Bəhlul Abbasov: "Həyatlarını düzgün qura bilməyənlər qorxurdu ondan..."

"Varislər"in bugünkü qonağı unudulmaz yazıçı-dramaturq Seyfəddin Dağlının oğlu, Dövlət Tərcümə Mərkəzinin əməkdaşı Bəhlul Abbasovdur.

 

Gözünü Bakının 100 kilometrliyində, Xızı dağlarının qoynunda açmışdı. Mikayıl Müşfiq, Cəfər Cabbarlı ilə həmyerli idi. Lap uşaqlıqdan ədəbiyyata həvəs göstərir, mütaliə edir, arabir də yazırdı. Böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlı dünyasını dəyişəndə onun 13 yaşı vardı və bu hadisə yeniyetməni çox sarsıtdı. Yaxın ətrafı o gün onun xəlvətə çəkilib hönkür-hönkür ağladığını gördü. Bu saflıq ömrünün sonuna qədər onunla yaşadı. Nə qədər baməzə, hazırcavab olsa da, kövrək idi.

Cəfər Cabbarlı dünyasını dəyişəndə heç kəsin ağlına gəlməzdi ki, bu yeniyetmə bir gün böyük dramaturqun yadigarına - Gülarə xanıma könül açacaq. Bəli, o, Cəfər Cabbarlının kürəkəni oldu. Böyük Vətən müharibəsində iştirak etdi, müharibədən sonra Moskvada Lenin adına Hərbi Siyasi Akademiyaya qəbul olunaraq, orada peşəkar redaktor təhsili aldı. Sonradan ömrünün müxtəlif illərində "Vətən uğrunda" və "Kommunist" qəzetlərində ədəbi işçi kimi fəaliyyət göstərdi. Dövlət Radio və Televiziya Komitəsinin sədr müavini və baş redaktoru oldu, ömrünün 17 ilini isə "Kirpi" jurnalına bağladı.

Söhbət öz şirin yumorlu pyesləri, bir-birindən maraqlı hekayələri, romanları ilə xatırlanan unudulmaz yazıçımız Seyfəddin Dağlıdan gedir. Onun varisi, istedadlı şərqşünas və gözəl tərcüməçi Bəhlul Abbasovla görüşümüz Bakıdakı "Qış bulvarı"nda, çay süfrəsi arxasında baş tutdu. Söhbəti elə Cəfər Cabbarlıdan başladıq.

Cəfər Cabbarlının kürəkəni olan yazıçı

- Əslində, atamgilin ailəsi ilə Cəfərgil həm də uzaq qohum olublar, amma əsas qohumluğum odur ki, Cəfər Cabbarlı mənim ana babamdır, yəni atamın qayınatasıdır. Eyni rayondan idilər. Atamın əmisi, Azərbaycan radiosunun ilk sədri olmuş Şəmsəddin Abbasovla Cəfər yaxın dost olub, o, həm də Cəfərin qardaşı qızının yoldaşı idi.

- Səhv etmirəmsə, Şəmsəddin Abbasov həm də aktyor, yazıçı, rəssam Gündüz Abbasovun atası olub.

- Bəli-bəli, "Bir qalanın sirri" filminin Elşəni. Ümumiyyətlə, Abbasovlar nəsli Azərbaycan mədəniyyətinə, incəsəntinə bir neçə layiqli nümayəndə verib. Atam əmisigilə gedib-gələndə Cəfəri görmüşdü. Nənəm Sona xanımın dediyinə görə, Cəfərin qəfil ölümü atama çox pis təsir edib, çox sarsılıb. Çünki atam yaradıcılığa lap erkən başlayıb, özü də Mikayıl Müşfiqlə eyni kənddən - Sayadlardan olub.

Atam doğulandan bir neçə gün sonra anası dünyasını dəyişib və babasının - Bəhlul kişinin himayəsində böyüyüb. Mənə də onun adını vermişdi. Sonra Bakıya köçüblər. Bakıda texnikum təhsili alıb. Gənc yaşlarında əvvəl şeirlə, sonra kiçik hekayələr, publisistik yazılarla çap olunmağa başlayıb.

- Seyfəddin müəllim sağlığında məşhur adam idi. Teatrlarda pyesləri tamaşaya qoyulur, ölkənin yeganə televiziya kanalı onun yazdığı əsərləri səhnələşdirirdi. Özü də mühüm dövlət vəzifəsində işləyirdi, Radio və Televiziya Komitəsinin sədr müavini idi...

