"Sənət hücrəsi"nin budəfəki qonağı professor, şair, - "Vektor" Beynəlxaq Elm Mərkəzinin prezidenti Elçin İsgəndərzadədir

"İnternet tozlanması ilə şeir yazanların şair olacağına inanmıram"

 

- Elçin müəllim, Edip Cansevər şeirlərindən birində "insan yaşadığı yerə bənzər" yazır. Məncə, həm də doğulduğu yerə bənzəyir. Qatılırsınızmı bu fikrə?

- Siz sualı verəndə istədim sözünüzü yarıda kəsib deyəm ki, qardaş, mən yaşadığım yerə deyil, doğulduğum yerə bənzəyirəm. Edip Cansevər türk şeirinin ustadlarındandır və çox gözəl deyib. Elmi baxımdan da bu belədir. Məsələn, Azərbaycan öz təbiətinə, relyefinə görə hədsiz dərəcədə zəngin bir ölkədir və təbiəti gözəl olan regionlarda istər-istəməz bu gözəllik insanlara da sirayət edir. Mən yaşadığım ömrün yarısını doğulduğum yerə ayaq basa bilmədən yaşayıram, bu da bir taledir, qismətdir. Əgər buna yaşamaq demək olarsa... Mən Şuşada doğulmuşam. Bu gün Şuşa bizim ən ağrılı yerimizdir. Mən dünyanın harasına gedirəmsə, Şuşaya gedirmiş kimi gedirəm. Mənim üçün bütün yollar Şuşaya aparır. Bəlkə də mən heç Şuşada doğulmasaydım belə, yenə Şuşa mənim varlığıma hopacaqdı. Bu, mənim üçün çox maraqlı nüansdır və niyə belədir, mən hələ bunun tam sirrini özüm üçün aça bilməmişəm. Lap körpə vaxtlarımda valideynlərim məni Cıdır düzünə aparırmış, mən orda iməkləmişəm. Bir məqamı deyim. Səkkizinci sinfi yenicə bitirmişdim, onda artıq Şuşadan Ağdama köçmüşdük, mən orda təhsil alırdım. Şuşa ilə aramızda qırx dəqiqəlik məsafə vardı. Ağdamdan Şuşaya avtobus gedirdi. Mən ordan avtobusa minib Şuşaya gəldim və ilk getdiyim yer Cıdır düzü oldu. Cıdır düzü mənim üçün Azərbaycanın simvolu idi. Səkkizinci sinfin fərqlənmə attestatını Cıdır düzünün ən hündür yerinə çıxıb ona göstərmişəm. Bütün uğurlarıma görə Cıdır düzünə hesabat vermişəm. O vaxt Qarabağ hadisələrinin izi-tozu yox idi. Söhbət ötən əsrin 70-ci illərinin sonundan gedir. İlk şeirimin çap olunduğu qəzeti də aparıb Cıdır düzünə göstərmişəm. Zənn etmişəm ki, mənim bütün uğurlarımda Cıdır düzünün payı var. Ata kimi, baba kimi, müəllim kimi, şair kimi məndə olan bütün yaxşı keyfiyyətlərə görə məhz o enerjiyə borcluyam.  Sənin sualın məni çox duyğulandırdı. Mənə elə gəldi ki, bütün bu ömrümü ona görə yaşamışam ki, bu sual mənə verilsin.

- "Tüfəng qundağına yazılmış şeir"iniz var.

- Hə, nəslimin şəcərəsi.

- "Əski əlifbayla bir misra yazılmışdı tüfəngin qundağına" - deyirsiniz. Hansı misra idi o elə?

- O tüfəng mənim babamın tüfəngi olub. Onu o vaxt atam "Qarabağı Müdafiə Şahinləri"nə bağışladı. Mən artıq əski əlifbanı öyrənəndə o tüfəng yox idi. Çox təəssüf ki, o yazını oxuya bilmədim. Orda bizim 5 min kitabdan ibarət zəngin kitabxanamız qaldı, o tüfəng də orda qaldı. Bu da məni həmişə təəssüfləndirir. Əlbəttə, ən böyük itkimiz yurd itkisidir, mənəvi itkilərimizin isə sayı-hesabı yoxdur. Mən həmişə bu ağrılarla yaşayıram. O şeir də nisgildən doğulmuş bir şeirdir.

- İlk şeirinizi yazdığınız vaxtı xatırlayırsınız?

