Özgə adda qızılgül... - Umberto EKO

 

Təqdim etdiyimiz “Özgə adda qızılgül” məqaləsi ilk dəfə 1994-cü ildə “Guardian Weekly” həftəliyində  dərc olunub. Məqalə müəllifi tərcümə problemlərinə toxunur. Müəllif fikirlərində tərcümə nəzəriyyəsi ilə bağlı elmi kitablara, semiotik sistemlərə toxunaraq klassik ədəbiyyatdan nümunələr gətirir və bir neçə dəfə L.Tolstoyun “Hərb bə sülh” romanına istinad edir, Homerdən misallar gətitir, yapon hokkularına toxunur və C.Coys yaradıcılığını qabardaraq - tərcüməçilərlə şəxsi iş təcrübələrindən çıxış edir, elmi məqalələrinin və romanlarının tərcüməsinə münasibət bildirməyə və bu baxımdan müxtəlif sitatlar gətirməyə çalışır. Oxuculara U.Ekonun “Mütərəddid Fuko” romanının tərcüməsi üzərində tərcüməçi ilə işinin  mahiyyəti də maraqlı görünə bilər.

Elə müəlliflər var ki, yazdıqaları əsərlərin tərcümə məsələsinə son dərəcə həssaslıqla yanaşırlar, bu hal çox vaxt dilləri bilməmək üzündən baş verir. Ona görə ki, onlar işlərinin bədii dəyərinə etibar etmədikləri üçün yazdıqlarını daha “yağlı” müştəriyə satmağa çalışırlar. Bəzən də bu etinasızlığın arxasında yanlış fikirlər və şöhrətpərəstlik dayanır: bu halda ya müəllif özünü hədisz dərəcədə dahi hesab edərək, tərcüməni əziyyətli proses kimi qəbul edir və bu işi (tərcümə işini) dünyanın bütün oxucuları onun dilini öyrənənə qədər davam etdirmək arzusuna düşür, ya da müəllif öz işinin “etnik” əhəmiyyətini vurğulayaraq demək istəyir ki, özgə mədəniyyətlərin oxucuları onun yaradıcılığını anlayıb hiss edərlərsə, onda onun mətnini oxumağa sərf olunan zaman lazımsız vaxt itkisi kimi dəyərləndirilməz.

Bəzən elə güman edirlər ki, yazıçı əsərinin tərcüməsinin keyfiyyətini yalnız tərcümə olunacaq dili bildiyi, zaman  yoxlamaq gücündədir. Təbii ki, əgər yazıçı tərcümə olunacaq dili bilirsə işlər bir qədər asan gedəcək. Amma məsələnin əsas tərəfi tərcüməçinin səviyyəsindən asılıdır. Məsələn, mən isveç dilini, rus dilini, macar dilini bilməsəm də, həmin dillərdə işləyən tərcüməçilərimlə birgə fəaliyyətimi yüksək qiymətləndirirəm. Onlar qarşıya çıxan çətinliklərin mahiyyətini mənə ustalıqla izah edə bildilər və  tərcümə  prosesində mətnimlə bağlı hər hansısa dil xətası ortaya çıxa biləcəyi təqdirdə məni işə müdaxilə etməyə məcbur etdilər. Bir çox hallarda hətta çıxış yolları belə təklif edə bilirdilər.

Tərcümə nəzəriyyəsindən bəhs edən müasir kitablarda da qeyd olunur ki, problemlər tərcümənin ya “mənbəyə istiqamətləndiyindən”, ya da “oxucuya istiqamətləndiyindən”  ortaya çıxır. Tərcümə zamanı mənbəyə istiqamətlənərkən  elə etmək lazımdır ki, xarici oxucunun oxuduğu əsər onun doğma dilində danışsın və fikirləşsin. Qədim yunan ədəbiyyatı ilə bağlı tipik bir misal gətirim: müasir oxucunun onu anlaması  üçün ilk növbədə həmin dövrdə yaşayan şairlərin (müəlliflərin) özlərini ifadə formasını anlamaq lazımdır. Əgər biz Homerin “çəhrayı sübh” söz birləşməsindən həddindən artıq istifadə etdiyini hiss ediriksə, o zaman  tərcüməçi həmin epiteti müasir üslub normaları eyni sifətlərin təkrar olunmasını inkar etdiyi üçün əvəz etməyə çalışmamalıdır. Lakin eyni zamanda oxucu şairin  hər dəfə bu barədə söz açarkən sübhün çəhrayı barmaqalarını təsvir etmək istədiyini bilməlidir. Digər hallarda da tərcüməçi müəllifə istinad etməlidir.

