Göylə-Yer arasında quşlar xırda bir vergül kimi yaşayır... - Allahşükür Ağa - şeirlər

Vergül 

Quşlar  ayaqlarını çəkdilər göyə,

Yollar ayaqların kölgəsinə aldanıb 

Yaşayırlar hələ də.

Sonra darıxdığından

Toz şəklində 

Özlərini dartırlar

Quşların ayağı olan yerə...

 

Ayaqlar quşları yerə çəkir,

Qanadlar göyə,

Göylə-Yer arasında quşlar

Xırda bir vergül kimi

Yaşayır.

Yaxşı ki, nöqtə deyillər,

Vergüldülər,

Mən vergülü çox sevirəm,

O zaman ki, məktəb yollarında

atamın ləpirinin yanında

Çəliyin izi vergül kimi qoyulurdu,

Ardınca mənim ləpirlərim sıralanırdı...

 

Aman dovşan 

Bu qış güllə tüstüləri 

Dovşanların ayağını qızdırdı,

Amansız qırmalar

Dovşanları dərin bir yuxuya

Daldırdı.

Aman dovşan, aman dovşan.

Səni ələ verdi yovşan...?

 

Qan içən ovçuya bax,

Vurduğu dovşanları düzüb yan – yana.

Dovşanın  qabaq ayaqları önə,

Arxa ayaqları geri açılıb-

Qaçmaq anında vurulub dovşan,

Beləcə  yatıb  heykəl kimi,

Aman dovşan, aman dovşan,

Səni ələ verdi yovşan...?

 

Bu  gecə dovşan qayıtmadı yuvasına,

Görən əsən küləklər

Nə söylədi balasına.

Barıt tüstülərindən duydu balalar,

Bu duman o dumandan deyil...

 

Ayaqların xatirəsinə

Mən susdum, sən susdun, biz 

susan kimi

Ayaq izlərimiz qarışqalartək,

Dırmaşdı dağlara...

Qayalara,

Qayaların başındakı

çalalara...

Orda yuva qurdular.

Daha mehriban oldular.

 

Bilirsən, tanklar gəlirdi

Ayaq izlərimizi ayaqlamağa...

Mən susdum,

Sən susdun,

Biz susduq

Tankın adamlardan əvvəl

ayaq izlərini öldürməyinə.

 

Tək bir əsgər ayaqqabısı

qalmışdı.

Yolun tən ortasında,

Amma ayaq izləri

Quş dəstəsi  kimi

Göy üzünə

Çoxdan uçmuşdular.

 

Bax, o vaxtdan durna qatarı

Göy üzündə

Ayaq izlərinə oxşayır.

Sanki göylər

Abidə qoyub

Ayaqların xatirəsinə...

Tankçı

Mənim çiçəklərimi

Küləklər apardı kiməsə.

Aparıb taxdı

bir tank lüləsinə

deyəsən...

 

Quşlar da uçub doluşdular

tank lüləsinə.

Çiçəklərin xətrinə

orda yuva qurdular deyəsən.

 

Bir azdan səs gəldi -

Sarı dimdiklərin səsi...

 

Gör axırda tankçı neylədi?

Yığıb şələ-şüləsini

Getdi hərbi hissəyə.

Elə bircə kəlmə deyə bildi:

Biz məğlub olduq...

 

Mərmiləri islatmışdı

Quşların səsi.

 

Pəncərədə həyat 

Pəncərədən gözəl görünür həyat,

Baxıb deyərsən ki,

Mən də uşaqlar kimi qartopu oynaya bilərdim,

Amma istəmədim.

Atları elə çapardım ki,

Ayaqların səsində tanış bir ritmi tuta bilərdim.

Dedim nəyimə lazım.

Mən ki onu əbədi saxlaya bilməyəcəm.

Pəncərədən baxırsan, sanki 

Qatarda  yorğun bir bələdçi ilə söhbət eləyirsən.

Məsələn, qatar  Bakıya saat neçədə çatır,

Sualını verirsən.

Onsuz da özün bilirsən

Amma onun deməyi sənə  ləzzət eləyir.

Pəncərədən baxırsan

Pişik pəncəsini yalayır

Qovsan onu, ancaq qar üstündə

Ayaq izləri qalar. 

Baxıb düşünürsən

Bu pişiyin nə gözəl xətti var.

 

Ayaqlarımın qandalıdı araba

Atların ayaqları yolları

Oxuyar,

Ayrı düşən yolları

Bir-birinə toxuyar.

 

Atların ayaqlarında

Qanadların hirsi var deyə 

Hərdən özünü qanadlara bənzətmək istər ayaqlar.

Deyək ki, tövlənin bir deşiyindən baxan

İnsan gözlərindən yanan qanadlar

Indi atın çiynində deyil

Altındadı,

Çıxa da bilər nə vaxtsa çiyinlərə...

 

Bax, kəndimizdə arabaya qoşulan bir at

Dünən

Ayaqlarını göstərirdi mənə,

Demək istəyirdi ki, qanadlarımı

Aldınız, yaxşı elədiniz

Indi də ayaqlarımı istəyirsiniz.

 

Ayaqlarımın qandalıdı

Araba.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!