"Sonuncu" və ya dəyişikliyin uğurlu başlanğıcı... - Məti Osmanoğlu yazır

Görkəmli rejissor, respublikanın Xalq artisti Ramiz Həsənoğlunun "Sonuncu" bədii filmi ömrünü sənətə həsr eləmiş, fəqət nə ömründən, nə də sənətindən yarımış İnsan barədədir. Əsərin qəhrəmanı Əlisöhbət Qələndərli (Fərhad İsrafilov) Azərbaycan teatrının artıq keçmişə çevrilmiş bir epoxasından qalmış sonuncudur. Filmdə o, fiziki ömrünün də sonunu yaşamaqdadır.

Filmin ədəbi mətni intertekstual təcrübəyə əsaslanır. Ssenari müəllifi Pərvin xanım filmin ssenarisini böyük rus yazıçısı A.P.Çexovun "Qu quşunun nəğməsi" birpərdəli pyesindən (müəllif bunu dramatik etüd adlandırmışdı) təbdil edib. Çexovun qəhrəmanı Svetlovidov onun şərəfinə təşkil edilmiş benefisi qeyd etmək münasibətilə teatrın qrim otağında qurulan yemək-içmək məclisindən sonra divanda yatır və gecəyarı oyanır. Özünü tamaşaçı zalının - "ölümün eynilə qəbir kimi gizləndiyi qara, kor quyunun" qarşısında görür. Onunla süfrə ətrafında əyləşənlərin hamısı dağılışıb. 68 yaşına çatmış əyalət aktyoru Svetlovidov tamaşaçısız zalın önündə tək qalıb. O, bəlkə də qarşısındakı "kor quyu"nun, boş tamaşa zalının mistik xofundan yaranan bir duyğu ilə öləcəyi haqqında düşünür və ölümdən eymənir. Əvvəlcə özünə hesabat verməyə başlayır, sonra isə söhbətini teatrın çoxbilmiş suflyoru ilə davam etdirir.

Çexovun kiçikhəcmli dramatik əsərinin qəhrəmanı öz uğursuz sənət keçmişini xatırlaya-xatırlaya Puşkinin "Boris Qodunov", Şekspirin "Kral Lir", "Hamlet", "Otello", Fonvizinin "Ağıldan bəla" əsərlərindən parçalar oxuyur, roldan-rola girir. Bir-birinin içində təqdim olunan mətnlər - Çexovun qəhrəmanının suflyorla dialoqu və klassik əsərlərdən səsləndirdiyi monoloqlar Svetlovidovun qaranlıq həyat və sənət dünyasının ayrı-ayrı məqamlarına işıq salır. Həmin işıqda görünən məqamları isə onun özündən başqa heç kim görmür (və heç kim görməyib). İşin ağır və tarazlığı pozan tərəfi isə benefisdən sonra Svetlovidovun özünün həm fiziki, həm də mənəvi ölümə düçar olduğunu daha aydın dərk etməsidir. Ölümsüzlük, əbədiyaşarlıq assosiasiyası yaradan sənət məbədində özünün axırının çatdığını, "ölümün dağlar arxasında olmadığını", "mahnısının oxunduğunu" ağlına və dilinə gətirir...

"Sonuncu" filminin süjeti, tam olmasa da, "Qu quşunun nəğməsi" ilə çox oxşardır. Əlisöhbət Qələndərli də Svetlovidov kimi onun üçün təşkil edilmiş benefis münasibətilə qrim otağında qurulan məclisdən sonra divanda yatır və ayılanda özünü üstündə artıq-urtuqlar, boş butulkalar qalmış süfrənin kənarında və cansız əlbisələrin arasında görür. Qələndərli sərxoş yaddaşını silkələyib, qrim otağında onun şərəfinə verilmiş xudmani qonaqlıqda iştirak edənləri, kimin harada oturduğunu, onun haqqında nə dediyini xatırlayır. Ömründə bəlkə də ilk dəfə eşitdiyi bəlağətli təriflərin havasına girir.

Qələndərli də Svetlovidov kimi qonaqlıq zamanı ölçüdən artıq qəbul etdiyi içkinin təsiri ilə "içini çölə tökməyə" başlayır və birbaşa ünsiyyətdə olmadığı tamaşaçı ilə öz sənət taleyini bölüşür. Qonaqlıqda iştirak edənlərlə qurduğu virtual dialoq Qələndərlinin özü barədə özünün yaratdığı obrazı açır. Sonradan onunla söhbətə cavan teatrşünas İlham Çardaqlı (Hikmət Rəhimov) da qoşulur və yaşı yetmişi ötmüş Qələndərli bu çağa qədər gizli saxladığı düşüncələrini ona, eyni zamanda tamaşaçıya danışır.