- Hə, ağlım kəsəndən onu ədəbiyyatın içində görmüşəm. Televiziyada vəzifəyə çəkilənə qədər "Kommunist" qəzetində korrektorluq edib. İşgüzar adam idi. Bizə ailədə korluq verməyib heç vaxt. Axşam işdən qayıdandan sonra bir-iki saat yatıb dincini alır, sonra səhərə qədər işləyirdi. Dəniz neftçilərinin həyatından bəhs edən "Dəniz kəşfiyyatçısı" adlı ilk kitabı müharibədən bir neçə il sonra 1948-ci ildə çap olunub. Oçerklərdən ibarət balaca kitabçadır. Onun ardınca 1950-ci ildə yenə oçerklərdən ibarət "Neft mərkəzi", sonra ilk hekayələr toplusu olan "Məşəl" adlı kitabı çap olunub. 1962-ci ildə Cəfər Cabbarlıya həsr etdiyi "Bahar oğlu" romanı çox maraqla qarşılanmışdı. Ümumilikdə, irili-xırdalı 17-18 kitabı çap olunub.

- Seyfəddin Dağlı 1959-cu ildən "Kirpi" satirik jurnalının baş redaktoru olub. Öz dövründə "Kirpi" çox "qorxulu" jurnal idi, qılıncının qəbzəsi də kəsirdi və heç kəs onun səhifələrinə düşmək istəmirdi. "Kirpi" jurnalının Seyfəddin Dağlı dövrü var. İmkanları necə idi o dövrdə? Dostu-tanışı kim idi? Qorxanlar, qaçanlar kim idi o vaxt ondan? Zəng vuranlar, özünü tapşıranlar, qapısında yatanlar...

- Bəli, "Kirpi" çox nüfuzlu jurnal idi və dediyiniz kimi, heç kəs onun səhifələrinə düşmək istəmirdi. Amma atam çox prinsipial adam olub, haqqı-nahaqqa verməyib. Ailədə də, işdə də ailəcanlı, mülayim, səmimi idi. Həyatlarını düzgün qura bilməyənlər qorxurdu ondan. Düzgünlüyünə görə qorxurdular. Əliəyrilər, oğrular, möhtəkirlər, antipodlar, yəni dövrün tipajları. Həmin tiplər "Kirpi"nin əsas hədəfi idi. "Kirpi"nin tikanı elələrindən yan keçmirdi. Atamın redaktorluğu dövründə jurnal ictimai-siyasi orqandan satirik ədəbi-publisistik orqana çevrilmişdi. Evimizdə jurnalın demək olar bütün nömrələri qorunur.  Çox məşhur müəllifləri vardı. Süleyman Rüstəmin, Süleyman Rəhimovun, Əli Vəliyevin, Mir Cəlalın dəst-xətti ilə yazılmış əlyazmalar evdə qalır. Biri atama Mirzə deyirdi, biri Qədeş... Yəni bu adamlarla çox səmimi münasibəti vardı. Jurnal hər həftə çıxırdı və köşklərdə tapılmırdı. Ona görə də hamı abunə olunmaq istəyirdi. Orada həm böyüklər, həm də uşaqlar üçün yazılar olurdu. Xalq rəssamı Nəcəfqulu baş rəssamı idi "Kirpi"nin. Onun illüstrasiyaları, karikaturaları çox sevilirdi.

Ondan Mərkəzi Komitəyə şikayət edirdilər

- Məncə, jurnal birmənalı qarşılanmırdı. Axı hamı bu jurnalı sevə bilməzdi.

- Əlbəttə. Qara yaxanlar da çox idi. Jurnalın bir nömrəsinin üz qabığında həkim karikaturası verilmişdi, əməliyyata hazırlaşan həkimin maskası qırmızı onluq (sovet pulu) kimi çəkilmişdi. Aləm qarışmışdı bir-birinə. Bizdə rüşvətxor həkim ola bilməz, sovet həkimi belə ola bilməz, filan. Tənqid eləmişdilər onu. Atamın məsələsi Mərkəzi Komitənin Bürosuna qədər gedib çıxmışdı. Amma dostları onun müdafiəsinə qalxdı. "Bakı" və "Baku" qəzetlərinin baş redaktoru, rəhmətlik Nəsir İmanquliyev, "Kommunist"in baş redaktoru Ağababa Rzayev və başqaları. Hətta Ağababa Rzayev televiziya çıxışında demişdi ki, "Seyfəddini güdaza vermək olmazdı. Bu adam faktları yazır". Jurnalın siqnal nömrələri Mərkəzi Komitəyə gedirdi. Həmin dövrdə ümummilli liderimiz Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi idi. Elə adamlar vardı ki, atamı bir yolla vurmaq istəyirdi, nömrəni götürüb katibə göstərirdilər, "mız" qoyurdular, "burada nəsə qərəzlidir" deyirdilər. Başqalarından da eşitmişəm, atam da deyirdi ki, Heydər Əliyev bir dəfə elə adamlardan birinə qətiyyətlə deyib: "Seyfəddindən mənə şikayət etməyin!". Bununla da hamı susmuşdu, çünki atamın təmizliyinə, dürüstlüyünə hamı inanırdı. Hamı bilirdi ki, bu jurnalda qərəzli heç nə ola bilməz. Və tənqidi yazılara o dəqiqə yüksək səviyyədə reaksiya gəlirdi, hətta bəzi adamlar jurnaldakı yazılarla islah olunurdu.

