Rübabə SƏMƏNDƏR: O, sənətinə sadiq idi...

"Varislər"in bugünkü qonağı unudulmaz teatr və kino aktyoru, yaratdığı obrazlarla daima tamaşaçıların qəlbində xatırlanan Səməndər Rzayevin varisi, Azərbaycan radiosu "Ədəbiyyat və incəsənət" redaksiyasının redaktoru Rübabə Səməndərdir.

 

Filologiya fakültəsini aktyorluğa dəyişən adam...

Qədim Şirvan torpağında, Ağsuda dünyaya gəlmişdi. Müharibə illərində atası dəyirman işlədir, ehtiyacı olana əlindən gələn köməyi göstərirdi. Elə o da ömrünü insanlara yaxşılıq etmək üzərində qurdu. Yeniyetmə yaşlarında Ağsuda dram dərnəyinin tamaşalarında iştirak edirdi. Bu həvəs onda böyük səhnə ustası Ələsgər Ələkbərovun radiodakı səsini dinlədikdən sonra yaranmışdı və bəlkə elə buna görə sonradan radio onun həyatının bir parçası oldu. Universitetin filologiya fakültəsinə daxil olsa da, orada qərar tuta bilmədi, sənədlərini götürüb rayona qayıtdı və bir müddət klubda işlədi, arabir plakatlar çəkib ailəsinə maddi kömək etdi. Sonra tələbəlik illəri... Unudulmaz aktyor və pedaqoq Rza Təhmasibin aktyor kursunda təhsil aldı. Mehdi Məmmədov, Ədil İsgəndərov, Tofiq Kazımov kimi korifeylərdən sənətin sirlərini öyrəndi. Teatrda və kinoda yaratdığı irili-xırdalı obrazlarla tamaşaçı ruhuna nüfuz etdi və bəlkə də hər sözü, hər mimikası yüz minlərlə tamaşaçının yaddaşında yaşadı.

Biz onu çox erkən itirdik - 41 yaşında, amma o, hələ də bizimlədir, hələ də xatırlanır, sevilir. Bəli, söhbət respublikanın Əməkdar artisti, Azərbaycan SSR Dövlət mükafatı laureatı Səməndər Rzayevdən gedir. Onun varisi, qızı Rübabə Səməndərlə Beynəlxalq Mətbuat Mərkəzində görüşdük.

Bir insanın gedişi az qala bir ailənin məhvinə səbəb oldu

- Danılmaz gerçəklikdir, o dövrdə çox böyük aktyorlar vardı, möhtəşəm bir nəsil vardı və atamın gedişi ilə, doğrudan da, bir boşluq yaranmışdısa, demək Səməndər Rzayev öz missiyasını yerinə yetirə bilmişdi, çünki bu, hər kəsə nəsib olan xoşbəxtlik deyil. Və əgər teatrda, kinoda bir boşluq yarandısa, təsəvvür edin ailədə necə boşluq yarandı... Ailədə atamızdan başqa kimimiz vardı ki, o boşluğu doldura bilək?! Üstəlik, bu adi boşluq deyildi, həm də böyük bir ağrı idi. Bu ağrının gələcəkdə çox böyük fəsadları oldu. Hamımız sarsılmışdıq, amma qardaşım bunu çox ağır yaşadı. Atamın itkisi ilə qardaşım barışmadı və hələ də barışa bilmir. Ailəmiz demək olar, tarmar oldu. Bir insanın gedişi az qala bir ailənin məhvinə səbəb oldu. İnsan belə itkilərin ağırlığını o an anlamır: həm qəbul eləmirsən, həm uşaqsan və həm də o ərəfədə hamı sənin yanında olur, təsəlli verir və bir gün hər şey bitir, özünlə, yaxınlarınla, ailənlə baş-başa qalırsan. Onda adama çox ağır gəlir, çox...

Ona istədiyi rolu da vermirdilər...

- Səməndər müəllim dünyasını dəyişəndə də birotaqlı evdə yaşayırdınız?

- Yox, o vaxt ona 9-cu mikrorayonda ev vermişdilər. Bu ev məsələsi də illərlə dalana dirənmişdi. Atam çox üzüyola adam idi, heç vaxt haqqını tələb etmək üçün qapılara düşməzdi. Deyirdi, vaxtı çatanda verərlər. Diribaş adamlar vardı ətrafında, ondan irəli düşüb ev də almışdılar, bağ da... Yaxşı yerlərdən ev ayrılmışdı ona, başqaları müəyyən yollarla o evlərə bir neçə dəfə sahib çıxmışdı. Atam başını aşağı salıb öz işi ilə məşğul olurdu. Bu, onun həyatında da belə idi. Hətta teatrda da istədiyi rolları vermirdilər ona. Axı onun imkanları böyük idi, istənilən rolu yarada bilərdi, amma baş rol oynamaq istədiyi tamaşada başqa rol verirdilər ona və bu onu sındırırdı.

