Fellinini düşünərkən... - ANAR yazır

Böyük italyan kinorejissoru haqqında bu esse 1993-cü ildə İstanbulda onun ölüm xəbərini aldığım zaman rus dilində yazılıb. Federiko Fellininin yüz illiyi qeyd olunduğu bu günlərdə yazımı ilk dəfə Azərbaycan dilində oxuculara təqdim edirəm.

Bir neçə gün əvvəl acıdan acı bir xəbər eşitdim. Fellini komadadır, həkimlər heç bir ümid yeri qoymur, qalan günlərinin bir həftədən çox olmayacağını deyirlər. Dərk edirdim ki, onu xilas etməkçün çağdaş təbabətin ən yeni nailiyyətlərindən istifadə olunur, amma buna baxmayaraq, artıq heç nə etmək mümkün deyil. Bəli, bütün bunlara rəğmən yenə də düşünürdüm: kaş bu ölüm hökmü bir az da gec icra olaydı, kaş hələ bir neçə gün, bir nəçə həftə də həyatda qalaydı.

Amma budur bax, qaradan qara xəbər gəldi: təkrarsız filmlərin müəllifi, kino sənətində böyük bir mərhələni tamamlayıb yeni bir mərhələ açan dahi sənətkar dünyasını dəyişdi.

Neçə aydı dərs dediyim İstanbulda - həm doğmadan doğma, həm yaddan yad şəhərdə - tutqun, yağışlı bir gündə aldığım bu xəbər, sanki məndə bir yetimlik hissi yaratdı. Buna bənzər hissləri mən dünyamız Çaplinlə, Heminqueylə, Pasternakla, Şostakoviçlə, Nazim Hikmətlə, Qara Qarayevlə vidalaşdığı günlərdə də duymuşdum. Əlbəttə, min illər boyu dünya tarixində dahilər az olmayıb, amma sənin çağdaşın olan, səninlə eyni bir dövrdə yaşayan, sənin daima izlədiyin, sənin fikirlərinə, duyğularına hakim kəsilmiş insanların itkisi daha göynədicidir. Axı sənə elə gəlirdi ki, bu dahilər bilavasitə sənə müraciət edirlər, səninlə dərdləşirlər, qayğılarını paylaşırlar, məhz sənə təsəlli verirlər. Yaradıcılıqlarının müəyyən dövrü sənin gözlərin qarşısında cərəyan edir.

Fellini, yəqin ki, mənim gənclik bütlərimdən sonuncusu idi. Və hər belə itkiylə sənin öz ömrünün, xatirələrinin, duyduqlarının, düşündüklərinin bir hissəsi də qeyb olur. "Soruşma ki, çan kiminçün çalınır, çan səninçün çalınır".

Bütün nəslimizin adından danışa bilmərəm, amma Fellini şəxsən mənim sənət zövqümü, həyat və ölüm haqqında fikirlərimi, sevgi və yaradıcılıq anlayışlarımı formalaşdıran, müəyyənləşdirən, tənzimləyən sənətkarlardan idi. Kino sənətində FeIlininin böyük sələfləri, görkəmli çağdaşları, tanınmış həmvətənləri olub. Amma mənim fikrimcə, XX əsrdə yaranmış kino sənətində yalnız iki yaradıcını tam haqla dahi saymaq olar - Çarli Çaplini və Federiko Fellinini. Daha dəqiq desək, Çaplin səssiz kinonun, Fellini səsli kinonun dahisidir. Kino tarixinin bu iki dövrü yalnız texnoloji cəhətdən fərqli deyil. Bu iki dövr sənətin iki müxtəlif və çox fərqli növləridir. Üslubiyyət, ifadə vasitələri, plastika, estetik meyarlar cəhətdən bir-birindən ayrılan iki sənət sahəsi.

Mən Fellininin demək olar ki, bütün filmlərini görmüşəm. Onun yaradıcılığını çox sevirəm. Beş filmi ruhuma daha yaxındır: "Kabiriyanın gecələri", "Yol", "Həyatın ləzzəti", "Səkkiz yarım", "Amar ord". Fellininin ilk filmləri "Ağ şeyx", "Südəmərlər", "Dələduzlar", sanki sonrakı əsərlərinə hazırlıqdır, eskizlərdir. Adını əvvəl çəkdiyim beş filmdən sonra yaratdığı əsərlər isə yüksək, amma bir qədər soyuq peşəkarlığın örnəkləridir. Sanki Fellini demək istədiklərinin, çatdırmaq istədiyi ismarışların hamısını deyib və artıq yeni heç bir şey demək istəmir, ya deyə bilmir. Bu baxımdan elə "Səkkiz yarım" filmi sənətkarın son dərəcə səmimi etirafıdır.Təbii, bu o demək deyil ki, Fellini fiziki ölümündən öncə sənətkar kimi tükənmişdir. Hətta bir dahiyanə əsər yaratmış sənətkar - Fellini isə dediyim kimi bir yox, bir neçə dahiyanə əsərin müəllifidir - sənətin qızıl xəzinəsinə daxildir. Və belə əsər, ya əsərlər həyatının, yaradıcılıq ömrünün hansı dövründə yaranmasından asılı olmayaraq müəllifin əbədi tükənməzliyini təmin edir.