- "Kirpi" haradasa "Molla Nəsrəddin"in davamçısı idi. Təzyiqlər olurdumu atanıza? Ürəyini tutan, əsəbləşən, yorulan vaxtları çoxmu olurdu?

- Möhkəm adam idi, öz işinə arxayın idi və işinin peşəkarı idi. Moskvada məhz redaktorluq üzrə ali təhsil almışdı. Amma ömrünün son illərində bəzi dostlarının xəyanəti sarsıtmışdı onu.

Evlənməzdən əvvəl sevdiyi qıza qüsurlarını sadalayan adam

- Ananız Gülarə xanım iki ilə yaxındır dünyasını dəyişib. Allah rəhmət eləsin. O nə deyirdi Seyfəddin müəllim haqqında?

- Anamın bir sözünü həmişə xatırlayıram. Atam ona deyib ki, Gülarə, həmişə başını dik tuta, insanların gözünə dik baxa bilərsən. Çünki heç kəs Seyfəddin bir manat rüşvət alıb, evinə haram gətirib deyə bilməz.

- Seyfəddin müəllim sırf Cəfər Cabbarlının kürəkəni olmaq üçün Gülarə xanımı seçmişdi, yoxsa arada sevgi olub?

- Əlbəttə, sevgi olub. Atam sevgiyə dəyər verən adam idi. Evlənmək vaxtı çatanda anamı seçib. Tanıyırdı onu. Əmisi Şəmsəddin Abbasovun evində görmüşdü. Anam universitetin filologiya fakültəsində oxuyurmuş. Deyirdi ki, gördüm hərbi geyimdə bir oğlan məni gözləyir. Çoxdan görüşmürmüşlər, o vaxt atam Moskvada oxuyurmuş. Könlünü anama açanda yenə zarafatından qalmayıb, deyib iki qüsurum var, qoy indidən deyim, biləsən. Bəlkə heç bu qüsurlarla məni bəyənmədin...

- Maraqlıdır. Nə imiş Seyfəddin müəllimin o iki qüsuru?

- (Gülür). Anama deyib ki, birinci qüsurum yatanda xoruldamağımdır, ikinci qüsurum isə çeçələ barmağım əyridir. Beləcə, həm də zarafatı, xoş aurası ilə anamın könlünə girib. Ailədə üç uşaq olmuşuq. Mən şərqşünas, bacım jurnalist, qardaşım hüquqşünasdır. Atam əski əlifba ilə oxuyub-yazırdı, amma fars dilini bilmirdi. Müharibə vaxtı İranda olanda oradan qədim kitablar alıb gətirmişdi. Uşaqlıqda zəhləsini tökürdüm: "Bu kitabları oxuya bilmirsən niyə almısan?". Deyirdi, bəlkə lazım oldu. Sonra mən şərqşünaslığa qəbul olanda sevindi, dedi hə, axır ki, bu kitabları oxuyan tapıldı. Bacım onun yolu ilə getdi, jurnalistikanı seçdi.

- Yaxın dostları kim idi? Kimlər gəlib-gedirdi evə? Kimlərlə oturub-dururdu? Boş vaxtlarında, ədəbiyyatdan, işdən kənar vaxtlarında nə edirdi?