- Dəqiq xatırlayıram. On bir yaşım vardı, dördüncü sinifdə oxuyurdum. Çoxlu şeir əzbər bilirdim, bir gün düşündüm ki, elə mən də şeir yaza bilərəm. Eyni gündə iki şeir yazdım. İndiki kimi yadımdadır, biri "Kəndimiz" adlanırdı, kəndimizin təbiətindən yazmışdım, kəndimizin böyründən Qarqar çayı axırdı, axar-baxarlı mənzərələr mənim uşaq qəlbimi təlatümə gətirmişdi. Bir də Nübar Babayeva adlı coğrafiya müəlliməmiz vardı, çox sevdiyim bir müəllimə idi. Artıq dünyasını dəyişib. İkinci şeirimi də ona yazmışdım. Təbii ki, indi onlara şeir demək olmaz, bu, mənim şeirdə iməkləməyim idi. Bundan sonra mənim şeirlərim Ağdamın "Lenin yolu" adlı rayon qəzetində dərc olunmağa başladı. İndi artıq çox tanınmış qələm sahiblərindən olan Aqil Abbasın, Rəşad Məcidin, Qulu Ağsəsin də ilk qələm təcrübələri həmin qəzetdə dərc olunub.

- Elçin müəllim, ən çox öyrəndiyiniz, bəhrələndiyiniz şair kimi olub?

- İnsan yeniyetmə çağlarında mütləq kiməsə oxşamağa çalışır. Bu proses öz yolunu, öz cığırını tapana qədər davam edir. Hamımız o yolu keçmişik. Mən ədəbiyyata Məmməd Arazın cığırını tutub gəlmişəm. Ədəbiyyatda kumirim Məmməd Araz olub. O mənə ədəbiyyatda xeyir-dua verib, ilk kitabıma ön söz yazıb. Amma ən çox sevdiyim, təsirləndiyim, uşaq vaxtı ən çox oxuduğum şair Rəsul Rza olub. Ruh etibarilə özümü daha çox Rəsul Rza məktəbinə yaxın hesab edirəm. Bizim kəndin bir kitabxanası vardı, o kitabxananın müdiri də xalam idi və bu da mənim üçün bir şans idi. O, savadlı qadın idi, mənə hansı kitabları oxumağın lazım olduğunu deyirdi, onun tövsiyə etdiyi kitabları oxuyurdum. Bu da zövqümün formalaşmasına çox ciddi təsir göstərdi. Ola bilsin ki, o vaxt elə xalam mənə tövsiyə edibmiş ki, sən Rəsul Rzanı oxu. Heca şeiri də yazıram, sərbəst şeir də yazıram. Amma dəqiq bilirəm ki, sərbəst şeirdə mənə ən çox Rəsul Rza təsir göstərib. Məmməd Araz isə mənim üçün həm də vətənpərvərlik məktəbidir. Həmişə ona oxşamağa çalışmışam. Ədəbi mühitə gələndən sonra səkkiz il onunla çox yaxın, doğma münasibətimiz olub, hər gün yanında olmuşam. Bu gün də qürur hissiylə deyə bilərəm ki, mən Məmməd Arazçı olmuşam. Sizin sualınıza cavab olaraq deyə bilərəm ki, bu iki ustad şair mənə çox böyük təsir göstərib. Həmçinin mənim şair kimi formalaşmağımda Gəncə ədəbi mühitinin böyük rolu olub. Bilirsiniz ki, ömrümün beş-altı ili Gəncədə keçib. Orada Pedaqoji Universitetdə mühazirələr oxuyurdum. Ədəbi aləmdə də artıq tanınmağa başlamışdım. Orada ağsaqqal yazıçımız Qərib Mehdinin "İlham" ədəbi birliyi fəaliyyət göstərirdi. Nizami Aydınla, Musa Urudla, digər tanınmış qələm sahibləriylə orada tanış oldum. Ədəbiyyatın qara fəhləliyini bizə Qərib Mehdi öyrətdi. Üç il mən o ədəbi birliyə gedib-gəldim və burda da Qərib Mehdi məktəbi keçdim. Sonra Bakıya gəldim və burada da çox böyük dostlar qazandım. Heç vaxt unudulmayacaq böyük şairimiz Adil Mirseyidi ilk dəfə "Ədalət" qəzetinin redaksiyasında Vaqif Bəhmənlinin otağında görmüşəm. Adil pəncərə çərçivəsinə söykənib fikirli-fikirli siqaret çəkirdi. Bizi Vaqif Bəhmənli tanış elədi. Onda Adil sadəcə, gülümsədi. Bilirsiniz də, onun özünəməxsus təbəssümü vardı. Cins şalvar, cins köynək, cins gödəkcə vardı əynində,  boynuna kaşne bağlamışdı. Həmin gündən ta ömrünün sonuna qədər biz Adillə ayrılmaz dost olduq və mən, təbii ki, Adildən də çox şeylər öyrəndim. Adilə bir neçə poema həsr etmişəm, onun haqqında esselərim var. Son dərəcə bənzərsiz insan idi, təpədən-dırnağa şair idi, bütün yaşamıyla, həyat tərzilə rəssam idi, sözlərlə rəsm çəkirdi, rəsmləri şeirlərinə də yansıyırdı. O, bütün zamanların şairidir. Taleyimə çox minnətdaram ki, bu cür böyük insanları qarşıma çıxarıb.

