Sənət fəlsəfəsi... - İppolit Ten

Eyni adlı kitabdan parça

 

Sənətdə ideal

İdealdan danışan zaman ürəyin səsi ilə danışırsan. Düşüncələrin gözəl təəssüratlarla zənginləşir, bu xəyallar əlçatmaz bir hiss ilə özünü təzahür etməyə başlayır. İdealı heyrətlə təsvir edirlər, haqqında yüksək səslə fikir yürütməyə çalışırlar. Məhəbbətlə, duaya toxunurmuş kimi ehtiyatla toxunurlar.

Biz isə sənət nümunələrini adi şərhçilər, naturalistlər kimi, ümumi metodla analiz etməyə çalışacayıq. Öncə İdeal kəlməsini beynimizdə araşdıraq...

Onu qrammatik cəhətdən izah etmək elə də çətin deyil. İndi isə rənglərlə, bədii, rəssamlıq nöqteyi-nəzərindən aydınlaşdırmağa cəhd edək. Biz bilirik ki, istər rəsm, istəsə də bədii əsərlərdə yaradılan istənilən xarakter və obraz müəyyən ideya əsasında yaranır və ideala çevrilir. Beləliklə, əşyalar reallıqdan ideallığa addımlayır. Aktyor onu canlandıran zaman öz yaradıcı ideyasının süzgəcindən keçirərək özünəməxsus  idealını səhnələşdirmiş olur.

Bəzən idealların bir-birinə bənzədiyini düşünürük. Tiplər ədəbiyyatda -  xəsis, ata, aşiq kimi, rəssamlıqda isə Rafaelin mifoloji rəsmləri, Leonardo da Vinçinin, Mikelanjelonun yaratdıqları rəsmlər kimi təzahür edirlər.

Bəs yaradılan obrazlar arasında digərlərdən fərqlənən, müqayisədə xaraktercə fərqli olan, formaca diqqət çəkən ideallar varmı?

İlk baxışdan mövcud olmadığını düşünürsən. Amma tədqiqat nöqteyi-nəzərindən yanaşsaq, mövcudluğunu təyin edə bilərik. Əslində ideal ideyanın qanunlarına cavab verən bir nəsnədir. Rəssam belə öz zövqünə, düşüncələrinə uyğun obrazı canlandırır. Bu anda ona əks getməyin və onu obrazından imtinaya təhrik etməyin heç bir mənası olmur.

Müxtəlif əsrlərə, müxtəlif xalqlara diqqət yetirin; əslində hər bir rəssam, yazıçı eyni əşyaya, eyni hadisəyə öz baxış bucağından baxır. Hər biri eyni situasiyadan müxtəlif nəticələr çıxarır. Özünəməxsus obrazları, xarakterləri müşahidə edir. Və öz daxili ab-havasından qaynaqlanan əsərlər yaradır. Buna ideya deyilir.

Günlərin birində qalereyada gözəl biçimli, rəngarəngliklə əhatələnmiş obraz görürsən. Bu möhtəşəm ideya Olimpin yeni Allahı kimi görünür. Halbuki ondan öncə yeni bir Allaha ehtiyac olmadığı kimi düşünülürdü. Plavt, Evklionu səhnədə dilənçi günündə canlandırır. Molyer isə eyni obraza öz rənglərini və xarakteri əlavə edərək Qarpaqonu yaradır. Zəngin tacir obrazını təqdim edir. Zəngin tacir, zamanla daha da dəyişir,  Balzakın əlləri ilə o, qəddar, şöhrətpərəst Qrande ataya çevrilir. Şekspir isə obrazı Kral Lirə çevirməyi bacarır.

Bütün romanlar və teatr göstəriləri, pyeslər əslində müxtəlif biçimli obrazların timsalında bir-birini sevən gənc kişi və gənc qadını canlandırırlar. Hər iki qütb nikaha can atır. Müxtəlifliklərdə eynilik sezilməyə başlayır. Şekspirdən tutmuş Dikkensə qədər, Lafayetdən Jorj Sanda qədər bu belədir. Sevgililər, ata obrazı, böyük və balaca tiplər, güclü xarakterlər dəyişib və dəyişirlər. Gələcəkdə biz eyni obrazların müxtəlifliyini müşahidə edəcəyik.

Ədəbiyyat nümunələrində, evangelik və ya mifoloji tipli əsərlərdə  xarakterlər daha dayanıqlı, dərin görünür.

İndi isə təsvirlərə nəzər salaq: Rembrand və Veroneze… Hər ikisi üstünlük mübarizəsində bərabərdirlər. “Emmausk” rəsmində Veronezenin İsası yenicə dirlimiş kimi görünür. Saralmış bənizli, əzabkeş üz cizgiləri məzar soyuqluğunu hiss etmiş qəmgin gözləri və.s. O, masa arxasında təsvir olunur, zəngin evlərin birindədir. Yanında isə saçı seyrək, masa arxasında əyləşmiş iki şagirdi canlanır.