Dünən Türkiyə telekanalı Fellininin ölümüylə bağlı "Səkkiz yarım" filmini göstərirdi. Mən hələ Moskvada Ssenari kurslarında oxuduğum zamandan etibarən o vaxt geniş sovet tamaşaçıları üçün yasaq olunmuş bu filmə azı on dəfə baxmışam. Və indi növbəti dəfə tanış kadrları seyr edərkən mat qalırdım. Haçansa çox qəliz və çətin anlaşılan sənət əsəri sayılan bu film nə qədər sadə və aydındır. Halbuki, ilk dəfə seyr edilərkən çoxlarına - elə mənim özümə də xeyli mürəkkəb görünmüşdü. İndi rejissor üslubunun bu özəlliyi - xüsusi qeyd olunmadan reallıqdan xatirələr aləminə keçid, gerçəkliklə fantaziyaların bir-birindən ayrılmaması o qədər aydın-aşkardır ki, təəccüb qalırsan: haçansa bunu necə anlaşılmaz saymaq olarmış. Amma bunu dərk etməyin filmə dəfələrlə baxmaqdan başqa ayrı bir səbəbi də var. Fellini kəşflərinin başqa rejissorların filmlərinə daşınması, istifadə olunması və təkrar-təkrar işlənməsi bu sayaq montaj pərakəndəliyini asan qavramağa yardım edir.

İndi bu filmə baxarkən tətbiq olunan üslubu asan dərk edirsən: olanların və olacaqların qatma-qarışığı, xatirələrin və real yaşanılan anların bir-birinə keçişi təbii qavranılır. Fellininin proobrazı olan rejissor Qvidonun (aktyor Marçello Mastroyaninin ifasında) niyyətləri və tərəddüdləri, xatirələri və fantaziyaları yeni bir müstəvidə cərəyan edir "kino içində kinoda". Fellini ekrana səksəkəli bir sənətkar qəlbinin səmimi etirafını gətirir. Rejissor Qvidonun zövcəsi (yəni Fellininin həyat yoldaşı Cülletta Mazini) obrazını aktrisa Anuk Eme yaradır. Filmin bir əsas motivi gəzəyən ərin arvadından üzrxahlığıdır. Fellini Qvidonun (yəni özünün) arvadına xəyanətlərini, qısa sürən əhəmiyyətsiz eşq macəralarını izah etməyə çalışır və həm də arvadını inandırmaq istəyir ki, ona hər hansı başqa qadınla deyil, Sənətiylə və Yaddaşıyla xəyanət edib.

Sənət və Yaddaş. Sənətə çevrilmək istəyən və bunu bacarmayan Yaddaş - Qvidonu əzablara düçar edən budur. İstədiyini yarada bilməmək gücsüzlüyü Qvidonun vurnuxmalarının səbəbidir. Əlbəttə, bu filmin fikir və duyğu zənginliyinin ancaq bir məqamıdır. Həyatın hüdudsuzluğu, Yaddaşın sərhədsizliyi və bunu sənət vasitəsilə ifadə elməyin mümkünsüzlüyü sənətkarın məğlubiyyətidir. Və məntiqi nəticə - sükutdur, sənətdən imtina etməkdir. Rembo şairliyi atandan sonra şair oldu. Mallerme yazısız bomboş ağ vərəqi tərənnüm edirdi. Filmdə bu fikirləri Qvidonun tərəf-müqabili, opponenti tənqidçi irəli sürür.

Filmin bir motivi də səadətin mümkünsüzlüyüdür. Qvido kardinala etiraf edir: "Müqəddəs ata, mən bədbəxtəm". Kardinalın cavabı: "Övladım, kim deyib ki, insan dünyaya xoşbəxt olmaqçün gəlir".

Sevməyin mümkünsüzlüyü. Qvidonun bəyaz paltarlı ilham pərisi (aktrisa Klaudia Kardinale) filmdə paklığın və qadınlığın rəmzi kimi təqdim olunur. Qvidonun bədbəxtliyinin səbəbini isə belə izah edir: "Ona görə ki, sən sevməyə qadir deyilsən".

