Lalə KAZIMOVA: “Atamın ən böyük arzusu öz teatrını yaratmaq idi”

 

"Varislər"in növbəti qonağı ötən əsrin 60-cı illərində öz dəst-xətti ilə Azərbaycan teatrına yeni ruh gətirən, bir neçə uğurlu aktyor nəslinin yetişməsində və yeni dramaturq təfəkkürünün formalaşmasında danılmaz xidmətləri olan Xalq artisti, unudulmaz teatr rejissoru Tofiq Kazımovun varisi, "Yol" elmi populyar dərgisinin baş direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, YUNESKO Beynəlxalq Musiqi Komitəsinin üzvü, YUNESKO nəzdində Milli Musiqi Şurasının prezidenti Lalə xanım Kazımovadır.

O, 1923-cü ildə Bakıda, ötən əsrin əvvəllərində öz ictimai-siyasi ruhlu şeirləri ilə diqqət mərkəzində olan, görkəmli ədəbiyyat və teatr xadimi Səməd Mənsurun ailəsində dünyaya gəlmiş dörd uşaqdan biri idi.

1943-cü ildə taleyinə Böyük Vətən müharibəsində iştirak etmək düşür. Döyüşlərin birində yaralanan Tofiq Kazımov ordudan tərxis olunaraq Bakıya qayıdır və bir müddət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyət göstərir.

Tofiq müəllim 1944-1951-ci illərdə Moskva Ümumittifaq Teatr İnstitutunda rejissor təhsili alır, daha sonra 1952-1953-cü illərdə yenidən Moskvada ali rejissorluq kursunda təhsilini davam etdirir. 1951-ci ildə Dövlət Akademik Milli Dram Teatrının səhnəsində quruluş verdiyi Hüseyn Muxtarovun "Ailə namusu" adlı diplom tamaşası ilə böyük teatra qədəm qoyur və bunun ardınca Azərbaycan teatrının Tofiq Kazımov dövrü başlayır.

O, novator sənətkar idi. Daima yenilik axtarışında olurdu. Quruluş verdiyi həm klassik, həm də müasir dramaturji nümunələr teatr ictimaiyyəti tərəfindən birmənalı qarşılanmırdı, amma Tofiq Kazımov sona qədər öz tutduğu yoldan dönmədi və bütün varlığı ilə sənətinə sadiq qaldı.

Unudulmaz Tofiq Kazımovun varisi Lalə xanım Kazımova ilə rəhbəri olduğu dərginin ofisində görüşdük.

- Tofiq müəllim XX əsr Azərbaycan teatrının ən məşhur və seçilən rejissorlarından biri olub. O, XX əsr maarifçisi, ədəbiyyat və teatr xadimi Səməd Mənsurun oğlu idi. Yaxşı, bəs Tofiq müəllimin teatra marağı haradan qaynaqlanırdı?

Tağıyev Teatrında onun xüsusi lojası olub

- Anamdan və elə atamın özündən eşitdiyimə görə o, lap uşaqlıqdan teatra, sənətə maraq göstərib. Hələ balaca olanda (ümumi həyətdə yaşayırdılar) məhəllə uşaqları ilə bir yerdə evdən pal-paltar, mələfə, palaz götürüb həyətdə dekorasiya quraşdırır, müxtəlif səhnəciklər, parçalar oynayırdılar. Həmin uşaqlardan biri də rəhmətlik Mehdi Məmmədov olub. Yəni atamla Mehdi Məmmədov lap uşaq yaşlarından bir-birini tanıyıblar. Mənə elə gəlir ki, əksər insanlar uşaq vaxtı belə oyunlardan çıxır, müxtəlif səhnəciklərdə rol alırlar. Doğrudur, indi bu ənənələrin yerini başqa maraqlar alıb, amma o vaxtlar belə idi. Məncə, hər kəs bir az aktyordur və hər kəs nəsə bir rol oynamaq, kiminsə obrazına girmək, kimisə yamsılamaq istəyir. Yəni atamın teatra marağı uşaqlıqdan formalaşıb. Üstəlik, nənəmin də teatra böyük marağı varmış və hətta, Tağıyev Teatrında nənəmin özünün xüsusi lojası olub. Atam anası ilə vaxtaşırı gedib tamaşalara baxıb. Bu, Səməd Mənsurun nüfuzuna, hörmətinə olan qarşılıq idi. Çünki babam bildiyiniz kimi, dövrünün sayılıb-seçilən ziyalılarından idi.