- Amma Səməndər Rzayev üçün böyük, yaxud kiçik rol yox idi, o, istənilən rola öz möhürünü vururdu. Mən Akademik Teatrın səhnəsində onun bir neçə tamaşasına baxmışam. O vaxt Azərbaycan Dövlət Universiteti (indiki BDU) nəzdində jurnalistika üzrə ödənişli hazırlıq kursuna gedirdim və kurs yoldaşlarımızla birlikdə teatrın tamaşalarına baxırdıq. Yəni böyük rolu da, kiçik rolu da möhtəşəm idi.

Atamı biganəlik məhv etdi...

- Doğrudur, ancaq adamın oynamaq istədiyi rollar olur axı... Onun da yaratmaq istədiyi rollar vardı və o rolu ona vermirdilər. Həm də elə bir şərait yaradırdılar ki, çox vaxt filmlərə aldığı dəvətlərdən imtina etməli olurdu. O, kinonu çox sevirdi, amma teatrda bir gündə eyni tamaşanı 3 seansa salırdılar və ona dublyor vermirdilər, məcbur olub gündə 3 dəfə səhnəyə çıxmalı olurdu. Bu səbəbdən çəkilişlərin çoxuna vaxt çatdıra bilmirdi.

- Bir neçə gün əvvəl saytların birində "İçkinin məhv etdiyi aktyor" başlığı ilə yazı getmişdi və siz buna sərt reaksiya verdiz, dediz ki, "Bu, atamın ruhuna ən böyük həqarətdir". Əslində, Səməndər Rzayevin ölüm səbəbi kimi çox vaxt bu amil hallanır. Bu barədə nəsə demək istəyirsiniz?  

- Əlbəttə, içkinin məhv etdiyi aktyorlar olub və siz də, cəmiyyət də onları yaxşı tanıyır. Ad çəkməyəcəyəm, çünki mən o jurnalistlərdən deyiləm və heç kəsin şəxsi həyatına qarışmaq fikrim yoxdur. Birmənalı şəkildə deyirəm, atamı içki məhv etmədi, içki səbəb deyildi, nəticəydi. Onu biganəlik məhv etdi, onu arzularının puç olması məhv etdi. Heç kəs deyə bilməzdi ki, Səməndər içib hardasa yıxılıb qalıb, nəsə artıq hərəkət edib və s. O, kifayət qədər əxlaqlı insan idi. Ailəsinə sadiq idi, özünə sadiq idi və ən əsası, sənətinə sadiq idi. Onun içki məsələsini bu cür qabartmaq, illərdi bu amili önə çəkmək iyrənc bir şeydir, əslində. Əgər sən jurnalistsənsə, onun sənətindən yaz, işindən yaz, təbii, əgər bacarırsansa, yox, əgər bacarmırsansa, o zaman heç yazma. Kimdənsə nəsə eşitmisən, onu keçirirsən manşetə... Hətta biri mənim adımdan yazmışdı ki, "atamı Mikayıl Mirzə öldürdü", halbuki, mən orada tamam başqa şey demişdim. Kontekstdən çıxarıb başlıq yazırlar. Olmaz ki... O vaxt Mikayıl Mirzə də sağ idi, oxuyub deməzmi ki, bu qızın başı xarab olub, məni atasının qatili kimi təqdim edir. Ümumiyyətlə, heç kəsin kiminsə adından bəyanat vermək haqqı yoxdur.

- Tamamilə razıyam. Ümumiyyətlə, son zamanlar jurnalistikada manşetlə oxucu yığmaq "xəstəliyi" baş alıb və bu, çox acınacaqlı haldır. Bəzən başlıqla mətn bir-birinə zidd olur və başa düşə bilmirsən bu başlığı haradan çıxarıblar...

- Bəli, elədir. Sayt jurnalistikası çıxandan bəri bu belədir. Mən 25 ildir jurnalistikadayam, biz radio məktəbi keçmişik və heç vaxt belə bir şey etməmişik. Mədəniyyət və İncəsənət Universitetinin (keçmiş İncəsənət İnstitutu) teatrşünaslq fakültəsini bitirmişəm və 17 yaşımdan dövlət radiosu ilə əməkdaşlıq edirəm, yəni jurnalistikada kifayət qədər təcrübəm var.   

