Qəbirqazan... - Rainer Maria Rilke - hekayə

 

San Rokkoda qoca qəbirqazan ölmüşdü. Hər gün qəbirqazan yerini yenidən tutmaq üçün elan verirdilər. Aradan üç həftə, bəlkə daha da çox keçmməsinə baxmayaraq heç kim müraciət etməmişdi. Və bütün bu müddət ərzində San Rokkoda heç kim ölmədiyindən, bu iş o qədər də təcili görünmürdü, sakitcə gözləyirdilər. Gözlədilər, bir may axşamı yad bir adam gəlib həmin vəzifəyə namizəd olana qədər gözlədilər. Onu görən ilk adam Podestanın qızı Gita oldu. Yad adam qızın atasının otağından çıxdı (qız onu gələndə görməmişdi), düz onun üstünə gəldi, sanki qaranlıq koridorda onu gözləyirdi.

"Onun qızısan?" - yavaş səslə soruşdu, kəlmələrinin hər birini qəribə tərzdə vurğulayırdı.

Gita başı ilə "hə" cavabı verdi və yad adamın yanından keçib axşam vaxtı dincələn küçənin parıltı və səssizliyi axan alçaq pəncərəyə tərəf getdi. Pəncərəyə çatanda diqqətlə bir-birlərini süzdülər. Gita yad adamın görünüşünə elə qapılıb qaldı ki, ayaq üstə dayanıb ona baxdığı bütün o dəqiqələr ərzində adamın da baxışları ilə onu izlədiyi sonradan ağlına gəldi. Yad adam ucaboy və qamətli idi, qəribə biçimli qara səyahət kostyumu vardı. Onun sarışın saçları zadəganlara xas dəbdə vurulmuşdu. Ümumiyyətlə, zadəganlar kimi geyinmışdi, o, müəllim ya da həkim ola bilərdi; amma qəribədir ki, qəbirqazan idi. Qız biixtiyar onun əllərini axtardı. O, hər iki əlini uşaq kimi qıza uzatdı.

- Çətin bir iş deyil, - o dedi. Qız onun əllərinə baxsa da, yad adamın sanki günəş şüaları içindəki kimi görünən dodaqlarındakı təbəssümü hiss etdi.

Sonra evin darvazasına qədər birlikdə getdilər. Küçə artıq alaqaranlıq idi.

- Burdan uzaqdır? - yad adam soruşdu və evlərdən aşağı uzanan küçənin sonuna qədər baxdı; küçə bomboş idi.

- Yox, o qədər də uzaq deyil; amma mən səni apararam, çünki sən yolu tanımırsan.

- Sən tanıyırsan? - kişi ciddi tərzdə soruşdu.

- Mən yaxşı tanıyıram. Mən uşaq olanda ora necə getmək lazım olduğunu öyrəndim, çünki bu yol məni aramızdan tez gedən anamın məzarına aparır. Anam orada yatır, sənə harada yatdığını göstərərəm.

Sonra onlar yenidən səssizcə yollarına davam etdilər, addımları səssizlikdə bir addım kimi səslənirdi. Birdən qara geyimli adam soruşdu: - Neçə yaşın var, Gita?

- On altı, - uşaq cavab verdi və bir az qamətini düzəltdi, - onaltı, və hər gün bir az daha çox böyüyürəm.

Yad kişi gülümsədi.

- Bəs, - qız dedi və gülümsədi, - sənin neşə yaşın var?

- Səndən böyüyəm, Gita, səndən iki dəfə böyüyəm, və hər gün bir az, bir az da daha çox böyüyürəm".

Onlar artıq kilsə qəbiristanının qapısında idilər.

- Yaşayacağın ev ordadır, meyitxananın yanında, - qız dedi və əli ilə qapının barmaqlığı arasından qəbiristanın o biri başında olan, büsbütün sarmaşıq basmış balaca bir evi göstərdi.

- Belə, belə, deməli ki, buradır, - yad adam başını razı tərzdə tərpətdi və aramla öz yeni evini bir ucundan o biri ucunadək nəzərdən keçirdi. "Buradakı qəbirqazan çox qoca idi?