Səməd Mənsur dünyasını dəyişəndə nənəm gənc olub və 4 uşaqla dul qalıb. Üstəlik, bu uşaqların ikisi onun Səməd Mənsurdan, ikisi də Səməd Mənsurun əvvəlki evliliyindən olub. Nənəm həmin uşaqları doğma övladlarından ayırmadan böyüdüb. Lakin teatra olan marağı babamdan sonra da tükənməyib.

Hər kəs bir az aktyordur

Həmişə bir şeyə heyrət etmişəm: nənəm dindar qadın idi, namaz qılırdı, qapalı gəzirdi, yəni ilk baxışdan geridə qalmış insan təsəvvürü yaradırdı, amma teatra gedir, bütün tamaşalara baxırdı. Məncə, atamın teatra olan marağı genetik şəkildə valideynlərindən keçib. Doğrudur, Tofiq Kazımov atasını çox erkən itirmişdi, amma hər zaman atasının obrazı ilə yaşayırdı.

Sovet dövründə Səməd Mənsurun şeirləri qadağan olunmuşdu. Əmim dövlət işində çalışrdı və ümumiyyətlə, ailə bu şeirləri üzə çıxarmağa ehtiyat edirdi. Gizlədirdilər babamın əlyazmalarını. Yalnız 70-ci illərdə bu şeirləri üzə çıxarmaq mümkün oldu. Atam demək olar, Səməd Mənsurun əksər şeirini əzbər bilirdi. Üstəlik, bu şeirlər klassik formada yazılmışdı, ərəb-fars sözləri ilə dolu idi, amma atam bu şeirləri əzbər bilməyi ilə yanaşı, həm də onların mənasını bilirdi.

Məsələn, mən Səməd Mənsurun məşhur "Rəngidür" şeirini oxuyanda artıq bir neçə il fars dili ilə, Füzuli yaradıcılığı ilə məşğul olmuşdum və müəyyən qədər o sözlərin mənasını anlayırdım, amma buna baxmayaraq tez-tez lüğətdən istifadə edirdim. Çünki bu şeirlərin hamısının alt qatı var, bir neçə məna kəsb edir. Ona görə anlamaq üçün onların fəlsəfəsini başa düşməlisən. Təəssüf ki, atam da dünyadan vaxtsız köçdü və mən onun bildiklərini tam öyrənməyə macal tapmadım.

- Atanız dünyasını dəyişəndə neçə yaşınız vardı?

- İyirmi yaşım vardı. Tələbə idim. Konservatoriyanın ikinci kursunda oxuyurdum.

- Atanız ali təhsilini Moskvada, ən nüfuzlu teatr institutlarının birində almışdı. Bakıda doğulub böyüyən bir adam üçün birdən-birə Moskva mühitinə düşmək çətin olmayıb?

- Bilirsiz necədir... atam Moskvada ali məktəbə qəbul olanda rus dilində bir kəlmə belə bilmirmiş. İmtahanda azərbaycanca C.Cabbarlının bir şeirini deyib və komissiya emosiyasını, mimikasını qiymətləndirərək onu ali məktəbə qəbul edib. Yəni onun aktyorluq istedadını o dəqiqə görüblər. Beləliklə, Moskvada təhsil alıb, Azdramada diplom işi verib, sonra təzədən ikiillik rejissorluq kursunda oxuyub. Bax belə... Üstəlik, atam həm də müharibə iştirakçısı idi. 19 yaşında cəbhəyə gedib yaralanmışdı. Ayağından və əlindən yaralanan atamı ordudan tərxis etmişdilər. Sol əlinin baş barmağı işləmirdi, yaxşı piano çalırdı, amma baş barmağından istifadə etmədən.

Nənəm onun yanına müharibəyə getmişdi

Onun yaralanması xəbərini alan nənəm, hətta gedib müharibədə atamı tapıb görüşmüşdü. Çox dəyanətli qadın idi nənəm, hər adamın işi deyildi gedib övladını odun, alovun içindən tapa bilsin. Nənəm atamı çox istəyirdi, çox bağlıydı ona.