- Ən çox Şərq şeirini oxuyursunuz, yoxsa Qərb şeirini?

- Səmimi desəm, Qərb şairlərini daha çox oxuyuram. Bax, bu sual da yenə gözlənilməz oldu. Sənin belə gözlənilməz manevrlərin var da. (Gülüşürük). Hə, otuz yaşıma qədər elə zənn edirdim ki, Şərqi yetərincə oxumuşam və mənimsəmişəm. Mənim fundamentim Şərqdir. Şərq həm də bizim mahiyyətimizdir. Biz hamımız Şərq şairlərini oxuya-oxuya kamala yetmişik. Amma sovet dönəmində biz qapalı şəraitdə yaşayırdıq, Qərb şairləri bizim üçün əlçatmaz idi, biz onları oxuya bilmirdik. Bizdə bu baxımdan Qərb şeirinə qarşı bir aclıq hissi var idi. Sonra biz müstəqilliyimizə qovuşduq, sərhədlər açıldı, dünyanın mənzərəsi gözümüz önündə açıldı. İndi tale elə gətirdi ki, ömrümün çoxu xarici ölkələrdə keçir, Avropa şairləriylə sıx ünsiyyətdə oluram. Mən artıq ədəbi əlaqələr nöqteyi-nəzərindən onların yaradıcılığını oxumağa məcburam. Sənə bir şey deyim, Kənan. Bu söhbət bitən kimi auditoriyaya girəcəyəm, mühazirəm var. Bax, indi düşünürəm, qəfildən tələbələrdən kimsə soruşsa ki, müəllim, bizə nə tövsiyə edirsiniz? Qərb ədəbiyyatını oxuyaq, yoxsa Şərq ədəbiyyatını? Çox çətin, həm də maraqlı sualdır. Bu sualın cavabını düşünə-düşünə beynimdə müxtəlif fikirlər şaxələnir. Baxın, siz xarici tozlarla mayalanmış güllər görmüsünüz də. Külək o tozu gətirir, gül də mayalanır. Qələm dostum Azər Turan bunu bir dəfə yazmışdı. Bizim internetə bağlı gənclərin yaradıcılığında hibrid mətnlər ortaya çıxır. Oxuyursan, görürsən, ordan-burdan götürüb, qondarmadır. Özünü ifadə edə bilmir. Yaradıcı insan, ilk növbədə, özü olmalıdır, şeirdə öz içinin şəklini çəkməlidir, orijinallıq budur. Onda sən şair olursan, şeirə təzə nəfəs gətirirsən. Əsl şair odur ki, o, bütün varlığıyla öz xalqını ifadə edir. Bundan sonra, təbii, Qərbə də boylanmaq lazımdır ki, onların nə yazdığını biləsən. Biləsən ki, çayı, dağı, meşəni sən necə tərənnüm edirsən, onlar necə tərənnüm edir. Dünya poeziyasında gedən prosesləri, onun inkişaf yollarını da təbii ki, izləməliyik. Əziz dostum Azər Turanın təbirincə desək, internet tozlanması ilə kiminsə gəlib Azərbaycanın sevilən milli şairi olacağına mən qətiyyən inanmıram. Ona görə mən Şərqi daha çox oxumağı tövsiyə edərdim.

- Dünyanın bir çox ölkəsində olmusunuz və dünya poeziyasına da dərindən bələdsiniz. Azərbaycan poeziyası dünya ədəbi məkanında şeir baxımından geridə qalmır ki?

