Dərələyəz... - Vahid ƏZİZ

 

Poema

1997-ci il dekabrın 23-də SSRİ

Nazirlər Soveti "Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in

Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında"

Qərar qəbul etdi.

Bununla da Azərbaycan torpaqlarının daha geniş miqyasda

zəbt olunmasının əsası qoyuldu.

 

Proloq

Hələ də dünyanın açılmış rəngi,

kimimiz didərgin, kimimiz qaçaq,

tarixin elə sərt qatları var ki,

Hələ də gücümüz çatmır ki, açaq...

 

Nisgil

Gah qurşuna tutulardıq, gah topa,

aman Allah, dağılaydı o yollar!

Bilirdik ki, yoxa çıxıb bir oba -

dolu gedib, boş gələndə vaqonlar.

 

Biz əriyir, qarı düşmən şişirdi;

Vətən oldu canlar satan bir bazar,

Hər "dığaya" beş həmyerlim düşürdü,

Hər bir "xaçın" kölgəsində beş məzar.

 

O illərin girovuyuq hələ də,

içimizdə qorxu məskən salırdı,

Azərbaycan boşalırdı get-gedə,

Azərbaycan yaman günə qalırdı!

 

"Xalq düşməni" damğasıyla gedənin

qorxa-qorxa dalınca su atmışıq,

can şirindi, satqın olan neynəsin?

Neçəsini biz özümüz satmışıq.

 

Neçə-neçə ağlar gözlər kor oldu,

"37" evimizi yıxırdı,

"37" bir əzazil tor oldu,

düşmən məkri bizdən hayıf çıxırdı...

 

Kənd adamları

Bu, bir gerçək idi, bir həqiqət;

"birevli" kimiydi kənd adamları,

əzab, iztirablar, aclıq, səfalət

etmiş bir-birinə bənd adamları.

 

Çəmən, örüşümüz, naxırımız bir,

Hamı bir-birinə gözətçi idi,

"əyri işlərimiz","paxırımız" bir,

Hər kəs doğru yola bələdçi idi.

 

Əsgərdən gələndə igid oğlanlar,

"yadelli gəlinə" gözlər dolurdu,

kökdən bir-birinə qohum olanlar

qayıdıb təzədən qohum olurdu.

 

Hər kəs əl tutardı kasıba, aca,

qapılar açardı un dolu kisə,

tüstüsüz qalanda bir evdə baca -

mütləq baş çəkməyə gələrdi kimsə!

 

İlin hər fəslində - payızda, yazda

cana yığılardıq yağmur selinnən,        

yarlı-yaraşıqlı toylarımızda

tərpənmək olmurdu aşıq əlinnən.

 

Yolları qoşaydı dərdlə-gülüşün,

qəmi üstələyib sevinc gələrdi,

hər kimin ölüsü düşürsə-düşsün,

hamı doğmasını ölmüş bilərdi;

 

...eh, harda qeyb oldu o gözəl illər?

dövran insanları dağıdır-bölür,

get-gedə yetişir cılız nəsillər,

analar övladdan xəbərsiz ölür.

 

Sevənlər qəlbində sevər gizlicə,

atəşdə yanantək sayaqlayardı,

varlı düyünləri "qırx gün, qırx gecə",

kasıblar o qədər yas saxlayardı.

 

Haqqı var küsməyə Vahid ƏZİZdən,

nadanlar məni də dönük sanırlar,

bunlar bir xatirə Dərələyəzdən,

gavurlar tərəfdən ayaqlandılar.

Atam

Yenicə bitmişdi Dünya savaşı,

qanlı yaralarda qaysaq solurdu,

amma ki, qurumur gözlərin yaşı,

adamlar ömürlük bədbəxt olurdu.

 

Qədim - "Nerher" adlı gözəl kəndimiz

bir tale yaşadı, sonu uğursuz,

amma nə gizlədim; bizim evimiz

nə çörəksiz qaldı, nə də ki, susuz.

 

Atam o zamanlar cavan bir oğlan

vəzifə tutmuşdu uca, zəhmli,

həm də ki, kübardı ata-anadan,

həm "tərs damarlıydı", həm də rəhmli.

 

Salamat qalanlar dönürdü bir-bir,

"Qara kağızlılar" saçın yolurdu,

"şikəst","salamat" da qayıdıb gəlir,

"Döyüş atları" da təxsis olurdu.

 

Dariko

...Qatar töyşüyərək bitirdi yolu,

məncə, payız fəsli, son bahar idi,

yaralı vaqonlar atlarla dolu;

atlar müharibə  atları idi".

