Səlim Babullaoğlu : “Doğurdan da dostlar çətin gündə tanınırmış...” - “Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar!” layihəsinə start verildi

 

Artıq xəbər verdiyimiz kimi Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi “Ədəbiyyat qəzeti”  ilə birgə Azərbaycan Dövlət Televiziyası və Radiosunun dəstəyi ilə Koronavirus Pandemiyasının qarşısının alıması ilə bağlı tətbiq edilən  karantin rejiminə öz töhfəsini vermək məqsədi ilə  “#Evdə Qal” kampaniyasına özünəməxsus tərzdə və yeni layihə ilə qoşulub. Mərkəzin sədri, şair Səlim Babullaoğlu  20 ölkədən 24 şairə ölkəmizin insanlarına mənəvi dəstək olmaq üçün şeir oxumaq təklifi ilə müraciət edib, şairlər də bu təklifə müsbət cavab veriblər. Artıq dünəndən  Azərbaycan Televiziya və Radiosunun efirində layihə start götürüb,  şairlər öz şeirlərinin oxumağa başlayıblar. Layihə 2 həftə ərzində davam edəcəkdir.

Səlim Babullaoğlu Edebiyyatqazeti.az saytına eksklüziv açıqlamasında layihə haqqında bunları deyib:

“Bu gün yaşadığımız hadisələr bütün mənfi tərəfləri ilə, hər gün eşitdiyimiz təlaşlı statistika ilə nə qədər xoşagəlməz olsa da, qaçılmazlığı ilə labüddür. Bu, çoxlu tərəfləri ilə düşünmək, fərdi, milli, dünyəvi, sosial və b. çapda və miqyasda insanın  həyatını sərf-nəzər etmək, nəyisə, birinci növbədə özünü dəyişmək üçün verilən imkandır. Və çox yaxşı ki, bizdə dövlət və hökumət bir çox vacib, qabaqlayıcı tədbirlər görüb, görməkdədir. Mən bu pandemiyanın xalqımız, insanlarımız, dövlətimiz üçün az itki ilə ötüşməsi üçün dua edirəm.  Mən yalançı vətənpərvərlikdən və yersiz plakatdan uzaq adamam. Elə vəziyyətlər var ki, orda boş oturmaq olmaz. Bu vəziyyətlərdə hər kəs öz çapında hamı üçün xeyirli ola biləcək işlər görməlidir. Buna cəhd etməlidir.

Bu ideya yarandı. Mən bunu Xalq yazıçısı Anarla və “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanla məsləhətləşəndən sonra niyyətimizi dövlət televiziyasının rəhbərliyinə təklif formasında göndərdim. Onlar da sağ olsunlar, onlara çox minnətdaram, ertəsi gün fikrimizi bəyəndiklərini və efir vaxtı verəcəklərini söylədilər. Biz də 20 ölkədən 30-a yaxın şairə müraciət etdik. Onların demək olar ki, hamısı bizim fikrimizi məmnuniyyətlə qarşıladılar, xalqımıza ehtiramlarını ifadə etdilər və az vaxt içində şeirlərini və xalqımıza müraciətdən ibarət eksklüziv videomaterialı mənə göndərdilər.  Rusiya, Moldova, Rumıniya, Türkiyə, ABŞ, İtaliya, Almaniya, Argentina,  İran,  Serbiya, Belorus, Polşa, Gürcüstan, BƏƏ,  Qırğızıstan,  Ukrayna,  Özbəkistan,  Oman və   Estoniyanın nüfuzlu, tanınmış, istedadlı şairləri. Mən onların hamısına dərin təşəkkürümü bildirirəm. Bilirəm ki, həmin ölkələrdə də vəziyyət asan deyil, hətta bizdən qat-qat çətin vəziyyətdə olan insanlar var. Amma bu adamlar hər şeyə rəğmən mənə “yox” demədilər. Sağ olsunlar. Doğurdan da dostlar çətin gündə tanınırmış. Mən onların bu addımını həm bir həmkarları, həm də bir azərbaycanlı kimi heç vaxt unutmayacağam. Düşünürəm ki, layihə iki həftə ərzində insanlarımıza bu gün həqiqətən gərəkli olan xoş, ümid dolu mənəvi impuls verəcək.

Ümumiyyətlə, isə bu cür  layihələr çox olmalıdır və inanıram ki, olacaq da. Bu yaxınlarda Mədəniyyət nazirliyinin mövzu ilə bağlı hekayə müsabiqəsi elan etməsi xəbərini oxudum. Doğrusu, çox sevindim. Çünki olduqca vacib işdir. Həm ədəbiyyat adına, həm vətəndaşlıq, həmrəylik, həmdərdlilik adına....”