Füzulinin duası... - Nihad Sami Banarlı

 

Millətimizin tarixdə yetişdirdiyi böyük şəxsiyyətlərlə, bu sırada, dilimizə, ədəbiyyatımıza şah əsərlər qazandırmış böyük şairlərlə iftixar etməsi bir qədim türk fəzilətiydi. Əski türklər bu cür böyüklərini, üstəlik, bilərək, anlayaraq, oxuyaraq sevərdilər.

Tale bu fəziləti bizdən alıb, başqa millətlərə vermişdir. Son əsrin, hər şeydən çox başqalarına örnək kimi yetişdirilən, kosmopolit münəvvərləri (!) arasında bu əsl duyğu və bilginin hər gün bir az da söndüyü görünməkdədir.

Bu gün, bilmirəm, Türkiyədə Füzulini, öncə heç tanımayanlar, sonra tanıyıb da oxumayanlar, nəhayət, oxuyub da anlamayanlar yanında üstəlik türk şairi saymayanlar olduğunu bilirsinizmi?

Bəhanə bu ən böyük şairimizin əsərlərini türk dilində deyil, ərəb və farsca yazmasıdı.

Halbuki Füzuli sadəcə böyük bir şair, bir çox elm sahələrinə yiyələnmiş qüdrətli bir alim və o ölçüdə böyük bir mütəfəkkir deyil, eyni zamanda səmimi bir türkcəçi, bir türk dili milliyyətçisidir. Şərh edək: Biz iki əsrdir ki, Batı mədəniyyətinə mənsubuq. Buna rəğmən, hər hansı bir Batı dilini, o dilin ədəbiyyatına şah əsərlər qazandıracaq qədər yaxşı bilən tək bircə türklə rastlaşmadım. Əskilər isə mənsub olduqları İslam mədəniyyəti dillərini, o dillərin ən üstün səviyyədə əsərlər verəcək qədər yaxşı bilirdilər. Çünki o dövrlərdə bir mədəniyyətə Türk üslubuyla girmək əslində ən qısa bir zamanda, o mədəniyyətin hakim milləti olmaq demək idi.

***

Füzulinin də ərəbcə divanı, farsca divanı və bu dillərdə daha başqa əsərləri, əlbəttə, vardır. Ancaq o, daha çox, özü də ən gözəl və ən parlaq əsərlərini mənsub olduğu millətin dilində yazmış, bu sahədə tam bir milli həssaslıq göstərmiş və bir milli heysiyyət əks etdirmişdir.

O qədər ki, Füzuli başqa dillərin türkcədən üstün olmasına qarşı təsəvvüredilməz bir milli duyğu içindəydi:

Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,

Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur...

Məndə tovfiq olsa, bu düşvarı asan eylərəm,

Novbahar olğac tikəndən bərgi-gül izhar olur.

"Farsca çox sayda şeir yazılmasının səbəbi, türk dili ilə incə şeir yazmanın çətin olmasındadır. Ancaq Allah yardım edərsə, mən bu çətinliyi yenəcəyəm! İlk bahar gəldiyi zaman quru tikanlar necə yarpaqlarsa, mən də tikan kimi sərt hesab edilən türkcə ilə gül yarpağı kimi incə şeirlər yazacağam" deməsi və dediyini xarüqəladə üstünlüklə yerinə yetirməsi bu istəkdən irəli gəlir.

Unutmaq olmaz ki, Füzuli hər zaman bütün Şərq ədəbiyyatının gerçək şeir vadisindəki ən üstün şairidir. Yenə, əsla, unudulmamalıdır ki, Füzuli bu sözləri türkcənin o qədər də yetərli şəkildə işlənmədiyi bir çevrədə və XVI əsrdə yazmışdır; Bağdad və çevrəsi kimi ətraf bölgələrdə (hətta bütün küçələrdə belə) ərəbcə danışılırdı (dövrün elm dili ərəbcə olduğu üçün). Mədrəsələrində ərəb dilində dərs keçilən və bunun yanında "şeir deyilən şey bir quş dili ahəngindəki farsca ilə yazıla bilər" inancının mühiti qapsadığı bir yerdə tam bir türk heysiyyəti və qüruru ilə yazmışdır.

***

Fəqət, Füzulinin bundan daha imanlı və daha həyəcanlı bir türkçülüyü, onun Kərbəla şəhidləri üçün yazdığı "Hadiqətüs-süəda" adlı əsərinin ön sözündədir.

Füzuli bu yazısında, ilk növbədə İraq müsəlmanları üçün müqəddəs bir mövzu olan Kərbəla müsibəti və Kərbəla şəhidlərinin yaşadıqlarını şairlərin həm ərəbcə, həm də farsca yazdıqlarını qeyd edir. Bu əsərlərdən yalnız ərəb və əcəm böyüklərinin faydalanmasını türk heysiyyətinə həqarət bilir. İnsanlığın ən üstünü olduğunu söylədiyi və aləmi təşkil edən insanlığın ən böyüklərindən olduğunu düşündüyü türklərin bundan məhrum olmasından ciddi bir kədər duyur; xatirələrini dərin duyğularla andığı Kərbəla şəhidləri üçün, bu səfər türk dili ilə bir şəhidlər abidəsi inşasını ucaldır. Bu arada yeganə əndişəsini belə anladır: "Gərçi, türk dili ilə bu vaqiənin bəyanı asan deyildir. Zira, türkcənin bir çox sözləri zəif və ibarələri işlənmiş deyildir. Ancaq mən ərənlərin köməyi ilə belə düşünürəm ki, bu türkcə olan kitabı bitirəcəyəm" - deyir və arxasından türk dili tarixinin ən gözəl duasını söyləmək üçün o əziz əllərini Allahına açır:

Ey feyzrəsani-ərəbü türkü əcəm,

Qıldın ərəbi əfsahi-əhli-aləm,

Etdin füsəhayi-əcəmi İsadəm,

Mən türkzəbandan iltifat eyləmə kəm.

(Ey ərəb, əcəm və türk millətlərinə güc verən Tanrım! Sən ərəb qövmünü dünyanın ən fasih danışan milləti yapdın! Əcəm fasihlərinin isə sözlərini İsa nəfəsi kimi, cana can qatan bir gözəlliyə qovuşdurdun. Mən türkəm və türkcə söyləmək istəyirəm! Tanrım, məndən iltifatını əsirgəmə).

Dua budur. Bu misraları oxuyanlar ilk anda Füzulinin, sadəcə, türkcə yazmaq istədiyini və bunun üçün Allahdan yardım və təvəkkül dilədiyini zənn edərlər. Halbuki rübainin bütün incəliyi "iltifat" kəlməsindədir. Çünki söz sənətində "iltifat" sözü ən gözəl, ən üstün bir üslubla yazmaq deməkdir. Belə olunca, Füzulinin Tanrısından dilədiyi böyük yardım türkcəni, hətta ərəbcədən də, farscadan da gözəl və üstün işlədə bilməsi yardımıdır.

***

Füzuli bu böyük, həqiqi arzusuna görə Allahdan yardım görməyə müvəffəq olmuşdur… 

Türkiyə türkcəsindən uyğunlaşdıranı: Sərvaz Hüseynoğlu 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!