Çalışacağam ki, “Mütərəddid Fuko” romanımın - sitat gətirmək üçün hər zaman seçilən romanım timsalında müəyyən nümunələri nəzərinizə çatdıram. Məqsədim odur ki, oxucu dünyanı yalnız ədəbi sitatlarla təsvir etməyin mümkünlüyünü hiss edə bilsin. Belə ki, 57-ci fəsildə dağ yollarında avtomobil gəzintisi təsvir edilir və tərcümədə  deyilir: “Üfüq genişləndi, hər tərəfdən dağların əyri zirvələri səmaya doğru dartınırdı, onların bəziləri kiçik kəndlərin başında tac kimi görünürdü; biz də nəhayətsiz uzaqlığa baxırdıq”. Amma “nəhayətsiz uzaqlıq”dan sonra italyan variantında: “al di la della siepe, come osservava Diotallevi” - fikri gəlir və bunun da təxmini hərfi tərcüməsi: “Sərhədsiz genişlik - deyərək, Diotallevi qeyd etdi” - deməkdir. Oxucu burada  “al di la della siepe” ifadəsini itirəcək, çünki həmin fikirdə hər bir italyan oxucusunun əzbərdən bildiyi Cakomo Leopardinin “L’infinito” (“Nəhayətsizlik”) poemasına işarərə olunur. Bunu misal gətirməkdə məqsədim oxucuya yaxınlıqda olan hər hansısa sərhədsizlikdən söz açmaq deyil, mən burada Diotallevinin gördüyü mənzərə ilə poemanın mətnində onun narahatlığı ilə bağlı oxşar hissləri qabartmağa çalışmışam. Tərcüməçimə xəbər göndərdim ki, burada “sərhədsiz genişlik” heç də Leopardiyə mütləq istinad üçün gərək deyil, istənilən bədii asosasiyanı misal gətirməklə məsələni yoluna qoymaq mümkündür, təki oxucu mətnin məğzini anlaya bilsin. Faktiki olaraq, Uilyam Uiverin tərcüməsini oxuyarkən  biz orada: “Biz də “Darien kimi” nəhayətsiz uzaqlığa baxırıdıq, - Diotallevi qeyd etdi”.  Kitsin sonetindən olan bu incə misal tərcümənin yaxşı olmasına və gördüyü işi ünvana hədəfləyə bilməsinə gözəl nüminədir. Mənim bilmədiyim dildə danışan və  mənbəyə istiqamətlənən tərcüməçi məndən nə üçün eyni mətnin müxtəlif dillərə tərcüməsində bu və ya digər fikirdən istifadə etməyimin səbəbini soruşa bilər. Əgər bunun səbəbini  özü anlayarsa, o zaman fikirlərini sərbəst şəkildə çatdıra bilər, yox əgər mətni və müəllifi anlamayıbsa,  bu zaman onun tapdığı ifadələr onun dilində özünü doğrultmayacaq. Belə bir vəziyyət yaranarsa, mən (məsləhətçi qismində) kömək etməyə (müdaxilə etməyə) çalışacağam  və onun tərcümə mətnində istiqamət həm mənbə, həm də oxucu olacaq. Amma bu o qədər də asan məsələ deyil.

