Bir cüt göyərçin kimi... - Məmməd İsmayılın təqdimatında Kooseul Kim və Donq Ho Çoinin şeirləri

 

Onlarla ilk dəfə Rumıniyanın Krayova şəhərində keçirilən Mixail Eminesku Beynəlxalq şeir festivalında qarşılaşacaqdım. Sakit, təmkinli, uyumlu davranışlarıyla demək olar ki, bütün festival iştirakçılarından fərqlənirdilər. Uzaq Şərq ölkələri təmsilçilərini gözlərinin qıyıqlığı, üzlərindəki kölgəli hüznə görə bir-birindən fərqləndirmək elə də asan deyil. Bu cütlük mənə 2015-ci ildə elə burda - bu şəhərdə tanış olub dostlaşdığım yaponiyalı şair xanım Mariko Sumikuronu xatırladacaqdı.

Mariko ilə tanışlığım izsiz qalmamış, tanışlığımızın ilk ilindəcə şeirlərimi tərcümə edəcək və bir cild içində yapon şairəsi Mieko Yoşino ilə ikimizin "Rənglərin dueti" kitabımızı çap etdirəcəkdi.

Tanış olduğum Uzaq Şərq ölkələri şairlərinin oxşar özəllikləri çoxdur: sakit, təmkinli, verdikləri sözə sona qədər sadiq qalmaq və özəlliklə oxucular qarşısında şeir oxuyarkən artistlik eləməkdən uzaq davranışları... Sakit, təmkinli, dua pıçıltılı oxuyuşları ilə az qala özlərini unutdurmağı bacarırlar. Səhnədə mikrofon önündə sadəcə şeir qalır, o şeirin cəzbedici çəkim gücü qalır. Dinləyici, oxucu oxuyanın necə oxuyacağını deyil, oxunan şeirin sakit ləpədöyəninə dalır. Bəlkə bizi şairlərin bir çoxu şeirini oxucu diqqətinə qısa yoldan çatdıra bilmək üçün çıxışına ayrılan vaxt darlığında şüuraltı bir fəhmlə oxuduqları şeirin məzmunundan daha çox, oxunuşlarıya diqqətləri öz üzərlərinə çəkməyə çalışırlar. Əslində keçmiş SSRİ coğrafiyasında şeir festivalları kim kimi yarışına çevrilirdi. O ənənə təəssüf ki, hələ də davam etməkdədir. Nə yaxşı ki, Uzaq Şərq şairləri bu ənənəyə yoluxmamışlar. Haqlarında söhbət açmaq istədiyim cənubi koreyalı şairlər ər-arvad Donq Ho Çoi və Kooseul Kimi festival iştirakçılarının çəkim mərkəzinə çevirən də onların bu sevgi dolu davranışları idi. Onlar bu davranışları ilə hardasa bir cüt göyərçinə bənzəyirdilər, bir-birini tamamlayır, bir baxışdan, bir işarədən bir-birini anlayır, dəyərə mindirirdilər. Həqiqətən də alqışlamağa, öyrənməyə dəyər bir örnək sərgiləməkdə idilər. Festival günlərində Kooseul Kim xanım şeirlərimi çevirmək istəyəndə mən də ondan şeirlərini çevirmək istəyimi bildirmişdim o zaman, - bir şərtlə ki, Donq Ho Çoinin də şeirlərini də çevirəsiniz, yoxsa tək mənimki gərək deyil, cavabını verəcəkdi...

Dünyaya gəldiyi coğrafi məkanların insanlar üzərində necə böyük təsir doğurduğunu yaxşı bilirəm. Uzaq Şərq ölkələri insanlarının xarakterlərinin özəlliklərini bilmək üçün o yerlərdə mütləq olmaq gərəkməkdədir. Bunu öz təcrübəmdən bilirəm... Hindistan ağlagəlməyən möcüzələrin, görünməmiş fenomenlərin gözlə görülə biləcək gizli qoruğudur. Və Hindistana hər adam gedə bilmir, getsə də, ona sirrin qapısı açılmaz. Hindistan az da olsa sirrini açmaq üçün insanı özü dəvət edir, özü çağırır, sanki. Allaha şükür ki, ilk gəncliyimdə arzuladığım bu yerlər ömrün qürubunda məni də qəbul etmişdi.