Səhnədə yaşayıb, həyatda oynayan aktyor...

- Səməndər Rzayevin aktyor fəaliyyəti dövrünə nəzər saldıqda görürük ki, 18-20 illik müddətdə kifayət qədər irili-xırdalı rol yaradıb. Bu, məsələnin bir tərəfi. Teatrda işləyirdi, filmlərə çəkilirdi, dublyaj, televiziya, radioda veriliş... Bütün bunlar yaxşı qonorar, imkan deməkdir həm də. Və qəflətən o, dünyasını dəyişdi. Ondan sonra ailənin vəziyyəti necə oldu? Necə dolandınız?

- Bəli, atam yaxşı qazanırdı və öz sənəti ilə qazanırdı. Əziyyətlə qazanırdı, amma sevdiyi işdən qazanırdı. Sadəcə, səhhəti bir az problem yaradırdı. Cavanlığında ayağını sındırmışdı, diz qapağı zədələnmişdi, sonra nə qədər müalicə alsa da, bəzən dözülməz ağrılar ona imkan vermirdi. Səhər quş kimi uça-uça gedirdi, axşam ayaqlarını çəkə-çəkə qayıdırdı. Bəzən elə bu ağrıları dəf etmək üçün içirdi. Bəzən ayaqları saatlarla qıc olurdu, yerindən tərpənə bilmirdi. Dərman içməklə heç arası yox idi. Həkimə getməkdən qaçırdı, qorxurdu həkimdən, iynədən. Təsəvvür edin ki, həkimdə olmamışdı. Poliklinikada xəstəlik tarixçəsi aparılan kitabça olur, atamın həmin kitabçası bomboş idi. Səhv etmirəsmsə, 1985, ya da 86-cı ildə ilk dəfə həkimə getdi. Səhhətində problemlər yarananda, onda da onu düzgün müalicə etmədilər. Açığı, bizim imkansızlıq kimi problemimiz olmayıb, onun pulla bağlı problemi yox idi, onun mənəvi problemləri vardı. Təsəvvür edin ki, bütün yayı gedirdi hansısa rayonda filmə çəkilirdi. Sonra filmə baxanda görürdü çəkildiyi yerləri kəsib, balaca bir şey saxlayıblar. Əgər balaca bir şey saxlayacaqdınızsa, o zaman onu bir həftə, on gün çəkərdiniz, o da gəlib ailəsi ilə bir yerdə istirahət edərdi. Dediyim kimi, çox həssas adam idi və belə şeylər onu sındırırdı. Mənim bir müəllif verilişim vardı, orada bu fikri işlətdim: atam son illərində daha çox səhnədə yaşayıb, həyatda oynamağa başladı, çünki artıq ağrı-acısını gizlətməyə çalışırdı. Yalnız səhnədə yaşayırdı, çünki səhnə onun üçün doğma idi, orada ağrılarını unudurdu.

O ki qaldı zərb məsəl fikrinə, o dövrdəki əksər aktyorlar elə idi. İstər Yaşar əmi (Yaşar Nuri) olsun, Səyavuş Aslan olsun, digərləri olsun. Hamısı bir-birini tamamlayırdı, ağlagəlməz improvizələr edirdilər.

- Və o zəncirin halqasının biri qırılan kimi, bütün halqalar qırıldı... Qəribə boşluq yarandı. Var, az da olsa səhnədə, kinoda istedadlı sənətçilərimiz var, amma insanların səhnədə görmək istədiyi simalar tükənib...

- Təsəvvür edin ki, "Bəyin oğurlanması" filmi çox bəsit mövzuya həsr olunub, amma oradakı aktyorların improvizasiyaları filmə o qədər rəng qatıb, o qədər şirinləşdirib ki, tamaşaçılar hər dəfə ona maraqla baxırlar. Nəsibə xanımın, atamın, Yaşar əminin, Turabovun, Hacı İsmayılovun, ümumiyyətlə, bütün aktyorların ifası bir-birindən maraqlı improvizasiyalarla yadda qalır.

Qayıdaq sizin suala. Əlbəttə, atam dünyasını dəyişəndən sonra bizim üçün çox çətin oldu. O vaxta qədər ali təhsilli kimyaçı olsa da, anam heç yerdə işləməmişdi. Atam qoymurdu işləsin, deyirdi sən evlə, uşaqlarla məşğul ol, mən qazanıb gətirirəm, bəsdir. Anam da çox evdar insan idi...

Erməni ilə işləməyə məcbur olan qadın...

