Cavabsız sual və ya sualsız cavabsızlıq - Mətn nədir? - Hədiyyə ŞƏFAQƏT

 

Söz yox, bu iki söz birləşərək sual cümləsi yaradıbsa cavabsız qalacaq. Ya da bitməyən mübahisə və müzakirə mövzusuna çevriləcək - eynən "Tanrı varmı?" - sualı kimi...

Öz-özümə Tanrının olduğunu deyib bu mövzunu müzakirəyə bağlı elan edirəm. Bəs əlahəzrət Mətn, o necə olsun? Haqqında danışmaqmı, danışmamaqmı? Başqalarının fikirlərilə hesablaşmaqmı, hesablaşmamaqmı?..

Lakin söz yox, hamı mətn barədə danışa, yaza bilər.

Çox güman Mətnlə bağlı danışmaq haqqı fitri duyumla doğulmaqla sonradan cilalanmışlığın vəhdətindən yaranır, ya da hədsiz cahillikdən...

Mətn nədir?

***

Burda keçmişə qayıdıram...

Uşaqlıq vaxtlarımdan əlimə keçəni oxumağa başlamışdım. O illərdə evimizə az da olsa xarici ədəbiyyat sızırdı, atamın hansı yollarlasa alıb gətirdiyi rus dili kitablarında yazılanlar məktəbdə öyrədilənlərdən, altını-üstünə çevirdiyim məktəb və kənd kitabxanasındakı kitablarda yazılanlardan tamamilə fərqlənirdi. Uşaq və yeniyetməlik dövrüm bu baxımdan mənə əvvəl təəccüb, sonra müşahidə, müqayisə və qəribə şəkildə ümumi məlumat axınından ayrılma bacarığı bəxş etdi.

"Çox kitab oxumaq lazım deyil, orda yazılanlar həyatda baş vermir" - bir dəfə müəllimimiz mənim çox kitab oxumağıma işarə edərək demişdi: - "Sonra çaşıb qalırsan".

Şübhəsiz, mən çox da çaşıb qalmadım, çünki oxuduğum mətnlərdə adi şeylərdən yazılırdı... İnsanlar nəfəs alır, düşünür, sevinir, qəzəblənir, mübarizə aparır, hamı kimi yaşayırdılar, kitablarda baş verənlər fərqli məişətə və mədəniyyətə xas olsa da, insan yaşantıları bizim yaşantılarımızla üst-üstə düşürdü...

Müəllim o sözləri deyərkən ağlımdan ildırım sürətilə onun dünyadan xəbəri olmadığı fikri keçmişdi...

Əvvəl inanmamışdım, bu necə ola bilərdi? Mən elə bilirdim, bizim evdə olanlar hamının evində var, atamla etdiyimiz söhbətlər bütün ata-qızların adi söhbətləridir...

Sonra, beşinci, ya altıncı sinifdəykən yazdığım mətnə görə xeyli danlanmağım, hətta atamın da məktəbə çağırılıb qınanması bəlkə də həyatımın əhəmiyyətli nöqtəsi oldu. O zaman olmasa da, sonralarda "böyüyəndə kim olacaqsan?" mövzusunda yazdığım və direktorun təbiriylə desək, "əndrabadi hoqqabazlığın" evimizə sızan şələ-şur kitabların təsirindən ortaya çıxdığını başa düşdüm...

İki il əvvəl kənddəki saxlancdan o illərin qaralama dəftərlərini tapıb çıxarmışdım, həmin inşa da qalırdı. "Kim olmağın əsas deyil, məsələ şəxsiyyət (şəxsiyyət ha, o yaşda ürəyə bax) olmaqdadır"- təxminən belə...

Mən, əlbəttə, müəllimlərin çörək yediyini, ayaqyoluna da getdiyini yaxşı bilirdim, amma bu hadisə, kiçicik bir mətn ətrafında "Ağ qarğa görmüşlük" təsiri çox güman təsir qüvvəsi kimi işini görmüşdü...

Mən öyrədiləni deyil, gördüklərimi yazıya gətirmişdim. Çünki, məsələn, şagirdin başına sığal çəkilə-çəkilə dərs deyildiyini göstərən rəngli şəkilli kitabla bizi savadlandıran müəllimin o kitabı tez-tez ləngiyən, dilini sürüyən, dərsə hazır olmayan şagirdin başına vurduğunu görürdüm...