Naqqar Hindistanın Kullu dərəsi dağ yamaclarında yerləşən çevrəsi gövdəsini beş adam qollarının qucaqlaya bilməyəcəyi şam ağaclarının yaşıllığı içinə gömülən tarixi bir şəhərdir. Səfərimiz zamanı axşamı burda gecələyib səhəri həm şəhər tapınaqlarını gəzəcək, həm də yaxın meşədə qərar tutan böyük filosof-rəssam Nikolay Rerixin tarixi iqamətgahı - ev-muzeyini ziyarət edəcəkdik. Uzun yol gəlib yorulduğumdan başımı yastığa qoyan kimi yatacaqdım. Azmı, çoxmu keçəcəkdi bilmədən həzin musiqi səsinə oyanacaqdım. Hind musiqisinin özünəməxsusluğunu kim bilmir ki? Sadəcə musiqi deyil, onun fonunda bir ilahi xor səsi də dağ havasını doldururdu. Bu ilahi musiqini dinləyə-dinləyə saatıma baxacaqdım, səhər saat altının yarısı idi. Tərcüməçimiz Rac saat səkkizdə mehmanxanaya gələndə səhər-səhər məni oyadan musiqinin və xorun belə erkən başlanmasının səbəbini soracaqdım. (Raç həm də Hindistanın önəmli şairlərindən biri idi). O zaman Rac başının işarəsiylə dəstəmizdə olan o biri iştirakçılara işarə edərək bu sualı onlar versəydilər anlayardım, sən ki şairsən gərək bu erkən musiqi səsinin səbəbini özün biləydin, hər səhər bu yerlərdə günəşi qarşılama ayinləri keçirilir, adamlar səhərin obaşdanında üfüqdən çıxmağa başlayan günəşi-göylər qızını qarşılamaq üçün tapınaqlara axın edirlər.

Bu sözlərdən sonra özümü saxlaya bilməyib oxunan nəğmələrin məzmununu soruşacaqdım. Rac gözlərini qapayıb, sanki tapınaq önündəki nəğmələri təkrar oxumağa başlayacaqdı:

Ey göylərin qızılgözlü mübarək qızı, xoş gəlirsən, çaylara su, ağaclara yarpaq, yarpaqlara yaşıllıq, bizə də mutluluq gətir nə olur?

Eşq olsun hər səhər günəşi qarşılayıb hər axşam uğurlayan mübarəklər ölkəsinə. Əslində, Uzaq Şərq torpaqları çağdaş dünya düzəninə ayaq uydursalar da əski çağların ənənəsini dimdik ayaqda saxladıqlarından insanları ilə coğrafiyaları örf və adətləri ilə tamam fərqli bir yerə sahibdirlər: Ortada nə az, nə çox beşminillik ənənə var axı. Uzaq şərq ölkələri insanlarının dodaqlarının, duamı, qım-qımımı, "Om-ma-ni-pad-me-hum" mantra"sınımı davamlı nəsə söylədiyini görmək mümkündür. Orda insanlar davamlı zikr içindədir:

"Om" səsi hind və Buddist ənənəsində mütləqin simvoludur, özündə keçmişi, bu günü, gələcəyi barındırır. Və "Om-ma-ni-pad-me-hum" isə davamlı şəkildə yaranan və məhv olan dünya, onun tanrıların ağ işığını, insanlığın mavi işığını, yerətrafı çevrələrdə yaşayan şeytanların sarı işığını, canlıların yaşıl işığını, ac ruhların qırmızı işığını və cəhənnəm mənsublarının bəlirsiz işığını əks etdirən Tibet duasının ilk misrasıdır...