İnstitutu bitirəndən sonra ona Moskvada qalıb işləməyi təklif etsələr də razılaşmır. Ən böyük arzusu öz teatrını yaratmaq idi və Azdramada bunu müəyyən qədər gerçəkləşdirə bildi.

- Tofiq Kazımov İlyas Əfəndiyev kimi bir dramaturqu yetişdirdi.

- Yox, gəlin məsələni elə qoymayaq. İlyas Əfəndiyev dramaturq idi və atam onun pyeslərinin səhnə həllini həyata keçirirdi.

- Mən sualı bilərəkdən belə qoymaq istəyirəm, çünki fikrimin davamı var. Yəni müştərək rejissor-dramaturq birliyinin nəticəsi olaraq 60-70-ci illərdə Tofiq Kazımov artıq Azərbaycanda yeni teatr təfəkkürü formalaşdıra bilmişdi. Teatr sintetik sənət olduğu üçün burada incəsənətin müxtəlif növləri öz əksini tapır, lakin əsas məsələ rejissorun dramaturji materiala münasibətidir. Tamaşanı rejissor təqdim edir. Yaradıcılığı, üslubu dramaturgiyaya yaxın olan yazıçı çox ola bilər, lakin məhz Tofiq Kazımov kimi rejissor və İlyas Əfəndiyev kimi yazıçı lazımdır ki, bu bacarığı üzə çıxarıb təqdim edə bilsin. Ədəbiyyat tarixindən və müəyyən xatirələrdən bilirik ki, İlyas Əfəndiyev məhz Tofiq Kazımovla iş birliyindən zövq alaraq növbəti pyeslərini qələmə alıb və beləliklə, Azərbaycan teatrında həm də yeni ruhlu dramaturgiya məktəbinin əsası qoyulub.

- Əlbəttə, dramaturq çox istedadlı ola bilər. Tutaq ki, bütün dünyanın qəbul etdiyi Şekspiri götürək. Hər rejissor ona fərqli prizmadan yanaşaraq fərqli quruluş verə bilər. Biz bu yaxınlarda Londonda "Hamlet" tamaşasına baxdıq. Çox məşhur aktyorlar ifa edirdi, amma quruluşu bəyənmədik, tamaşa darıxdırıcı gedirdi və birinci hissədən sonra zalı tərk etdik.

Dediyiniz kimi, tamaşanı rejissor təqdim edir və təqdimatdan çox şey asılıdır. İstənilən yaxşı pyesi korlamaq olar, bəzən də rejissor zəif pyesi çox yaxşı təqdim edə bilir. Bu, istedad məsələsidir və görünür, İlyas Əfəndiyevin də, atamın da bəxti gətirib ki, onlara bir yerdə işləmək nəsib olub. Bundan başqa, rejissor həm də tamaşanın rol bölgüsündə diqqətli olmalıdır. Baxın, atamın bu cəhəti də çox uğurlu alınıb və dövrün bir neçə nəsil aktyor məktəbinin formalaşmasında onun böyük xidmətləri olub. Həsənağa Turabov, Şəfiqə Məmmədova, Amaliya Pənahova, Yaşar Nuri, Hamlet Xanızadə, Səməndər Rzayev, Vəfa Fətullayeva, Fuad Poladov və adlarını çəkmədiyim bütöv bir aktyor nəsli onun quruluş verdiyi tamaşalarda kəşf olunub.

Daha çox gənclərlə işləmək istəyirdi

Atam daha çox gənclərin teatra cəlb olunmasına həvəs göstərirdi, gənclərlə işləməyə üstünlük verirdi. Üstəlik, müəyyən klişeləri dağıtmaqla da maraqlı təqdimatlar edirdi. Məsələn, İlham Namiq Kamal həmişə komik obrazlarda çıxış etmişdi, amma atam ona dramatik rollar verirdi. Hətta ilk dəfə evdə buna təəccüb etdik, axı o, komediya aktyorudur dedik, atam isə öz fikrindən daşınmadı və biz İlham Namiq Kamalı tamamilə fərqli ampluada gördük. Amma bütün bunlarla yanaşı, atamın bir şeydə bəxti çox gətirmişdi - İlyas Əfəndiyev kimi istedadlı dramaturqla işləyirdi. Çünki teatr müasir dramaturqlarla işləməlidir, həmişə klassikaya müraciət etmək olmaz. Müasirlik olmasa teatr yaşaya bilməz.