Götürək elə L.Tolstoyun “Hərb və sülh” romanını. Bildiyimiz kimi, rus dilində qələmə alınan bu roman fransız dilində yazılmış uzun-uzadı dialoq ilə başlayır. Mənim rus oxucusunun Tolstoy dövründə fransız dilinə münasibəti haqqında heç bir təsəvvürüm yoxdur. Ola bilsin ki, rus əsilzadələr fransız dilində sərbəst danışa biliblər, ona görə ki, fransız dilinin faktiki olaraq üzün müddət rus əsilzadələrinin həyatına və mədəniyyətinə nüfuz etdiyindən az-çox xəbərim var. Ola bilər ki, Tolstoy həmin priyomdan istifadə edib və nəzərə çatdırmaq istəyib ki, fransız dilini bilməyənlər rus romanlarını oxuya bilməzlər. Ya da, Tolstoy bununla onu demək istəyib ki, Napoleon dövrünün rus cəmiyyəti faktiki olaraq  sadə rus xalqının həyatından o qədər uzaqlaşmışdı ki, yabançı dildə danışır və yabançı dildə düşünürdü. Əgər siz həmin yerləri bir daha oxusanız, o zaman görəcəksiniz ki, orada bir o dədər də vacib məsələlərdən söhbət getmir,  deyilənlər ümimi şeylərdir. Diqqəti yalnız həmin söhbətin fransız dilində getməsinə yönəltmək lazmdır. Məni həmişə bir sual maraqlndırıb - siz “Hərb və sülh”ü fransz dilinə necə tərcümə edərdiniz? Əsəri fransız dilində oxuyan oxucu sadəcə olaraq bir neçə səhifəni orijinaldan oxuyacaq və qeyd etmək lazımdır ki, burada qorxulu heç nə yoxdur. Əgər tərcüməçi “fransız dilində mətn” əlavəsini” işləyəcəksə, bu bəsit arayış mətnin bütün effektini korlaya bilər. Bəlkə də eyni effekti almaq üçün əsilzadələri (fransız tərcüməsində) ingilis dilində danışdırmaq daha məqsədəuyğun olardı. Belə də ki, mən “Hərb və sülh”ü yazmadığm üçün çox şadam və fransız tərcüməçilərilə bu problemə görə mübahisə etməyəcəyimdən arxayınam.

Bir müəllif kimi tərcüməçilərimlə birgə fəaliyyətimdən çox şey qazanmışam.  Mən eyni zamanda təkcə yazdığım romanları deyil, həm də “akademik” (elmi) işlərimin tərcümələrini də nəzərdə tuturam. Fəlsəfi linqvistik işlərimdə tərcüməçilər hər hansısa bir səhifəni anlaya bilmədikdə (dəqiq tərcümə edə bilmədikdə), mən özümü günahkar sayır və fikirlərimi dəqiq çatdıra bilmədiyimlə razılaşıram. Dəfələrlə olub ki, tərcüməçi ilə birgə işləyərkən kitabımın italyan nəşrinə ikinci dəfə nəzər yetirməli olmuşam, bu, təkcə üslubu nəzərdən keçirmək zərurətindən yaranmayıb, bu zaman həm də ideyanın özünə nəzər yetirmək zərurəti hiss etmişəm. Bəzən siz öz ana dilinizdə danışırsınız (A), tərcüməçi isə: “Əgər mən bu ifadəni öz dilimə tərcümə etsəm (B), mənasını itirəcək” - fikirləşir. Amma o səhv də edə bilər. Əgər uzun-uzadı müzakirədən sonra siz yenə mətnin (B) dilində heç bir məna kəsb etmədiyini güman edirsinizsə, o zaman onun (A) dilində də nə isə bir məna kəsb etdiyi mümkün deyil. Bu heç də (A) dilində yazılan fikirdə nə isə gizli bir məna olduğu anlamını vermir və  istənlən dildə də eyni məna daşımalı olduğunu diqtə etmir. Bu haradasa ideal mətn mənasını verir ki,  Valter Benyamin bunu “Reine Sprache” (“Təmiz dil”) adlandırmışdı. Elə olmasaydı onun varlığı ancaq “təmiz dil”in izolyasiyasında mövcud olardı və tərcüməçinin işi (hətta Şekspir mətnlərində də) kompüterin gördüyü iş səviyyəsindən uzağa getməzdi.

Tərcüməçilk işi sınaqlar və səhvlər üzərində qurulub, bu şərq bazarında xalça aldığınız zaman başınıza gələ biləcək hadisə kimi bir şeydir. Tacir 100-ə satır, siz isə 10 təklif edirsiniz. Bir saatlıq çənə-boğazdan sonra 50-yə razılaşırsınız...