- 1981-ci ildən dünyanı dolaşıram. Saysız-hesabsız ölkələrdə Azərbaycanı təmsil etmişəm.Tam səmimiyyətimlə deyirəm, son 20-25 ildə getdiyim ölkələrdə nə Azərbaycan elmindən, nə də Azərbaycan ədəbiyyatından xəcalət çəkmişəm. Bunu əlimi ürəyimin üstünə qoyub deyirəm. Tez-tez beynəlxalq ədəbiyyat festivallarında, rəsmi tədbirlərdə iştirak edirəm. Heç vaxt Azərbaycan ədəbiyyatı haqqında bir kəlmə də olsun, mənfi fikir eşitməmişəm. Əksinə, həmişə bizim ədəbiyyatımız haqqında yüksək fikirdə olduqlarını dilə gətiriblər. Məni Azərbaycandan gələn şair kimi təqdim edəndə özümə qarşı həmişə hörmət, sayğı hiss etmişəm. Bu da səbəbsiz deyil. Bizə qədər bu münasibəti yaradanlar olub. Yeri gəlmişkən, bir ciddi məqama toxunmaq istəyirəm. Qələm adamlarından Türkiyəyə ən çox gedib-gələnlərdən biri də mənəm. Bizim dostluq, qardaşlıq münasibətlərimiz haqqında aylarla, illərlə danışsam, tükənməz. Amma bir məsələ var, bu gün Türkiyədən Azərbaycana, Azərbaycandan da Türkiyəyə elə adamlar gedir-gəlir ki, onların ədəbiyyata, poeziyaya heç bir dəxli yoxdur. Təbii, hər kəs qonaq kimi gedib-gələ bilər. Amma bu adamlar ədəbiyyat adına iddia edənlərdir, özlərini şair, yazıçı kimi təqdim edirlər və bu da Azərbaycan ədəbiyyatına heç də başucalığı gətirmir. Ədəbiyyatla möhtəkirlik eləmək olmaz. Bu işlərə çox təəssüf ki, nəzarət mexanizmi yoxdur. Baxırsan, çox layiqli, istedadlı qələm adamları imkansızlıq üzündən Türkiyədə ciddi ədəbi festivallarda iştirak edə bilmir, amma tamamilə yararsız, istedadsız, ədəbiyyat adına heç bir xidməti olmayan adamlar gedib ədəbiyyatımız haqda mənfi rəy formalaşdırırlar. Belə olmaz. Ədəbiyyatı layiqli adamlar təmsil etməlidir, kimsə özünü zorla bu sahəyə sırıya bilməz. Son vaxtlar bu, artıq mütəmadi hal alıb. Bunun qarşısı alınmalıdır, bu, biabırçılıqdır.   

- Siz həm elmi fəaliyyətlə, həm də bədii yaradıcılıqla məşğul olursunuz. Şairliklə alimlik necə yola gedir?

- Deyim ki, elmi nailiyyətlərdən şikayətlənməyə əsasım yoxdur. Mənim elmi fəaliyyətim göz qabağındadır. Mən aviamexanizmlərin analizi və sintezi sahəsi üzrə təkcə Azərbaycanda deyil, keçmiş postsovet məkanında ən gənc elmlər namizədi və elmlər doktoru olmuşam. Ən gənc yaşda bir sıra elmi nailiyyətlər qazanmışam. Uzun-uzadı sadalamaq istəmirəm. Bütün bunlar asanlıqla başa gəlməyib, çox çətinliklərdən keçmişəm. Amma sizə tam səmimi deyirəm, indiyə qədər qazandığım diplomların, medal və mükafatların birincisini səkkizinci sinifdə almışam. Hamısını alanda şair kimi almışam. Həmin anlarda dünyaya, həyata, insanlara, içdiyim suya, qoxuladığım gülə şairanə münasibət sarıdan çox duyğulu anlar yaşamışdım. Alimliklə şairliyi tərəziyə qoymaq heç vaxt ağlıma gəlməyib. Onların arasındakı fərqi öz içimdə çox aydın hiss edirəm. Alimlik mənim peşəmdir, seçdiyim ixtisasdır, şairlik isə həyat tərzimdir. Yay aylarında Qırxqız yaylağına gedərdik, nənəm sağıcı, əmək qəhrəmanı idi, mənə təbiətin gözəlliklərini də o sevdirdi. O yaşlarımda dünyanın möcüzələrinə baxırdım, az qala, ürəyim ağzımdan çıxırdı, duyğularımı sözə çevirmək istəyirdim. Amma, görünür, o vaxt buna gücüm çatmırdı, "şeirlərimi" baxışımla, duruşumla, hisslərimlə "yazırdım". Məktəbə gedəndən, yazı-pozunu öyrənəndən sonra bayaq dediyim kimi, yaşantılarımı sözə çevirmək xoşbəxtliyi qazandım. Ola bilər, o vaxt reallıq duyğum daha güclü çıxıb, əla qiymətlərlə oxumuşam, məktəbi qızıl medalla bitirmişəm, özümü elmdə sınamağa qərar vermişəm.

Elçin İsgəndərzadə ilə olmuşlardan-olacaqlardan xeyli söhbətləşdik. Söhbətimizin diktofona yazılmayan hissəsi yazılandan çox idi. O yazılmayan hissə də ola bilsin, nə vaxtsa yazıya köçəcək. Bu söhbət iki qələm adamının dərdləşməsi, həsb-halı idi. Müsahibənin sonunu tamamlamağı da şair mənə həvalə elədi. Çünki artıq auditoriyaya girməli idi, tələbələr onu gözləyirdi. Fürsət düşmüşkən, ondan bir xahişim də var. Söhbət zamanı unutdum, qoy bu yazının küncünə yazım, Qarabağ azad olunan gün Elçin müəllimə xatırladacam.

- Elçin müəllim, bu dəfə Cıdır düzünə hesabat verməyə gedəndə məni də özünüzlə aparın!

Söhbətləşdi: Kənan HACI

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!