Kamal ALMURADLI: “Məncə, atam həyatı boyu doğru bildiyi işi görüb”

Varislərin qonağı Azərbaycan teatrı və kinosu tarixində özünəməxsus üslubu ilə diqqət çəkən, populyar nəsr əsərlərinin səhnə həllinə verdiyi orijinal quruluşlarla yadda qalan, kino tariximizin maraqlı ekran işlərinə imza atan və bir il əvvəl sıralarımızı vaxtsız tərk edən teatr və kino rejissoru Rövşən Almuradlının oğlu Kamal Almuradlıdır.

 

19 aprel 1954-cü ildə Bakıda anadan olmuşdu, amma bütün ömrü Sumqayıtla bağlı idi. O, burada orta məktəbi bitirmiş, burada xalq teatrında səhnəyə çıxmış, hələ lap gənc ikən bu şəhərin teatrında ən uğurlu işlərini teatrsevərlərə təqdim etmişdi. O, İncəsənət İnstitutunda (Mədəniyyət və İncəsənət Universiteti) təhsil aldığı dövrlərdə bu ali təhsil ocağında Adil İsgəndərov, Mehdi Məmmədov, Nəsir Sadıqzadə, Əşrəf Quliyev kimi görkəmli pedaqoqlar dərs deyirdi. Ürəyi sənət eşqi ilə alışıb yanırdı. Həm klassik dramaturgiyaya, həm də müasir müəlliflərin əsərlərinə verdiyi səhnə yozumları elə ilk vaxtlardan teatr tənqidçilərinin diqqətini çəkmişdi. Onun üçün həyat sənətdə idi. Daima axtarışda olan, sənətin müxtəlif janrlarında özünü uğurla sınayan Rövşən Almuradlı həyatını özü üçün deyil, səhnə üçün, sənət üçün, böyük ideallar üçün yaşayırdı, amma 2019-cu ilin 2 aprel səhərində başı üstünü alan qəfil əcəl onu arzuları ilə bir yerdə bizdən alıb apardı. Bir ildən çox az zaman keçib onun fiziki yoxluğundan, lakin Rövşən Almuradlının xatirəsi hər vaxt teatr və kino ictimaiyyəti, onun dostları, yaxınları və ümumiyyətlə, Azərbaycan tamaşaçısı üçün doğmadır.

Unudulmaz dostumuzun varisi Kamal Almuradlı ilə əməkdaşı olduğu "xəbərlə.com" saytının ofisində görüşdük.

Onsuz keçən ilk doğum günü

- Rövşən dünyasını dəyişəndən 17 gün sonra ad günü oldu, amma təbii ki, o vaxt itki çox təzə idi, hələ nəfəsi, ruhu evdən çəkilib getməmişdi. Hələ ailə bütünlüklə onun yasını saxlayırdı. Amma bu il ilk dəfə onun ad günü onsuz necə keçdi?

- Məlum hadisələrlə əlaqədar xüsusi karantin rejiminə əsasən aprelin 2-də vəfatının ildönümünü, ayın 19-da ad gününü, xatirəsini geniş tərkibdə deyil, sadəcə, ailə içində qeyd etdik. Hətta bacımgili də gələ bilmədilər. Amma səhər tezdən gedib məzarını ziyarət etdik, sonra hər zamankı kimi sadiq dostu, kinoprodüsser Gəray Əlibəyov gəldi bizə. Fürsətdən istifadə edib "Ədəbiyyat qəzeti" vasitəsilə Gəray müəllimə ailəmiz adından təşəkkür etmək istəyirəm, çünki o, bu bir il ərzində heç vaxt bizi unutmadı, həmişə əlaqə saxladı, bir şey lazım olan kimi özünü yetirdi. Bir sözlə, əsl dosta layiq hərəkətlər etdi, bizə mənəvi dayaq oldu. Amma dediyim kimi, nə vəfatının ildönümünü, nə də ad gününü geniş tərkibdə keçirə bilmədik. Məncə, bu mərasim məsələsi formal şeydir, bəlkə elə atam özü də xatirə gününün, ad gününün heç kəsə əziyyət verilmədən keçirilməsini istəyərdi. Təki dünyamız salamat olsun və növbəti illərdə dünyadan köçmüş ziyalılamızın, doğmalarımızın (bunu Rövşən Almuradlının oğlu kimi demirəm) xatirəsini yad etməyə imkan tapa bilək.