...Hesabını bilməyən,

                        nə var, nə yox hesabda?

Sevincə aparan yol düyümlənib əzabda.

Alışdıqca alışır sönmək istəsə də mum; -

Om mani padme hum!

Om mani padme hum!

           

...Dünya səsdi, eşidib tuta bilmədiyin səs.

Çaşıb həvəsə düşmə, tordu düşdüyün həvəs...

Ürəyindən keçənlər torpağa düşən toxum; -

Om mani padme hum!

Om mani padme hum!

Yazımın əvvəlində də vurğuladığım kimi, Cənubi Koreyanın önəmli şairləri olan Kooseul Kim və həyat yoldaşı Donq Ho Çoi ilə Rumıniyanın Krayova şəhərində, dünya şeir festivalında tanış olmuşdum. Bu yazımın yazılma səbəbi də "Ədəbiyyat qəzeti"nin oxucularını onların kimliyi və şeirləri ilə tanış etməkdir.

Şair, ingilis ədəbiyyatı üzrə elmlər doktoru, Hyupsunq Universitetinin professoru Kooseul Kim uzun müddət Koreya Hyupsunq Universitetinin dekanı işləmiş, bir çox ədəbi və elmi mükafatlar almışdır. Bunlara örnək olaraq Joseon sülaləsinin 22-ci kralı Joseonun şərəfinə Honqjaen (2018), Suvon ədəbi mükafatlarını göstərə bilərik (2018) Vyetnam Yazıçılar Birliyinin 2019-cu il üçün təsis etdiyi əsas ədəbiyyat mükafatı da ona verilmişdir. Kooseul Kim xanım Çanqvon Beynəlxalq Ədəbiyyat Mükafatı Komitəsi rəy komisyonunun üzvü və eyni zamanda həmin Beynəlxalq Ədəbi Mükafatı Təşkilat Komitəsinin sədr müavinidir. Şərq-Qərb müqayisəli ədəbiyyat cəmiyyətinin vitse-prezidenti, Koreyanın TS Eliot Cəmiyyətinin müşaviri və prezidenti vəzifələrində çalışmışdır. İngilis ədəbiyyatının tədqiqatçısı və tərcüməçisi kimi bir çox elmi və tərcümə kitablarının müəllifidir. Əsərləri bir çox önəmli dillərə çevrilmişdir.

Şair, ədəbiyyatşünas, Koreyanın Kyunqnam Universitetlərinin əməkdar professoru Donq Ho Çoi uzun müddət eyni universitetdə ədəbiyyat fakültəsinin dekanı vəzifəsində çalışmışdır. O, Koreya Yazıçılar Cəmiyyətinin müşaviri, rüblük lirik poeziya jurnalının redaktoru, Koreya Şeirsevərlər Cəmiyyətinin qurucu prezidenti və Koreya şairlər cəmiyyətinin sədri olmuşdur. Hazırda K.S.Çanqvon Beynəlxalq Ədəbiyyat Mükafatı Komitəsinin sədri və Xoam Mükafat Komitəsinin üzvüdür. "Sarı qum küləyi", "Səhər süfrəsi", "Ağacdələnin gizlədildiyi yer", "Dharma topu" və "Alov böcəyindəki Koreya incisi", "Buz üzü" və "Kəpənək" kimi xeyli sayda ədəbi əsər yaratmışdır.

Donq Ho Çoi beynəlxalq aləmdə də yaxşı tanınır. İndiyə kimi "Yağışdan islaq ağaclar" (ingilis dilində), "Koreyalı Buddist şeirlər" (ingilis dilində) və "Dənizdə dəniz" (rus dilində) də daxil olmaqla şeir kitabları Çin, yapon, monqol və fransız və b. dillərə tərcümə edilərək çap olunmuşdur.