Atam həmin gün, direktorun otağında mənə daha böyük bir dərs verdi - Susdu. Əlinə tutdurulan vərəqlərə nəzər salıb gülümsədi. Sonra birlikdə evə gəldik. Bir səhər yatağımın yanına qalın bir dəftər və bəzəkli qələmlər qoyub: "Yazmağa davam elə" - dedi... Yəqin, bu bir tale idi. Atamsa onu əvvəlcədən hiss edir və qoruyucu mələk missiyasını üstünə götürürdü. Məni bircə dəfə də incitmədi, bircə dəfə də qarşımı kəsmədi, bircə dəfə də zədələmədi... amma adət olunmamış bir yol seçdi - məni özbaşıma buraxdı... Bundan əvvəl isə baxışlarıyla mənə bir görünməz və haraya açıldığı bilinməyən bağlı qapını göstərmişdi - sadəcə göstərmişdi, onu açmaq artıq mənim özbaşınalığımın öhdəsindəydi...

...Qələm dostlarımla söhbətlərdə həmişə bir fikrin üstündə dayanıram: "Mətninizi qorumayan, Mətninizi zədələyən və sizi Mətndən uzaq salan heç nəyi həyatınızda saxlamayın"...

Hətta xatirələrinizi də...

***

İnsan taleyi əlahəzrət Mətnin fövqündə yarana bilər, amma qala bilməz. Mətn də, öz növbəsində, hətta ən sehrli gücüylə belə, insan taleyi yarada bilməz... O, Tanrı deyil...

İnsan barmaq izi və alın yazısıyla bərabər həm də Mətniylə doğulur. Doğrudur, haqlısınız, istənilən insanın həyatını götürüb Mətn yazmağın mümkünlüyü ilə mümkünsüzlüyü barədə mübahisələrin sonu sonuncu iki insandan birinin ölməsi ilə başa çatacaq...

Yazı - hələ Mətn deyil, lakin Mətn dərhal Yazıdır. Eynilə, Tale də həmişə İnsan deyil, lakin İnsan həmişə taledir...

Biz onları yazdığımız qədər də yazmırıq. Niyə? Cürbəcür səbəblərdən... Bəs niyə yazırıq?

Belə... qayıtdıq əvvələ...

***

Ətrafımızdakı insanları müşahidə edirəm... İşə tələsən, evə qayıdan, nəsə alan, növbə gözləyən, idman edən, yemək yeyən, əllərini yuyan, torpaqla əlləşən, mühazirə oxuyan, doğum sancısı çəkən, qolunu sevgilisinin boynuna dolayan, dilənən, avtomobil sürən... İlahi, hamı nəsə edirmiş. Edirmiş, hər şeyi də danışa-danışa edirmiş...

Görəsən, bütün bəşəriyyət eyni dəqiqələrdə sussaydı yerin səsi kainatda necə eşidilməzdi?..

Necə bir sükut çökərdi...

Bəs hamıya birdəncə bundan sonra insan kimi deyil, Mətn kimi mövcud olacağı deyilsəydi?

Yəqin, adamlar nədən başlayacaqlarını bilməzdilər, çoxlarının ürəyi partlayardı. Bəzilərisə cəsarətli çıxıb etiraz edərdilər - Mətn olmaq nədir, bu nə axmaqlıqdır?..

Həmin hadisə heç zaman baş verməyəcək... Çünki həqiqətən "axmaqlıqdır"..

Amma yazmaq istəyib yaza bilməyən və ən azından buna ümidi qalmayan adamların ürəyinin partladığını çox eşitmişik...

***

Yaradıcılığın hardan başlayaraq yol almasını mübahisə mövzusu hesab etmirəm... Yəni səbəb maraqlı deyil, yaş da, sosial vəziyyət də... Yaradıcılıq ehtiyacı insanın içində yer alan digər vacib instinktlər kimi özlüyündən doğulur. Bəsən gözünü açıb onu içində tapırsan, bəzən təsadüfən rastlaşır, bəzən nə edəcəyini anlaya bilməyib ora-bura vurnuxan məqamlarda birdəncə qarşına bir işarə çıxır...

