"Durnanın qatarı gör nə qəşəngdir..." - Nargis yazır

Rəsul Rzanın Krım cəbhəsində yazdığı şeirlər barədə

 

"Hicran" nədir? Sevgiliyə olan özləmin pik nöqtəsimi? Yoxsa bütün darıxmaqların toplamımı?

Nədir "Hicran"? Nəhəng bir tənhalıqmı? Yoxluqmu? Yoxsa bütün yoxluqlara baxmayaraq bütöv olmaq arzusumu?

"Ayrılıq dediyin duzlu bir sudur, içdikcə köz kimi yandıracaqdır"...

Məsafələr ayırır deyirlər. Vəhdət üçün mütləq bir fiziki təmas vacibmi? Kilometrlərlə məsafələrdən sevgi ilə uzanan bütün əllər birləşə bilməzmi? Ehtimal nəzəriyyəsində vuslatın şansı nə qədərdir? Bəzən insan darıxmaqdansa, hicranın yükünü hər an, hər saniyə daşıyıb məhv olmaqdansa, unutmağı arzulamırmı? Gecənin darıxma saatlarında diz çöküb Yaradanın önündə bütün göy qurşaqlarına and içmirmi? Əllərini uzatmırmı göyün dərinliklərinə...

Uzaqlardakı ruh əkizinin ruhuna toxunmaq... Bircə dəfə... elə bircə dəfə silah tutan bumbuz əllərini dodaqları ilə isitmək istəmirmi? Gecənin ən çox darıxılan saatlarında unutmaq, yox olmaq, lap elə Altsheymer olmaq... Bəs, uzaqlığın açdığı yaraları sağaltmaqdan əl çəkib onu gözləyənin yaralarını hiss etməyə nə deməli? Gözlənilən də eyni hissləri yaşamırmı? Havası, suyu üçün darıxdığı vətənində onu gözləyənin tənhalığını hiss etmirmi? Onun yaralarını sarımaq, ümidsizliyini bombalamaq istəmirmi?

Beyni bəlkə unutsa yaxşı olar, əlini məndən üzsə...

Qəlbi... Yox, məni unutma, əzizim... - demirmi?.. "Bəlkə də, hər şeyi unudacaqsan: / yuxudan oyanmış bir uşaq kimi"...

Uşaqlar unudurmu? Hər şey təmiz və yeni səhifədə daha ehtişamlı, daha dərin qeyd olunmurmu? Unutmaq belə...

Bütün gedişlərin səbəbi ona bəlli, bütün qayıdışlar məchul... olmurmu?

Gözlənilən qələmlə ağrını təsvir etməyə, gözləyənə ümid çələngləri göndərməyə tələsmirmi? İradəni, sədaqəti, eşqi, vəfanı bir şair ən məsumca necə təsvir edə bilər ki?

Unutma məni... Gözlə... Yoxluğumun rəngsizliyini daşı simanda, boyama dodaqlarını...

Kim görsə boyasız solğun dodağı,

Onsuz da biləcək, sən mənimkisən.

Qoy hamı bilsin ki, sən məni gözləyirsən...

Bütün bu düşüncə yağmurunda səmada gizlənən ulduzlara tələsik dərdini anladan biri çıxmırmı? Bütün bu sualları cavablayan biri olmurmu. Güllələnən ulduzlar bircə-bircə səmadan yer üzünə töküldüyündə... Ay oraq misalı qaranlığı kəsib doğrayanda... Göyün üzü tənhalaşanda... Bir siyah zümzümə tökülmürmü dodaqlardan? Bir qadın saçlarını küləyə təslim edərək ayaqyalın qaçmırmı yolayrıcına... Nəfəsi kəsiləcəkmiş kimi olmurmu sökülən danı gördükdə...

Günəşin simasının qan rənginə boyandığı həmin anlarda... Göynəmirmi ruhu uzaqlarda yüksələn nalələri duyurmuşcasına... Danın sökülməsiylə, heç bir şey olmayıbcasına dünyaya boylanan günəşi salamlayan şehli çiçəklərdən belə, gizlətmək istəmirmi göz yaşlarını? Gözləmirmi? Əlində, ovcunda qalan bütün gözəllikləri, sevgisini, gülüşünü sevgilisinin ovuclarına buraxırmı? Pıçıldamırmı öz içinə...

"Həsrətinlə axırkən gözlərimin gümüşü,

bəlkə dodağındadır gəncliyimin gülüşü".

Yağmurun gizlətdiyi göz yaşlarını silərək başını dik tutmurmu günəşə meydan oxurmuşcasına... "Vəfa" deyə pıçıldamırmı dodaqları...

Səhərin ən xumarlı saatında tənha qalan saçlarında hiss etmirmi ümidin sığallarını...

Mən yollar ayrıcında səni soraqlayanda,

könlümün otağında həsrətim ağlayanda,

gündüzümün-gecəmin fərağını yığaraq,

qəfəsdə qumru kimi səni gözləyəndə, bax,

bu sinəmin içində yeyin-yeyin döyünən,

pərişan gözlərinin baxışıyla öyünən

qəlbim deyir: - Bir sabah gələcək o, günəşlə.

Bəli, insan hər zaman gözləmirmi? Bütün baş verə biləcəkləri beynində bircə-bircə sadalayırcasına düşünsə belə ümid etmirmi?

O qadın da elə gözləmirdimi? Bənövşəyi kəlağayısını kədərin qara buludlarının üzərinə örtərək onları görməzdən gəlmirdimi?

Bütün deyilənlərə inad, məntiqinin verdiyi hökmlərlə xəyalqırıqlıqları ürəyinə batmırdımı...

Mehriban gözlərin yol çəkir yenə;

Bir səs pıçıldayır: "Gəlməyəcəkdir...".

- demirdimi öz-özünə...

Dünyanın minalanmış susuz torpaqlarını ayaqyalın gəzmirdimi? Hər gün qan qırmızısına boyanan günəşin gizli hıçqırıqlarını duymurdumu? Bütün durna qatarlarını bir qucaq çobanyastığı ilə gözləmirdimi?

..."Durnanın qatarı gör nə qəşəngdir! / Səhər buludları nə lalərəngdir!" - desə də... qan qırmızı rəng onu daim qorxutmurdumu?

Soyuğun iliklərinə işlədiyi uzaqlıqları düşünüb kövrəlmirdimi? Bütün insanlıq üçün yalvarmırdımı? Dualarını ağ göyərçinlərlə hər gün bezmədən, usanmadan göyün masmavi dərinliklərinə yollamırdımı?

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!