Koreya ədəbiyyatının tədqiqatçısı olaraq şeir nəzəriyyəsinə dair bir çox kitabı, o cümlədən Müasir "Şeirdə ruhun tarixi", "Rəqəmsal mədəniyyət və çevrə poetikası", "Cənnətin çirkli poetik yazısı" və "Junq Ji Yunq tənqidçilərinin arxeologiyası" əsərləri də oxucuların diqqətini çəkmişdir.

Yaradıcılığa başladığı gündən bu yana əsərləri Müasir Buddist ədəbi mükafatı, Desanq ədəbi mükafatı, Dujin park ədəbi mükafatı, Qosan Yoon Sundo ədəbi mükafatı, Yushim ədəbi mükafatı və Ədəbiyyat və incəsənət üzrə Manha Qran-Prisi də daxil olmaqla, bir sıra böyük mükafatlara layiq görülüb.

Məmməd İSMAYIL

Kooseul KİM

Qar çiçəkləri

Erkən gavalı çiçəklərinə dönüşən

                                    gecikmiş bahar - qar

Bir-birindən asılır qar dənələri

Səmaya doğru cazibədar bir çiçək yolu açar

Havada fırlanıb

Dönüb uçmaq şansı yox amma.

 

Çiçək sandığıdır hər sinə

Dəstələyərəm onları tək-tək.

İnşallah yalnızca

Ümidzsiz çizgilər dağılar.

 

Lakin

Ayın doğduğu göy üzündə,

Yolda ağrısız döyüş başlar

Boş ürəkdə

Bir anda diqqətçəkən səssizlik

Bəyaz və dərin.

 

Şeir yazmaq

Şeir yazmağa

bu səbəbdir...

ən içdəki yara izi

Sıx bağlanmış sarğını

Üsulluca açmaq

İşin təsdiqi üçün...

...........

Gizlicə kimsənin görə bilmədiyi bu yara izinə

təkrar-təkrar baxmaq

cəsur və önəmli -

Acının qəlbinə dalmaq deməkdir...

Bunu bilmək belə acı verir.

Bir şairin sözləri ilə söyləsək:

Şeir ağrı və izzətdir.

Donq Ho ÇOİ

Mükəmməl qılınc

Seorak dağında yaşlı bir ustadın sözü:

- Qınından çəkilən qılınc qılınc deyil, bıçaqdır.

Heç bir qılınc köhnəlmiş qınını qoruyan

                        qılıncdan yaxşı deyil.

Kəskin tiyəsini dünyaya sallayan qılıncın

            ruhu pas tutur, nəticədə qara qanlı

                      bir dəmir parçasıdır olsa-olsa.

Hələ köhnəlmiş qınında saxlanılan qılınc

insanın və dünyanın qəlbini

            hərəkətə gətirməyə,

                        hətta ən böyük dağın

     göz yaşını tökməyə qadir gücə malikdir.

Qılınc həyatı söndürmək üçün deyil,

    dünyada qətllərin, qarışıqlığın

        qarşısını almaq üçün mövcud.

Tələsdinmi kəskinliyi insanlara zərər verər.

Yalnız bunu dərk edən şəxs, həqiqətən,

onu sıyırmadan necə istifadə edəcəyini bilir.

Ona ehtiyac yoxdur. Çünki tələskənlik

          göstərməsə bir həyat yaşayır demək.

Köhnə ustadın kəskin qılınc axtaranlara

                        demək istədiyi budur:

Dünyanın yolunu deyil,

                        əla bir qılınc yolu seçin.

Yağış damcıları

Bir taxta rahibin zəng səsi

Bir səhər əsintisi boyunca inlər.

 

İnsanlar          

dağların mürəkkəbəbənzər

                        qara kölgəsini silər.

 

Yağmur damlaları nağara kimi vurur

və boyunlarını qırır bağçadakı ağacların.

 

Vaxtından əvvəl ölmüş şair

bir ildırım çubuğunun ucuna

                  bir ildırım çubuğu taxmış, sanki.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!