- Hə, çox qoca idi. O arvadı ilə burda yaşayırdı, onun arvadı da çox qoca idi. Kişi ölən kimi qadın da çıxıb getdi, amma hara gediyiini bilmirəm".

Yad adam yalnız bunu dedi: - Belə ...,- görünürdü ki, o tamamilə başqa bir şey düşünür. Birdən Gitaya müraciət etdi: - Sən indi getməlisən, balam, artıq gecdir. Sən tək qorxmursan ki?

- Yox, mən həmişə təkəm. Bəs sən, burda bayırda qorxmursan ki?

Yad insan başını yırğaladı, qızın əlini tutub sakit və əmin halda sıxdı.

- Mən də həmişə yalqızam, - o, yavaşca dedi, birdən uşaq darıxaraq pıçıldadı: - Qulaq as. İkisi də qəbiristanın tikanlı hasarında oxumağa başlayan bülbülün səsinə qulaq kəsildilər və getdikcə artan səslə bu nəğmədən ətrafa səpələnən coşğun arzu və məmnunluq onları bürüdü.

Səhəri gün San Rokkonun yeni qəbirqazanı öz işinə başladı. O, bu işi yetərincə tez mənimsədi. O, bütün qəbiristanı dəyişdirib yerində böyük bir bağ düzəltdi. Köhnə qəbirlər dalğın, kədərli simalarını itirib çiçək və sarmaşıqların arasında görünməz oldular. Və qarşıda, orta yolun o biri tərəfində, yad adam bu vaxta kimi boş və qulluq görməyən qazonlar bitən yerdə yolun bu tərəfindəki qəbirlərə oxşar elə çoxlu kiçik gül ləkləri düzəltdi ki, qəbiristanın hər iki tərəfində bir tarazlıq yarandı. Şəhərdən gələnlər öz əzizlərinin qəbirlərini əvvəlki yerində asanlıqla tapa bilmirdilər, hətta bir qadın yolun sağ tərəfindəki boş bir ləkin yanında diz çöküb ağlamışdı; amma bir az uzaqda anemon bitkilərinin altında uyuyan övladı bu ahıl qadının dualarından hali deyildi. Amma bu qəbiristanı görən San Rokko əhli artıq o qədər də ölümdən qorxmurdu. Kimsə öləndə (bahar vaxtı bu, ən çox yaşlıların başına gəlirdi) qəbiristana gedən yol uzun və səssiz- səmirsiz olsa da, bayırda nəsə kiçik, sakit bayram əhval-ruhiyyəsi hökm sürürdü. Çiçəklər dörd bir tərəfdən sıxlaşır, məzar yerlərini elə tez basırdı ki, sanki qara torpaq "çiçək, minlərlə çiçək" - demək üçün ağzını açırdı.

Gita bütün bu dəyişiklikləri görürdü; o, demək olar ki, həmişə bayırda yad adamın yanındaydı. Yad adam işləyəndə onun yanında olur, ona suallar verir və kişi də ona cavab verirdi. Xəndək qazmanın ritmi belin səs-küyünü tez-tez kəsən söhbətlərinə qarışırdı. - Uzaqdan, şimaldan -, yad adam bir suala cavab verdi, - bir adadan -, və əyilib alaq otlarını toplamağa başladı, - dənizdən. Başqa bir dənizdən. Sizin dənizə bənzəməyən bir dənizdən (iki günlük məsafədə olmasına baxmayaraq, mən bəzən gecə onun dərin nəfəs aldığını eşidirəm). Bizim dənizimiz boz və qəddardır. Buna görə də burda yaşayan adamları qəmgin və lal - dinməz edib. O, baharda ardı-arası kəsilməyən fırtınalar gətirir. Elə fırtına kı, bu fırtınada heç nə yetişdirmək olmaz, may ayı elə belə boş boşuna ötüb keçir, qışda dəniz donub buz bağlayır və adada yaşayanların hamısını dustaq edir.

- Adada yaşayan çox idi?

- Çox deyildi.

- Qadınlar da vardı?

- Hə.

- Bəs uşaqlar?

- Hə, uşaqlar da.

- Ölülər də?

