Ölüm yaxşı şey olsaydı öncə tanrılar ölərdi elə... - Sapfo

Qədim yunan şairəsi (təq. e.ə. 630 - e.ə. 572/570)

 

Deyin hamıya

Ən gözəl şeirləri

Oxuyacağam bu gün

Dostlarım üçün.

***

Biz kef edəcəyik

Bəyənməyən varsa

Bədbəxtlik

Əskik olmasın taleyindən.

***

Dayanıb yatağımın başında

Parıltılı çarıqlarıyla

Birdən

Yuxudan oyatdı məni sübh.

***

Soruşdum özümdən

Sapfo, dedim

Nə verə bilərsən ki,

Hər şeyi olan

Afrodita kimi birinə.

***

Günortaüstü

Yer üzü yananda

Göydən ələnən atəş

Altında.

 

İncə bir nəğmə oxuyur

Cırcırama

Qanadlarıyla.

***

Götürdüm əlimə arfamı

Gəl, dedim, mənim

Müqəddəs balıqqulağım

Danışan musiqi ol.

***

Sadəcə

Hava da olsa

Ölümsüzdür

Dilimdəki sözlər.

Bir vaxtlar

Gül dərəndə

Gördüyüm qızı

Xatırladırsan mənə.

***

Səni çağırıram, Qonqila

Bəyaz paltarını geyin

Gəl yanıma

Gözəlliyin alovlandırır istəyimi

Səni hər görəndə

Başım gicəllənir

Sevinclə dolur ürəyim.

 

Əvvəllər incisəm də Afroditaya

İndi yalvarıram ki,

İntiqam almağa çalışmasın

Səni mənə göndərsin.

***

Bircə şey bilirik

Ölümün pis şey olduğunu

Tanrılara bax məsələn,

Ölüm yaxşı şey olsaydı

Əvvəlcə tanrılar ölərdi elə.

Tərcümə edəni: Həmid PİRİYEV

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!