Rövşən haqqında danışanda qardaşım, dostum haqqında danışıram, ona görə də müəllim, bəy kimi müraciət formalarından istifadə etməyəcəyəm. Çünki təxminən 14-15 yaşım olandan tanıyıram onu, həm aktyor kimi səhnədə görmüşəm, həm də sonradan teatr və kino rejissoru kimi fəaliyyəti, demək olar, gözlərim qarşısında ötüb keçib. Dostlar arasında Rövşən haqqında belə bir fikir yaranmışdı: mədəniyyətimiz maraqlı bir aktyor itirdi, amma əvəzində unikal bir rejissor tapdı. Sözün həqiqi mənasında Rövşən sənətkar kimi unikal adam idi, hər zaman axtarışda, dinamik inkişafda olan biri... İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirdiyinə görə aktyor sənətini gözəl bilirdi, aktyorla işi mükəmməl idi. Daha sonra Moskvada, ali rejissorluq kursunda təhsilini davam etdirmiş, Moskva Satira Teatrında təcrübə keçmişdi və Sumqayıt teatrında fəaliyyəti dövründəki rejissor yozumlarında milli və dünya rejissorluq məktəbinin özünəməxsus sintezi açıq-aşkar hiss olunurdu. Məhz bu səbəbdən Rövşənin quruluş verdiyi teatr tamaşaları həmişə maraqla, özü də birmənalı qarşılanmırdı. Sənin yaşın azdır və yəqin, onun Sumqayıt teatrında hazırladığı tamaşaları xatırlamırsan, amma mənim yaxşı yadımdadır."Bayramın birinci günü" (N.Hikmət) və "Dəyirman" (M.Süleymanlı) bütünlüklə teatr tarixinin ən uğurlu işləri idi və tamaşaçı zalı həmişə dolu olurdu.

Teatr itirdi, kino isə qazandı

Əlbəttə, yaşım az idi həmin tamaşalar hazırlananda. 5-6 yaşım ancaq olardı, amma "Dəyirman" tamaşasının videoyazısına baxmışam və dediyiniz kimi, çox maraqla baxmışam. Amma onun quruluşunda "Zirzəmi" və "Qətl günü" tamaşaları haqqında da xeyli maraqlı fikirlər söylənir. Məsələ ondadır ki, "Dəyirman" da, "Qətl günü" də səhnə üçün yazılmayan əsərlərdir, bildiyim qədərilə bu əsərlər öz dövründə (elə indi də) roman kimi, povest kimi çox maraqla qarşılanıb və onları səhnələşdirmək də rejissordan məsuliyyət tələb edir. Özü də siz bilirsiniz, bədii əsərin səhnə variantını işləmək çox ağır prosesdir. Romanda, povestdə sərhəd yoxdur, amma səhnə üçün yazılan əsərlərdə konkret çərçivə var, bu baxımdan əsərin təqdimatı üçün doğru həll forması tapmaq artıq istedad məsələsidir və zənnimcə, atam bunu bacarmışdı.

- Məncə, Rövşən Almuradlı fəaliyyətini teatr rejissoru kimi davam etdirsəydi, daha böyük işlər görə bilərdi. Bəlkə heç ürək ağrısı da tapmazdı, bəlkə hələ də yaşayırdı və gözəl işləri ilə bizi sevindirirdi.