- Xalq rəssamı Nəcəfqulu ilə ailəvi dost idik. Dövrün əksər yazıçıları, şairləri gəlib-gedirdi evimizə. Ən yaxın dostları Ağababa Rzayev, Ənvər Əlibəyli, Nəbi Xəzri, Salam Qədirzadə, Cabir Novruz, Qabil... Əlağa Vahid də tez-tez gəlirdi bizə. Evimizdə tez-tez şeir məclisləri, musiqi gecələri qurulurdu. Vahid qonşuluqda yaşayırdı. Uşaq idim, həyətdə oynayırdım, gördüm həyət qapısından bir yaşlı kişi  boylanır. Atamı soruşdu, dedim evdədir. Dedi, get ona de Vahid əmi çağırır. Gedib xəbər verdim, atam tez onu qarşılamağa gəldi, görüşdülər, evə dəvət etdi: "Qədeş, qapıda niyə dayanmısan, keç evə", - təkid etsə də, Vahid gəlmədi, burdan keçirdim elə: "Qurban olum Ətağanın cəddinə, Gedim salam verim bir Seyfəddinə", - dedi, gülüşdülər. Bu gün də onların əksəriyyətinin övladları ilə dostluğumuz davam edir. O ki qaldı boş vaxtlarına, bağda meynələrə qulluq edirdi, ağacları sulayırdı, həyət-bacaya əl gəzdirirdi. Həm də torpaq adamıydı.

Sovet dövründə onun pyesi haqqında "Amerikanın səsi" danışırdı

- Seyfəddin müəllim yazıçı idi, dramaturq idi, jurnalist idi, bir sözlə, ədəbiyyat adamıydı. Yazdığı pyeslər teatr səhnələrində oynanılır, televiziyada göstərilirdi. Məşhur aktyorlar iştirak edirdi o tamaşalarda: Nəsibə xanım Zeynalova, Əlağa Ağayev, Səyavuş Aslan və başqaları.

- Hə, sizə deyim ki, hətta "Adı sənin, dadı mənim" pyesi İqor Peşenyevin tərcüməsində "İmya tvayo, blaqo mayo" adı ilə Moskva Akademik Dram Teatrında tamaşaya qoyulmuş və Mərkəzi Televiziya ilə nümayiş olunmuşdu. İkihissəli tamaşa idi və məşhur rus aktyorları həmin tamaşada rol almışdı. Hətta filmdə "mayor Vixr" rolunu ifa edən Vadim Beroyev baş rolu - Qəlyanalını oynamışdı. Moskvadakı tamaşaya qədər bu əsəri yıxıb-sürüyənlər çox idi, haqqında sovet gerçəkliyindən uzaq obrazlar, nə bilim qeyri-real mövzu və s. deyirdilər, amma Mərkəzi Televiziyada tamaşa gedəndən sonra hamı susdu. Hətta "Amerikanın səsi" radiostansiyasının verilişlərinin birində bu tamaşa haqqında müsbət fikirlər deyilmişdi.

- Sizə elə gəlmirmi ki, Seyfəddin Dağlının yaratdığı personajlar da sovet dövrü kimi bitdiyi üçün teatrlar bu gün həmin pyeslərə müraciət etmir. Onun "qəhrəmanları" daha çox "Kirpi"yə hədəf olan tipajlar idi və bu gün elə adamlar sərbəst işləyə, yaşaya bilirlər.

- Yox, deməzdim ki, atamın qəhrəmanları sovet quruluşu ilə bir yerdə bitdi. Əslində, bütün dövrlərdə əliəyrilər, rüşvətxorlar, yaramaz adamlar olub və yəqin, yenə olacaq. Düzünü desəm, bunun səbəbini bilmirəm, görünür, yada düşmür. Ya da nəsə başqa problemlər var. Məsələn, onun babamın həyatına həsr etdiyi "Aydınlığa doğru" pyesi Gənc Tamaşaçılar Teatrında maraqla qarşılanmışdı və ötən il Cəfər Cabbarlının 120 illik yubileyində bu pyes tamaşaya qoyula bilərdi. Sonra onun "Təzə gəlin" komediyası Musiqili Teatrda uğurla getmişdi və bu gün də eyni maraqla qarşılana bilər... Elə digər pyesləri də aktualdır...

Cəfər Cabbarlını zəhərləmişdilər...

- Bəhlul müəllim, Cəfər Cabbarlıdan söz düşmüşkən: cəmiyyətdə onun ölümü ilə bağlı müxtəlif fikirlər dolaşır. Hətta onun zəhərləndirilərək öldürüldüyünü deyənlər də olub... 1934-cü ildə Cəfər dünyasını dəyişən ərəfədə teatrda ona qarşı kampaniya gedirdi, bu səbəbdən kinostudiyaya üz tutmuşdu, düşmənləri çox idi: ürəyini partlatdılar, yoxsa zəhərlədilər?