 

Hər kəs bir tərəfə o "əsgərləri",

tutub yəhərlədi, çəkib apardı,

atlar düşər-düşməz cumur irəli,

inana bilmirdi - "Savaş qurtardı!".

 

Atlar ən vüqarlı, igid canlılar,

tərkində neçəsi qəhrəman olub!

"dəliqanlıları" - dəliqanlılar

"soyuqqanlıların" əlindən alıb.

Həmin "dəliqanlı" Dariko idi,

keçib haralardan, gör, hara gəlib?

yeganə yəhərli olan o idi,

dedilər: "yəhərdə General ölüb".

 

Gözəl, boy-buxunlu, yar-yaraşıqlı,

Dariko dövrəyə həmən alındı,

Bilinmir - nə kəsdi zabitin ağlı, -

Dariko atama təhvil olundu.

 

Hər kəs yetə bilməz atla murada,

heyranı olmuşdum ipək yalının,

qamçı endirməzdi atam o, ata -

xiffətin çəkəndə Generalının.

 

Dariko qəribə bir köhlən idi;

çıxmır xəyalımdan bu günə qədər,

o, əsl savaşlar igidi idi -

çapıb getmişdilər Berlinə qədər.

 

Hərdən dərdləşərdik atla gizlicə,

atlar da dil açar yaxşı baxanda,

şahidi olmuşdu Reyxstaqın üstə

Azəri övladı Bayraq asanda.

 

Açdı dəftərini xatirələrin;

danışıb-dindikcə doldu gözləri,

Dariko görmüşdü rus zabitinin

gülləylə vuranda igid əsgəri1.

1 - "Reyxstaqın üzərinə ilk Qələbə bayrağını Qərbi Azərbaycanın  Vedi rayonundan olan Mirzə Hüseynov ucaldıb. Onun taqımında xidmət edən Şahbaz Quliyev şahidlik edir ki, "Bayrağı asdıqdan sonra "Pobeda!" sözünü deyə bilən Mirzəni bir rus zabiti güllə ilə vurub".

Bax: Qaraş Mədətov "Azərbaycan SSR 1941-1945-ci illər müharibəsində. (Səhifə 323).

Dariko biznəndi hər gecə, hər gün,

ömürlük ağlıma yazdım adını,

bəlkə, o, igidi gördüyü üçün,

aldı yəhərinə Türk övladını!

***

Ağır döyüşlərdən gələn atların,

çoxunu dərədə, yalda atdılar,

amma o yerlərin çox madyanları

bizim Darikodan döllər tutdular.

 

Onun yaşantısı - əsgər həyatı,

dözümü-dövrana iradı olub,

bəlkə Darikonun ulu əcdadı

bizim Koroğlunun Qıratı olub?

***

...Axır ki, bizi də perik saldılar;

son görüş çox ağır bir görüş oldu,

yetim uşaq kimi köhlən ağladı,

zəhmli atamın gözləri doldu.

 

Aradan bir xeyli zaman ötüşür,

bəlkə də, indiyə daha qalmayıb,

arada söz gəzir, söhbəti düşür -

Dariko heç kəsin atı olmayıb...

Aqibət

 

O ağır illərdən salamat çıxan

insan da, atlar da qırılıb gedir,

bu həyat birini zabit, komandan,

çoxunu; sadəcə, "sıravi" edir.

 

Döyüşə gedəndə vədlər olunur,

bəzən unudulur, o da verilmir,

niyə suvarisi "Qəhrəman" olur,

atlara - "Qəhrəman" adı verilmir?

 

Döyüş atlarının çoxu yaralı,

ömrün yaşayırdı sızıltılarla,

keçmiş - gözlərimdə ağlı-qaralı,

hərdən qamaşdırar parıltılarla.

Haqları əlindən alınan atlar

At qaldı Herherdə, biz Qarabağda,

nə yaddan çıxardır, nə unudurduq,

gedib-gələnlərdən, imkan olanda,

atın taleyindən xəbər tuturduq.

 

Bir vaxt yəhərində parlaq ulduzu,

(dünyaya nə deyim? - sınıq təkərmiş!)

cütə qoşurmuşlar Darikomuzu,

odun daşıyırmış, kotan çəkirmiş.

 

Hardasan, General, ruhun şad olsun,

Reyxstaqı - döyüşüb alan General,

Vətənin çörəyi halalın olsun,

savaşda Qələbə çalan General.

 

Arada o qədər haqqı-say itib,

ölürük, Qarabağ geri alınmır,

Dariko səninlə Berlinə gedib,

indi - dinc həyatda saya salınmır!