Teatr müasir dramaturqlarla işləməlidir

Klassikanın öz yeri, müasir əsərlərin öz yeri var. Əlbəttə, onlar bu əsərlər üzərində bərabər işləyidilər və əsas məsələ o idi ki, bu dramaturqlar atama etibar edirdilər. Məsələn, Anar indi də deyir bunu, "Şəhərin yay günləri" pyesini gətirib verib və deyib ki, necə istəyirsən elə də quruluş ver. Arxayın olublar: Tofiq Kazımov pis quruluş verə bilməz. Atam da əsərlər üzərində ciddi işləyirdi və nəticədə orijinal bir şey çıxırdı ortalığa.

Atamın bir uğuru da musiqi seçimində idi, dövrünün möhtəşəm bəstəkarları - Qara Qarayev, Cahangir Cahangirov, Emin Sabitoğlu, Vasif Adıgözəlov - ilə işləyirdi. Bu, mənim xatırladıqlarımdır.

- Çox doğru qeyd elədiniz, Lalə xanım. "Unuda bilmirəm" tamaşasının musiqisini mən hələ də unuda bilmirəm. Emin Sabitoğlunun musiqisi, Amaliya Pənahova ilə Həsənağa Turabovun ifası və təbii ki, Tofiq müəllimin quruluşu...

- "Ölülər" tamaşası, ümumiyyətlə, qeyri-adi quruluşda idi və müsiqisini Qara Qarayev yazmışdı. Rəssamı Elçin idi. Həsənağa Turabovun unudulmaz İsgəndəri. Çox İsgəndərlər olub, amma, məncə, heç kəs Turabovun yaratdığı İsgəndər və Məlik Dadaşovun Şeyx Nəsrullahı ilə müqayisə oluna bilməz. Tofiq Kazımov "Ölülər"ə fərqli quruluş vermişdi. Şeyx bizim bildiyimiz ənənəvi şeyx deyildi, atam onu kostyumda çıxartmışdı səhnəyə və bununla demək istəyirdi ki, bu "şeyxlər" hələ də var. Onlar bizim müasirlərimizdir.

- Lalə xanım, bir neçə il əvvəl İstanbulda "Teatr Pero"da Şekspirin "Benedik taciri"nə baxdım. Bizim bildiyimiz ənənəvi quruluş deyildi. Şekspir qəhrəmanları səhnəyə planşetlə, mobil telefonla çıxmışdı, dekorasiyasız, kostyumda, müasir geyimlərdə və s. Amma Tofiq Kazımov klassikaya hələ əlli il əvvəl belə müasir təqdimatda quruluş verirdi.   

Amerika kinosu onu 50 ildən sonra təkrarladı

Tofiq müəllim 60-cı illərin sonunda "Hamlet"ə quruluş verib və tamaşanın musiqisini Q.Qarayev yazıb, rəssamı Tahir Salahov olub. Bütün aktyorlar səhnəyə dəri gödəkcədə çıxıb və bütün tamaşa "Hamlet"dəki "Siçan tələsi" üzərində qurulub, yəni tamaşa içində tamaşa oynanılıb. Personajlar amfiteatrda oturub tamaşaya baxa-baxa tamaşa oynayıblar. Təsəvvür edirsizmi, bu quruluşun üstündən illər keçəndən sonra Amerika kinematoqrafı "Hamlet"ə müraciət edir və oradakı personajlar da dəri gödəkcələrdə olur. 