- Hə, həm də cox. Onların çoxunu dəniz gecə sahilə çıxarırdı, ölünü tapan qorxmurdu, yalnız baş əyirdi, bunu çoxdan bəri bilən adam kimi baş əyirdi. Bizdə bir qoca kişi vardı, o, kiçik bir adadan, bu adaya bozumtul dənizin çoxlu ölü gətirdiyindən və bu səbəbdən həyatda olanlara yer qalmadığından danışırdı. Sanki ada cəsədlərlə mühasirəyə alınmışdı. Bu, bəlkə bir hekayə idi, bəlkə də qoca kişi danışanda yanılırdı. Mən bu hekayəyə inanmıram. İnanıram ki, həyat ölümdən daha güclüdür.

Gita bir müddət susdu. Sonra dedi: - Amma mənim anam öldü.

Yad kişi dayandı və belə söykəndi: - Mən ölən bir qadın tanıyırdım, amma o, həqiqətən ölmək istəyirdi.

- Hə -, Gita ciddi dedi, - bilirəm ki, ölümü də istəmək olar.

- Adamların çoxu bunu istəyir, buna görə də yaşamaq istəyən azlar da ölürlər, onları həyatdan alırlar, bunu istəyib istəmədiklərini soruşmurlar. Mən dünyanı dolanıb gəlmişəm, Gita, mən çox adamlarla danışmışam və onların ürəklərindəkini soruşmuşam. Amma onların arasında ölmək istəməyən yox idi. Şübhəsiz, bəzisi bunun əksini deyir, qorxu onları gücləndirir; amma insanlar nələr demirlər. Bu sözlərin arxasında onların iradəsi var, danışmayan iradə, və bu iradə meyvə ağacdan düşən kimi ölümün payına düşür. Bunun qarşısını ala bilən yoxdu.

Beləliklə, yay gəldi. Və quşcuğazın oyanması ilə başlayan hər yeni gün Gita şimaldan gələn bu yad adamın yanında olurdu. Evdə ona xəbərdarlıq etmiş, danlamışdılar, onu evdə saxlamaq üçün güc tətbiq edib cəzalandırmağa cəhd etmişdilər. Amma bütün bunlar mənasız idi. Gita miras kimi yad adamın payına düşmüşdü. Bir dəfə Podesta onu çağırtdırdı. O, yeknəsək təhdidedici səsi olan güclü bir kişi idi. - Tənhalığı sevən bir qızınız var, Messer Viqnola - Yad adam ona qarşı olan bütün məzəmmətlərə cavab olaraq sakitcə başını endirərək dedi: - Yanıma gəlməsinə və anasına yaxın olmasına mane ola bilmərəm. Mən ona heç nə bağışlamamışam, heç nə vəd etməmişəm və bircə dəfə də olsun yanıma çağırmamışam,- o, bunu deyəndə ehtiramla və inamla dedi və getdi, çünki deyəcəyini demişdi.

Bayırdakı bağça çiçəkləyib gülüstan olmuş, dörd yanını tutan divarı aşmış və sanki onun üçün çəkilən əziyyətin boşa getmədiyini bildirməyə çalışırdı. Bəzən əvvəllər işdən sonra evin qarşısındakı kiçik skamyada oturub sakit və xoş axşamı seyr etmək olurdu. Sonra Gita nəsə soruşurdu, yad adam cavab verirdi və arada uzun müddət susurdular. Bu anlarda ətrafdakı əşyalar onlarla danışırdılar.

- Bu gün sənə çox sevdiyi arvadı ölən bir kişidən danışmaq istəyirəm, deyə yad adam yenə belə bir sükutdan sonra başladı, bir əlini o birisinin içində tutmuşdu, əlləri əsirdi. "Payız idi, kişi arvadının öləcəyini bilirdi. Həkimlər də eynisini demişdilər; amma onlar yanıla da bilərdilər; amma qadın özü öləcəyini onlardan xeyli əvvəl deyirdi.Və o, yanılmadı".

- O, ölmək istəyirdi? - Gita soruşdu, çünki yad adam sözünə ara verdi.

- İstəyirdi, Gita. O yaşamaqdansa, başqa bir şey istəyirdi. Onun ətrafında olanlar həmişə ona artıq görünürdü, o isə tək olmaq istəyirdi. Hə, o, bunu istəyirdi. Gənc qız olanda o, sənin kimi tək deyildi, elə ki ailə qurdu, onda bildi ki, o təkdir; amma o, tək olmaq və bunu bilməmək istəyirdi.