"Teatr bu gün, kino isə sabah üçündür"

- Məncə, atam həyatı boyu doğru bildiyi işi görüb. O, paralel olaraq həm teatrda, həm də kinoda fəaliyyətini davam etdirib. Məsələn, 1989-cu ildə "Debüt" studiyasında Qarabağ savaşına həsr olunmuş "Hücum" adlı ilk qısametrajlı filmə quruluş vermişdi. Sonra "Qəzəlxan" filminin çəkilişlərində rəhmətlik Şahmar Ələkbərovla birgə işləmişdi və elə məhz bu səbəbdən ssenari müəllifi Şahmar Ələkbərov olan "Yük" filminin ekran həllini atam öz üzərinə götürmüşdü. Ola bilsin, ömrü vəfa etsəydi və Şahmar Ələkbərov çəksəydi "Yük"ə tamam başqa cür quruluş verərdi, çünki hər rejissorun öz yozumu, öz dəst-xətti var. O ki qaldı teatrdan getməyinə, bu barədə atamla söhbətimiz olmuşdu, teatrdan inciyib getmişdi. İnciməsinə səbəb isə teatrda baş rejissor seçkilərindən sonra olmuşdu. Gənclər və yaradıcı kollektivin əksəriyyəti onun baş rejissor olmasını istəsə də, direktor səsvermədə teatr tarixində unikal bir ilkə imza ataraq, bütün texniki heyəti də səsverməyə cəlb etmişdi və süni şəkildə onun seçilməsinə əngəl yaratmışdı. Məncə, Rövşən Almuradlı kimi bir adam belə haqsızlıq mühitində fəaliyyət göstərə bilməzdi. Sonrakı dövrlərdə isə bildiyiniz kimi, teatrlar, ümumiyyətlə, mədəniyyət müəyyən durğunluq dövrü yaşadı, lakin buna baxmayaraq atam Mingəçevir teatrında baş rejissor kimi fəaliyyət göstərdi və orada bir-birindən maraqlı tamaşalara quruluş verdi. Teatr Xadimləri İttifaqı nəzdində Azərbaycanın ilk müstəqil teatrını - "İstiqlal" teatrını yaratdı. Məncə, özünü daha geniş spektrdən təqdim edə bilmək üçün kino rejissorluğuna keçid etdi, çünki onun maraqlı bir fikri vardı, "teatr bu gün, kino isə sabah üçündür", - deyirdi.

- "Varislər" layihəsinə başlayandan sonra, demək olar, bütün söhbətlərdən əvvəl müəyyən qədər hazırlaşıram, informasiyalar toplayıram, amma ilk dəfədir bu söhbətə hazırlıqsız gəlmişəm və bunun konkret səbəbi var. Çünki müəyyən dövrdən sonra Rövşənin həyatı, fəaliyyəti az qala gözlərim önündə keçib. Yəqin, sən də xatırlayırsan, hətta iş elə gətirdi ki, 2019-cu ilin 2 aprel səhərində o xəbəri eşidən kimi özümü xəstəxanaya çatdırdım və inanmaq istəmədiyim bir həqiqətlə üz-üzə dayanmaq məcburiyyətində qaldım. Yəni Rövşən haqqında söhbət etmək üçün mənə heç bir xüsusi hazırlıq lazım deyil və onun haqqında keçmiş zamanda danışmaq isə mənə çox çətindir.

Kamal, səninlə söhbət edə-edə fikirləşirəm, məncə, Rövşən Almuradlı vermək istədiyi mesajları, bir yaradıcı adam kimi cəmiyyətə ötürmək istədiyi ideyaları tamaşalarda daha qabarıq, daha konkret verə bilmişdi, zənnimcə, kinoda bu, o qədər də uğurlu alınmadı. Onun tamaşaları bütün tamaşaçılar üçün maraqlı idi, amma filmlərdə bu ənənəni qorumaq olmadı.

