Ədəbiyyat söhbətləri - Yaddaşına üsyan edən kişi...

Bəzən Sovet dövrünün müəyyən ənənələri üçün darıxıram. Dərnəklər, ictimai birliklər, yaradıcı təşkilatlar müəyyən ideologiyaya xidmət etsə də, əslində, belə yerlərdə normal insanlar formalaşırdı və belə insanlar formalaşdıqca həm də cəmiyyətin yaxşısını pisdən seçmək imkanı yaranırdı. Sağlam rəqabət vardı, istedadlı ilə istedadsızı üzə çıxarmaq üçün Amerika kəşf etməyə ehtiyac yox idi, yəni bugünkü kimi şair, yazıçı kitablarının sayı ilə yox, sözü ilə dəyərləndirilirdi.

Ən çox da səksən-doxsanıncı illər öz qəribə ab-havası ilə yadda qaldı. Gənclik qaynar qazan idi, tələbə hərəkatı, senzura içində senzurasızlıq, nəinki cəmiyyətə, hətta dünyaya meydan oxumaq meyilləri... Düzdür, bəzən ritorik şeylər, boşboğazlıq da baş alıb gedirdi, amma ciddi məqamlar çox idi və bəlkə də elə bu həmin gənclik dövrünün siyasi pafosunu dəyişə bildi. Elmdə, təhsildə, ədəbiyyatda bir novatorçuluq yaranmışdı və əslində, sovet cəmiyyəti ideoloji novatorçuluğa üstünlük versə də, bəzən qapalı otaqların divarları arxasında rejimin çürük təməli laxlayırdı.

Belə yaradıcı toplantı yerlərindən biri də respublika komsomolu nəzdində fəaliyyət göstərən ədəbi birlik idi. Birliyin yaranma tarixi ilə işim yoxdur, amma ona sədrlik etmiş həm mərhum şair Vaqif İbrahim, həm də ustadımız Məmməd İsmayıl bu birliyin yaşaması üçün hər zaman sevgiylə xatırlanacaq işlər gördü. O birlikdən kimlər çıxdı?! və kimlərsə də çıxmadı... Bir atımlıq barıt kimi alışıb-yananlar da keçdi oradan, içi ümman kimi aşıb-daşanlar da. Və hər ilin ədəbi yekunu kimi "Yaşıl budaqlar" adlı almanax çap olunurdu. Əl boyda kitablar... amma içində oxunacaq yazılar çox idi. Və mən sonradan dostlaşacağım, yaxından tanıyıb sevəcəyim Məmməd İlqarı da o "Yaşıl budaqlar"ın bir yarpağı kimi sevmişdim.

"Ömrün o başından dönüb gəlmişəm,

Mənəm, başınıza dönüm, gəlmişəm.

Bəs məni yandırıb, nə yaxırsınız,

Belə maddım-maddım nə baxırsınız?!

Bax bu palıdların budaqlarında

Yellənən oğlanam, a dağ yolları.

Sorub baldırğanla bulaqlarından

"Keflənən" oğlanam, a dağ yolları,

Mən həmən oğlanam, a dağ yolları".

Məmməd İlqar sözü mum kimi barmağında istədiyi hala salıb şeir edən, kənardan baxada bir az qaraqabaq görünsə də, yaxınlaşdıqca ürəkləşən, sevgiləşən, şeirləşən kişidir. Onun şeirlərində Xətaidən, Vaqifdən, Alıdan, Ələsgərdən üzü bəri nə qədər ustad olubsa, hər birinin ruhu yaşayır. Məmməd İlqar ilin-günün bu vaxtında təcnis yazır, özü də necə yazır...

"Ən gözəl dərdimsən dərdlər içində,

Dərdindən düşmüşəm dərdə mən, gözəl.

Dərd gözəl çəkilir - əgər gözəlsə,

Gözəl dərd diləsən, dərdəm - ən gözəl.

Sərdim gülşənini dərdə, mən ömrün,

Dər gülüm, gülünü dər də, mən - ömrün.

Hər günü ölümdü dərd əmən ömrün -

Ölərmi sən kimi dərd əmən, gözəl?!

 

Məmməd, könül sevdi, kimə nə dərdi

Özgə kim sevdirər ki, mənə dərdi?..

Bilməm bu sevginin kimə nə dərdi?

Mənə dərd gözəldi, dərdə mən gözəl!"

Adam belə havalanmaz, dərdiş, adam belə havalandırmaz adamı.

Məmmədin şeirləri bu gün aşıqların dilinin əzbəridir. Elə  bir şənlik, büsat olmaz ki, orada Məmməd İlqarın azından 3-4 şeiri nəğmələnməsin. Əslində, xalq şairi, xalqın şairi olmaq bəlkə də elə budur. Və Məmmədin elə şeirləri var ki, onun ən azı bir neçə beytini aşağı-yuxarı hər kəs əzbərdən bilir. Bəlkə heç dilinin pıçıltısı olan sözlərin müəllifini tanıdan əzəbərləyiblər onları.

