Mən bir heç... - Aydın Talıbzadə yazır

Düşüncə alternativləri

 

"Yuğ" Teatrının "Mənəm... mən" tamaşasının koordinatlarında gəzmək üçün tarixilikdən qopmaq gərək, Nəsimini xəyal etmək gərək, hürufilərin hərf, nöqtə və rəqəmlərlə şəkilləndirdiyi Allah-insan ikonasının qarşısında heyrətlənmək gərək; anlamaq gərək ki, sən Nəsimi şeirlərini oxuyanda türkcə zikr eləyirsən, hüruficəsinə salavat çevirirsən...

Budu gəldi "Yuğ" məkanına Hürufi elmi-ilahi  aktyor Əbdülqəni Əliyevin təqdimatında bir dəniz ləpəsi kimi: gəldi, qayıtdı, qayıdıb bir də gəldi Seyid Əli Şamlını Süleyman peyğəmbərin bildiyi quş dilindən agah etmək üçün...

Əbdülqəninin Hürufi elmi-ilahisi islam aləmində ezoterik bilgilərin sirrindən, möcüzəsindən, sufilərin dünya modelindən xəbərdardır, dərvişdir, arifdir. Hərçənd tam dəqiqləşdirmək olmur ki, bu dərviş təsəvvür personajıdır, qarabasmadır, yoxsa Seyid Əli Şamlının gözünə görünən Nəsimi teyfi? Üç versiyanın üçünü də aktivləşdirmək mümkün: amma mən üçüncünü daha cəlbedici  buluram. 

Həmin bu personajın davranış motivasiyası rəsmi dini dairələr tərəfindən hürufiləri, şəxsən də laməkan Nəsimini tapıb cəzalandırmaqdan ötrü vəkil edilmiş cəllad Seyid Əlini (Ziya Ağa) Fəzlin fəlsəfəsinə, inamına, əqidəsinə gətirməkdir.

Bundan ötrü Hürufi elmi-ilahi islam mifolojisində insanın mələklərdən uca tutulmasının səbəbini izah edir: əbcədə güvənib söyləyir ki, bəni-adəmi bildirən "vəch" sözünün rəqəm simvolu 14-dür, "Fatihə" surəsində ayələrin sayı 7-dir, iki dəfə nazil olub, bir əlin barmaqlarının 14 büküşü var, qünut zamanı iki əl bir araya gələndə barmaq büküşlərinin cəmi eləyir 28, yəni kitab kimi açılıb 28 hərflə yazılmış "Quran"ı rəmzləşdirir. Ay 28 gün yol gedir. 28 dörd yeddidir. Həftə 7 gündür. 128 min peyğəmbər yenə bir yeddidir. İnsanın üzündə 7 dəlik mövcud və burada "əlif", "lam", "həy" nəqqaşlıq edib "Allah" sözünü yazır. Odur ki, bəni-adəmin surəti "Quran"dır. Bu mənada Allah, "Quran", Muhammad, Kəəbə, insan, cahan - "mənəm... mən".

Onda məgər təəccüblüdür ki, personajların sayı tamaşada yeddidir?

Əsla.

Bu elə belə də düşünülüb zatən.

Yeddi personajdan yalnız biri Nəsimidir!

Nəsimidirmi?

Axı məkanı yoxdur anın? Məkansızdırsa, görünə bilərmi?

Yazıçı-dramaturq İlqar Fəhminin didaktik-detektiv (detektiv didaktikanı özündə apriori ehtiva eləyir və nəzəriyyədə ən didaktik janr  hesab olunur) janrlı "Nəsimi" pyesi filosof-şairin 650 illik yubileyi müstəvisində bir ithaf kimi qavranılır: məramı şübhələrində boğulan dindar, cəllad birisini irfana, ali bilginin işığına qovuşdurmaqdır, Nəsimini axtaran Seyid Əli Şamlının özünü "nəsimiləşdirməkdir". Pyesin diskursu hürufi fəlsəfəsinin və Nəsimi şeirlərinin insanlara ecazkar, möcüzəvi təsirinin təftişi, sınağı üzərində qurulub: belə ki, dramaturji mətndə Nəsimi olmaya-olmaya hərə bir cür Nəsimi sözünün aşiqi, dəlisi kimi aparır özünü. Daha doğrusu, əsər tarixi şəxsiyyətə yaşadığı dövr kontekstində situativ münasibət sərgiləyir.