Beləliklə, "Sonuncu" filminin yaradıcıları üçün Çexovun əsərinin süjeti Azərbaycan teatr sənəti, sənət adamının taleyi barədə düşünmək və düşündürmək üçün bir vasitə rolunu oynayır. Film boyu tamaşaçının diqqəti insanın taleyi ilə yanaşı, həm də Azərbaycan teatrının, mədəniyyət-cəmiyyət münasibətlərinin üstünə yönəldilir.

Çexovun əsərindən fərqli olaraq "Sonuncu" filmində "qara, kor quyu" - boş tamaşaçı zalı və zalın təmsil etdiyi tamaşaçı, insan kütləsi görünmür. "Sonuncu"da tamaşaçını İlham Çardaqlı əvəz edir. O, həm də müasirliyi təmsil etmək iddiasında olan teatrşünasların və teatrdan yazan jurnalistlərin nümayəndəsi kimi verilir.

İlham Çardaqlı ilə Əlisöhbət Qələndərli düşüncələrinə, zövqlərinə görə bir-birindən nə qədər uzaq və yad adam olsalar da, onları birləşdirən ümumi bir cəhət var: hər ikisi üçün teatr son sığınma yeridir. Əlisöhbətin bu yaşda üz tutub gedəcəyi başqa ünvan qalmayıb, öləndə cənazəsinin teatrdan götürülməli olduğunu düşünür, İlham üçünsə teatrın yağış yağanda tavanı daman qrim otağı yaşayış yeridir, müvəqqəti də olsa, evdir. Əslində, Əlisöhbətin teatrdan çıxanda gedəcəyi isti və məhrəm bir məkan, yolunu gözləyən insan(lar) da yoxdur. Telefon onun üçün artıq əşyadır, ona zəng vuran, onu itirib-axtaran yoxdur. Ona yalnız nömrəni səhv yığanlar zəng vurur.

"Sonuncu" filmində "qara, kor quyunu" təmsil edən İlham Çardaqlı yalnız Əlisöhbət Qələndərliyə, onun dediklərinə, xatirələrinə ironiya ilə baxmır, teatr mədəniyyətimizin içindən keçib gəldiyi mürəkkəb yol, qazandığı dəyərlər onun üçün "primitiv" və gülünc görünür.

Milli mədəni dəyərlərə bu yanaşma Azərbaycan bədii düşüncəsi üçün təzə hadisə deyil. Qələndərli ilk replikalarından başlayaraq sənətdən yarımamış daha bir klassik obrazı - Anarın "Dantenin yubileyi" əsərindəki Kəbirlinskini yada salır.

Ümumiyyətlə, "Sonuncu" filminin intetekstual - mətnlərarası mozaikası "Qu quşunun nəğməsi" ilə müqayisədə daha mürəkkəbdir. Əsər Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasının sentimental bir epizodu - nişanlısının, Heydər bəyin yolunu gözləyən Sonanın monoloqu ilə başlayır və məlum olur ki, bu, əsərin qəhrəmanı Qələndərlinin "xəyalındakı qızın" monoloqu imiş. Özünün ən məhrəm xəyallarında belə, Qələndərlinin həyatının sənətlə qarışdığını görürük. Qələndərli real insan olmaqla bərabər, həm də özünün yaratdığı bədii obraz təsiri bağışlayır. O, həyatda obraz kimi yaşayır. Qələndərli öz aləmində özünün böyük aktyor obrazını yaratsa da, bunu heç kəsə deyə bilmir, heç kəsə ürək qızdırmır. Onu da xüsusi vurğulamağa dəyər ki, Qələndərlinin real obrazını və xəyalında yaratdığı istedadlı aktyor obrazını Fərhad İsrafilov filmdə ustalıqla oynayıb.

"Sonuncu" filmində Qələndərlini ətrafındakılar bilərəkdən Kəbirlinskinin gününə salırlar. Bu, onlar üçün bir əyləncədir. Filmin rejissorunun əsas ideyası da "əyləncənin" arxasındakı insan faciəsinin ekran həllini verməkdir. 

"Dantenin yubileyi"ndə "köhnələrlə" "yenilər" arasındakı mübarizədə Kəbirlinski köhnənin - keçmişin təmsilçisi olmaqdan daha çox parodiyaçı kimi təqdim olunur. Özünün sənətə nə gətirdiyi aydın olmayan, hər replikası ilə müasirlik təsəvvürü yaratmaq istəyən, sənət ölçüləri dəqiq görünməyən modernistlərin, Brext, Meyerxold teatrı yaratmaq, səhnəni "kötüklərdən" təmizləmək arzusu ilə yaşayanların qarışıq kütləsi isə əlinə fürsət düşən bütün məqamlarda bu parodiya ilə əylənir. Həmin əyləncənin hədəfi parodiyadan o tərəfə - Azərbaycan teatrının keçmişinə uzanır, keçmiş məsxərəyə qoyulur. Kütlənin aqressiyası sadəcə Kəbirlinskiyə qarşı deyil, onun içindən gəldiyi keçmişə və dəyərlərə qarşı yönəlir...