- Niyə keçmiş zamada? Niyə idi?

- Çünki iki il əvvəl anamı da itirdik. Atam dünyasını dəyişəndə anamın 37 yaşı vardı. İki uşaqla qalmışdı, təbii ki, gedib işləməliydi və çox ağır oldu onun üçün işə başlamaq. Anam özünə iş tapana qadər çox əziyyət çəkdi və axırda bir məktəbdə kimya kabinetinə laborant düzəldi. Zavaqzalnı deyilən yerdə məktəb vardı, daha çox ermənilər işləyirdi orada, anamın da rəhbəri erməni qadın - kimya müəllimi idi, savadsızın biriydi, amma anama göz verib, işıq vermirdi, təhqir edirdi, ələ salırdı onu. Rusdilli deyildi, düzdür, bilirdi dili, amma dərs demək ayrı şeydir. Ona rus sektorunda dərs verdilər. Çətin idi adaptasiya olunmaq, anam o yaşda gecələr yatmadı, dili öyrəndi və yaxşı da hörmət qazandı. Sonra zəmanə dəyişdi, pul dəyərini itirdi, inflyasiya baş alıb getdi. Babam (ana babam) kömək edirdi, sonra o da dünyasını dəyişdi və ağır 90-cı illərdə anam məktəbdən çıxıb bankda xəzinədar işləmək məcburiyyətində qaldı. Orada özünü yad aləmdə hiss edirdi, çünki ətrafındakılar fərqli dünyanın adamlarıydı. O dövrdə atamın qohum-əqrəbası, ümumiyyətlə, bizdən uzaqlaşdı, bəhanələri də - "Səməndərdən sonra o evə gedə bilmirik" - idi. Halbuki, atam nəslin kiçiyi olsa da onlar üçün hər şey etmişdi. Anamın qohumları, babam, başqaları, bir də atamın sənət dostları bizi tək buraxmadı. Allah rəhmət eləsin mən Nəsir Sadıqzadəni, Hamlet əmini (Hamlet Xanızadə), Fuad əmini (Fuad Poladov) xatırlamaya bilmərəm. Onlar bizi heç vaxt yaddan çıxarmadılar. Gəlib-gedir, başımızı qatırdılar. Elə Mikayıl Mirzə də, Rasim əmi də (Rasim Balayev) həmişə yanımızdaydı. Mərkəzi Univermağın sahibi Ərəstun müəllim vardı, o da bizi unutmurdu. Hətta maddi cəhətdən də əl tuturdular.

Həyatımızda atamdan çox anamın rolu oldu, çünki atam dünyadan tez getdi və elə bir sərvət sahibi də deyildi ki, özündın sonra ailəsi üçün nəsə saxlasın. Mən 17 yaşında ali məktəbə daxil oldum və 1-cu kursu bitirən kimi dövlət radiosunda işə düzəldim, evə kömək etməyə başladım. Yavaş-yavaş vəziyyətdən çıxdıq. Yəqin, ailə başçısını itirmiş ailələrin çoxunda eyni şeylər yaşanır.

- Sizin üçün nə qədər çətin olsa da, bir daha içki məsələsinə qayıdıram, çünki bu fikirlərə haradasa birdəfəlik son qoymaq lazımdır. Nə vaxtdan başlamışdı içki içməyə?

- Ümummilli liderimiz Heydər Əliyev atama birotaqlı ev vermişdi, subay vaxtında. Atamın Mirzə adlı qohumu o vaxt həbsxanadan təzə çıxmışdı, bir yerdə qalırmışlar həmin evdə, o öyrətmişdi atamı içkiyə. Son dövrlər həm də ağrılarını azaltmaq üçün içirdi, ayağı dözülməz ağrılar verirdi ona. Doğrudur, atam məclis adamı idi, yeyib-içən, deyib-gülən adam idi, amma içki onun üçün həyat tərzi deyildi və heç vaxt da olmayıb. Üstəlik, mühiti də pis idi. Gözləyirdilər, bu pul alsın getsinlər oturub yeyib-içsinlər. Teatrda biri vardı, adını çəkməyəcəyəm, məşhur aktyordu, hər dəfə bufetə girib deyirmiş ki, "kişi ya araq içər, ya çəkər, ya da "sağa-sola" gedər". Bu, qıcıqlandırıcı çağırışdır da. Mənə qalsa, əhəmiyyət vermərəm, amma bəzən əhəmiyyət verməmək olmur. Atam siqaret çəkmirdi, ailəsinə də sadiq idi, bəlkə də bu səbəbdən üçüncünü seçmişdi... Bəzən yazırlar ki, içkidən serroz oldu... Ömründə içki içməyən nənələr, qadınlar serroz olur, bu absurddur axı. Özü də atam araq içmirdi, şampan içirdi və şampan da birbaşa qaraciyəri məhv edir.