Subyekt, yəni Seyid Əli (və ya Əhməd) Şamlı dramatik toqquşmaların içindədir. Bu konflikt onun daxili dünyasının konfliktidir və başqaları ilə mübarizəni ehtiva eləmir. O ehtimal da var ki, hətta situasiyanın özü Seyid Əli Şamlının xəyalıdır; təsəvvürü ilə, şübhələrilə provokasiya olunur. Ona görə də pyes mental duellər kimi hörgülənib və elə o cür də tamaşaya qoyulub.  

Ancaq bu, tam dekonstruksiya deyil, Nəsimi mifini dağıtmaq cəhdi deyil, əksinə, özgələrin ünsiyyətində, intellektual mübahisəsində Nəsiminin yeni bir orijinal hekayətini modelləşdirmək, Nəsiminin fikir ikonasını yaratmaq, onu məsihləşdirmək, buddalaşdırmaq təşəbbüsüdür.  Di gəl ki, pyesin dialoqlarına pərçim intonasiya, düşüncəni bəyana gətirmək tərzi, diskursu tərtibləmək manerası, nitq taktları məlum "Nəsimi" filminin bədii ənənəsilə səsləşir.

Fəhminin "Nəsimi" pyesini quruluşçu rejissor Mehriban Ələkbərzadə detektivdən "uzaqlaşdırıb" mistik-psixoloji dram janrına doğru yönəldir və "Mənəm... mən" oyunu kimi mizanlaşdırır, harada ki Nəsimi adlı bir personaj gözə dəymir: çünki burada Nəsimi ideyadır, niyyətdir, yoldur, fikir və əməllərin qarasını mənəviyyatın ağına döndərmək, bədəni ruha çevirmək cəhdidir.

Təsadüfi deyil ki, tamaşa başlarkən oyun məkanı, sanki çarşablanıb, qara örtüyə bürünüb və bu örtük üzərində dönən mövləvi dərvişlərinin qızılı rəngli qrafik görüntüləri (quruluşçu rəssam Vüsal Rəhim) şəkillənir. Əslində, bu qara örtük Seyid Əli Şamlının batin qarasını eyhamlaşdırır. Ona görə də Hürufi elmi-ilahi oyuna girər-girməz çalışır qara örtüyü divarlardan qoparıb atsın, ağ örtüyü aşkar eləsin, Şamlını aydınlığa çıxarsın.

Digər dərvişlər də həmin bu qutlu missiyanı gerçəkləşdirmək, qəhrəmanı şəriətdən həqiqətə aparmaq niyyətilə "Mənəm... mən" oyununa daxil olacaqlar.

Budu gəldi "Yuğ" məkanına Hürufi eşqi-ilahi yumşaq ağ duman kimi aktyor Vüqar Hacıyevin plastikasında: məramı Allah eşqinin idrakdan uca olduğunu Seyid Əli Şamlıya anlatmaqdır.

Budu gəldi "Yuğ" məkanına Hürufi ilahi yazı narın bir yağış kimi aktyor Elgün Həmidovun ifasında Seyid Əli Şamlının bütün varlığına hopmaq üçün...

Budu gəldi "Yuğ" məkanına Hürufi ilahi şeir pırpız səba yeli, səhər nəsimi kimi aktyor Qasım Nağının təfsirində Seyid Əli Şamlının şair ruhunu diriltmək məqsədilə...

Budu gəldi Hürufi övliya ullah torpaq kimi aktyor Amid Qasımovun təqdimatında Seyid Əli Şamlını fənafillaha yetirmək ümidilə...

Hərə öz xislətinə, öz eşqinə, öz adına, öz ədasına, öz surətinə və imicinə uyğun Seyidin qəlb qarasını və ya gözlərinə çəkilmiş qara pərdəni götürüb orada Nəsimi ruhunu yaşatmağa çalışır. Hətta məqsədlərinə çatmaq, Seyid Əli Şamlını "nəsimiləşdirmək" naminə bu dərvişlər düşüncənin gücü ilə öz ölümləri bahasına onu qətllər törətməyə təhrik edirlər.  Yəni hər fikir mübahisəsində Seyid Əli Şamlı şəriətin qaydalarını üstün sayıb bu irfan sahiblərini, söz, hikmət, ruh aşiqlərini küfrdə suçlayır, onları "Yuğ" məkanında düzbucaqlı qutu-postament kimi qurulmuş edam iskələsinə və ya ölüm "quyu"suna - qəbir quyusuna göndərir.

Bütövlükdə, 7 beytlik qəzəli xatırladan tamaşanın mizanları şeir rədifi kimi təkrarlanır: M.Ələkbərzadə pyesin "Nəsimi" adını "Mənəm... mən" adı ilə əvəzləyəndə artıq bu təkrarı oyun strukturunun dominantı qismində götürür və tamaşanın mizan biçimini bu dominant fikrin məkan qəlibinə çevirir.

