#EvdəQal kampaniyası çərçivəsində Sergey Qlovyuk öz şeirini oxudu - VİDEO

 

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə “Ədəbiyyat qəzeti"nin, Azərbaycan Dövlət Televizya və Radiosunun dəstəyi ilə birgə gerçəkləşdirdikləri #EvdəQal -  “Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar!” layihəsinin ikinci günü  rusiyalı şair Sergey Qlovyuk öz şeirini oxudu və  Azərbaycan tamaşaçısına müraciət etdi.

QEYD:
Sergey Qlovyuk 1958-ci ildə anadan olub. Maksim Qorki adına Ədəbiyyat İnstitutunun məzunudur. Şeirləri mütəmadi olaraq “Literaturnaya qazeta”, “Moskva”, “Yunost” və Rusiyanın  başqa məşhur mətbu orqanlarda çap olunub. “Bir içimlik” , “Dönüş nöqtəsi”, “Qədim sikkə” şeir kitablarının müəllifidir. Bir çox rus və əcnəbi ədəbiyyat mükafatlarına layiq görülüb.

Rusiya Yazıçılar Birliyinin üzvü, Makedoniya, Serbiya və Çernoqoriya yazıçılar birliklərinin fəxri üzvüdür.

Hal-hazırda, “Əsrdən əsrə. Ədəbi əməkdaşlıqlar” almanaxının redaktorudur. Moskvada yaşayıb yaradır. Şeirləri Azərbaycan dilinə tərcümə edilib.

Sergey Qovyukun  şeirini və qısa müraciətini Səlim Babullaoğlunun tərcüməsində təqdim edirik.

Gün işığı  istəyirəm...

Dönüklükdən üz döndərib vaz keçirəm
Əfvin üçün bağışlanma diləyirəm.
Yaşılımtıl tumurcuq tək bahar vaxtı
ağacında göyərirəm, görsənirəm.
Gecə  düşən, isitməyən
Ay işığı istəmirəm,
Qamaşdıran, göz ağrıdan, göz incidən
gün işığı  istəyirəm.

Sergey Qovyuk: “Azərbaycanlı əziz televiziya tamaşaçılarını salamlayıram. Sizi Moskvadan salamlamağa  çox şadam və hamımız üçün çətin olan bu vaxtda sizin hamınıza mərdlik, əzmkarlıq və sağlamlıq arzulayıram. Hər şey ötüb keçəcək. Biz yenə  də sizlərlə çoxsaylı dostluq və ədəbiyyat tədbirlərində görüşəcəyik. Xoşbəxt olun, sağlam olun”.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!