Bəzən darıxan, özünə yer tapmadığını deyən insanları müşahidə edirəm... Bəzən incidilmiş, qəzəbli insanları...

Birincilərin zərbəsi əksər hallarda özlərinə, ikincilərin zərbəsi cəmiyyətə doğru yönəlir...

Yaradıcılıq sükut halında o iki yönəlmənin tən ortasında insanı gözləyir... Yaradıcılıq - etibarlı ünvandır. İnsanın qəzəbindən silah kimi istifadə etməsi, dərhal əvəz çıxmaq arzusu, ya da ədalət axtarışında ruh düşkünlüyü həm öz, həm də başqalarının həyatı üçün əzabdır... Sevgi? Bəli, sevgi kimi möhtəşəm duyğu belə, çıxılmazlıq içində nəsə yaratmaq mümkünlüyü ağlagəlməzsə faciələrə səbəb ola bilər...

İnsan etirazının yaradıcılığa çevrilməsi taleyin və talelərin əbədiyaşarlığa üz qoyması, daha uzaqlara, daha çox insana, daha çox düşüncəyə və daha çox ümidə səslənişdir. Amma adamlar "çaşıb qalırlar", kim bilir, bəlkə onlar qapıdan xəbərsizdirlər və haraya üz tutacaqlarını bilmirlər...

Ən kədərli gözü bağlılıq...

Lakin... vay o gündən, yaradıcılığın qapısı tapıldıqdan sonra qarşınızın kəsilməsinin özü belə, qəzəbə cığır aça... O qapıdan keçmək haqqının əldən alınması dünyanı alova bürümək gücündə olan bir qığılcımdır. Bəzən kimsə orda oturub öz vaxtını gözləmir, geri, gəldiyi yerə dönür və savaşa hazırlıqlar başlayır...

Bu barədə düşünərkən həmişə Hitleri xatırlayıram. Rəsmlərinə qalereyada yer verilməməsinin əvəzini milyonlarla insana ödədən Hitleri...

Onun iki əvəz çıxmaq yolu vardı - Yaratmaq və Öldürmək. İkincisini seçdi...

Amma deyilənə görə, son günlərinə qədər arabir gizli-gizli nəsə yazır, rəsmlər çəkirmiş... Boynunda milyonlarla günahsız insanın qanı qalan gücsüz adam...

Knut Hamsun da acıqlıydı, Hitleri dost görürdü...

"Aclıq"-ın müəllifi...

***

Kəsişmə və ayrılma nöqtələrindən xəbərsiz Mətn yaratmaq iddiasına düşənlər isə... elə yazıda ilişib qalırlar. Amma bunda nə bir eyib var, nə bir günahkarlıq. Hətta bəzən etiraz, utanc doğuran mənasız söz-söhbətin belə əlahəzrət Mətnə isti-soyuğu yoxdur. Onun qapısı görünə də bilər, görünməyə də, döyülə də bilər, döyülməyə də. Kilidi də, açarı da özündə olan, ya da eləcə açar-kilidsiz, sadəcə toxunmaqla açılan və bağlanan bir qapı. Mən həmişə düşünmüşəm, bu qapı içəridənmi açılmalıdır, ya çöldən? Bəlkə də bizə bir tay görünən qapı, əslində, üz-üzə dayanmış iki lay qapıdır, bəzən birini çöldən döyürük, içəridəki açılmır, bəzən müəllifin iç qapısı açılır, amma çöl qapısı bağlı qalır.

Bəlkə o iki lay arasındakı yol elə həyatın özüdür?

Görəsən, onlardan hansı daha çox sükut və səbr tələb edir?

Mətn o qapıdan içəridədir, yoxsa çöldə? Onu içəriyə keçərəkmi götürə bilirik, ya ayağımızı çölə ataraq? Qapı ya içəridən Mətnlə açıla, ya da çöldən Mətnlə döyülə bilərmi?

"Yox" deyirəm...

Bizim hər birimizin qəlbində bir iç qapı və çöl qapı var. Oxusaq da, yazmaq iddiasına düşsək də tanrısal bir proses qaçılmazdır.

Çöldən gələn yazıyla içəridən çıxan yazı üst-üstə düşürsə Mətndir...

Bundan sonrası isə Allah bilir kimin üçün necə olacaq...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!