A.S.Puşkinin karantin günlərində nişanlısına yazdığı məktub

N.N.Qonçarovaya

 

11 oktyabr 1830-cu il.

Boldindən Moskvaya

Moskvaya giriş qadağan edildiyindən, mən Boldində qapanıb qalmalı oldum. Əziz Natalya Nikolayevna, baxmayaraq ki, Siz bunu istəmirsiz, səmalar xatirinə, mənə yazın. Mənə bildirin, Siz haradasız? Moskvadan çıxa bildinizmi? Haradan tapım elə bir dolayı yol ki, məni Sizin qədəmlərinizə gətirə bilsin? Mən tamam ruhsuzam, heç bilmirəm nə edim. Artıq aydındır ki, bu il (lənət olsun belə ilə) bizim toyumuz baş tutmayacaq. Doğrudanmı, Siz Moskvadan getməmisiz? Könüllü olaraq özünüzü yoluxucu xəstəliyin göbəyinə atmaq bağışlanılmaz olardı. Mən bilirəm ki, viranəyə qalan mənzərələrin təsvirini və ölənlərin sayını həmişə artırırlar.

Konstantinopoldan olan cavan bir qadın mənə dedi ki, nə vaxtsa baş verən taun epidemiyasından çoxlu sayda yalnız sadə insanlar tələf olub. Əgər bu belədirsə, deməli, görülən tədbirlər yalnız əsilzadələri qorumaq üçündür. Epidemiya təkcə yoxsulların əlini sıxmır, zərif və cazibəli ədaya malik əsilzadələrin də qoluna girir...

Deməli, Siz kənddə, vəbadan uzaq yerdəsiz, elədirmi? Mənə ünvanınız və səhhətiniz barədə yazın. Bizə gəldikdə isə, karantinə alınmışıq. Hələ ki xəstəlik bizi yaxalamayıb. Boldin ada kimi bir yerdir, sıldırım qayalarla əhatələnib. Burada nə qonşum, nə də kitab var. Havası  zəhlətökəndir. Mən vaxtımı kağızları qaralamaq və sinirlərimi kökləməklə keçirirəm...

Bilmirəm dünyada nə baş verir, dostum Polinyak necədir. Onun barəsində mənə yazın, burada qəzet də yoxdur ki, oxuyum. Mən elə səfeh haldayam ki, sadəcə, görmək lazımdır...

“Baba ilə qarısının vəziyyəti necədir? Yəqin ki, hər ikisi sağdır, eləmi? Qarşımdakı coğrafiya xəritəsinə baxıram. Gizli yollar axtarıram, görəsən, hansı dolayı yolla: Kyaxdan, ya da Arxangelskdən sivişib Sizin yanınıza gəlmək olar... İş belədir ki, dost üçün yeddi verst dövrə vurmaq heç də çətin olmasın gərək, amma  düz yolla  yeddi verstlik Moskvaya gəlmək, Moskva kiseli içmək kimi bir şeydir...”. Bu da həqiqətdir ki, zarafatım yersiz oldu, eləmi? Bazar alverçilərinin dediyi kimi, mənim təbəssümüm də turşməzədir...

Xudahafiz! Ananızın ayaqları altına sərilirəm! Bütün ailənizin qarşısında baş əyirəm! Xudahafiz, mənim lətafətli, zərif mələyim!!!  Volterin dediyi kimi: “Sizin qanadlarınızın lələyindən öpürəm...”. 

A.S.Puşkin.

Tərcümə etdi:  ZAKİR ABBAS

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!