- Onun əri yaxşı adam deyildi?

- Yaxşı adam idi, Gita, çünki o, qadını, qadın da onu çox sevirdi, amma onlar bir-birlərinə toxunmurdular. Insanlar bir-birilərindən o qədər uzaqdırlar ki, bir-birini çox sevənlər isə biri-birindən daha çox uzaq olurlar. Onlar özlərinə aid olan hər şeyi biri-birinə atar və tuta bilməzlər, sonra bunlar aralarında qalır, üst-üstə qalanır və nəhayət, onların bir-birilərini görmələrinə, bir-birilərinə yaxınlaşmasına mane olur. Amma mən sənə ölən qadından danışmaq istəyirdim. Dediyim kimi qadın öldü. Səhər idi, bütün gecəni yatmayan kişi arvadının yanında oturub onun necə öldüyünü seyr etmişdi. Qadın birdən dikəlib, başını qaldırdı, bütün həyatı sanki üzündə əks olundu və üz cizgilərində yüzlərlə çiçək kimi qaldı. Və ölüm gəlib dərhal onu qopartmışdı, yumşaq palçığın içindən çıxardan kimi qopardıb almışdı qadının həyatını; üzünü tarım, uzun və sivri hala salmışdı. Gözləri açıq qalmışdı və onları bağlayanda gözlər yenidən açılırdı, sanki içərisində heyvan ölmüş balıqqulağı kimi idi. Və bu gözlərin açıq qalmasına dözə bilməyən kişi bağçadan iki dənə iri qızılgül tumurcuğu gətirdi, qadının göz qapaqlarının üstünə qoydu. Nəhayət, gözlər bağlandı, kişi oturub uzun müddət ölü üzü seyr etdi. Nə qədər çox seyr etdisə, o qədər aydın gördü ki, hələ qadının üz cizgilərinin kənarına sakit həyat dalğaları nüfuz edir və təkrar geri çəkilir. O, tutqun şəkildə xatırlayırdı ki, bu həyatın gözəl bir saatında onun üzünə baxmışdı, o bilirdi ki, bu anlar qadının ən müqəddəs anları olub, amma həmin anlar kişi onun sevgilisi ola bilməyib. Ölüm həyatı qadından almamışdı; qadının üz cizgilərinə daxil olan çox şey onu aldatmışdı, ala bildiyi tək şey isə görünüşünün incə cizgiləri idi. Amma hələ də qadının daxilində başqa həyat var idi. Bir az əvvəl bu həyat onun dodaqlarının ucundan axıb tökülürdü, indi isə təkrar geri çəkilirdi, səssiz halda içinə axırdı və hardasa onun parçalanmış ürəyi üzərində yığılırdı.

Və bu qadını sevmiş kişi qadın onu sevdiyi kimi çarəsiz sevmişdi, kişi ölümün gözündən qaçan həyata sahib olmaq üçün təsviri mümkün olmayan bir həsrət duydu. Bunu qəbul edən, qadının güllərinin və kitablarının, hələ də bədəninin qoxusu gələn yumşaq paltarlarının yeganə varisi o deyildimi?

Amma kişi qadının yanaqlarından rəhmsizcə geriyə axan bu istiliyi necə tutacağını, nə ilə geri qaytaracağını bilmirdi. O, tumu çıxarılmış meyvənin qabığı kimi boş və açıq qalan ölü əli örtüyün üstündə axtardı. Bu əlin soyuqluğu eyni bərabərdə idi, dinməz idi, səhər küləyində tez qurumaq üçün gecəni şehdə qalan bir əşyanı hiss etdirirdi. Birdən ölünün üzündə nəsə tərpəndi. Kişi həyəcanla o tərəfə baxdı. Hər şey sakit idi, amma birdən sol gözün üstündə olan qızılgül tumurcuğu açdı. Və kişi sağ gözün üstündə olan qızılgülün də böyüdüyünü, getdikcə daha da pardaxlandığını gördü. Üz ölümə alışırdı, amma qızılgüllər başqa bir həyata baxan gözlər kimi açılırdı. Və axşam olanda, bu səssiz günün axşamı düşəndə, kişi titrəyən əlində iki böyük qırmızı qızılgülü pəncərəyə gətirdi. Ağırlıqdan titrəyən içlərində qadının həyatını daşıyırdılar, kişinin heç vaxt qəbul edə bilmədiyi həyatın qalanını yaşayırdılar.