 

Gərəkdir boşaldıb qəlbimi deyəm,

üzünə çırparaq çox adamların;

önündə mərdliklə mən baş əyirəm

torpaq itirməklə olanlar deyil,

Qələbə gətirən Generalların!

 

Qəlbimdə hələ də qəribə sevgi,

hanı Darikolu bəxtəvər illər?

tərkinə heç kəsi mindirməyib ki,

torpaq şumlatdırıb, vəl çəkdiriblər!

 

Sınıb çox ümidlər - qollar, qanadlar,

sünnət olunaraq dillər qısalır,

haqları əlindən alınan atlar

haqsız olanları yəhərdən salır!

 

Xəyanət!

Xəstəliklər, bəlalar -

dərdi dərdə qoşdular

bizlərdən olmayanlar

bizlərdə baş oldular.

 

Arada ləkəli "İki Yüzillik",

yeni dərsliklər də saxtakar oldu,

talandıq, qovulduq, sındıq, əzildik...

beləcə "İrəvan" - "Yerevan" oldu.

 

Gözümüz o qədər qorxub ki, çoxdan

ifşa eləmirdik bu yalanları,

gətirib yığdılar evlərimizə

"Suriya ermənisi - Qaxtaqanları!".

 

Hanı miras qalmış Şah Xətaidən?

hayıf, qanlarınız batdı, Qacarlar!

Xaçpərəst padşahlar Türklərə düşmən,

didərgin saldılar millətçi çarlar!

 

Arada ləkəli iki Yüzillik;

qurbanlar veririk, qanlar uduruq,

bilin, Azadlığı itirəcəyik

keçsə boynumuza o boyunduruq.

 

Heç kəsə bir daha ümid olmayaq -

Azadlıq yolumuz bu yoldur ancaq,

bilin, o qoltuğa bir də sığınsaq

qanlı "37" təkrar olacaq!

 

Soyumuz, suyumuz

Yaylağa çəkirdi bahar ayları,

yabanı kolların tikanı qalın,

yaman ağır idi dağ dolayları,

atlar nallı idi, mən ayaqyalın.

 

Uca zirvələrdə qartal yuvası,

dərə sakinləri - çöl heyvanları,

heç zaman görmədim bədbin, vasvası

çeşmədən su içib yaşayanları.

 

Xeyli illər ötüb-keçdi aradan,

bir dəfə Bakıda bərk xəstələndim,

həkim biləndə ki, haralardanam,

söylədi: "Suyuna görə ölmədin".

 

A yurdum, havana, suyuna qurban,

ölmədim, havanla, suyun saxladı,

gözəl Türk elləri, soyuna qurban -

Cənublu, Şimallı, Ulu dağlıdı.

 

Çaylara getməkdə şır-şır bulaqlar,

nəfəsi ürəkdə, təpəri dizdə,

zorlasa - bir fili basıb aparar -

bulaqlar varıydı Dərələyəzdə.

 

Keçərdi yanından şaqşaq yallılar,

üstündə lalələr qızıl qan kimi,

bulaqlar dəyirmən fırladardılar

dağları oynadan pəhləvan kimi.

 

Sonrakı nəsillər cılız doğulub,

zamanla çox şeyin ləzzəti itmiş.

Deyirlər: "Soyumda bir Cəfər olub,

öküzü çiyninə alıb gedirmiş".

 

O vaxt yazı-pozu və dəftər-kitab

Hardan, nə gəzirdi indiki kimi?

Tarixi yaşadan - sədəfli rübab,

bir də aşıqlarla, sazların simi!

 

Yoxmuş kargüzarın ustad aşığın,

Yanında - dəmkeşi bir balabançı,

indiki "kompüter" bacarmadığın,

ortaya qoyurmuş adi Qaraçı!

 

Deyirəm, adamın imkanı ola,

təmiz beyinləri geri qaytara,

cavab tapmaq üçün adi suala -

nəvəm möhtac olur "kalkulyatora".

 

Aləm hey savaşda, hey vurhavurda,

indiki dövranım - qəribə dövran,

görənlər deyirlər: ""İnkubatorda"

xoruzlar banlayır yumurtasınnan".

 

İndi, daha yeni bir bəla gəlib,

Bu - Tanrı görküdür bəd insanlara,

halal həyatını haram eyləyib,

Məkkədə Şeytana daş atanlara...

 

Köç

Bu da "Arazdəyən", upuzun qatar,

millət daşıyacaq - Yurddan didərgin,

Moskvada "daşnakın" Mikoyanı var,

üstəlik, minlərdə vicdanı çirkin!