- Bunu dəqiqliyi ilə deyə bilmərəm. Amma nənəmin - Sona xanımın xatirələri var, onu da atamın təkidi ilə qələmə aldı. Atam da, biz də nənəmizə Sona bacı deyirdik. Az qala bütün məhəllə camaatı, yazıçılar ona Sona bacı deyirdi. Rəhmətlik babam da ona Sonası deyib. "Ay Sonası, əhli-əyalın anası" kimi bir əzizləməsi də olub. Babam dünyasını dəyişəndə dayımın 10, anamın 4 yaşı olub, bu səbəbdən onların yadında babamla bağlı ciddi bir xatirə qalmamışdı. Mən orta məktəbdə oxuyurdum. Nənəm əski əlifba ilə yazırdı xatirələrini, sonra üzündən mənə oxuyurdu imla kimi, mən də onu kirillə təzədən dəftərə yazırdım. Həmin xatirələrin adı "Onu kim unudar" idi və kitabın redaktoru da atam oldu.

Teatrdan getməyinin səbəbi məlumdur. İclasların birində məşhur aktyorlardan "kimsə" deyib ki, Cəfər teatrı monopoliyaya alıb. Repertuarda ancaq onun pyesləridir. Babam da deyib ki, axı mən heç kəsin əlindən tutub yazmasına mane olmuram, yazsınlar da. Bundan sonra kinostudiyaya gedib. Orada da eyni uğurla işləyib, amma belə ittihamlar çox sarsıdıb onu. Zəhərlənməsi ilə bağlı dəqiq heç nə bilmərəm, amma nənəm bir dəfə ötəri demişdi ki, babam dünyasını dəyişəndə həkimlər konsilium ediblər, aradan illər keçəndən sonra bir dəfə nənəm həmin həkimlərdən biri ilə rastlaşıb və ona deyib: "Doktor, axı niyə belə oldu? Cəfərin ölüm səbəbi doğrudan da infarkt idimi?". Həkim də cavab verib ki, "Sona xanım, çox da dərinə getmə". Görünür, bütün müəmmalar da elə bu bir cümlə ilə bağlıdır.

Onun ruhu evdə dolaşırdı

- Seyfəddin müəllim 1983-cü ildə dünyasını dəyişdi. Xəstə idi?

- Əslində, ürəyindən şikayət edirdi və dayım onu "leçkomissiyada" (Mərkəzi Kliniki Xəstəxana) yatırtmaq fikrindəydi, atam gecikdirirdi, çünki oradakı palatalar ikinəfərlik idi və gecələr durub işlədiyindən heç kəsə mane olmaq istəmirdi. Elə oldu ki, dayım ona birnəfərlik palata düzəltdi və elə xəstəxanaya malicəyə gedəcəyi gün səhər tezdən dünyasını dəyişdi. Qismət... O, dünyasını dəyişəndən sonra qəribə mistik hadisə baş verdi evimizdə. Son kitabının qonorarı "Azərnəşr"də idi, ölümündən bir neçə gün sonra nəşriyyatın direktoru, rəhmətlik Əjdər Xanbabayev evə zəng vurub dedi ki, gəlin Seyfəddinin qonorarını alın. Getdim, Əjdər müəllim mənimlə birlikdə mühasibatlığa düşdü və məlum oldu ki, atam ölümündən iki gün əvvəl gəlib qonorarını alıb, amma pulları hara qoymuşdu, neyləmişdi bilmirdik. Evə qayıtdım. Artıq bir neçə cümə axşamını da vermişdik, ev həmişə başsağlığına gələnlərlə dolu olurdu. Bir axşam hamını yola saldıqdan sonra evdə ailə üzvləri oturub söhbət edirdik, bu vaxt elə bil sirli bir əl gəlib kitab rəfindəki kitablardan birini götürüb yerə atdı və pullar ətrafa səpələndi. Bu, onun "Azərnəşr"dən aldığı qonorar idi. Alıb, kitabın arasına qoymuşdu. Nə bilirdi rəhmətə gedəcək... Mənə tərcüməçiliyi də atam öyrətdi. Müxtəlif rus mətnləri verirdi ki, tərcümə elə baxım, ciddi yanaşmırdım, təkid edirdi və beləcə bu günə qədər tərcüməçiliklə məşğul oluram.  Özü də xeyli film, pyes tərcümə etmişdi və ən məşhur tərcümələrindən biri də "İşdə məhəbbət macərası" filminin mətni idi. 

Söhbətləşdi: Əyyub QİYAS

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!