Kəbirlinski-Svetlovidov müqayisəsi aparmaq bir qədər çətin olsa da, Kəbirlinski ilə Qələndərli həm talelərinə, həm də xarakterlərinə görə "yaxın qohumdurlar". Burada filmin daha bir keyfiyyəti və tamaşaçıya ötürdüyü mesaj diqqəti cəlb edir: istər Çexovun "Qu quşunun nəğməsi"ni yazdığı dövrdə - XIX əsrin sonlarında, istər Kəbirlinskinin zamanında - XX əsrin ortalarında, istərsə də Qələndərlinin və bizim müasiri olduğumuz XXI əsrin ilk onilliklərində özünü sənətə həsr etmiş insanla cəmiyyət arasında gözəgörünməz bir münaqişə var və bu, əbədi səciyyə daşıyır. Belə görünür ki, cəmiyyətin heç bir inkişaf səviyyəsində bu problem öz həllini tapa bilməyəcək.

Heç şübhəsiz ki, "Sonuncu" əsərinə aktuallıq qazandıran, onu tamaşaçıların marağında saxlayan başlıca amil də bu münaqişənin əbədiliyi ilə bağlıdır: Ramiz Həsənoğlu bu əsəri "Yuğ" Teatrında da tamaşaya qoyub və əsər beş il teatrın səhnəsində oynanılıb, bütün tamaşalar anşlaqla keçib.

Svetlovidov da, Kəbirlinski də, Qələndərli də iddiasız və əslində, lazımlı insanlardır. İstər teatr olsun, istər ədəbiyyat - orada dahilərin izi qalsa da, sənətin yaşamasında sadə fədakar "sıra nəfərləri" də iştirak edir, onlar öz varlıqlarını sənətə həsr edirlər. Tarix dahilərə borclu olduğu kimi, bu sənət fədailərinə də laqeyd qala bilməz!..

Filmin sonrakı hissələrində İlham Çardaqlının təhriki ilə Qələndərlinin ayrı-ayrı klassik əsərlərdən - "Vaqif"dən, "Otello"dan, "Oqtay Eloğlu"dan, "İblis"dən səsləndirdiyi parçalar teatrın müxtəlif dövrlərini və üslublarını yada salır. Bu, həm də Qələndərlinin on illər boyunca içində yığılmış enerjinin son məqamda hərəkətə gəlməsi, qu quşunun nəğməsidir.

Filmin maraqlı cəhətlərindən biri də burada teatr, kino və televiziya estetikasının bir araya gətirilməsidir. Bu, Ramiz Həsənoğlunun ekran əsərləri üçün spesifik bir müəyyənlikdir və "Sonuncu" filmində də bu keyfiyyət diqqətdən yayınmır.

Filmdə aktyor oyunu yüksək səviyyədədir. Qəmərli obrazını ustalıqla yaradan Fərhad İsrafilov film boyu, sanki özünü oynayır, öz sənət taleyini canlandırır. Hikmət Rəhimov çanağından çıxıb çanağını bəyənməyən, teatrın tarixi təcrübəsinə avropalı gözündən baxan İlham Çardaqlının iç üzünü, sinizmini məharətlə açır: Çardaqlı və çardaqlılar öz mahiyyətinə görə müasirliyin astar üzü təsiri bağışlayır. Əlisöhbətin "xəyalındakı qız" - Ləman Mərih yadda qalır.

Və sonda...

Azərbaycan televiziyasının keçdiyi tarixi yolun enişli-yoxuşlu zamanları olub. Ancaq geri dönüb bu yola baxanda sözün həm hərfi, həm də məcazi mənasında Ramiz Həsənoğlunun boyu görünür. Onun hazırladığı filmlər Azərbaycan mədəniyyət tarixinin ən yüksək dəyərlərini təşkil edir.

İndi Azərbayacan televiziyası yeni islahatlar və axtarışlar dövrünü yaşayır. Belə bir zamanda Ramiz Həsənoğlunun AzTV-nin Bədii və sənədli filmlər studiyasına rəhbərlik etməsi televiziyamız və tamaşaçılarımız üçün böyük dəyişikliklər vəd edir. Belə düşünürəm ki, "Sonuncu" bu dəyişikliklərin uğurlu başlanğıcıdır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!