#EvdəQal kampaniyası çərçivəsində Əli Əl Əmiri öz şeirini oxudu - VİDEO

 

#EvdəQal kampaniyası çərçivəsində Bədii Tərcümə Mərkəzi və  “Ədəbiyat qəzeti”nin  Real TV-nin dəstəyi ilə təqdim etdiyi  “Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar!”  layihəsi davam edir.

Bu gün fələstinli şair Əli Əl Əmiri öz şeirini oxudu. Əli Əl Əmiri Fələstinin və ərəb dünyasının tanınmış şairlərindən, eyni zamanda məşhur rəssamdır. Ərəb dünyasının “Publisher Weekly” nəşrinin redaktorudur. Əsərləri dünyanın bir çox dillərinə çevrilib. Ərəb Yazıçılar Təşkilatının, Fələstin Ədiblər Birliyinin üzvüdür.  Təqdim olunan şeiri İmamverdi Həmidov və Kamil Şərifov tərcümə ediblər.

Əli Əl Əmirinin şeiri və müraciəti

Löhvə

Bir aşiq uzun bir keçiddə bir mənzərə,
bir löhvə gördü.
Yüksəklərdə uçuşan quşların təsviri idi.
Aşiq keçiddə, kölgəsi divarda uzandığı zaman
əllərinin titrədiyini gördü-
sanki
könüllərdəki yasəmən ləçəyinə
qonmuş işıq damlasına bir işarə idi.
Və gecə
bərqərar olmuş sükuta bir ulduz atdı.
Məkan  yatdı...
Kamança da dünənin ağuşunda yatdı.
Səma uzun keçiddəki
bir oturacağa tərəf döndü.
Və örtüyünü əllərində quşlar yuva qurmuş
 aşiqin üzərinə saldı..

Azərbaycana salamlar.  Nizami Gəncəvinin vətəni  Azərbaycana poetik bir müracət idi bu.  Korona pandemiyasını təhlükəsiz şəkildə keçmək ümidi ilə hamınıza eşq olsun.  Əli Əl Əmiri.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!