Yad adam başını əlinə söykədi, oturub susdu. Tərpənəndə Gita soruşdu:

- Bəs sonra?

Sonra kişi çıxıb getdi, başqa nə edə bilərdi ki? Amma o, ölümə inanmırdı, insanların bir-birlərinə qovuşa bilmədiyinə, həyatda olanların, ölənlərin biri- birinə qovuşa bilmədiyinə inanırdı. Və onların bədbəxtliyi də məhz bu idi, ölümləri deyil.

Hə, artıq bilirəm ki, heç kim kömək edə bilməz, - Gita qəmgin halda dedi. "Mənim kiçik ağ bir dovşanım vardı, o tam ələ öyrəşmişdi və mənsiz heç nə edə bilmirdi. Bir gün xəstələndi, boğazı şişdi, o, insan kimi xəstəlikdən əzab çəkirdi. Mənə baxıb sanki yalvarırdı, kiçik gözləri ilə yalvarırdı, ümid edirdi, inanırdı ki, mən ona kömək edəcəyəm. Nəhayət sakitləşdi, qucagımda can verdi, yalqızcasına, məndən uzaq, yüz millərlə uzaq bir məsafədə.

- Heyvanı özünə öyrəşdirməməlisən, Gita. Çünki insan məsuliyyəti boynuna çəkir, söz verir, amma sözünə əməl edə bilmir, günahı öz üstünə götürür. Sürəkli vəd verib əməl edə bilmirik. İnsanlarla münasibətlər də fərqli deyil, yalnız onlar arasında hər iki tərəf günahkar olur, biri digərinə qarşı. Bu da biri birini sevmək deməkdir: qarşılıqlı olaraq günahkar olmaq deməkdir, başqa heç nə, Gita, heç nə.

- Bilirəm, - Gita dedi, - amma bu da çoxdur.

Sonra onlar birlikdə getdilər, əl-ələ tutub qəbirstanın ətrafına dolandılar və vəziyyətin başqa cür ola biləcəyini düşünmədilər.

Amma bu, başqa cür oldu. Avqust gəldi, bu, bir avqust günündə şəhərin dar küçələri istidən yananda, ağır, dəhşətli, küləksiz olanda baş verdi. Yad adam rəngi saralmış və ciddi halda Gitanı qəbirsitanın qapısında gözləyirdi.

"Mən pis bir yuxu gördüm, Gita" - qıza dedi. "Get evə, mən sənə gəl deyənə qədər bir də bura gəlmə. Bundan sonra işim daha çox ola bilər. Özünə yaxşı bax".

Amma qız onun sinəsinə atılıb ağladı. O, qızı narahat etmədi, istədiyi qədər ağlamasına imkan verdi, qız gedəndə uzun müddət arxasınca baxdı. Yanılmamışdı, işlər olduqca çoxalmışdı. Hər gün iki və ya üç cənazə gəlirdi. Dəfn olunanları çox adam müşayiət edirdi; bunlar büxur və nəğmələr əskik olmayan varlı və təntənəli dəfn mərasimləri idi. Amma yad adam insanların nəyi dilə gətirmədiyini bilirdi: Şəhərdə vəba tüğyan edirdi. Öldürücü havada gündüzlər daha isti və yandırıcı olur, gecə düşəndə də hava sərinləmək bilmirdi. Sənətkarlıq edənlərin əllərinə, sevənlərin ürəyinə dəhşət və qorxu dolmuşdu və hamını iflic edirdi.

Böyük bayram günündə ya da gecənin ortasında olduğu kimi evlərdə səssizlik vardı. Kilsə həyəcanlı üzlərlə dolmuşdu. Birdən kilsə zəngləri ucadan səsləndi, hamı birdən yerindən şıçradı, küyə düşdü. Sanki vəhşi heyvanlar zəngin ipinə hücum çəkdilər və onu dişləri ilə gəmirdilər: zənglər aramsız olaraq səslənirdi.

