Qar çiçəkləri... - Kəramət - şeirlər

Qar çiçəkləri

Sənə  çiçək almaq ağlıma gəlməz,

Gətirdim yurd boyda qar çiçəkləri.

Sırsıra- evlərin boyunbağısı,

Durub qar altında - yar çiçəkləyib.

 

De harda qalmısan? Gəlib çıxsana.

Xaraba ömrümü bir də yıxsana.

Qaraya ağ gəlib, gözüm, baxsana

Başdaşı - qar əlcək, gor çiçəkləyib.

 

O qədər dərd çəkdim, ölüm vız gəlir.

Yaza qış düşübdü, qışa yaz gəlir.

Böhtanda batmışam, sənə söz gəlir,

Ağ saça qar yağıb, qar çiçəkləyib.

 

Ölümünə tərk edilən adam

Gəmilər ölümünə tərk etdi,

Limanlarda qaldı

Salxım söyüd altında.

Qatarlar, təyyarələr getdi

Xoşbəxtcəsinə...

Onu ölümünə tərk etdilər.

 

Hamıya yüyürən

Hamıya qucaq adam,

Ocaq adam

Ölümünə tərk edildi.

 

Bütün bunlara rəğmən

Hayıf ki...

Bağışlayın,

Ölmədi

ölümünə tərk edilən adam.

 

Ölümünə atdılar, aldatdılar

Ölümünə vurdular, unutdular!

Sonra...

Özü-özünü satdı, aldatdı,

Yenə də ölmədi,

Bağışlayın,

Hayıf ki...

 

Çəkilmə

Məni məndən çəkdim,

Qoymadım ki,

            batam mən bataqlıqda -

Bir uşaq qocanı,

Bir qosqoca uşağı

Çəkib qurtardım, şükür.

 

Ayağımdan yolları,

Əlimdən əlləri çırpdım.

Ömrümü toz basmışdı,

Çıxardıb əynimdən yaşanmış ömrü

Çırpına-çırpına çırpdım.

 

Sağ əlim tək dəliqanlı,

Sol əlim kimi fağıram.

Həyata həyat içindən

Çox-çox uzaqdan baxıram

 

Çəkdim apardım özümü

Məclislərin duzu kimi.

“Dünya qumardı” deyirlər,

O pokerin tuzu kimi,

əyrisi-düzü kimi

Çəkdim apardım özümü.

 

Özümü özümdən çəkib apardım,

oğlumdan-qızımdan çəkib apardım -

mən sevdalı, sən bazarçı,

sözümü sözümdən çəkib apardım

özümü özümdən çəkib apardım.

Sonda nə...

Yerdən atılanı göy götürmədi,

Göydən nə yağdı ki, Yer bitirmədi?

Bu sirli dünyamız sirr götürmədi,

Əvvəl nöqtə, sonra sual, sonda nə?

 

Açılan düyündə min bir düyün var,

Bitən hər oyunda təzə oyun var.

Sanma ki, bir yerin, bircə Göyün var,

Əvvəl nöqtə, sonra sual, sonda nə?

 

Yer adlı nənnidə yellən, ha yellən,

Düşüb öz dalınca teylən, ha teylən.

Nəynən gəlmişdin, gedirsən nəynən -

Əvvəl nöqtə, sonra sual, sonda nə?

 

Tək adam ordu kimi

Ordu kimi tək adam...

Burada nə gəzirsən,

Hamı bazarlıq oldu.

Nadan tutub hər yanı

Kürək-kürəyə

Ürək-ürəyə durmağa,

Bircə adammı qaldı?

Qırılan qoşun sərkərdəsi!

Burada nə gəzirsən?

 

Bir addımlıq yolun yox,

Bir adamlıq çıxışın.

Pulun, əlin, dilin yox,

Axır özünə sığışdın

Özündən çıxıb getməyə

Halın yox.

 

Üzündən görünür ki,

Döyüşməkdən yorulmuş

Meydanda tək qalmısan

Ay ordusu qırılmış.

 

Birləşin, birləşin

Bütün ölkələrin istedadsızları,

birləşin!

Qarşınızda dayanıb

Ordu kimi tək adam,

Tək adam ordu kimi!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!