Şairin vətəni sevgidir və yaxud Sevgi vətəndən başlayır... - Mərziyyə Nəcəfova yazır

 

"Ədəbiyyat bütövlükdə məscid, poeziya isə onun minarəsidir, onda şairlər dünyada hər şeyi - ən əvvəl isə işığı birinci görənlərdir. Bu mənada "poeziya işıqdan başlayır". Bu sətirlər ədəbiyyat aləmində öz düşüncəsi ilə maraq yarada bilən və yadda qalan İlham Qəhrəmana məxsusdur. Açığı, onun "Şairin vətəni sevgidir" kitabındakı ədəbiyyatla, poeziya ilə bağlı ovxarlı misralarını oxumasaydım, ədəbiyyata və şeirə aid dəyərli fikirlərini "hımm" - deyib başımla əhsən fikrini təsdiqləməsəydim bu məqaləni yazmaq istəyim yaranmayacaqdı.

İlham Qəhrəmanın yaradıcılığını vərəqlədim, yazılarındakı maraqlı düşüncə və fərqli baxış oxucunu özünə çəkə bilir. Hətta kitablarına verdiyi adlar belə cəlbedicidir - "Gülüm yarpıza döndü, "Məni bizə gətir", "Ağlama, qələm eşidir", "Ağlama, qu quşu," "Sevgi durna çırağıdır", "Ey dil", "Əsir dağlar" və nəhayət, "Şairin vətəni sevgidir".

Sonuncu kitabın üzərində dayanmaq istədim. "Şairin vətəni sevgidir", əslində həyat sevgidən başlayır. Kitaba daxil edilən mövzular rəngarəngdir, günümüzün nəbzini tutan mövzular diqqət mərkəzinə çatdırılır və yaşadığımız vətən ağrısının, əzabının şəkli gözlərimiz önündə canlandırılır. Ümumiyyətlə, müharibə, ağrı poeziyasında yazılan minlərlə şeirdə hər şair bu əzabı bir cür yaşayır, yaşayır deyirəm, çünki torpaq itkisi mövzusu iynənin gözündən keçməyə məcbur olan qalın sap kimi yaradıcı şəxsin damarlarından qaralmış və qatılaşmış qan kimi keçir. Bir də ki, bu poeziyanı yaradan Vətənini itirən şair ola. "Əzabın şəkli" şeiri oxucuya dörd misrada təqdim edilir.

Ağ suyu boyamış rəngtək canımda

Dostum, itirilmiş yurd əzabım var.

Deyirlər, Laçını dəyişəcəklər

Qarmağa taxılmış qurd əzabım var.

Bu misralarda yaşanan əzab "qarmağa taxılmış qurd"un ümidsizliyi ilə eyniləşdirilir. Demək olar ki, əzabın qarmağa taxılmış qurd əzabı ilə hələ heç bir poeziya nümunəsində rast gəlinmir. Eyni zamanda elinə, obasına həsrət qalan şairin yaratdığı həsrətin portreti elə canlı və realdı ki, həsrətin ağrısını ciyərlərinə çəkirsən. Gözlərin qarşısında itirilmiş torpaqlarımızda qalan məzarlar və "ölmək üçün gözlərini bu dünyaya yummamaq üçün dirəşib "Allah, məni elimdə, obamda öldür, torpağımda uyuyum" - deyə göylərə əl açan ancaq, bu arzusu da torpaq, Qarabağ istəyi kimi ürəyində köz olaraq dünyadan köçənlərimizi xatırladır. Bu baxımdan "Həsrət" şeiri elə həsrətin real portretidir.

Laçında

sinədəki evimizin

çəpər qolları

tut dizlərini

qucaqlayıb qaldı...

Digər bənddə Xırdalan qəbiristanlığından bəhs olunur. Bu kiçik misralarda Laçınla Xırdalan qarşı-qarşıya qoyulur və həsrətin portreti bu misralarda poetik məqamın ən güclü həddinə çatır.

Xırdalanda -

qəbiristan yanında

atamın qolları

dizlərini

qucaqlayıb qaldı...

Sonda atanın qolları ilə həsrətində olduğu, heç bir məkanda əvəzi olmayan, "evin" qollarının boşalması və atanın dizlərinin vətənsiz büküldüyü ideyası təsiredicidir.

Fələyin ağzı-gözü yansın,

Evimizin qolları

atamın qolları kimi

boşaldı,

Atamın dizləri

evimizin dizləri kimi

qurudu.

Həsrət mövzusu "Laçın" başlıqlı şeirdə şairin daxilindəki fəryaddan xəbər verir. Əslində, elə bu şeir də vətənə həsrət birinin portretidir:

Bu gün gah kürətək qızmar,

Gah da quş kimi ayazam.

Dünya bir ağ kağız ola,

Mən də bircə kəlmə yazam:

Laçın.

"Gedəcəm" şeirindəki obraz da həsrətin göynərtisi ilə nəfəs alan şairdir. Başını götürüb vətənə üz tutan şair - o əsir dağların qoynuna tələsir. Vətən həsrətindən çəkdikləri şairin içini gəmirir, getmək, torpağa qovuşmaq üçün ölümü belə gözə alır. Bu şeirdə şair üçün torpaq sevgisinin nə olduğunu, yaşantıların ağrısını görmək olur.

Quşlar göy üzündə səf bağlasınlar,

İlham nələr çəkdi, hesablasınlar...

Deyin ovçulara səhv salmasınlar,

Canavar dərisi geyib gedəcəm.

Bəndin son misrasında ağrılı şairin mübariz ruhunu da görmək olur. Şairin ümidləri ölmür, ayrılıq, nisgil yaşasa da, içindəki qalibiyyət inamını qıra bilmir. Evini arzulayan şair bağının min bir nemətini xatırlayır, susuz qalan qara tutun halına yanır, şəklini vurduğu mismar üçün belə darıxdığı halda yurdunda ulayan itin bir gün balasının canavar olacağını da yada salır.