Övladımdan imtina edə bilmərəm

Əlbəttə, böyük sənətkarlarla - Q.Qarayev, T.Salahov, Niyazi və başqaları - birgə işdən atam da bəhrələnirdi və bu insanlar həm də bir-birlərini müdafiə edirdilər. "Ölülər" tamaşasına daxili baxışda atamı tənqid ediblər. Onu klassikanı təhqir etməkdə günahlandırıblar. Yəni görünür, onun təqdimatını başa düşməyiblər. Atamın da bir xasiyyəti vardı, heç vaxt öz tamaşasını müdafiə etməyə qalxmazdı, yəni demək istəyirdi ki, sizin nə söyləməyinizdən asılı olmayaraq, mən öz fikrimdən daşınan deyiləm. Bu tamaşanı belə görürəm və belə də təqdim edirəm. Bir dəfə anam ondan soruşdu: "Niyə bir söz demirsən?", atam cavabında: "Hər təzə tamaşa yeni doğulmuş uşaqdır. Bu uşaq dünyaya qüsurlu gələ bilər, amma mən övladımdan imtina edə bilmərəm". Bir sözlə, "Ölülər"in müdafiəsinə Q.Qarayev qalxıb. O, kifayət qədər nüfuzlu adam, dünya şöhrətli bəstəkar, Sosialist Əməyi Qəhrəmanı idi. Qarayev atamı tənqid edənlərə deyib ki, "Siz bu tamaşanı başa düşməmisiz, gedin onu bir də təkrar oxuyun!" və bununla da məsələ bitib. Tofiq Kazımovun bir şeydə də bəxti gətirmişdi, tamaşalarda canlı musiqi ifa olunurdu. Orkestr ifa edirdi. Bunun da böyük təsiri var idi.

- Teatr - gərgin iş deməkdir. Üstəlik, ən böyük teatrın baş rejissoru olmaq, yeni tamaşalara quruluş vermək, repertuar seçmək, qastrollar, aktyorlarla fərdi işləmək və s. Tofiq müəllim bütün bunların arasında evə, ailəyə vaxt ayıra bilirdimi? Səhv etmirəmsə, siz ailədə iki bacı olmusuz...

- Bəli, iki bacıyıq. Evimiz Akademik Teatrın yaxınlığında idi. Eyvandan baxanda teatr görünürdü. Eyvandan baxırdıq, axşam saat 8-də tamaşalar başlayırdı və artıq 8-ə on beş dəqiqə qalanda adamlar toplaşıb teatra gedirdilər. Təsəvvür edə bilməzsiz nə qədər tamaşaçı yığılırdı və bu, təkcə premyera günləri belə deyildi, demək olar hər gün teatrın qarşısında izdiham olurdu. Premyeralara isə, ümumiyyətlə, düşmək mümkün deyildi. Atam hər səhər saat 11-də işə gedirdi, sonra axşamüstü 4-də evə gəlirdi, birlikdə süfrə arxasına toplaşıb nahar edirdik. Sonra yatırdı və deyirdi: "Lalə, axşam 8-ə 20 dəqiqə qalanda tünd, məxməri çay dəmləyib, məni yuxudan oyadarsan". Bacım Aytən Moskvaya oxumağa getmişdi və bu vəzifə birbaşa mənim payıma düşmüşdü. Əslində, mən də Moskvaya oxumağa getmək istəyirdim, amma atam buna razı olmadı. Yuxudan durub çayını içir, sonra işə gedirdi. Axşam 11-in yarısı tamaşa bitirdi və o, dərhal evə qayıdırdı. Kənarda oturub-durmağı sevməzdi, ailəyə bağlı adam idi. Axşam işdən qayıdandan sonra ailəliklə bir saat, saat yarım söhbət edir, necə deyərlər, dərdləşirdik. Sonra otağına çəkilib işləyirdi. Yaxşı kitabxanası, öz iş otağı vardı və heç kəsi ora buraxmırdı. Müştüyə keçirib "Avrora" siqareti çəkirdi. Doğrudur, ona bahalı siqaretlər hədiyyə edirdilər, amma o, nədənsə, filtersiz siqaretə üstünlük verirdi.

Onun dostu az idi

- Köhnə kişiləri xatırlayıram, rəhmətlik Tofiq Quliyev də filtersiz siqaretlər çəkirdi.

- Hə, onlar yaxın dost idilər həm də. Üstəlik, əvvəllər Sovetskidə yaşayanda Tofiq müəllimlə qonşu idik. O, tez-tez bizə gəlirdi. Atamın dostu çox deyildi, bir neçə nəfərlə oturub-dururdu. Qara Qarayev, Əli Zeynalov, Emin Sabitoğlu gəlib-gedirdi evə. Atam Emin müəllimi oğlu kimi sevirdi. Emin bizə gəlirdi, evdə pianomuz vardı və o, təzə bəstələrini ifa edirdi bizimçün. Ədəbiyyatşünas, şərqşünas Rüstəm Əliyevlə dostluq edirdi. Firdovsidən, Nizamidən, Füzulidən danışırdılar. Bizim klassik ədəbiyyata marağımız bu söhbətlərdən qaynaqlanırdı. Dayımla, bacanağı ilə, bir yaxın cərrah qohumumuz vardı, onunla dostluq edirdi. Bəxtiyar Vahabzadə tez-tez zəng vururdu bizə. Hələ də onun telefondakı səsini xatırlayıram.

