Dərviş ruhlu Eloğlu... - Elxan Yurdoğlu yazır

Dərviş Cavanşir haqqında birinci yazı, yaxud bir şair haqqında qısa tezislər

 

Tələbəlik illərinin mənə qazandırdığı müəlliflərdən idi Dərviş Cavanşir. 2001-ci ilin ilk günlərində Naxçıvan Dövlət Universitetinin 3-cü kurs tələbəsi ikən "Qızlar gözlərində sevgi gəzdirir" adlı ilk şeirlər kitabım nəşr olunmuşdu. Bütün dünyanın mənim olduğunu düşündüyüm o günlərdə kitabımı imzalayıb filologiya fakültəsində dərs deyən müəllimlərimə havalı-havalı hədiyyə edirdim. Əziz və dəyərli müəllimlərimizdən biri olan filologiya elmləri namizədi Şirxan Məmmədov da onlardan biri idi. Tələbə-şairin yeni kitabını əlinə alıb vərəqləyəndən sonra indi də qürurla xatırladığım xoş bir təbrikini dilə gətirmişdi: "Universitetin tarixində XXI əsrin ilk kitabının bir tələbəyə məxsus olmasına görə səni təbrik edirəm". Şeirlərimi növbəti dərslərin birində təhlil edən, bəyənən Şirxan müəllim bir maraqlı məlumatı da auditoriyaya açıqlamışdı: "Azərbaycanda şeir  kitabı nəşr olunan ilk tələbə mənim qardaşımdır: Cavanşir Eloğlu - Dərviş Cavanşir". Bir bənd şeirini də demişdi ki, bizim qrupun poeziyaya maraqlı tələbələri həmin şeiri bu gün də əzbər bilir. Sonradan müşahidələrim göstərəcəkdi ki, təkcə bizim qrup yox, vətən sevdalı bütün poeziyasevərlərin əzbərində yurd salıb:

Qurban olum torpağına, daşına,

Qaldır məni, Əlincənin başına.

Qoy dolanım, Vətən, sənin başına,

Deməsinlər pərvanəsi çatışmır.

Tələbə şair Cavanşir Eloğlunun 1981-ci ildə nəşr olunmuş "Gözümün ilk ovu" şeirlər kitabı da məhz "Vətən" adlı bu bir bəndlik şeirlə başlayır. Həmin kitaba ön söz yazmış Xalq şairi Məmməd Araza görə, Cavanşir Eloğlu "axtara-axtara düşünən, düşünə-düşünə axtaran" şairdir. İrəli gedib deyim ki, oxuduğum bütün kitablarında Dərviş Cavanşirin Məmməd Araz təyini ilə nə qədər üst-üstə düşdüyünü müşahidə etdim.

Yeni il tətili ərəfəsində dəyərli müəllimimi - Şirxan müəllimi evində ziyarət elədim. Məqsədim həm özünü görmək, yeni çıxan kitabımı ona vermək, həm də şeirdən, ədəbiyyatdan, poeziyadan, xüsusilə Dərviş Cavanşirdən danışmaq idi. Bir neçə saat necə keçdi, xatırlamıram. Amma qardaşının hər bir şeiri haqqında ən incə məqamlarına kimi, şeirin arxasındakı hadisələrə qədər, hətta şairin tələbəlik dövründə "əjdaha" müəllimləri tərəfindən necə sevilməsi barədə də doyunca söhbət etdik. Onu da deyim ki, Dərviş Cavanşir təkcə poeziyası ilə deyil, publisistikası ilə də Şirxan müəllimin yaddaşında dipdiri, olduğu kimi yaşayır. Söhbətimiz əsnasında neçə-neçə şeirini əzbərdən deyən müəllimimin gizlətməyə çalışdığı kövrəkliyini titrəyən səsindən anlamaq çətin deyildi.

Tətil günlərində oxumaq üçün şairin məndə olmayan digər kitablarını da alıb evə döndüm. Üç həftə keçməsinə baxmayaraq o kitabları qaytarmağa tələsmirəm. Çünki nə vaxt sözə sığınmaq ehtiyacı hiss edirəmsə, götürüb o kitabları təkrar-təkrar oxuyuram. Həm də soyuq bir yanvar günündə (9 yanvar 1954) dünyaya gələn şairin misralarıyla qızınmaq üçün.