Qvidonun katolik asketizmiylə zədələnmiş uşaq zehni dəniz kənarında Saraqinanın şəhvət dolu rəqsiylə üz-üzə gəlir.

Üç kəlmə sözlə - "aza, nizi, maza" sözləriylə uzaq uşaqlığın yaddaşda canlanan nostalji xatirələri.

Təsadüfü deyil ki, "Səkkiz yarım" filmində rejissorun (Fellininin) atasını başqa bir filmində olduğu kimi eyni aktyor ifa edir. Kinoşünasın doqmatik mülahizələri sənət əsərini cərrah bıçağıyla kəsib doğranması və canlı orqanizmin meyitə çevirməsi kimidir. Bütün bunların hamısı var "Səkkiz yarım"da. Ancaq tək bunlar yox. Qvidonun məşuqəsi (aktrisa Sandro Milo) aşnasının yatağında ərinin problemlərini həll edən yüngülməcaz xanım... Çəkilməsi nəzərdə tutulan filmin maddi xərcləri üçün daima əndişələnən prodüser və onun səfeh rəfiqəsi. Seksual qayğıları olan ahıl aktrisa. Özündən çox cavan qızın toruna düşmüş "Don Juan" və onun sevgilisi - özünü sirli, sehrli qadın kimi göstərməyə çalışan gənc qadın. Yaşlı statistlər, məlum olmayan bir ordunun təqaüdçü generalları, subretkalar, geyimçilər, rejissorun köməkçiləri, prodüserin ətrafındakılar - bütün bu hay-küylü, mütəhərrik kütlə. Zərgər dəqiqliyilə ekranda canlandırılan personajlar. Pərtliyini kübarlığı və qüruruyla gizlətməyə çalışan Luiza - Qvidonun arvadı. Və nəhayət, Qvidonun özü - sənətkar və təlxək, yumşaq təbiətli, mülayim, xeyirxah insan, kefcil və dərdli, xəyalpərvər və tənha, bütün varlığıyla xatirələrə, fantaziyalara qərq olmuş, tərəddüdlər içində çabalayan varlıq.

Çoxçeşidli İnsan xarakterlərinin zəngin qalereyası - Mikelanjelo qüdrətiylə və incə Çexov psixologizmiylə ekrana çıxarılanlar.

Qvidonun xəyali intiharının son anında anasının xəyali fəryadı, Qvidonun erotik fantaziyalarında həyatından keçən qadınların qısamüddətli macəraları fonunda arvadının çexovsayağı məişət replikası: "Qvido, gəl, şorba soyudu axı...".

"Səkkiz yarım" bütün xalqlar və bütün zamanlar üçün əbədi sənət əsəridir, amma onu yalnız italyan yarada bilərdi. Bu ümumbəşəri olduğu qədər də sırf italyan filmidir, italyan milli xarakterini, çoxdanışmasını, danışanda əl-qol ölçməyini, çılğınlığını, zarafatcıllığını, temperamentini, qəm-qüssəsini əks etdirən insan mənzərələridir.

Fellini yalnız kinoda italyan neorealizminin deyil, həm də teatrda "komedi del arte"nin varisidir. Onun sənəti həm də başqa ölkələrdəki kino çağdaşlarının əsərləriylə həmahəngdir. Fellini də ispan rejissoru Luis Bünyüel kimi katolik dünyagörüşünün əsarətindən qurtulmağa çalışır. Çarli Çaplin kimi, sirk sənətini yalnız şən, şux deyil, qəmli bir oyun kimi qavrayır. İnqmar Berqman kimi, həyatın faniliyi haqqında bədbin düşüncələrə dalır və eyni zamanda yalnız özü kimi yaşamanın hay-küylü karnavalından sonra əbədi sükutun xofunu duyur.

İlham pəriləri və idbar sifətlər, möminlər və dələduzlar, həyatsevərlər və qaramatlar, yaşanmamış sevgilər, incikliklər və barışıqlar, insanı boğan xatirələr və puç olmuş ümidlər, hüdudsuz fantaziyalar və yaddaşın əsarətindən xilas olmaq cəhdi.

Və sonda çəkilməyəcək filmin başlanmayacaq çəkilişi. Sökülən dekorlar. Rejissorun həyatından keçmiş insanların rəsmi keçidi. Xatirələrdən xilas olmaq. Və nəhayət, ürəyi titrədən motiv - bəstəkar Nina Rotanın yalqız trubada çalınan kədərli melodisi. Bu ovqatı Fellinidən başqa kim yarada bilərdi?

Əlvida, Ustad! Təşəkkür ki, var idin.

İstanbul

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!