O filmin ilk baxışına bütün ölkə rəhbərliyi gəlmişdi

- Mən səbəbini deyim. Ümumiyyətlə, sənət zəncir kimidir, bir tamaşa digərinin halqası olduğu kimi, film də elədir, bir-birinə zəncir kimi bağlıdır. Çalışmaq lazımdır ki, bu halqa qırılmasın. Kino rejissoru ard-arda filmlər çəkdikcə bişir. Götürək Stiven Spilberqi: bir də görürsən, 2-3 il ara verir, amma bu o demək deyil ki, bu aralıqda o işləmir, əksinə, növbəti film üçün ciddi hazırlıq zəmini yaradır. Bizdə isə bu məsələ çətindir. Təsəvvür edin ki, "Yük" filmindən sonra atam növbəti filmi çəkmək üçün 11 il fasilə verməli olmuşdu. Hətta "Yük" filminin özü bir müddət ekranlara buraxılmamışdı. Bəlkə xatirinizdə olar, 2000-ci ilin əvvəllərində "Ekran üzü görməyən filmlər" adlı bir festival keçirilmişdi və "Yük" də orada nümayiş etdirilmişdi. Amma filmin ilk təqdimatı Heydər Əliyev Sarayında baş tutmuşdu (o vaxt Respublika Sarayı adlanırdı) və ulu öndərdən başqa, demək olar, ölkə rəhbərliyi həmin premyerada iştirak etmişdi. Heydər Əliyevin son anda tədbirdə iştirak edə bilməməsinə səbəb Rusiya Xarici İşlər nazirinin qeyri-rəsmi səfərlə Azərbaycana gəlməsi olmuşdu. Yəni "Yük" böyük maraqla qarşılanmışdı. Amma belə uğurlu bir işdən sonra 11 il kamera arxasında dayanmamaq istər-istəməz adamı ruhdan salır.

- Mən bir az fərqli düşünürəm, mühafizəkarlıq etmək istəyirəm. Teatr canlı ünsiyyət vasitəsi olduğu üçün mənə daha çətin və daha məsuliyyətli görünür. Kinoda tamaşaçı ilə aktyor arasında həm də bir pərdə var, teatrda aktyorun stop deyib, növbəti dubla hazırlaşmaq şansı yoxdur. Nə baş verirsə orada, birbaşa, indi baş verir. Ona görə kino, televiziya yarandıqdan sonra da teatr ölmədi, əksinə yeni, modern, sintetik təqdimat formaları axtarıb tapdı. Rövşən isə bu ünsiyyətin fərqli həll formalarını tapmışdı, o, teatrda quruluş verdiyi istənilən materialı tamaşaçıya qəbul etdirə bilirdi.

Teatr rəhbərləri nazirə yalan məlumat verirdi

- Müəyyən qədər sizin fikirlərinizlə razıyam. Mənə elə gəlir ki, bizdə ümumiyyətlə sənətə yanaşmada, münasibətdə nəsə çatışmazlıq var. Rejissorun işi odur ki, (teatrda, ya kinoda fərq etmir) klassikaya da, müasir əsərə də yeni təqdimat forması tapa bilsin. Əgər Axundov, yaxud Cabbarlı 50-100 il əvvəlki ənənəvi təqdimatla tamaşaçıya göstəriləcəksə, buna ehtiyac yoxdur, yəni həmin tamaşanın hazırlanmasına xüsusi rejissor ayırmaq lazım deyil. Elə tamaşanı teatrda istənilən rejissor köməkçisi də hazırlaya bilər. Rejissor odur ki, Şekspirin yüz cür traktovka ilə təqdim olunmuş "Hamlet" əsərinə yüz birinci traktovkanı tapa bilsin, hə, bu olur iş. Tamaşalara baxıram, bəzən mətn rejissordan tələb edir ki, bu yerdə məni qabartmalısan, amma, nədənsə, o yerin üstündən sükutla keçilir, dəxli olmayan, heç bir mesaj verməyən bir yerdə isə xüsusi vurğu vurulur. Bunun iki yozumu var: ya rejissor mətni başa düşmür, ya da nədənsə çəkinir, başını ağrıtmaq istəmir. Mənə elə gəlir ki, atam məhz başını tez-tez "ağrıtdığı" üçün müəyyən mənada illərlə diqqətdən kənarda qalırdı. Təsəvvür edirsinizmi, nazir Əbülfəs Qarayev ona tamaşa verilməsini tapşırırdı, amma teatr rəhbərliyi yüz cür bəhanə gətirib buna mane olmağa çalışırdı. Və hətta iş elə gətirmişdi ki, bir dəfə nazir zəng vurub: "Axı biz danışdıq, sən niyə tamaşadan imtina edirsən?!" soruşanda, heç nədən xəbərsiz atam təəccüblə: "Mən imtina edirəm?!" cavabı vermişdi və Əbülfəs müəllim: "Hər şey aydındır", deyib, ona tamaşa verilməsini az qala öz nəzarətinə götürmüşdü.