Atam insanları sevirdi, mənə də pis təsir edən odur ki, insanları bu qədər sevən biri haqqında fərqli fikirlər formalaşdırmağa çalışırlar.

- Rübabə xanım, bu yaxınlarda atanızın 75 illik yubileyi keçirildi. Kim təşkil etmişdi bunu, tədbir necə keçdi?

- Hə, səhv etmirəmsə, tədbir Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuşdu, çünki nazir Əbülfəs Qarayev də iştirak etdi, çıxış etdi. Sonra da "Dəli yığıncağı" tamaşasının yeni versiyası təqdim olundu, tamaşanı da atamın yubileyinə həsr etmişdilər. Amma mənə elə gəldi ki, ürəkdən hazırlıq getməmişdi, sadəcə, tədbir xatirinə tədbir təsiri bağışladı. Atamın adından istifadə edib biletlərini satdılar.

Arxivi yanan sənətkar...

- Səməndər Rzayevin "Bulaq" verilişi əfsanə idi. Hamı bu verilişi dinləyirdi. Hətta təkrarını da dinləyirdilər. Hər verilişə xüsusi hazırlaşırdımı? Bir də, Səməndər Rzayevin dublyajda səsləndirdiyi filmlər xüsusilə seçilirdi... Üstəlik, Ədil İsgəndərovu, Kalyagini, Ulyanovu səsləndirmişdi. Eşitdiyimə görə, dişləri çürümüşdü, amma müalicə etmirdi ki, səsim dəyişər...   

- Hə, "Bulaq" çox sevilirdi, amma deyim ki, xüsusi hazırlıq-zad olmurdu, onun üçün adi iş idi bu. Dublyaja qarşı da həm çox həssas, həm də yaxşı mənada qısqanc idi, sevdiyi aktyorları səsləndirmək istəyirdi və o rolların dublyajını ona verməyəndə sarsılırdı. O ki qaldı dişlərinə, düz deyirsiz, dişləri çürüsə də müalicə etdirmirdi, bayaq da dedim, həkimdən, iynədən uşaq kimi qorxurdu, əslində, özü də elə uşaq kimiydi. Anam deyirdi üç uşağım var, ən ərköyünü də Səməndərdir. Çox xasiyyətim atamla üst-üstə düşür. Lakin düz deyirsiz, dişlərini müalicə etdirməməyinin bir səbəbi də səsinin dəyişəcəyindən qorxması idi.  

Onu da deyim ki, atamın həcv yazmağı, yaxşı şarjlar çəkməyi vardı. Təəssüf ki, heç biri əlimizdə qalmadı. Yarısını Mikayıl Mirzə almışdı ki, kitab yazıram, sonra dedi, evim yandı, hamısı it-bat oldu. Bir qismini də Ağsuda mədəniyyət mərkəzi açmaq adı ilə aldılar ki, surətlərini çıxarıb qaytaracaqlar, nə mədəniyyət mərkəzi açıldı, nə də o arxivi qaytardılar. Amma yaxşı xatırlayıram, rol dəftərlərinin altında şəkillər çəkirdi. Bir də yuxudan ayılırdıq ki, ariya oxuyur. Bəzən dərsdən qayıdanda görürdük süfrə açıb, öz xoşladığı yeməklər vardı, hazırlayıb, bizi gözləyir. Bir sözlə, həyat eşqi ilə alışıb-yanırdı...

- Sizə bir ritorik sual vermək istəyirəm. Atanız dünyasını dəyişəndə yaşınız az idi, ağlınız kəsmirdi. İnsan böyüdükcə içində müəyyən suallar yaranır. Tutaq ki, möcüzə baş verdi, qapı açıldı və Səməndər Rzayev girdi içəri. Nə demək istəyərdiz ona?

- Çox maraqlı sualdır. O qədər çox şey demək istəyərdim ki... Bilirsiz, uzun illər atamın yoxluğuna inanmadım. Elə bilirdim bir gün qapını açıb qayıdacaq. Çünki çox vaxt səhər gedirdi, gecə gəlirdi, üzünü görə bilirdik ki... Çəkilişlər, iş... Yəqin, deyərdim ki, xoş gəldin, onsuz da səni gözləyirdim, bilirdim gələcəksən...

Söhbətləşdi: Əyyub QİYAS

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!