Yeddi sənətin manifesti - Riççotto KANUDO

 

Yeddi sənət nəzəriyyəsi yaradıcı düşüncənin bütün sahələrini fəth edərək,  çox sürətlə dünyaya yayılır. Tamamilə janr və ideyaların qarışığından yaranan bu nəzəriyyə bütün əldə edilən mənbələrə, başlanğıclara aydınlıq gətirdi. Mən bu kəşfimlə fəxr etmirəm, ona görə ki, hər hansı bir nəzəriyyə özündə müəyyən fəaliyyət prinsipi daşıyır. Mən yalnız onun həqiqiliyini, lazımlı olduğunu qeyd edərək, yayıldığı və fəaliyyət göstərdiyi faktı təsdiq edirəm.

Dərhal sayı-hesabı olmayan uğursuz kino alverçiləri öz məhsullarına "Yeddinci sənət" adını yapışdırmaqla sənaye istehsalını və ticarətlərini genişləndirib xeyli qazanc əldə etməyə başladılar. Bununla yanaşı, heç düşünmədilər ki, məhsullarına Sənət sözünü yapışdırmaqla  ciddi məsuliyyət daşıyırlar. Onların istehsal etdikləri sənaye məhsulları texniki cəhətdən az-çox təkmil olsa da, ümumi həssaslığın kəskinləşməsindən asılı olaraq ticarətləri gah yüksəlir, gah da zəifləyir. Əsəri ekranlaşdıran rejissorun  iradəsini həyata keçirmək və özünü təsdiq etmək istəyinə nail olduğu halı çıxmaq şərtilə, onların əksər "İncəsənəti" Ksavye de Montepen və Dekurseli kimilərin işi kimi çəlimsiz olacaqdır. Lakin total sintezin məhsulu olan Kino - Maşın və Hissin yenicə dünyaya gətirdikləri övladıdır. O körpəlik və uşaqlıq dövrünü keçirmədikdə, öz funksiya və mahiyyətini itirəcəkdir. Sonra o, yeniyetmə dövrünü yaşamalı, şirin xəyallar dəryasında üzərək ağıl toplamalı, formalaşmalıdır. Biz istəyirik ki, o, tez böyüsün, tez boy atıb çiçəklənsin, tezliklə gəncliyinə çatsın. Bizim  Kinoya ehtiyacımız var. Biz total incəsənət növünü yaratmaq istəyirik. İncəsənətin Kino məqamına çatması üçün digər sənət növləri daim can atıb.