- Aydındır, çünki istedadsız adam yanında istedadlı birinin olmasını istəmir, məhz bu səbəbdən teatr rəhbərləri bacardıqları qədər Rövşəndən uzaq durmağa çalışıblar. Mən başqa şeyi demək istəyirəm. Rövşənin quruluş verdiyi demək olar  hər tamaşada yaxşı mənada sənət üsyanı, yaradıcı mesajlar, ümumiyyətlə tanınmayan bir aktyorun səhnədə ağla gəlməyən performansları göz qabağında idi, amma mənə elə gəlir ki, "Cavad xan" kimi bir filmdə o, bu ənənəni davam etdirə bilmədi.

- Bunun bir çox səbəbi var. Film çox ağır sahədir. Misal çəkim sizə: bizdə "Cavad xan" filmi çəkiləndə Qazaxıstanda "Köçərilər" filmi çəkilirdi və həmin filmin büdcəsi 32 milyon dollar idi. "Cavad xan"ın büdcəsi isə 2 milyon manat, o vaxtkı kursla 2,5 milyon dollar idi. Və üstəlik, bu məbləğ də filmə əvvəldən ayrılmamışdı. Filmə ilkin dövrdə 800 min manat, yəni 1 milyon dollar ayrılmışdı, yerdə qalan məbləğ isə filmin bütün ağır çəkiliş prosesi bitəndən sonra ayrıldı, haradasa montaj dövründə. Yəni o məbləğ artıq film üçün çox az iş görə bildi. Film kollektiv iş prosesi nəticəsində ərsəyə gəlir, bunun üçün mütləq normal büdcə olmalıdır. Yaxşı film almaq üçün yaxşı texnika, peşəkar işıqçı, qrim, kostyum, dekoratorlar, rəssam, musiqi, montaj, qrafika və s. Lazımdır. Hər şey yüksək səviyyəli olanda yaxşı film çəkməmək günahdır. O ki qaldı "Cavad xan" filminə, mənə elə gəlir, bütün qüsurları ilə bir yerdə həmin filmdə yaradıcı heyətin və o cümlədən, rejissorun vermək istədiyi mesajlar var. Bu, həm mətnin özündən, ssenaridən gələn mesajdır, çünki bildiyiniz kimi, "Cavad xan" filminin ssenarisini Xalq şairi Sabir Rüstəmxanlı yazmışdı, həm  də konkret kadrlarla verilən mesajlar kifayət qədərdir. Üstəlik, atamın maraqlı bir fikri var idi, indi xatırladım: "Ola bilər ki, bu məsələ indiki dövrdə aktual olmasın, amma on ildən, on beş ildən sonra mütləq öz yerini alacaq, ona baxanda tam fərqli bir şey görəcəksiniz".

Hər şey öz yerini alacaq

- Bu fikirlə razıyam. Adi bir misal gətirim: uzun illər "Yeddi oğul istərəm" filminə baxarkən həmişə komsomol Bəxtiyara haqq qazandırmışam, amma yaşa dolduqdan, dünyanı dərk etdikdən sonra Gəray bəyin nə qədər haqlı olduğunu anladım. Eyni ilə "Axırıncı aşırım"dakı Kərbəlayi İsmayıl obrazına haqq qazandırdım. Yəni zamanla baxış rakursu dəyişir fikri ilə tam razıyam.