 

 

Gözəl Dərələyəz, Göyçə, Zəngəzur

didərgin salındı yurd-yuvasından,

gücümüz çatmadı, məkrli gavur

iznini almışdı Moskvasından!

 

Qatarlar gəlmədən, qış aylarında

didərgin saldılar bizim elləri;

"Gecə Dəlidağın dolaylarında

çovğuna düşdülər" - gəldi xəbəri.

 

Əzablar çəkdikcə bəlalı xalqım

düşmənlər kef çəkib qaqqıldayırdı,

buzlardan dartdıqca qız-gəlinlərin

hörüyü şimşəktək şaqqıldayırdı!

 

Bu cür perik düşüb el-obamızdan

qırılan biz olduq, yanan biz olduq,

yadlar məskən saldı torpağımızda,

sabaha ümidi sınan biz olduq!

 

Halal duz-çörəkli evlərimizdə

eh, o qədərimiz kama yetmədi!

bircə nəfər belə, Dərələyəzdə

erməni qızını gəlin etmədi!

 

Nə cür dəyişdisə bu dövran, əyyam,

adamlar harama tamah saldılar,

nədən buralarda (çətin anlayam)

çoxları "Haxçiyi" matah saydılar?

 

Arpa çayımızın suları qırçın

Arpa çayımızın suları qırçın,

payızda durulur, yazda bulanır,

Quzey tərəfində ulu Kəlbəcər,

Güneyə baxanda Şərur dayanır.

 

Böyüklər bu yerdə silahlı, atlı,

ağıllı uşaqlar dərs oxuyurdu,

hər zaman buğlanan, toylu-büsatlı,

"Səfolar" adlanan İstisuyuydu.

 

Gözəl xalqımızın Tanrı payına

yaman sahib çıxdı o yadellilər,

qatıb Kəlbəcərin İstisuyuna,

qapqara dondurub - "Çermuk" deyiblər.

 

Qədim Dərələyəz - böyük bir mahal,

sayı bir neçə yüz kənd, parakənddi,

suyu mərcan kimi, çörəyi halal,

insanı  zəhmətkeş, əkib-biçəndi!

 

Dağların özütək çəkisi vardı,

tüstüsü göydələn, çəməni dizdən,

hər kəs uşağa da sayqı duyardı,

deyəndə "Gəlmişəm Dərələyəzdən".

           

Elə şirin idin, a körpəliyim,

gizli, aram-aram çıxıb gedirdin,

daha Herherimi nə tərifləyim?

Elə - nə olduğun mənnən götürün!

 

Kəndin bir tərəfi - biz, kəngərlilər,

o biri başında - "Qazağ uşağı",

Kürdlər məhləsində Culdan gəlmələr,

həyət-bacaları bağlı-bağatlı,

 

Nə - "mənəm-mənəmlik", nə "özgə", filan?!

bədlər çözülərdi öz aramızda,

qədəmlər sınırdı hərdən yallıdan,

"Qazağ uşağıynan" toylarımızda.

 

Olmazdı, yox idi hasar arada,

hamı bir-birinin halın bilərdi,

qaraqaş, qaragöz kürd qızlarından

xeylisi Kəngərli gəlinləriydi.

 

Tutmaz beş-on kitab hamıdan yazsam,

hərdən xatirələr ağlımı alır,

o uzaq illərdə uşaq da olsam,

xeyli kənd adları ağlımda qalır.

 

Sevimli Herherim ata ocağım,

anam gəlin gəldi "Gülü düzünnən",

öpüb sevə-sevə qucaqladığım

doymaqmı olurdu Xatın nənəmnən?

 

Bir babam sürülü, qəflə-qatarlı,

o biri babamın kotanı, cütü,

demirəm, adamın hamısı varlı,

amma ki, görmədim yoxsulu, "lütü"!

 

Yadıma salıram şam işığında,

kövrələ-kövrələ yada salıram,

çiçək dərdiyimi "Leyliqaçanda",

küləkli Köşbəyi xatırlayıram.

 

Burda bütün ili, gecəbəgündüz

yorulmaq bilmədən külək əsərdi,

burdan "Savalanla" dursan üzbəüz,

hardansa qəribə isti gələrdi,

 

Bir dağ da varıydı kənddən aralı -

içi boş, adı da "Tələsdəlikdi",

Toylar yaxınında tutmazdı yallı,

tez-tez getdiyimiz ağır Piridi.