Odur ki, mən bir daha məcburam bu sahədə çalışan adamlara "Yeddi sənət nəzəriyyəsi"nin bəzi müddəalarını, ötəri də olsa, izah edəm. Əldə etdiyimiz biliklər və mənbələr bu nəzəriyyəni bütün aydınlığı ilə izah etməyə imkan verir. Biz görürük ki, doğrudan da, iki incəsənət nümunəsi bəşəriyyətin düşüncəsindən doğaraq, həyatın bütün dəyişikliklərini şüurlarda əks etdirsin. Biz iki incəsənət ifadəsini işlətdik. Bu həm vizual şəkildə, həm də forma etibarilə ölümlə mübarizə aparan dəyişən nəsillərin estetik təcrübəsini zənginləşdirsin. Öz həyatlarını təkmilləşdirsin. Bu təkmilləşmə müstəvisində reallığın anatomiyasını izah etsin. Əsrlər boyu insanları düşündürən elə mənəvi dəyərlər var ki, onlara əbədilik qazandırsın. Düşüncə sahibləri istəmişlər ki, emosiyanın "ocaq"larını yaratsınlar. Bu ocaqlar bütün nəsillərə ötürülsün. Bir italyan filosofun dediyi kimi, bu "estetik dalğınlıq" insanların həyatına yüksək ruh bəxş etməklə yanaşı, gündəlik həyatlarına münasibətdə şəxsiyyətin hərtərəfli inkişafını  müəyyənləşdirsinlər. Doğrudur, burada hər bir şəxsin öz həyatı və dünyagörüşü əsas rol oynayır. Bunu da unutmaq olmaz. Mən artıq "Sivilizasiyanın musiqili psixologiyası" sərlövhəli məqaləmdə  qeyd etmişdim ki, Memarlıq və Musiqinin ibtidai insanın mənəvi və şəxsi tələbatını bilavasitə formalaşdırmaqda böyük rolu olmuşdur. İbtidai insanlar öz hisslərini plastik və ritmik hərəkətlərin müşayiəti altında ayaqlarını yerə döyərək, sadə ritmik səslər altında rəqs etməklə məişətlərində emosional istəklərini zənginləşdirməyə çalışmışlar. Bununla da özlərinin estetik dəyərləri olaraq Memarlıq və Musiqini yaratmışlar. Daha sonralar onlar ifalarını müxtəlif əşyalarla bəzəyərək rəqslərini  süjetlər əsasında qurmağa çalışmış, mahnılarına sözlər əlavə etmişlər. Və bununla da heykəltəraşlıq, təsviri sənət və poeziya vasitəsilə ruhi və estetik arzularını zaman və məkan daxilində sintez edərək birləşdirməyə çalışmışlar. O vaxtdan bəri insanlığın ruhuna estetik dəyərlər daxil olmağa başladı. Burada mən dərhal qeyd etməliyəm ki, Memarlıq bəşəriyyətin maddi tələbatından irəli gələrək müəyyən sığınacaqlar yaratmaqla əmələ gəlirdi. Bu, fərdi düşüncədən də asılı idi. Sonralar yaranan heykəltəraşlıq, təsviri sənət və musiqi janrlara ayrılaraq və əsrlər boyu təkmilləşərək müəyyən estetik ideal kəsb etməyə başlamışdır. Musiqi bilavasitə insanın daxili mənəvi tələbatından doğaraq intuisiya və ritmlərin sintezinin təşkili vasitəsilə yaranmış və öz təbiəti ilə idarə olunaraq inkişaf etmişdir. Sonralar musiqi yenə də öz təbiəti etibarilə şaxələnərək rəqsə və poeziyaya ayrılmış, min illər keçdikdən sonra fərdi azadlıq qazanaraq mahnıya, rəqsə, simfoniyaya çevrilmişdir. Öz mahiyyəti etibarilə həmin janrlar müxtəlif dəyişikliyə, aranjirovkaya məruz qalaraq orkestrləşdirilmiş və lirikləşdirilmişdir. O vaxtdan üzü bəri indi bizim Musiqi adlandırdığımız janrın mənbəyi həmin o ibtidai insanların yaratdıqları rəqsdən və poeziyadam qidalanmışdır. Zaman və məkan daxilində hər bir memarlıq əsərinin özündə ritm və müxtəlif musiqi estetikası yaşayır. İndi "estetikanın hərəkət dairəsi" adlandırdığımız və yuxarıda qeyd etdiyimiz incəsənət növlərinin qovuşmasından doğan  əlçatmaz bir növü yarandı ki, bunu biz kinematoqrafiya adlandırırıq. Əgər biz həyatın həndəsi obrazını ifadə etməyə cəhd etmiş olsaq, onun həndəsi ellipsvari fiqurunu çəkməli olarıq. Bu bizim həyatımızın hərəkət trayektoriyasıdır. Əgər biz kağız üzərində onun üfiqi proyeksiyasını yaratmağa çalışsaq, orada incəsənətin  bütün növlərini görə bilərik. Bəşəriyyət əsrlər boyu öz arzu və ümidlərini bu ellipsvari hərəkətlə bağlamışdır. Bu hərəkətdə əsrlərin səsi və fərdi ruhun duyğuları yaşayır. Bütün bunların mahiyyəti yaranış tarixindən, coğrafiyadan, etnik mənsubiyyətdən və ya etik normalarından asılı olmayaraq, yaşadıqları həyat şəraitində öz mənəvi tələbatlarını ödəmək üçün "özlərini unutmağa", öz "Mən"ini spiralvari estetik tüllə bürüməyə çalışmışlar. Bu yüksək mənəvi məqam çobanın cizgilərində zühur edərək, hətta ağaclara köçürülmüş, orada müxtəlif şəbəkələr yaratmaqla təsviri sənət növü əldə etmişlər. Əsrlərdən bu günümüzə qədər yer üzündə yaşayan bütün xalqlarda iki incəsənət növünün dörd qolu dəyişikliyə uğramadan yaşamaqdadır. Belə ki, beynəlxalq pedantlar legionu onu evolyusiya adlandırmaq imkanı əldə etdilər. İncəsənət boşboğazlıq, laqqırtı demək deyil. Keçmiş zəmanəmizin  daxili və xarici dünyası heç də hazırkı daxili və xarici güclə müqayisəyəgəlməz dərəcədədir. Lakin özünün yaranışı ilə bu vaxta qədər qeyri-iradi olaraq daxili, xarici, fiziki və dini mahiyyətini o zamanlar əldə olunan baza vasitəsilə indiyə kimi saxlamaqdadır. Bizim zəmanəmizdə bəşəriyyətin təcrübəsi ilahi sintezə müdaxilə etməklə davam edir. Biz praktiki həyatla Hisslər həyatının nəticəsini toplamışıq. Biz elmlə incəsənəti birləşdirmişik (mən elmdəki aksiomaları deyil, kəşfləri nəzətdə tuturam). Biz elmi incəsənətin idealı ilə birləşdirdik. Biz dünyanın ritmini əks etdirmək və tutmaq üçün  birini o birinin üstünə gələrək yeni bir incəsənət növü yaratmışıq. Bu Kinodur. Beləliklə, yeddinci sənət növü digərlərinin məcmuu olaraq hərəkət edən şəkillər, ritmik sənətin qanunları əsasında yaranan və inkişaf edən plastik sənət növü yaratmışıq. Müasir insanı instinktlərin əbədiyyətinə aparan, ona möcüzəli sevinc bəxş edən bir sənət növü yaratdıq.

Forma və ritm həyat adlandırdığımız mahiyyətin özüdür. Həmin o həyat əlimizlə fırlatdığımız proyeksiya aparatının yaratdığı möcüzədir. Biz yeni musiqili rəqsin ilk saatlarını yaşayırıq. O rəqs bizi Apollonun yeni gəncliyi ətrafında fırlanmağa vadar edir. Bu, dünyanın xorla və səslə izah olunan musiqisidir. Bu bizim müasir ruhumuzun heç nəyə bənzəməyən isti ocağıdır.

Tərcümə etdi: Zakir ABBAS

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!