- O ki qaldı teatr tamaşalarında daha uğurlu olması fikrinə, bu barədə də onun tələbləri maraqlı idi. Deyirdi ki, rejissor mətn seçməkdə və rol bölgüsündə səhv edə bilməz. Məncə, bu gün teatrlarımızın ən ciddi problemlərindən biri əsər seçimidir. Bəzən dəxli olmayan mətnlər səhnəyə ayaq açır. Klassik, yaxud müasir əsər, fərq etmir, rejissor nə təqdim etmək istədiyini bilməlidir. Atamın son işlərindən biri Akademik Milli Teatrın səhnəsində quruluş verdiyi məşhur alman dramaturqu Fridrix Dürrenmattın "Yaşlı xanımın gəlişi" pyesidir. Bildiyiniz kimi, çox məşhur əsərdir, dünyanın əksər teatrlarında tamaşaya qoyulub və hətta bir neçə ekran həlli də var. Həmin tamaşaya siz də baxmısınız. Mən, demək olar ki, hər tamaşasına gedib baxıram. Bir dəfə zalda arxada orturmuşdum, məndən irəlidə iranlı teatrşünaslar vardı və onların reaksiyasını eşitdim: "Bu, Dürrenmatt deyil, nəsə başqa şeydir", - deyirdilər.

- Görürsən ki, mən də onu deyirəm, Rövşən Almuradlı teatr rejissoru kimi təqdim edə bildiyi möhtəşəmliyi filmlərində təkrarlaya bilmədi və bununla Azərbaycan teatrı itirdi. Kamal, teatr, kino problemləri haqqında uzun-uzadı danışa bilərik, amma bugünkü mövzumuz Rövşənin bir ata kimi, insan kimi portretini cızmaqdır. Quruluş verdiyi tamaşalardan, filmlərdən hansı ona daha doğma idi?

İşinə ayrı-seçkilik qoymurdu

- Mənə elə gəlir, hamısı ona doğma idi. Yəni mənə qalsa, onun hansısa işini digərindən fərqləndirdiyini görməmişəm. Amma şəxsən özüm "Yük" filmini digər işlərindən fərqli sevirəm. Hazırladığı tamaşalara qalanda: köhnə tamaşalar haqqında danışmağa yaşım çatmasa da, video yazısından gördüyüm üçün əminliklə deyə bilərəm, "Dəyirman" və "Yaşlı xanımın gəlişi" xüsusilə seçilir. 

- Rövşəni bir dost kimi, insan kimi xarakterizə etmək mənə asandır, çünki dəfələrlə Bakıda hansısa tamaşaya baxıb qayıdarkən bir yerdə yol yoldaşı olmuşuq, söhbət etmişik. İş elə gətirdi ki, Rövşən ssenari müəlliflərindən biri olduğum "Sonuncu fəsil" serialına çəkiləndə bir yerdə işlədik və onun uzun fasilədən sonra aktyor kimi işini gördüm. Yəni bütün bunlar möhtəşəmdir, bəs evdə, ailədə, doğmalarına münasibətdə necə idi?

Ən az diqqəti ailəsinə yetirib

- Əslinə qalsa, belə demək olar ki, bu illər ərzində ən az diqqəti ailəsinə yetirib. Bütün həyatını teatra, kinoya, ümumiyyətlə, sənətə həsr etmişdi. Teatrda işləyəndə yenə heç olmasa axşamlar üzünü görürdük, amma kino çəkilişləri vaxtı aylarla uzaq düşürdü bizdən və işini sevərək görürdü. Çox qohumcanlı idi, hər kəsin dərdinə şərik olmağa, nəsə bir ehtiyacı olana kömək etməyə, xeyirdən-şərdən qalmamağa çalışırdı.