- Bildiyim qədərilə ailədə belə demək olarsa, bircə siz Tofiq müəllimin yolu ilə getdiniz...

- Yox, onun yoluyla getdim deməzdim. Mən musiqişünasam. Müəyyən layihələr işləyirəm, musiqili filmlər çəkirəm, video, foto layihələr hazırlayıram və s. amma teatr mənim sahəm deyil. Əslində, həvəsim vardı, atam icazə vermədi onun sənəti ilə gedim.

O qəzada mən də ölə bilərdim

- Lalə xanım, Tofiq müəllim 57 yaşında avtomobil qəzasında dünyasını dəyişmişdi. Bu nə qəza idi belə? Hara gedirdi, kiminlə idi?

- Adi avtomobil qəzası idi, amma həmin gün qəribə mistikası ilə xatirimdə qalıb. Ailəliklə Göygölə istirahətə gedirdik. Sükan arxasında sürücü idi, amma sürücümüz qəfildən xəstələndiyi üçün, qardaşı bizi öz maşını ilə aparmağa gəlmişdi. Atam da sadəcə, bizi yola salmağa gəlirdi. Yəni bizi yerbəyer etdikdən sonra Bakıya qayıdacaqdı. Qəzadan təxminən 15 dəqiqə əvvəl ürəyim bulandı və məni rəfiqəmlə bir yerdə arxadan gələn dayımın maşınına keçirdilər. Onda "QAZ-24" idi, salonu geniş idi bir az. Dayım isə öz həyat yoldaşı ilə bir yerdə bizim maşına keçdi və sonra qəza oldu. Həmişə fikirləşirəm: burada nəsə mistik bir şey vardı, bizi qəzadan yayındırdı, amma onlar qəzaya düşdülər. Orada mən də ola bilərdim. Əslində, heç vaxt yol gedəndə ürəyim bulanmazdı, o gün nəsə başqa şey idi. Maşınları dəyişdik və 15 dəqiqə sonra hadisə baş verdi. Bu çox dəhşətli bir şey idi, mən o hadisəni xatırlamaq istəmirəm...  

- Rejissor teatrın əsas sütunlarından biri olsa da, tamaşaçı onu görmür. Çox vaxt rejissorun işini yalnız tənqidçilər, teatr, sənət adamları görüb dəyərləndirirlər. Teatr daha çox aktyorlarla yadda qalır. Heç  "kaş lent yazıları qalardı" düşüncəsi ilə atanızın rejissor yox, aktyor olmasını arzulamısız?

- Əslində, atam tələbə vaxtı aktyor kimi müxətlif tamaşalarda oynayıb. Hətta babam Səməd Mənsur da tamaşalarda aktyor kimi çıxış edib. O ki qaldı sizin sualınıza, bir şey deyim. Bilirsiz ki, ən məşhur aktyorlar belə, nə vaxtsa rejissor olmaq fikrinə düşürlər. Çünki aktyorun ürəyində rejissor olmaq istəyi var, rejissor tamaşada əsas söz sahibidir. Dünyanın hər yerində belədir. Mel Gibson kimi, Ancelina Coli kimi aktyorlar da rejissor olmaq eşqinə düşürlər. Yox, mən təsəvvürümdə atamı elə rejissor kimi qəbul edirəm.

Müştük və silah hobbisi

- Bildiyimə görə, Tofiq müəllimin maraqlı hobbisi olub. Silah yığırmış...