Digər (le Christ aux cent florins) “İsa yüz florinli ilə” və ya “İsa xəstələrə şəfa verir”  rəsmində Rembrant eyni hadisəyə öz baxışını sərgiləyir. İndi biz mənzərəni bir başqa xarakterlə müşahidə etmiş oluruq. Yoxsulların xilaskarı, Lazaret kasıblarının əhatəsində təsvir edilir. O, flomad zirzəmilərinin birindədir. Yoxsullar isə diz çökmüş vəziyyətdə ondan kömək diləyərək əllərini İsanın ətəklərinə toxundururlar. Diz çökmüş yoxsul, ac, yazıq baxışlarını xilaskardan çəkmir. İsa xəstələrin, yazıqların arasındadır. O, şəfa verən əllərini yana açıb. Ətrafında nur çəkilib və bu işıq divarlarda belə əks olunur. Rəssam qaranlıq, nəmli, yazıqlarla əhatələnmiş zirzəmidə, ətrafa yayılan nuru, işığı aydınlığa çıxarmış kimi qabardıb.

Bəs Rafaelin “Parnas”ı nə deyir? Bu əsər incəsənətə həsr olunub. Rəsmdə Parnas dağı çəkilib. Təsvirdə Appalon və ətrafında muzalar, o dövrün ədəbiyyatçıları, şairlər rəsm edilib. Homerdən tutmuş Vergiliyaya, Safo və Petrorkiyə qədər, həmçinin Rafaelin müasirləri rəsmdə öz mövqelərində çəkiliblər.

Rubens də eyni rəsmi əks xarakterlərlə çəkməyə cəhd etmişdi. Şübhəsiz, onun mifoloji rəsmləri antik mənzərəni daha canlı çatdırır.

Biz sonsuzluğa qədər əsərlərdən nümunələr gətirərək onları izah edə bilərik. Verilmiş nümunələrdən hansı daha üstündür? Hansı xarakter daha yüksəkdir? Dəbdəbəlikdən doğan xoşbəxtlik, faciəvi, tragik simpatiya, yoxsa fəxr olunası energetika?

Bütün bunlar insan şüurunun, insan təbiətinin an nəticəsində gerçəkliyə çevrilməsindən yaranır. Xoşbəxtlik və bədbəxtlik, aydın ağıl, yaradıcı güc, yaradıcı həssaslıq, narahat beynin uçuşu, heyvani sevincin gəzişmələri, bunlar hamısı yaradıcı insanın xarakterinin hissələridir və çox qiymətlidir.

İnsan təxəyyülü möhtəşəmlikləri yaratmaq iqtidarındadır. Məhz bu sənətlə məşğul olan kəslərin yaradıcılıq nümunələrində möhtəşəmlik dirilik qazanır. Əslində yaradılanlar, bədii əsərlər, rəsmlər, formalar və üslublar  xarakter, təxəyyül, temperament, şəxsi keyfiyyət göstəriciləridir.

Təsəvvürünüzə gətirin ki, müasir yazıçı Şekspirin üslubunu götürür, Şekspir isə həmin yazıçının. Bu vaxt gülməli nəticə ortaya çıxar. Çünki XVII əsrin üslubu ilə, yeni dövrün üslubu eyni deyil. Məsələn, XVI əsrin frazası daha lirik, daha cəsarətlidir və bu üslub mədəni şəxslər tərəfindən fransız qəhrəmanlarının yaradılması üçün yetərlidir.

Ümumiyyətlə, istənilən sənət iki ifadədə izah oluna bilər: iddialı olmaq və fikrini cəmləşdirə bilmək. Bu qanunauyğunluğun nəticəsində ədəbi nümunələri təyin etmək mümkündür.

Bütün ədəbiyyat epoxalarının başlanğıcında, biz qaralamaların şahidi oluruq. O zaman sənət çağa kimi zəif olur. Effektlər də pisdir. Bütün bunlar yazıçının cahilliyindən, anlamazlığından qaynaqlanır. Yaradıcılıq maneraları, böyük obrazlar yazıçının daxilinə çökmüş vəziyyətdə olur. Üzə çıxmaq üçün təcrübə və istedad çatmır. İstedadlı insanlar isə yazmağın texnikasına bələd deyillər, süjetləri qurmağı bacarmırlar, ədəbi vasitələrdən istifadə edə bilmirlər. Ümumilikdə, bu vasitələr yoxdur. Orta çağ fransız ədəbiyyatında hökm sürən mənzərə kimi. Rolland haqqında nəğmələri dinlədikcə, Reno de Montobana, Ojye Datçaninanı oxuduqca, elə ilk baxışdan Orta əsr ədəbiyyat havasının necə olmasını sezmək mümkün olur. Bu dövrün yaradıcı insanlarının özünəməxsus yüksək hissləri var idi. Xaç yürüşləri, baronların qürurlu azadlıqları, vassalların etibarlılığı, hərbiçi-bahadır baxışı öz əksini ədəbiyyatda göstərməyə çalışsa da, yaradılan obrazlar və xarakterlər Homer qəhrəmanlarını xatırladır. Onlar bu gözəlliyi hiss edə bilirdilər, amma yazıya almaqda, ishar etməkdə çətinlik çəkirdilər.