Evin sonbeşiyi mənəm, iki böyük bacım var və hamımız onunla qürur duymuşuq, çünki mənim atam halal adam idi, həm sənətinə halal idi, həm də insan kimi bu sözləri onun haqqında deyə bilərəm. Məsləhət verməyi, yol göstərməyi xoşlayan adam idi və fikirlərini əsaslandırmağı sevərdi. Qətiyyən kinli adam deyildi. Olurdu bəzən evdə, ya da dostları arasında kiminləsə sözü düz gətirmirdi, əsəbləşirdi. İnsanıq da, olur belə şeylər, amma bir saat keçməmiş elə bil heç nə olmayıb, ümumiyyətlə, çox vaxt unudurdu söz-söhbətin səbəbini.

- Rövşənin ömrünün son gününü qəribə xatırlayıram. Ölümündən bir gün əvvəl şad xəbər eşitdik, uzun illərdən sonra ona quruluşçu rejissor kimi ssenari müəllifi olduğu yeni "Səs" adlı film verilmişdi və artıq kinostudiyada işləməsi üçün otaq da ayrılmışdı. Aperlin 2-də isə Qubaya, "Əsgərlər unudulanda ölür" filminin təqdimatına getmək üçün səhər evdən çıxmışdı. Kim yola salmışdı onu həmin səhər?

Baş tutmayan səfər və son...

- Həmişə yuxudan tez duran olmuşam, amma, nədənsə, o gün yatıb qalmışdım. Anam yola salmışdı onu. Evin yaxınlığında yer var, dostları Bakıdan gələcək, orada görüşəcək, sonra Qubaya yola düşəcəkdilər. Nədənsə, evdən vaxtından tez çıxıb, bəlkə də ürəyi sıxılırmış, kim bilir. Az sonra Gəray Əlibəyova zəng vurub ki, siz mənsiz gedin, nəsə özümü pis hiss edirəm. Gəray müəllim təkid edib ki, gələk, əvvəlcə həkimə dəyək, sonra Qubaya gedərik, razı olmayıb. Belə... Bir müddət sonra Gəray əmi mənə zəng vurdu və "Atan necədir?" soruşdu. Elə bildim zarafat edir. Dedim onu səndən soruşmaq lazımdır, bir yerdə deyilsiz? Məsələni izah elədi və tez mobil telefonunu yığdım, cavab verən olmadı. Həyətə düşüb ətrafa göz gəzdirdim. Təcili yardıma zəng vurdum, anamla bir yerdə Təcili Tibbi Yardım Xəstəxanasına getdik. Yolda artıq anamın ürəyinə dammışdı. Göz yaşı içində dedi: "Kamal, atan daha yoxdur". Xəstəxanaya çatdıq və ömrümün ən ağır anını yaşadım. Sonra ilk özünü xəstəxanaya çatdıranlardan biri siz olduz. Hətta təcili yardım maşınına mindirəndə qolundan tutub kömək etmək istəyiblər, razı olmayıb, özü minib maşına, amma sonra halı lap pisləşib və maşındaca keçinib.

Beləcə,  arzuları, planları, ideyaları ilə bir yerdə bizi tərk edib getdi... Ən böyük arzusu ssenarisini Arif Əliyevlə bir yerdə yazdığı sənət müəllimi Adil İsgəndərov haqqında film çəkmək idi, o da qismət olmadı...

P.S. Beləcə, dostum, qonşum rejissor Rövşən Almuradlının ciyərparası Kamalla söhbətimi başa vurub ondan ayrıldım. Amma ürəyimdə bir işıq yandı, şükür ki, Rövşən özündən sonra dəyərli bir ailə, gözəl, tərbiyəli, vətənsevər övladlar, dostlarının qəlbində unudulmaz xatirələr qoyub gedib və kim bilir, bəlkə də, lap tezliklə baba Rövşən Almuradlı nəvə Rövşən kimi yenidən öz doğmalarına qovuşacaq və babasının yarıda qalmış arzularına işıq salacaq. Əlvida, dostum! Ruhun şad olsun, qardaşım!

Söhbətləşdi: Əyyub Qiyas

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!