- Silah deyəndə ki, müxtəlif xəncərlər toplayırdı, bir də müştük. Evdə müştüklərdən ibarət bütöv kolleksiya var. Müştükləri də saxlayırıq, amma xəncər kolleksiyasını atamdan sonra da davam edirəm. İndi həyat yoldaşım səfərlərdən gələndə əntiq xəncərlər alıb gətirir. Sonra bir də qramofon valları toplayırdı. Ən maraqlı hobbisi isə müxtəlif şorabalar hazırlamağı idi. Onun hazırladığı şorabalar qeyri-adi olurdu. Haradansa balaca qarpızlar tapırdı, içini göyərti və müxtəlif qarışıq tərəvəzlərlə doldurub duza qoyurdu. Yəni yaradıcı adam idi, hər şeydə yenilik axtarırdı.

- Eyni dövrdə böyük sənətkarlar vardı: Ədil İsgəndərov, Mehdi Məmmədov və Tofiq Kazımov. Teatr mətbəxində belə söhbətlər gəzir ki, bu sənətkarlar, nədənsə, bir-birilə yola getməyiblər.

- Məncə, bu çox təbii şeydir. Ədil İsgəndərov onlardan yaşda böyük idi, amma Mehdi Məmmədov ilə atam uşaqlıqdan tanıyırdılar bir-birlərini. Aralarında çox normal insani münasibətlər vardı, bir-birinin xasiyyətinə bələd idilər və s. Amm yaradıcılığa gələndə ola bilər haradasa bir-birini qəbul etməsinlər, çünki üslubları fərqli idi və hər biri öz yolunu müdafiə edir, onu inkişaf etdirmək istəyirdi. Bu isə ümumilikdə Azərbaycan teatr sənətinin inkişafına xidmət edirdi. Mən onların hansının yaxşı, hansının pis olduğunu demək, onları müqayisə etmək fikrində deyiləm, hərəsinin öz dəst-xətti vardı. Həmin dövrə nəzər salanda möhtəşəm bir mənzərə ilə qarşılaşmaq olur. O dövr bütünlüklə dünyada mədəniyyətin, incəsənətin intibah dövrü idi, sanki. Təkcə musiqini götürək: Qara Qarayev, Fikrət Əmirov, Niyazi. Bu üç ad artıq dövr haqqında tam təsəvvür yaradır. Rəssamlıqda Tahir Salahov və Toğrul Nərimanbəyovun adını çəkmək bəs edir.

Kosmosun təsiri ilə

- Lalə xanım, sizcə, bu nədən irəli gəlirdi? Niyə indi elə mühit yaranmır? Məncə, sərhəd qadağası simvolik bir şeydir. Əgər istedad bumu sərhəd bilmədən dünyanın hər yerinə yayılırsa, bu, insanın ortaq genetik bağlılığının göstəricisidir.

- Mənə də elə gəlir... Məncə, bu kosmosdan gələn, nəsə ilahi bir şeydir. Və bu kosmos istəsə dünyanın hər yerində özünü büruzə verə bilər. Amma bu gün sizin dediyiniz o bum texnologiyanı hədəf götürüb.

İstedadlı adam tənha olmağa məhkumdur

- Övladın yaddaşında hər valideynin dediyi leytmotiv fikir, söz yaşayır və insan bu sözü heç vaxt unutmur. Hətta eyni sözü, fikri kimdənsə, haradasa eşidəndə müəyyən xatirələr oyanır... Varmı Tofiq müəllimin yaddaşınızda qalan elə bir sözü, fikri?

- Var... Bir dəfə söhbət əsnasında mənə dedi ki, "adam naşükür olmaz". Onun bu fikri həyatım boyu yaddaşıma yazıldı. O, naşükürlüyü günah sayırdı.

- Hansı özəllikləri vardı Tofiq Kazımovun?

- Əvvəla, tənha adam idi, tənhalığı sevirdi. Öz dünyasında yaşamaqda, öz dünyası ilə əlləşməkdə rahatlıq tapırdı. Sovet hökumətinə nifrət edirdi. Üstəlik, sonradan mən onun qeyd dəftərçələri ilə tanış oldum və gördüm ki, atam bütün həyatını planlı şəkildə yaşayıb. Bu saatda məşq, bu saatda filankəslə görüşmək və s. Və heç vaxt öz planından kənara çıxmayıb. Qeyd dəftərçələrinin birində qəribə fikir oxumuşdum: "İstedadlı adam tənha olmağa məhkumdur".

Söhbətləşdi: Əyyub QİYAS

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!