Şairin "Gözümün ilk ovu" (1981), "Ömrümüzdə yanan ocaq" (1988), "Mən qəribin qardaşıyam" (1996), "Haqdan yanan bir çırağam" (2010), "Hörün məni divarlara" (2012) şeirlər kitabları nəşr olunur. Son kitabı həm də 2014-cü ildə İranda fars əlifbası ilə oxuculara təqdim olunub. Bundan əlavə, "Durnalar qərib olmur" (2000) kitabında Dərviş Cavanşirin vaxtı ilə işlədiyi "Aydınlıq", "Meydan", "Xalq qəzeti" və digər mətbu orqanlarda nəşr olunmuş "Durnalar qərib olmur", "Aman təklik əlindən", "Balıqqulağı", "Balıqlar balasını tanımır", "Arvadlar duelə çağırılmır", "Bərkdi fələyin yayı" və sair publisistik yazıları, "Qiblə yeli" (2013) kitabında isə eyniadlı povesti, "Ənik" və "Danışın, hələ üç dəqiqəniz var" hekayələri yer alıb. İstər publisistik yazılarında, istərsə də nəsr əsərlərində şeir havasındadır Dərviş Cavanşir.

"Əsgər barmaqlarında gitara tellərinə çevrilən  tikanlı məftillər", "yaşıl vərəqli şehli yamaclarda misra cığırlar", "uşaqlıq illəri gizlənqaç oynadığı bucaqlarda qalan", "uşaqlıq xatirələri kövrək xatirələrə bükülü qalan", "bəndə günaha batmasın deyə, ölümünün haqdan gəlməsini" istəyən və yüzlərlə bu cür ifadələrin müəllifi olan şairin şeirlərində ruhani təkliyinin mənəvi zənginliyi boy göstərir:

Hörün məni divarlara,

Divarlar uca görünsün.

O ucalıqdan baxanda

Bu qapı-baca görünsün.

"Çağırış" adlı şeirini düşüncələrə qərq olaraq oxuyuram. Başdan-ayağa dumduru duyğuların içində gördüyüm gənc igidi xatırladan Dərviş Cavanşirin şeirin alt qatında gizlətdiyi nə qədər mübarizə ruhlu vətən şeirləri varmış:

Damcılar, birləşin!

Şeh olub yarpağa qonmayın,

Budağa qonmayın.

Sonradan soyuqdan.

Sazaqdan donmayın.

 

Birləşin, damcılar!

Sizlərdə fırtına gücü var.

Damcıdan ümmanlar törəyir,

Ümmanlar damcılar gücünə kükrəyir.

Daha nə deməlidi ki, yeni-yeni közərən müstəqillik arzularının ifadəsi üçün? 1970-ci ildə xalqı birliyə çağırma niyyətilə yoğrulmuş öz düşüncələrini vətəndaş-şair başqa necə dilə gətirməliydi!? 

Yaxud bir körpənin yatışına hansımız belə poetik baxış ortaya qoya bilmişik:

Bir beşik nəvaziş geyib əyninə,

Ümid - körpə yatır.

Mərdlikdən ayrılmış bir qəlpə yatır.

Gecələri sabahlara bələnəcək

"heyrət" yatır.

Sabah ona qız isməti güvənəcək

qeyrət yatır...

Dərviş Cavanşirin tam fərqli Vətən anlayışlı şeirləri var. Onun Vətən şeirləri bir qəribin qürbətdən boylanan bənövşə taleyidir, lalə könlüdür, dağ qarıdır, ana duasıdır, qonşu həyətidir, nakam sevda məktubudur, uşaqlıq uzaqlığıdır...

Bütün köklərimlə, budaqlarımla,

Döşündən nur əmən körpə ağacam.

Bu yaşıl ömürlü yarpaqlarımla

Ancaq Vətən deyib oxuyacağam.

Bir də anası Səbayelə yazılan şeirlər var ki, layla ruhludur, bayatı yüklüdür,   nağıl pişrovludur, dastan ləngərlidir.

Sevgi şeirlərində toyuna çatmadığı kənd qızlarından tutmuş, ahı tutan gözəl, dolmuş gözlərinə söz deyə bilmədiyi sevdası, gözünün ilk ovu var:

Baxışın gizlədir qəlbin deyəni,

Gözündən oxunmur həsrətin izi.

Bu yaxın soyuqluq yandırır məni,

Bu soyuq yaxınlıq ayırır bizi.

Cavanşir Eloğlu ötən əsrin sonlarında xalq şeirindən süzülən işıqla nurlanan irfan şeirinə tərəf yol aldı. Və o yolun sonunda xalq dastanlarında rastlaşdığımız cilddəyişmə baş verdi. Cavanşir Eloğluda bu mifik proses təkcə təxəllüslə yekunlaşmadı. "Eloğlu" "Dərviş" çevrilməsi şeirlərinin məna qatının dərinliyinə doğru endikcə, oxucunu da özüylə çəkib aparmağa qadir bir mərhələylə davam etdi. Maraqlıdır ki, Dərviş Cavanşir irfan ruhunu klassik şeir janrlarında göstərmədi, elə xalq poeziyasından gələn ovqatla buna nail oldu. Köynəkdən keçərək, durna səsinə qoşularaq...

