#EvdəQal kampaniyası çərçivəsində Şota İataşvili öz şeirini oxudu - VİDEO

 

#EvdəQal  kampaniyası çərçivəsində Bədii Tərcümə Mərkəzi və  “Ədəbiyat qəzeti”nin  Real TV-nin dəstəyi ilə  təqdim ediyi “Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar!”  layihəsi davam edir. Bu dəfə gürcü şairi Şota İataşvili öz şerini  oxudu  və azərbaycanlı oxuculara müraciət etdi. Şota İataşvili çağdaş gürcü ədəbiyyatının sevilən və dünyada ən tanınan imzalarındandır. 1966-cı ildə anadan olub. Əsərləri bir çox dillərə, həmçinin Azərbaycan dilinə tərcümə edilib.

Təqdim olunan şeiri Səlim Babullaoğlu çevirib.

Şota İataşvilinin şeiri və müraciəti

Ev

Budur  o !

Budur ev !

Budur  mənim evim !

Yerkürəsitək kiçik,

tufan kimi lal-dinməz,

pepsi-kola tək gərəkli..!

 

Budur o !

Budur  ev  !

Budur mənim evim!

Qış paltarı tək isti,

ərik  kimi şipşirin,

ipək kimi dözümlü!

 

Budur o !

Budur  ev  !

Budur  bizim evimiz !

Yağışdan sonrakı havatək aydın,

ürək döyüntüsütək rahat,

payız bağçası tək həyat dolu

 

Budur o !

Budur  ev !

Budur  bizim evimiz !

Dişsiz çəngəllər kimi,

axsaq divarlar kimi

divarda dost şəklitək!

 

 

Budur o !

Budur  ev !

Budur  bizim evimiz !

Bax, açaram qapını...

“Bəlkə siqaret çəkək ?”

“Dikkisondan danışıb

əncir mürəbbəsiylə

çay içək, likör içək?”

“Bir az Tsoyu dinləyək,

bir az da özümüzü-

rəqs eləyək sənlə mən,

həm də öz özümüzlə…?!”

Küçə eyvandan baxsan
daha sakitdi məncə,
pıçıldaşır ikisi,
pıçıldaşır lampalar,
həmçinin oyuncaqlar
pianonun üstündə.

Budur o !

Budur  ev !

Budur  bizim evimiz-
lalə kimi göz yoran,
fəvvarə tək atlanan,
eşqimiz tək buludsuz.
 

Budur o !

Budur  ev !

Budur  bizim evimiz-
o ev ki, biz tikmədik.

Salam əziz azərbaycanlılar. Mən gürcü şairi Şota İataşviliyəm.  Sizi çox sevirəm. Dəfələrlə Azərbaycanda olmuşam.  Şeirlərimi Azərbaycan dilinə də çeviriblər. Bakıda kitabım da nəşr olunub. Əgər insanın evi varsa-bu artıq xoşbəxtlikdir, bu yaxşıdır. Sən düşməndən gizlənə bilərsən, sən virusdan  da  qoruna bilərsən. Məhz bu gün bu baş verir.  Bütün bu işlər bitəndən sonra küçəyə çıxıb qucaqlaşa bilməniz üçün mən indi sizin hamınıza arzu edirəm ki, öz gözəl evlərinizdə bu virusdan yaxşı qorunasınız.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!