Dünyanın ilk qadın yazarları...Enheduanna - Mətanət Vahid yazır

Mətanət VAHİD

 

Tədqiqatçılar tərəfindən ismi tarixə bəlli olan ilk müəllif kimi qeyd olunan yazıçı və şair e. ə. 2285-2250-ci illərdə yaşamış mesopotamiyalı Enheduanna həmçinin ilk qadın yazardır. O, şimali və cənubi Mesopotamiyanı birləşdirmiş, dünya tarixində ilk hakimiyyət sülaləsinin əsasını qoymuş (e. ə. 2371-2316 illər) Akkad hökmdarı Sarqonun qızıdır. Enheduanna atasının qurduğu imperiyanın mərkəzi olan Ur şəhərində Ay Tanrısı Nannanın məbədində baş rahibə, eyni zamanda, Nannanın həyat yoldaşı olmuşdur. Bu haqda məlumatı 1926-cı ildə ingilis arxeoloqu Leonard Vullinin tapdığı gil lövhədən alırıq: üzərində ibadət edən rahibənin rəsmi həkk olunmuş dəyirmi lövhənin o biri üzündə “...Nannanın xanımı ...Sarqonun qızı” ifadələri yazılıb.

Hərfi mənası təxminən “səmanın bəzəyinin əsas rahibəsi” kimi tərcümə olunan “Enheduanna” onun tituludur və əsl adı tarixə məlum deyil. Yaradıcılığı təqribən 4300 il öncə daş və gil lövhələr üzərinə cızılmış, müasir dövrün bəzi ədəbiyyatlarında “Babil dövrünün Şekspiri” adlandırılan Enheduanna daha çox şumer himnlərinin müəllifi kimi tanınır. Əlbəttə, ona qədər də tanrıları mədh edən mətnlər yazılmışdır, lakin onların müəllifi bizə məlum deyil. Onun mətnlərinin əksəriyyətində şumer panteonunun digər tanrılarından üstün olan Nanna, qızı ilahə İnanna mədh olunur. Enheduannanın dövrümüzə qədər gəlib çatmış 53 himnindən 3-ü İnannaya  həsr olunmuşdur:

1. “İn-nin-sa-gur-ra” (İlahə İnannanın şərəfinə himn, yaxud “Qəhrəman qadın”).  Bu himndə İnanna döyüşçü kimi və digər tanrılar ona kömək etməkdən imtina etsələr də, qələbə qazanan qəhrəman kimi mədh olunur.

Bir əjdaha kimi saldın ölkənin hər yerinə

Ağzından saçılan zəhəri,

Şimşək kimi gurladın yer üzündə

Ağaclar bitkilər və bütün yaradılmışlar

Səcdəyə əyildi önündə.

 

Sən daşqın bir selsən dağlardan enən,

Ah, hər şeydən öncə gələn,

Ay ilahəsi İnanna, cənnətin və

dünyanın ilahəsi!

Atəşin qığılcımlar saçır və sıçrayır

xalqımın üzərinə.

Bir heyvana minmiş xanım,

An sənə üstünlük verir, müqəddəs tapşırıqlar

Və budur, sən belə davranırsan.

Bütün böyük ayinlərimizdə sən varsan.

Amma kim anlaya bilər ki, sən gerçəksən?

2. “Nin-me-hus-a” (İnannanın Ebix üzərində şərəfli qələbəsi haqqında himn). 30 misradan ibarət bu şeirdə İnannanın sivilizasiyanı idarə etməsi və uşaqları və evi nəzarətdə saxlamasından bəhs olunur.