Bir də ki, bu dərvişlikdə XIX əsrin tənqidi-realizm mətnlərinin dərvişi yox, Nəsimiyə vurğun tərki-dünya bir dərvişanəlik var idi:

Cavan ömrü yelə tutan qoca dərvişəm,

Xəlbirimdə ac quşa da dən saxlamadım.

Ağız açdım, yalan satdı yenə dil dişə,

Dodağımda  gülüşümə gün ağlamadım.

Dərviş Cavanşir hər şeirində folklor mayalıdır. Bir folklorşünas kimi onun şeirlərində mən atalar sözlərindən dastana kimi hər janrın rüzgarında sərinlədim. Şeirləriylə bədii zövqümüzə bir ocaq qalayan şairin salxım söyüdlü ədəbiyyat kölgəsində bir fikir düşüncələrimə hakim kəsilib: Dərviş Cavanşir sazı olmayan haqq aşığı idi. Şeirlərinin hər bəndində saz səsi var:

Söyüddən asılı nənnilər,

Küləklərlə yellənirlər.

Söyüdlər layla demirlər,

Ağlayırlar için-için,

Ağlayırlar övlad üçün.

Poeziya sevdalı fədakar bir gənc folklorşünas gərəkdi bu şeirləri misra-misra təhlil eləyə, Cavanşir Eloğlunun Səbayel anasından, Tutu nənəsindən, bibisindən, xalasından, qonşusundan eşidib şeirlərinə yüklədiyi folklor kodlarını aça, şifahi yaddaşımızı elmi müstəviyə çəkə:

Sevdan başımda ağlar,

Gözdə yaşım da ağlar.

Könül verdiyim bilir,

Nə çəkdi başım, dağlar.

Gecənin bir yarısı otağımda Dərviş Cavanşir şeirləri nura çevrilir. Onsuz da şair təkliyi İlahidən nur almış nəfəs kimidi. Amma bu ayrı bir ovqatdır. Nur topasının içindən bir söz göyərir. Şeirlərinin mistik aurasından qəfil qopmaq istəyirəm. Dur deyir, dinlə deyir o nur və bir bənd şeir pıçıldayır mənə:

Sonum sözdü, ilkim sözdü,

Varım sözdü, mülküm sözdü.

Qurusam da köküm sözdü,

Mən bir sözdən göyərəcəm.

Nə demək istəyir son günlər məni poeziyasına butalayan şair? Nədi o söz... Yenidən ələk-vələk eləyirəm kitablarını, hər şeirində o sözü axtarıram. Ahaaa, deyəsən, tapmışam. Dərviş Cavanşirin göyərəcəyi "SÖZ" durna səsində gizliymiş:

Eşq dəryadı, gəmi könül,

Qərq eyləməz qəmi könlüm.

Havalanma, dəli könlüm,

Havada durna səsi var.

 

Yada toyu, mənə yası,

Necə qıydın, qız anası?

Başımda sevda havası,

Havada durna səsi var.

 

Baxma elə uşağıydı,

Boyu şamama tağıydı.

Qızın durna çırağıydı

Havada durna səsinə.

 

Kaş ki, məni açıq-aydın,

Sənin qarğışın tutaydı.

Geri dönüb baxmayaydım,

Havada durna səsinə.

 

Mən qəlbimlə öc eylədim,

Oda saldım, puç eylədim.

"Köçəri" çal, köç eyləyim,

Havada durna səsi var.

Dərviş Cavanşir Naxçıvan şəhərinin Əliabad kəndində dünyaya göz açmışdı. İndi Naxçıvan şəhərinə birləşmiş Əliabadda mən məkan salmışam. Görünür, yanvar ayında dünyadan köçən şairi həmin ayın soyuq günlərində qısa tezislərlə yada salmaq da ilahi bir mesajmış. Hələ onun dua-dua şeirlərindən, ovsun-ovsun sözlərindən yazacaqlarım çoxdur. Tanrı ömür verə,  bir də bir çin yuxu. O yuxuda Dərviş gələ, dərviş gələ... Oturaq qabaq-qənşər, yuxu dünya, dünya məhşər... Mən soruşam, o danışa, gedəndə də bu şeirlə vidalaşa:

Döndər məni dağa-daşa,

Qoy yem olum qurda-quşa...

Haşa, haşa, məndən haşa,

Ömür ki, mənimdi Allah!

22 yanvar 2020 Naxçıvan

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!