Bu dəhşətli günlərdə işləyən yeganə adam qəbirqazan idi. İşindən dolayı onun qolları möhkəmlənmişdi və hətta onun içində bir nəşə var idi, bu, daha sürətlə axan qanının nəşəsi idi.

Amma bir səhər, azacıq yatıb oyananda Gita onun qarşısında dayandı.

- Xəstəsən?

- Yox, yox, - qızın tələsə-tələsə və çaşmış halda danışdığını tədricən anladı.

Qız San Rokkoliların ona qarşı yola çıxdıqlarını,onu öldürmək istədiklərini söylədi. Çünki "sən, deyirlər, vəbanı sən çağırmısan, qarğış etmisən. Sən qəbiristanın heç nə olmayan boş tərəfində təpə düzəltdin, qəbir düzəltdin, deyirlər, bu qəbirləri düzəldib cəsədləri çağırdın. Qaç, qaç - Gita yalvardı və cəld dizüstə çökdü, sanki bir qalanın başından yerə atıldı. Yolda böyüyən və getdikcə yaxınlaşan qara bir toplu görünürdü. Toz göyə qalxırdı. Qələbələyin donquldanmasından tək-tük sözlər və təhdidlər belə eşidilirdi. Gita ayağa qalxır, yenə dizüstə çökür və yad adamı özü ilə aparmaq üçün dartır.

O isə daş kimi dayanır və qıza evə gedib gözləməyi əmr edir. Qız itaət edir. O, evə girib qapının arxasına keçir, çömbəlib oturur, nəbzi boğazında, əllərində vurur.

Birdən bir daş, sonra bir daş da atılır, hər ikisinin hasara dəydiyi eşidilir. Gita buna daha dözə bilmir. Qapını açır və qaçır, qaçır, düz üçüncü daşın üstünə qaçır, daş onun alnına dəyir. Qız yıxılanda yad adam onu tutur və içəri, kiçik qaranlıq evinə gətirir. Camaat bağırır, alçaq hasara yaxınlaşır, hasar zərbəyə dözə bilməyəcək. Və birdən gözlənilməz, dəhşətli bir hadisə baş verir. Keçəl, kiçik mirzə Teofilo öz qonşusundan, Vikola Sma Trinita küçəsindəki dəmirçidən asılır. O, səndələyir, gözləri qəribə tərzdə çevrilməyə başlayır. Eyni zamanda, üçüncü sırada bir oğlan səndələməyə başlayır, onun ardınca hamilə bir qadın fəryad edir, qışqırır, qışqırır, bu səsi hamı tanıyır, onlar qorxudan ağıllarını itirmiş kimi bir-birilərini qovuraq qaçmağa başlayırlar. Böyük, güclü dəmirçi titrəyir, mirzənin asıldığı qolunu silkələyir, sanki onu özündən tullayıb atmaq istəyən kimi, silkələnir, silkələnir.

Və evin içində çarpayıda yatan Gita özünə gəlib qulaq kəsilir.

- Getdilər, onun üzərinə əyilən yad adam deyir. Qız onu daha görə bilmir, amma əli ilə yavaşca onun irəli əyilmiş üzünə toxunur ki, bir daha onun necə olduğunu bilsin. Sanki uzun müddət özünü yad adamla birlikdə yaşamış kimi hiss edir, illər, illər uzunu.

Birdən qız deyir: - zaman önəmli deyil. Elə deyilmi?

- Yox, - o dedi, - Gita, zaman önəmli deyil. Və o, qızın nə düşündüyünü bilir. Beləcə qız ölür.

Qəbirqazan ortadakı yolun sonunda, parıldayan xalis çınqılın içində qıza bir qəbir qazıyır. Birdən ay çıxır, və sanki o, qızı gümüşə gömür. Qızı qəbirin içinə çiçəklərin üzərinə qoyub çiçəklərlə üstünü örtür. - Əzizim,- o deyir və bir müddət səssiz dayanır. Amma dərhal sonra səssiz dayanmaqdan və fikirləşməkdən qorxmuş kimi işləməyə başlayır. Hələ yeddi tabut dəfn edilməliydi, onları axırıncı gün gətirmişdilər. Hətta podesta Jan Batista Vignolanın da palıddan olan tabutun içində uyumasına baxmayaraq, son gətirilənləri müşayiət edən çox deyildi.