 

Enək Qabaqlıdan üzü yenişə,

göstərim-bu-Zeytə, bu-Gabud, Ağkənd,

Terpin bir yanının yarısı meşə,

yarısı, beş-on ev xırdapara kənd.

 

Qovub yaddaşımdan çəni, dumanı,

Hərdən gah gülürəm, gah ağlayıram,

Aşıq Fətullanı, Aşıq Salmanı,

Sallılı Bəhməni xatırlayıram.

 

Qəbri nurla dolsun, Həsən Mirzə də,

mənimlə çox şeydə həmdərd olurdu,

hesab müəllimimiz Aşıq Mehdi də

yaxın vaxtlaradək hələ dururdu.

 

O yerlər, söylədim, Şərura yaxın,

Göyçədən bir xeyli aralı idi,

atam işlədiyi baş kəndin adı,

tarixi-qədimnən Paşalı idi.

 

Dərələyəz

Yaman ağladırsan yuxularımda,

necə gözəl idin, ay Dərələyəz,

Vətən məhəbbətli dastanlarımda

sənsən ən uğurlu "boy", Dərələyəz.

 

Misri qılınc kimi batar qəlbimə,

sənsiz övladınam -"Vəfasız" - demə,

tale qismət yaza, Əziz nəvəmə

Herherdə çaldıram toy, Dərələyəz.

Həsrətəm üzünə, gör bir nə vaxtdan?

Sənsən əcdadlarım qoynunda yatan,

mənim əlim çatmır, sən altdan-altdan

düşmənin gözünü oy, Dərələyəz.

 

Bilirəm; kimsəsiz, qəribsən-qərib,

umduğum barları özgələr dərib,

bacarsan, dövranla əl-ələ verib

hər şeyi yoluna qoy, Dərələyəz.

 

A başı qartallı, dumanlı dağlar,

bizlərdən əmanət səndə qalanlar!

səni, millətimə düşmən olanlar,

verdilər özgəyə pay, Dərələyəz.

 

Nə bilər qədrini biganə yadlar?

közlərin saxlarmı sönmüş ocaqlar?

basıb xəritəni uydurma adlar -

yazıb köhnələri yay, Dərələyəz.

 

Durnam, göyərçinim, qanlı köynəyim -

südəmər körpətək zərif, kövrəyim,

ərzi-yumruq boyda edən ürəyim

yaman qətibsəyib, oy, Dərələyəz.

 

Kimsə özbaşına gedərmi səndən?

Köç etdik, Qarabağ tutdu əlimdən,

bilmirəm, ayağım düşmədi, nədən? -

sənə elədilər tay, Dərələyəz!

 

Dözməz-qərib olsa insan Vətəndə!

bəlkə məzarlar da qalmır yerində?

Tutar ruhu qərar ölənin səndə,

məni də özündə say, Dərələyəz.

 

Niyə "Çərxi-Fələk" dönmür tərsinə?

Sönmüş bir kürəsən, dağılmış binə,

yanan ürəklərə dözəmmir sinə,

hələ də kəsilmir vay, Dərələyəz!

 

Tayın-bərabərin varmı Turanda?

bir paran dağlarda, biri - aranda,

gözlərim çəkilmir bütöy olanda -

səni əks eləyir Ay, Dərələyəz.

 

Aç bağlı qapını, təslimin olum,

bir qanlı kaman ol, mən simin olum,

günahkar bildinsə, Nəsimin olum;

qurbanam, dərimi soy, Dərələyəz...

 

Epiloq

Son dəfə görəndə ata evimi

divarlar yarımcan tavanı uçuq,

sənə, ay imansız gavur erməni,

o gözəl Herheri bu cür qoymuşuq?

 

Ara qarışannan bir qədər əvvəl

doğma el-obama saldım yolumu,

uçuq divarların əhatəsində

minlərlə yabanı qızılgül kolu!

 

Mənnən aralıda, indi uzaqda,

o güllü dərələr, o dağlar qalır,

mənimlə evimdə gülün bir kolu,

ləçəklər töküldü, budaqlar qalır.

 

Hələlik, yaxında görüşənədək,

ay Ata ocağım, anam-əzizim,

sənə söz verirəm mən ölənədək

yenidən qoynuna düşəcək izim!

 

Binəva həyatım erkən bitməsə,

sənə söz verirəm, gözəl Herherim,

(qoy, hələ tor çəksin orda hörümçək)

səndə ev tikməyə mən gəlməsəm də,

xırda nəvəm olan ƏZİZ gələcək...

1950-2020

Herher, Tərtər, Bakı

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!