Bütün çətinliklərə qalib gəldiyinizə arxayın olmaq üçün təbii ki, gərək tərcümə kimi qəribə hadisə haqqında tam təsəvvürə malik olasınız. Nəticə etibarilə müxtəlif dilləri eyni standarta gətirib çıxarmaq lazım deyil, bizim ingilis dilində  dediyimiz «firm» (müəssisə) sözü ilə fransız dilindəki «maison»  sözünü eyniləşirmək də düz deyil. Heç dil nəzəriyyəsinin özündə də mükəmməl ünsiyyət forması deyilən bir anlayış yoxdur. Baxmayaraq ki, bizim ünsiyyət təsəvvürlərimiz “Homo Sapiens”in mövcudluğundan formalaşmağa başlayır. Əminəm ki, “Hərb və sülh”ü oxuyanların doxsan faizi o əsəri tərcümədə oxuyub və əgər bir çinliyə, ingilisə, italyana “Hərb və sülh”ü müzakirə etməyi həvalə etsək, onlar təkcə knyaz Andreyin ölümündən deyil, həm də müzakirə üçün çoxsaylı fərqlərdən və çalarlardan da söz açacaqlar. Onların hamısı eyni zamanda Tolstoyun moizələrindəki mənəvi prinsiplərdən danışmağa çalışacaqlar. Əminəm ki, müxtəlif tərcümələr mütləq mənada bir-biri ilə düz gəlməyəcək, amma ayrı-ayrılıqda üç ingilsdilli oxucu da bu tərcümələrdəki ziddiyyəti hiss etməyəcək.

Tərcüməçi ilə işləyərkən siz yenidən orijinal mətninizə baxmalı olur və tərcümə üçün münasib variantlar  tapmağa çalışırsınız. Bu hal bəzən bayaq dediyim kimi mətnin tərcümə olunacaq dilə uğurla uyğunlaşdırılması üçün müəyən şeyləri dəyişmək məcburiyyətində qaldığınız zaman qaçılmaz olur. Mən romanlarımı yenidən işləməmişəm, amma bir yer var ki, tərcümədən sonra həmin hissəni böyük məmnuniyyətlə yenidən işləyərdim. Bu “Mütərəddid Fuko” romanındakı dialoqdur, hansı ki,  Diotallevi deyir: “Tanrı dünyanı söz ilə yaratdı. O teleqram göndərməmişdi”. Cavabında Belbo deyir: “Fiat lux. Stop” (“Qoy aydınlıq olsun. Dayan”). Amma orijinalda isə  Belbo deyir ki: “Fiat lux. Stop. Segue lettera” (“Qoy aydınlıq olsun. Dayan. Məktub artıq gəlir ”).  “Məktub artıq gəlir” fikri teleqramlarda istifadə edilən standart ifadədir (ya da ən azından o qədər geniş yayılmış bir ifadədir ki, onu standart kimi qəbul etmək olar, təbii ki, faks meydana çıxana qədər ). Daha sonra italyan mətnində Kasabon deyir: “Ai Tessalonicesi, immagino” (“Salonikiyslərə” etibar edirəm”). Bu, məzəli replikalarla qurulmuş  söz oyunudur, ola bilsin ki, bir qədər də abituriyent söz oyunu təsiri bağışlayır, amma zarafat onunla bitir ki, Kasabonun təxminlərinə görə Tanrı yer üzünü teleqramla yaradarkən Müqəddəs Pavelin kəlamlarına istinad edib. Amma qeyd etmək lazımdır ki, bu söz oyunu ancaq italyan dilində effektiv işləyir, çünki “məktub” və “Müqəddəs kəlam” sözləri eyni cür - “lettera” kimi yazılır. İngilis variantında isə mətn dəyişməli idi. Belbo yalnız: “Fiat lux”, yəni “Dayan” - deyir. Və Kasobonun: “Məktub artıq gəlir”, -  replikası.

Hiss olunur ki, buradakı zarafat qaranlıq qalır və oxucu ciddi şəkildə bu zarafatın məğzini “Əhdi-Ətiq”dənmi, yoxsa “Əhdi-Cədid”dənmi axtarmalı olacağını fikirləşir. Təbii ki, əgər həmin mətni yenidən yazmalı olsa idim, mütləq o dialoqu dəyişərdim. Amma bəzi hallarda müəllif “İlahi hiss”ə etibar edə bilər.

Etiraf edim ki, heç vaxt yazdıqlarımın yapon dilinə tərcüməsinə yardım edə bilmərəm (buna cəhd göstərsəm də, alınmayıb). Yapon tərcüməçinin fikirlərini anlamaq belə mənim üçün olduqca çətindir. Bunun üçün çox vaxt bir sualı dəqiqləşdirərək özümü sakitləşdirməyə  çalışıram; belə  ki, mən yapon poemasını oxuyanda onu doğru-düzgün oxuyub başa düşməyə səy göstərirəm və elə güman edirəm ki, yapon oxucusu da mənim əsərlərimi oxuduqda eyni hissləri keçirir. Və onu da  bilirəm ki, yapon poemasının tərcüməsini oxuduğum zaman mənim anladığım fikirlərlə orada yazılanlar arsında fərq qaçılmazdır. 

