Mağara dövrünə qayıdış... - Ülvi BABASOY yazır

Ülvi BABASOY

 

Dünya Azərbaycana, ölkə Bakıya, şəhər məhəlləyə, küçə evə sığdı. Kənardan, ətraf mühitdən, işdən və başqalarının həyatınıdan evimizə çevirdik üzümüzü və ürəyimizi. Xüsusi karantin rejimində evə tamam-kamal sığan həyat yadıma ev boyda planeti saldı. Planet də Balaca şahzadəni. Ekzüperinin qəhrəmanı Balaca şahzadə B-612 asteroidindən Yerə səyahət edir. Onun yaşadığı dünya ev boydadır. Amerikada günorta olanda, Fransa qürub çağındadır. Ancaq Balaca şahzadənin bəxti onda gətirib ki, onun planetində stulu bir neçə addım qabağa çəkməklə günəşin qürubunu yenidən izləmək mümkündür. Hərçənd ki, o, bəzən buna tab gətirmir. Təsəvvür edin ki, qürub anını bir gündə 43 dəfə izləyirsiz.

Ev bizim sığınacağımızdır. Mağaramızdır. Səngərimizdir. Qalamızdır. Və dünya buna bir daha əmin oldu. Bir də yağlısifət adamlardan uzaqlaşmağa şərait yarandı evdə qaldığımız günlərdə. Yağlısifətlər hər yerdə var. Küçədə, işdə, hətta ədəbiyyatda belə. Onlar viruslardan da betərdir. Evdə ürəyini verdiyin doğma insanlar mövcuddur. Çiçək insanlar. Hərçənd ki, bəzən onların da tikanı olur. Olsun, nolacaq. Tikanlar onları qorumaq üçündür. Evdə qalmaq özünü mühakimədir. İçə çəkilməyin gözəlliyidir. Estetik haldır.

Evdə qalmaq özünü ram etməkdir. Hərçənd ki, Balaca şahzadə və Tülkü bir-birini ram etməklə məşğuldur. Məncə, özümüzü ram etməsək, nəyisə və kimisə ram etməyin bir mənası yoxdur. Heç mümkün də deyil. Evdə qalmaq uşaqlığa qayıtmaq, xatirələrə dalmaqdır. Bəs qayıda biləcəyikmi? Çətin. Bu, bivaxt bir istək də olsa, dəyər. İndini keçmişə nəzərən yaşaya bilərik. Hərçənd ki, yenə də indiki zamandayıq. Anlar və xatirələr basqın edir. Xatirələr bizə keçmişi göstərər. Amma sevdiyimiz o, gözəl, özəl və keçmiş insanlar yoxdur. Süni intellekt və məntiq kimi. Belə baxanda keçmiş bulanıq da olsa, görünür. Bəs gələcək? Gələcək gerçək deyil, reallıqdan uzaqdır. Belə olduqda keçmiş və gələcək əl-ələ verib adamdan uzaqlaşır. İndiki zaman. Hər şey indiki zamana və evimizə yığılır. “Carpe Diem”. Anı tut. Anı yaşa.

Balaca şahzadə biradamlıq planetini baobablardan qorumaq üçün nə edirdi? Onları böyümədən yolurdu. Yoxsa planetdə yaşamaq müşkülləşərdi. Hərçənd ki, artıq Balaca şahzadənin quzusu var idi. Quzu baobabları yeyə bilərdi. Bütün planetimizi – evimizi baobablar, alaq otları, viruslar götürsə, neçə yaşayarıq? Evimizə sığınmalıyıq. Koronavirus dövrü göstərdi ki, milli zəmin nə qədər vacibdir. Milli dövlət nə qədər zəruridir. Ritorikasız millilikdir bu. Baobablar evimizi və ölkəmizi bürüməsin deyə, evdə qalmalıyıq. Ən yaxşı müdafiə üsulu budur. Hərçənd ki, yazın gözəl çağlarıdır. Bir azdan günəş boylanacaq hər yana. Günəş şüaları şeh düşmüş çəmənliyə, yenicə çiçəkləyən ağaclara səpələnəcək. Ordan evimizə də düşəcək. Mağara dövrünə geri qayıtdıq, sanki. Evə qayıtdıq. Orta əsrlərdə qara vəbadan xilas olmaq üçün qaçıb getməyə ucsuz-bucaqsız təbiət mövcud idi. İndi meqapolislər və sıxlıq buna imkan vermir. Ancaq və ancaq evdə özümüzü və sevdiklərimizi ram edə bilərik.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!