Misal olaraq Truveri göstərək. O, fransız idi. Elə bir mühitdə və tayfa daxilində böyümüşdü ki, burada ruhi manapoliya bütün hisslərin üzərindən xətt çəkərək öz əsarəti altında saxlayırdı. Onun yaradıcılığı quru və hissizdir. Hətta Antik dövrün Homeri kimi, Qədim Yunanıstanın ədəbiyyat mütəfəkkirlərinin əsərləri monotonluğunda maraqlı ola bilmir. Hekayələri cansıxıcıdır. Təkrarlara az qala hər cümlədə rast gəlinir. O, əsərinin süjetini cilovlaya bilmir. Səhnələrini genişləndirmək qabiliyyətindən məhrumdur. Heç kimə maraqlı deyil. Bu yazıçı yalnız o dövrü xarakterizə etmək və yazıçıların adını sadalamaqdan ötrü antikvariatlara lazımdır.

İngilis dramaturqu Marlo - həqiqətən dahidir. Şekspirlə müqayisə olunmağa layiqdir. O, cəmiyyət ehtiraslarının canlılığını hiss edəcək, canlı ədəbiyyat nümunələrini yarada biləcək və onları yazıya gətirəcək qədər istedadlıdır. Amma Marlo yazıda söhbət aparmaqda, hadisələri rəngarəng etməkdə, bir-birinə zidd xarakterləri yaratmaqda acizdir. Onun sevimli fəndi - davamlı öldürmə və sükutla əhatələnmiş ölüm səhnələridir. Sanki natamam əsərin yeni qələmə ehtiyacı var.

Biz ədəbiyyatı araşdırdıqca qeyri-müəyyənlikləri təyin etmiş oluruq. Yuxarıda sadalanan ədəbiyyatın sonu tənəzzüllə yekunlaşır. Sənət eybəcərləşir. Zəif sənət hissləri  korşalmış insanların daxili aləmlərinə ziyan yetirməyə başlayır.

Poetik dili təyin etmək çətin deyil. Ən zəif yazar belə cümlə qurmağı, sözü söz ardından gətirməyi bacarır.

Dahi sənət yaradıcılarının, düşüncə insanlarının yaratdıqları dahiyanə əsərlər bəzən yeni dövr yazarlarının beyinlərinə təsir etməyi bacarmır. Belə olduqda sənətin enişi hiss olunur. Onlar ötürülərək düşüncələrdə canlılıq qazanırlar. Əvəzində isə yeniləri yarana bilmir. Yeni ruhun insanları ötürülmüş ədəbiyyat nümunələrini yeniləməklə, yeni ideyalar gətirməklə zədələyə də bilirlər. Yunan teatrının Evripid dönəminin durumu, Volter dönəminin durumu bu mənzərəyə misal ola bilər. Zahiri forma əvvəlki kimi idi, ruhu isə dəyişilmişdi. Evripid bütün keçmiş formanı saxlayır - xor, şerin ölçüləri, qəhrəmanlar, Esxil və Sofoklun allahları… Amma qəhrəmanlara hüquqşünasların, sofistlərin nitqini verir. Daxili günah hissini, zəifliklərini üzə çıxarmağı bacarır.

Volter isə Rasin və Kornelyanın şah və şahzadələrini, yuxularını, hecalarını, cəngavər məhəbbətlərini saxlayaraq, öz düyün nöqtəsini əlavə edir. O, obrazları fəlsəfi, humanitar nitq ilə dilləndirir. Amma bu novatorluq və düşüncə zamana uyğun olmur, yersiz görünür. Əlbəttə, qədimlik yeni surət qazanmaq istəyir, amma yeni fikirlər keçmişə hesablanmış qəhrəmanlarda uyğun görünə bilmir. Volterdə hökmdarlar maarif carçılarına çevrilərək ensiklopediya daşıyıcılarına, Evripiddə isə qəhrəmanlar ritora məktəblərinin məzunu kimi görünürlər. Bu maska, həqiqi surətləri üzə çıxarmaqda acizdir. Surətlər görünmür, xarakterlər açıla bilmir. Oxucu sona qədər yazıçını izləmək istəmir, ondan imtina edərək daha canlı, bütün hadisələrə uyğunluqla cavab verən, eyni effektə hesablanmış obrazlar axtarışına çıxır.

Biz bu axtarışlarla maraqlı, diqqət çəkən əsərləri ədəbiyyat epoxalarının mərkəzində  tapmış oluruq... Yeni sənətin cücərtisini hiss edirik. Bundan öncə bu sənət bələkdəki çağa vəziyyətində idi və inkişafla məşğul olurdu, indi isə pöhrə vermiş vəziyyətdə canlanmağa başlayır.

Rus dilindən tərcümə etdi: Günel EYVAZLI

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!