Əgər mən bir neçə “Dzen Buddist konları”nı oxuduqdan sonra yapon hokkularını oxumağa başlamışamsa, o zaman nəyə görə  gölün üstündəki ayın məndə emosional narahatlıq doğurduğunu anlaya bilirəm. Eyni və tam fərqli təsəvvürlər məndə ingilis romantik-şairlərinin əsərərini oxuduğum zaman yaradır.  Bu mənada tərcüməçi ilə müəllifin ən minimum əməkdaşlığı belə işin nəticəsinə müsbət təsir göstərə bilər.

Dəqiq yadımda deyil “Qızılgülün adı” romanı hansısa slavyan dilinə isə tərcümə ediləndə, o vaxt oxucunun tez-tez latın dilinə müraciət etməli olacağı sualı ortaya çıxmışdı. Hətta latın dilini öyrənməyən amerikalı oxucu belə bilir ki, bu dil Orta əsrlər kilsə dili olub və bu ona Orta əsrlərin ruhunu tutmaqda kömək edəcək. Lap əgər o “De Pentagono Salomonis” (“Süleyman peyğəmbərin beşbucaqlısı”)  oxuyarsa, eyni zamanda “Pentagono” və  “Salomonis”in nə olduğunu biləcək. O ki, qaldı slavyan oxucusuna, latın dilindən kirilcəyə tərcümə olunmuş ifadələr  və adlar onun üçün heç bir mühüm əhəmiyyət daşımayacaq. Əgər “Hərb və sülh”ün əvvəlində  amerikalı oxucu  “Eh bien, mon prince…”  cümləsini görərsə, o zaman elə biləcək ki, burada mətn şahzadəyə ünvanlanıb. Amma eyni mətn Çin tərcüməsində latın dilində, ya da Çin heroqlifləri ilə görünərsə, pekinli oxucu nə fikiləşəcək? 

Slavyan tərcüməçi ilə işləyərkən qərara aldıq ki, latın dilindən istifadə etmək əvəzinə Orta əsrlər slavyan Provaslav kilsə dilinə istinad edək. Belə olduqda oxucu eyni dini atmosferdə olan məsafə hissini duyacaq və ən başlıcası isə bu zaman söhbətin nədən getdiyini dərk etmək bir o qədər də vacib olmayacaq.

Allaha şükürlər olsun ki, şair deyiləm, ona görə ki, poeziyanı tərcümə edərkən mənzərə daha faciəli olur. Tərcüməçi mənanı və fikri saxlamaqla ahəngdar poetik tərcümə etməyə çalışsa belə, kokret sözlərlə   ifadə olunan fikirlər tərcümə olunduqda mütləq mənasını dəyişir. Bununla belə müəlliflə tərcüməçinin birgə əməkdaşlığından yaranan möhtəşəm poetik tərcümələr də az deyil. Amma bir çox hallarda bu faktın özü müxtəlif dillərdə yazılan yeni əsərlərin meydana çıxmasına səbəb olur.  Elə mətnlər var ki, onların tərcüməsində poeziyanın çətinliyi ilə mətnin  linqvistik çətinliyi üst-üstə düşür - misal olaraq Ceyms Coysun “Finneqan ilə xeyrat” romanını göstərmək olar. Belə ki, Anna Viviya fəsli hələ əlyazmadan və qeydlərdən ibarət olduğu vaxt italyan dilinə Coysun özü tərəfindən tərcümə edilib. Tərcümə ilkin ingilis orijinalından ciddi şəkildə seçilir. Bu tərcümə deyil. Bu daha çox Coysun öz mətnini italyan dilində yazmağına bənzəyir. Hər halda bir fransız tənqidçi demişdi ki, adı çəkilən  fəsli düzgün başa düşmək üçün (ingilis dilində) yaxşı olar ki, ilk növbədə italyan dilində yazılmış varianta müraciət olunsun.  

Ola bilər ki, “təmiz dil” mövcud deyil, amma bir dildən başqa dilə tərcümə həmişə əsl macəra olaraq qalır və mən bunun doğruluğunu sübut etməyə çalışmıram. Əgər bir italyan məsəlini yada salsaq, o zaman deyə bilərik ki, tərcüməçi hər zaman xəyanətkardır. Bir şərtlə ki, müəllif özü də həmin o möhtəşəm xəyanətin iştirakçısı olsun. 

Rus dilindən tərcümə etdi: Əyyub QİYAS

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!