Hər şey başqa cür olmuşdu. Ad-sanın, ləyaqətin artıq heç bir dəyəri yox idi. Bir ölü ilə çoxlu adam gəlmək əvəzinə indi artıq bir nəfər gəlir və əl arabasında üç- dörd tabut gətirir. Qırmızısifət Pippo bunu özünə iş etmişdi. Yad adam nə qədər yer qaldığını bilmək istəyir. Təxminən 15 tabutluq yer lazım idi. Beləliklə o, işinə başlayır. Onun işlətdiyi belin səsi gecənin sükutunu pozan yeganə səs idi. Şəhərdən yeni ölüm xəbəri gələnə qədər. Çünki daha heç kim özünü saxlaya bilmir; bu, artıq sirr deyil. Kimi ki xəstəlik tapırdı və ya kim ki bundan qorxurdu, sona qədər dayanmadan qışqırır, qışqırır, qışqırırdı. Analar öz uşaqları üçün qorxur, gecənin dəhşətli qaranlığında heç kim heç kimi tanımır. Ümidsizlik içindəki adamlar içki məclisi düzəldir, sərxoş fahişələr səndələməyə başlayanda, xəstəliyə tutulmasınlar deyə, qorxu içində onları pəncərədən bayıra atırlar.

Amma bayırdakı yad adam sakit-sakit qəbir qazmağına davam edir. Daxilində belə bir hiss var: nə qədər ki o, bu dörd divarın arasında ağadır, nə qədər ki, o, burada səliqə-sahman yarada bilir, qurub yarada bilir, ən azından bayırda, ən azından güllərlə və ləklərlə bu axmaq təsadüfə məna verə bilir və onu ətrafındakı torpağla uzlaşdırıb bir araya gətirə bilir, başqa birinin heç bir söz haqqı yoxdur və bir gün gələr, o - başqası - yorulan zaman, güzəştə gedər. İki qəbir artıq hazırdır. Amma elə bu vaxt gülüş, səslər və araba cırıltısı eşidilir. Araba üst-üstə cəsədlərlə qalanmışdı. Qırmızıbaş Pippo ona kömək edə biləcək bir iki köməkçi də tapmışdı. Onlar kor kimi və acgözlüklə bu cəsəd qalağına dürtülür, birini - özlərini qoruyurmuş kimi görünən cəsədlərdən birini - dartıb çıxardır və qəbiristandakı hasarın üzərindən tolazlayırlar. Və sonra başqasını tolazlayırlar. Yad adam sakitcə işinə davam edir. Bu, saçları dağılmış gənc bir qızın çılpaq, qanlı bədəni onun ayaqları altına düşənədək davam edir. Burda qəbirqazan gecəni lənətləyir. O, yenidən işinə davam etmək istəyir. Amma sərxoş həriflər əmr yerinə yetirəcək halda deyildilər. Elə hey qırmızı Pippo görünür, yastı alnını yuxarı dartır və hasarın üzərindən cəsədləri tullayır. Beləliklə, qəbirqazanın ətrafında cəsədlər qalanır. Cəsədlər, cəsədlər, cəsədlər. Bel getdikcə ağır-ağır hərəkət edir. Sanki ölülərin əlləri buna mane olur. Budur yad adam dayanır. Alnından tər axır. Köksündə mübarizə gedir. Sonra o, hasara yaxınlaşır və Pipponun qırmızı, yumru başı bir də yuxarı qalxanda, yad adam qulaylanaraq beli götürür, hiss edir ki, hədəfə vurur və beli geri çəkəndə qara və yaş olduğunu görür. Böyük bir qövs cızaraq beli kənara tullayır və alnını əyir. Beləliklə, öz bağından gecəyə doğru gedir yavaşca: bir məğlub kimi. Dünyaya tez gəlmiş, çox tez gəlmiş biri kimi.

Tərcümə etdi: Xanım Zairova

filologiya üzrə fəlsəfə doktoru

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!