Nə yaman uladı yurdda qalan it,

Canavar olacaq sənin balan, it,

Dolan xəyalımtək yurdda dolan, it,

Bu gecə evimiz yadıma düşdü.

Yurd itkisinin ağır olduğunu, heç bir itkiyə tay tutulmadığını söyləyən şair qovuşmadığı vətənini oxşayır. Bu oxşamalar daha ağrılıdır. Şair vətənə olan sevgisini, içindəki əzabla yaşadığını misralara tökür.

Yurd itkisi elə ağır, -

Tay tutulmaz hər itkiyə,

Yer yarıla yerə girəm, -

Mən baxmayam xəritəyə.

Çağdaş poeziyamızda şəhidlik mövzusu şairlərimizin əsas mövzu obyektlərindən birinə çevrilmişdir. Bu mövzuda yazılan şeirlər şəhidlərimizin ruhuna ehtiram poeziyası idi. Şəhid həyatını və ölümünü əks etdirən poetik əsərlər, ədəbi tarixi salnamələr, o ağır, kədərli anlarımızın real durumunu təsvir etməklə yanaşı, həm də bu reallıqlar əfsanələrin də yaranmasına yol açmış olurdu. Hər zaman kəsiyində xalqın tarixini yaşadan onun şəhidləri, şəhidləri Vətənin qan yaddaşına hopduran isə xalqın özüdür. Qarabağın qara taleli dinc insanlarını, qəhrəmanlarını, o cümlədən faciələrini təcəssüm etdirən belə şeirlərdə Azərbaycanın gerçək ictimai-siyasi mənzərəsi, ölüm-dirim təhlükəsi ilə təhdid edilən xalqın kontraslı boyalarla sərgilənən cazibədar portreti görüntülənirdi. Bu mənada şairlərin şəhidlik mövzusuna münasibəti çox böyük əhəmiyyətə malikdir.

İlham Qəhrəmanın "Şəhidlər xiyabanında" şeiri də diqqət çəkir.

Bir vətəndaşın qəlbindən qopan ah Şəhidlər xiyabanında bir minnətə dönür və "şəhidlik baş tacımız" ideyası ilə birləşir. Başdaşlarıyla vətənə keşikçi olan oğullar əvəzedilməz bir obraza çevrilir.

Harda adları tutulsa;

Ruhları əyan oğullar.

Başdaşları keşikçitək,

Vətənə həyan oğullar

- yazan şair bir şəhid ömrünün müqəddəsliyini əbədiləşdirir.

Digər bir şeirində isə şəhidin ölüm əvvəli yaşantılarını əks edərək, şəhidin öz dilindən vətənə, torpağa və bayrağa olan sevgisini poetikləşdirir.

İyirmiyəcən yaşadım,

Həmin mərmiyəcən yaşadım.

Yıxıldım qaldım torpağınan,

son dəfə sarmaşdıq bayrağınan.

Ömrüm az oldu, amma

vətən sevgimdən tamsındı bir az.

Yağış, günəş, qarıynan sevdim,

Qanım süzən əsgər paltarıynan

sevdim vətəni.

İlham Qəhrəmanın Azərbaycan əsgərinə verdiyi dəyər və sevgi şeirlərinə hopur. O, bu mövzuda yaratdığı nümunələrdə bir əsgər ölümünün qəlb dağlayan məqamlarını sətirlərə tökür. Bir əsgərin ölümü bir insanın ölümü deyil, əslində, torpağın itrilməsidi, bir əsgərin ölümü onun yerişi, boy-buxununun cərgədə qalmasıdır, bir əsgərin ölümü bir gənc qızın qırılan xəyalıdır, bir ata-ananın üzündə əbədi sönən sevincdir, gözlərinə çökən kədərdi. Bir əsgərin ölümü "zərgərdə qalan" bir nişan üzüyüdür.

Bir əsgər öldü..

Quşun qanad rəddi göydə,

Onun yeri, boy-buxunu

Cərgədə qaldı.

Bir əsgər öldü...

Bir nişan üzüyü

Zərgərdə qaldı.

"Əsgərlərimizə" başlıqlı şeirdə isə döyüşçülərimizə bir vətəndaş borcu əks edilib. Bir xalqın dincliyi onun əsgərlərinin yuxusuz gecələri hesabına yaranır ideyası şeirin ana xəttidir.

Sizin qarşınızda ikiqat ollam,

Bu yurdun ən təmiz, duru yerisiz.

Vətənin gözünün dikənəcəyi,

Xalqın ürək qutu, qürur yerisiz.         

"Bizə salam düşmür" şeirində də torpaq itkisinin ağrısını yaşayan bir şair var. İlham Qəhrəman öz etirafını poeziya dili ilə bəyan edir. Bu deyimlərdə kinayə də, qınaq da, xəcalət də var.

Bəy olmuşuq, xan çıxmışıq,

Götürüb canı çıxmışıq

Sağ ikən canıçıxmışıq,

Bizə salam düşmür, oğul!

Arxamızcan ağlayan torpaq gecələr şairin vicdan sızıltısına çevrilir, ordan da sətirlərə.

Nə qədər ki, torpaqlarımız işğal altındadır bu mövzulu şeirlərin yazılması, eyni zamanda da tədqiq edilməsi vacib bir məsələdir. Məhz bu kitabda da şair nə dərəcədə insan yaşamından, sosial məsələlərdən, məhəbbətdən bəhs etsə də, əsas sonda bu məqama daha çox işıq tutdu - "Sevgi vətəndən başlayır".

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!