"İahi! Belə də gözəl olarmı? -

Kimdi qələm çəkən, nə gözəl çəkir.

Üz-üzə, göz-gözə sehrlənmişik,

Nə mən göz çəkirəm, nə gözəl çəkir,

 

Güney gözlüm, gözəllikdə bircəsən,

Bu güllükdə bir mən olam, bircə sən...

Gül üstündə arıya bax bircə sən -

Gör gülün nazını nə gözəl çəkir?..

 

Salma gəl Məmmədi gözündən, gözəl,

Gözüm gözmü görüb gözündən gözəl!..

Mən ölmüş neynim ki, gözündən, gözəl -

Nə bir könül doyur, nə göz əl çəkir!"

Sözün gerçək mənasında sözlə bu cür usta oynamaq, sadəcə və sadəcə istedaddan, peşəkarlıqdan və el ruhuna yaxınlıqdan mayalanır.

Məmməd uzun illərdir ömrünü Sumqayıta bağlayıb, dostları, sevənləri, sevdikləri buradadır. Ailəsi, övladları - Allah saxlasın! Amma Məmməd kimi adamlar üçün yaşamaq həm də canıyla əlləşməkdir.

...Bir gün xəbər gəldi ki, Məmməd yaddaşını itirib. Düzü, hamımız bir az pərişan olduq, həm də qorxduq, sonrasından qorxduq, lakin zaman keçdikdə Məmməd İlqar öz yaddaşsızlığını da bizə şeir kimi sevdirdi. Bəlkə də şair üçün, yaradıcı adam üçün yaddaşın silinməsi faciədir, təsəvvür edirsizmi - keçmiş yoxdur?! Yazan adam həmişə keçmişdə yaşayır, xatirələrdə yaşayır və artıq xatirə deyilən bir şey qalmayıb səninçün. Amma burada qəribə bir paradoks var: Məmməd xatirə yaddaşını itirsə də, şeir yaddaşını itirməyib: kişisənsə yanında hansısa şeirini yanlış de, ya da təhrif elə - qiyamət qopar: "Dərdiş, elə döy axı...". Bilmirəm tibb, psixlogiya bunun adına nə deyir, amma mənim aləmimdə bu, Tanrının lütfüdür Məmməd üçün, çünki onun ara-sıra oyanan xatirələrində bəzən adamın cızdağı çıxır: "Ay Babək (oğluna deyir), bə bu Akif Səməd hardadı?!" Eləcə də Dəmirçioğlu Məmmədi, eləcə də Sabir Sarvanı gözləyir Məmməd İlqar. Mənə elə gəlir ki, bu gün Məmməd İlqarın 70 yaşa çatmasına görə məhz onun yaddaşsızlığına minnətdar olmalıyıq. Çünki ya Məmməd yaddaşından ayrıldığı gündən etibarən həm də öz ruhundan ayrılıb və bu gün ara-sıra başına toplaşıb dərdləşdiyimiz Məmməd İlqar 10-15 il əvvəl tanıdığmız kişi yox, yenidən dünyaya gələn və yeni bir ömrü sıfırdan başlayan adamdır, ya da yaddaşına üsyan etməklə dünyaya, həyata, sevgiyə və itkilərinə bu cür yas saxlayan kişidir.

Mən Qazaxın İncə dərəsində olmamışam, deyirlər, orada körpələr ağlayanda qoşma üstə, bayatı, təcnis üstə ağlayır. Amma incəli dostlarım çoxdur və onların başında ustad, ağsaqqal Məmməd İlqar daynır.

"Qönçələr bürüyüb çölləri yenə

Açallar, inşallah, gül, gülə-gülə.

"Görəllər - güləllər" gəlməz eyninə,

Sarılar, sarmaşar gül, gülə-gülə.

 

Güllər al-əlvandı, bülbüllər sarı,

Görməsin gül üstə bülbüllər sarı.

Güllər gülümsünər bülbüllər sarı,

Görən, varmı görən gül, gülə-gülə.

 

Ya rəbb, yetir məni bir gülə, dedim,

Məmmədin könlü də bir gülə - dedim.

Açdım ürəyimi bir gülə dedim

Ağlar qoydu məni gül, gülə-gülə".

Allah qoysa bu ilin fevralında ustadın 70 yaşı tamam olur. Bu yazını da elə  bu münasibətlə pıçıldadım. İnanıram ki, Məmməd İlqar hələ bundan sonra bizi başına çox toplayacaq, bəzən verdiyi qəribə suallarla çaşdıracaq: "Əyyub, sən sağsanmı?!". Belə çıxır ki, mən Məmmədin yaddaşının diri vaxtında ölmüşəm.., ya da nə sirdisə baş açmıram, amma Məmməd İlqar diridir, öz şeirləri ilə, ruhu ilə, ovqatı ilə, keçmişi ilə yaşayır, yaşayacaq və biz bundan sonra da onun neçə-neçə diri yaşını qeyd edəcəyik.

Yubileyin mübarək, yaddaşına üsyan edən böyük Məmməd İlqar! Eşqlər, dərdiş!

Əyyub QİYAS

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!