günü münasibətilə şəhərdən teleqram gedərdi. Çox qısa təbrik  mətnindən ibarət olan bu teleqramın sorağı bütün kəndi bürüyərdi. Babam bu teleqram və məktubları orden və medallarının yanında saxlayaraq, hər il Qələbə günündə nəvələrinə və gələn qonaqlara fərəhlə göstərərdi. Evlərinin qarşısında böyük bir ağac kötüyü vardı. Bayram günlərində geyinib, medallarını döşünə vurub əsası qoltuğunda qapıda oturardı.

9 May - Qələbə günündə xüsusilə hazırlaşırdı. Teleqramı və nəvələrini gözləyirdi. Kəndimiz dağların qoynunda, övliyaların arasında yerləşir. Həmin günü kəndə gedə bilməyəndə çox məyus olurdum. O günün marağı məni Bakıda qalmağa qoymurdu. Evlərinin qarşısındakı çayı keçməmiş maşından düşüb şəhərin hisli-paslı qoxusu ilə babamı öpüb qucaqlayırdım. O da sevinclə ətrafa boylanırdı, hər dəfə tərifləyərək, məni kənd camaatına təqdim edirdi. Tez teleqramın gəlib gəlmədiyini xəbər verən gözləri axar çayın üzünə düşmüş gün işığı kimi sevincdən parıldayırdı. Kəndin poçtalyonu teleqramı gətirən kimi yığışıb içəri keçirdik. Babam həmin günü qoyun kəsərdi. Nənəmin ocaqda bişən nehrə yağlı yeməklərinin qoxusu həyət-bacanı bürüyürdü. Kənddəki bütün veteran ailələr də hər il bura yığışardı.

Babam müharibənin sonuna bir il qalmış, ayağından yaralandığı üçün müalicəyə gəlmiş, ayağı sağalana kimi kənddə qalmışdı. Müharibənin bitdiyini eşidəndə sevinərək, bu günlərini cəbhədə olmadığına görə təəssüflənmişdi. Onlar söhbət etdikcə, mən isti odun peçinin yanında xumarlanıb yatırdım. Səhər nənəmin bişirdiyi təndir çörəklərinin qoxusuna oyanırdım.

1998-ci il may ayının 9-da mən Bakı Dövlət Universitetinin II kursunda oxuyurdum. Dərslərimizin çoxluğundan kəndə gedə bilmədim. O zaman kənd soveti şöbəsində kəndlə yeganə əlaqə vasitəsi olan telefona zəng vurub babamı həm təbrik, həm də üzürxahlıq etmək istədim. Rabitənin bugünkü kimi inkişaf etmədiyi bir dövr olduğundan saatlarla qoşula bilmirdim. Günortadan sonra nəhayət, kənd sovetinin təlaşlı səsini eşitdim. Babamı soruşan kimi yarızarafat yarıciddi - bu il kişini yada salmayıblar, kefi yox idi - deməsi qanımı qaraltdı. Poçtun bağlanmasına yarım saat vardı. Yaxınlıqdakı poçt şöbəsinə gedib babam üçün gözəl bir təbrik teleqramı yazdıraraq, ən sürətli xətlə göndərilməsini istədim. Poçt işçisi yaşlı qadının səbrlə hərflərlə rəftarı ürəyimi üzürdu. Buranın narahat otağında yalnız dünyanın müxtəlif zaman qurşaqlarından xəbər verən, divardan asılan saatların və açıqcaların yeri rahat görünürdü. Asılmış açıqcaların da sapı mənim ürəyim kimi üzülmüşdü, deyəsən. Müxtəlif bayramların işarələrini əks etdirən açıqcanın birinin - "Qələbə günü" yazılana baxırdım ki, qırılıb əlimdə qaldı. İçərisinə ürək sözlərimi yazıb poçt işçisindən babama göndərməsini xahiş elədim.  Ürəyim bərk-bərk döyünürdü. Babamın kefsiz doqqazdan evə dönüşünü düşünürdüm.

Kəndin artıq sükut vaxtı yaxınlaşırdı. Göydə ulduzlar göründükcə, yerdə  sakitlik hökm sürürdü. Axşamın bu vaxtında kənd camaatı samovar çayının ətrafına yığışıb gündüz olanların gecə davamını bölüşürdülər. Hava yenicə qaralmışdı ki, "Volqa" maşınının işıqlarının uzunsov zolaqları kəndin bütün qapılarına işıq salaraq, babamgilin evinin qarşısında dayandı. Rayon mərkəzinin poçt işçisi özünü kəndə çatdıraraq babamı soruşdu. Kəndin pəncərələrindən boylanan cüt-cüt gözlər maşının sönməyən motorunun səsində və qapıya dirənmiş işıqların mərkəzində babama verilmiş açıqcanı və teleqramı qulaqları ilə eşidir, gözləri ilə oxuyurmuş kimi bir-birlərinə xəbər ötürürdülər. Babam teleqramı və açıqcanı götürüb kötüyün üstündə oturaraq, uzaqlaşan maşının işıqları közərənə qədər yollara baxmışdı. 

Növbəti il 9 Mayı görmək babama qismət olmadı. Bu təbrik babama ünvanlanan sonuncu teleqram oldu. Bu gün sağ olmasını istədiyim yeganə insanlardı nənəm və babam. Onların təmiz, saf mühiti və söhbətləri üçün darıxmışam. Kaş ki, yazdığım bu hekayəmi babama da oxuya biləydim. Üzünün qırışları arasından qımışdığını görə biləydim. Əslində, ona deyəcəklərim çoxdur, dünyada tanıdığım insanların sayı qədər...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!