3. “Nin-me-sar-ra” (İnannanı kainatın hakimi kimi öyən himn). Sarqonun ölümündən sonra hakimiyyətə gələn oğlu Rimuş idarəetmədə atası qədər bacarıqlı  deyildi. Odur ki, hakimiyyət devrildi və ölkə parçalandı. Ömrünün sonlarına doğru Urdan qovulan və yüksək mövqeyindən sıxışdırılan Enheduanna bu himndə kömək üçün İnannaya müraciət edir, yenidən baş rahibəliyə qayıtması və ona qəddar kişi hakimlərin qəzəbindən qorunmağa yardım etməsini xahiş edir. Belə ki, üsyançı şumer hakimi Luqal-Ane onu öz mövqeyindən uzaqlaşdırmışdı. Şumerlər inanırdılar ki, bu dua elə uğurlu olub ki, İnanna akkadlara şumerlər üzərində 9 qələbə nəsib edib və bu səbəbdən bir müddətlik onlar yenidən birləşdirildilər. Enheduanna isə bu qələbədən sonra öz mövqeyinə qaytarıldı. “Nin-me-sar-ra” müəllifinin ölümündən yarım min il sonra hələ də müqəddəs mətn hesab olunurdu və babil dövründə məktəblilər ondan dərslik kimi istifadə edirdilər. Maraqlıdır ki, bu himnin bərpası və tərcüməsi üzərində çalışan Annet Zqol mətnin həkk olunduğu yüzdən artıq gil lövhəcikdən istifadə etmişdir. Bu qədər çox yayılması onun məşhurluğundan xəbər verir. Belə ki, Mesopotamiya abidələrindən olduqca az nümunələr bu dərəcədə geniş yayıla bilib.

Enheduanna yaradıcılığında ilk dəfə birinci şəxsin dilindən nəql edən müəllifdir. Hər bir mətndə o, 3-cü şəxsin dililə başladığı mətni sonradan “...mən Enheduanna” deyə öz dilindən davam etdirir. Yazılarında əsas xüsusiyyət həm də o idi ki, tanrılara həsr etdiyi şeirlərdə onlara olan şəxsi hislərini, münasibətlərini də qələmə alırdı: “Səndən ötrü bu müqəddəs yola qədəm qoymuşam, mən ali rahibə, mən Enheduanna... Mən Nannanın möhtəşəm baş rahibəsi.” Baş rahibə öz gözəlliyini və möhtəşəmliyini mədh etməkdə təvazökarlıq göstərmir, çünki həmin dövrdə bu, bir qayda idi. Hətta özü haqqında təriflərin az olması onun ilahəsinin şəninə layiq olmazdı. “Qoy mənim göz yaşlarım axıb getsin, müqəddəs İnanna üçün axan şərbət kimi... Məsləhət... Matəm və kədər... Mənim himayədarım... rəhm et... mən səninəm... Və hər zaman belə olacaq. Qəlbini mənə ver...”

Enheduannanın mətnlərini ilk dəfə ingilis dilinə kaliforniyalı psixoanalitik Betti Medor tərcümə etmiş və bununla 20 il ərzində məşğul olmuşdur. Tərcüməçinin özünün qeyd etdiyinə görə, bu işi görməsinə səbəb onun yuxusu olmuşdur. B.Medor bu tərcümələri “Şumerin ali rahibəsi Enheduannanın şeirləri” adlı kitabda toplamışdır. Himnlər sonradan dünyanın bir çox dillərinə tərcümə olunsa da, bunlar orijinaldan deyil, B.Medorun tərcüməsindən edilmişdir.

Tədqiqatçıların yazdıqlarına inansaq, Enheduanna anadangəlmə siyasətçi və diplomat olmuş və hakimiyyəti idarəetmə işində atasına xeyli kömək göstərmişdir. Ali ruhani hakimiyyətin başında dayanan qadın rəsmi dini doktrinaların hazırlanmasına məsul idi. Hətta şumer ilahəsi İnannaya sitayiş etməsini də onun ailəsinin hakimiyyətini möhkəmləndirilməsinə xidmət etmək məqsədi güddüyü deyilir. Enheduanna qadının müdrikliyinə, ən əhəmiyyətli məsələlərdə yardımçı olacaq qədər ağıl və bilik sahibi olduğuna əmindir və bunu öz yazılarında əks etdirir: “Əsl qadın böyük müdrikliyə sahibdir. ...O, istənilən dünyəvi işlərdə yaxşı məsləhətçidir. O, kosmosu ölçür və səmanın ölçülərini kəndirlə yerə endirməyi bacarır.”

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!