Digər tərəfdən, "Mənəm... mən" şəxsiyyətin psixi durumuna, yetərincə rişələnmiş nərgizliyinə, Tanrı olmaq istəyinə bir işarədir.  Ayrı bir yöndən yanaşanda isə Yunus İmrənin "məni məndə demə, məndə deyiləm" fikri Nəsiminin elə "cahan mənəm mən" dedisinin eynidir. Birinci introvert şəxsiyyət tipinin düşüncə məhsuludur, ikinci - ekstrovert şəxsiyyət tipinin.

Əgər cahan məndirsə, onda ya cahan yoxdur, ya da mən: mən hər yerdə olanda, mən zərrə, günəş, kosmos olanda mən heç vədə mən olmur.  Çünki mən vəhdət əl-vücuda gəlir, fərq nişanələrini itirir, fənalaşır. Əbəs deyil ki, "mənəm... mən" aqressiv dedisinin tərs üzündə müdrikanə "mən  bir heç" bəyanatı gizlənir: həqiqətdə, onların məna tutumu bir-birinə müsavidir.

Elə buna görə də M.Ələkbərzadənin tamaşasında söyləm hadisədir, nitq eyləmdir. Hər bitkin "dedi" fraqmentindən sonra mütləq şəkildə bir qətl gerçəkləşir: amma ölən də, öldürən də Seyid Əli Şamlının özüdür.

Oyun meydançasında aktyorların bir ifa mükəmməlliyi var: onlardan hər biri, xalq artisti Məmmədsəfadan (Şəmsəddin Bağdadi rolunda) savayı, Nəsiminin ruhu olmağa, nəsimiliyi  duyduğu kimi, anladığı kimi öz içindən zühura gətirməyə iddialıdır. Belə ki, aktyorlar bu tamaşada Nəsimi dünyasının bildiricilərinə (hürufilikdə elmi ilahini, eşqi-ilahini, ilahi yazını, ilahi şeiri, övliyalığı) öz jest, səs, davranışları vasitəsilə nurlanmış, ruhsal bir görkəm verməyə, sözdən təsirlənib vəcd ovqatına varmağa, hətta bəzən nəsimiləşməyə, Nəsimi ruhu ilə buluşmağa çalışırlar və niyyətlərində sonacan səmimi qalırlar.

Xalq artisti Məmmədsəfanın Şeyx Əzəm Şəmsəddin Bağdadisi antinəsimidir, aqressiv hökmranlığı, emosional coşqusu, nəfəs "püskürmələri", davranış üslubu ilə sanki müasir ərəb terrorçusudur, hürufiləri "dişinən-dırnağilən" didib parçalamağa hazır birisidir. İfa tərzi keçərlidir, tamaşanın fikir partiturasının məntiqinə uyğundur, amma onun fakturasında, estetik paradiqmasında yad elementdir.

Məncə, "Yuğ" Teatrında maraqlı, yetərincə qadir bir kişi truppası formalaşmaqdadır; elə bir truppa ki, hətta amerikalı dramaturq Recinald Rouzun "12 qəzəblənmiş kişi" pyesini də  onların iştirakı ilə Azərbaycan teatrına gətirmək mümkün...

Hərçənd "12 qəzəblənmiş kişi" pyesinin səhnə parametrlərində oyun ritmini, musiqi həllini tapmaq son dərəcə çətin, problemli.  İ.Fəhminin "Nəsimi" əsərisə, əksinə, Şərqin və müsəlman aləminin bütün musiqi patternlərinə geniş amplitudada açıq. Buna rəğmən rejissor "Mənəm... mən" tamaşası üçün bəstəkar Aygün Səmədzadəyə orijinal musiqi sorağında müraciət etmişdir.

Azərbaycanın Xalq artisti Aygün xanımın bəstələri öz-özlüyündə olduqca işıqlıdır, həlimdir, safdır, incə bir zövq sərgiləyir: amma mürəkkəb Nəsimi düşüncələri, qədim türk dilinin şaman cazibəsi, sərt ritmikası ilə süslənmiş Nəsimi şeirləri, Nəsimi ruhu üçün yox, Mövlana Cəlaləddin Ruminin su kimi axan fəlsəfi pritçaları üçün reflektivdir. Bəlkə də "Mənəm... mən" tamaşasına bir təlqin musiqisi, yəni sufi zikrləri ritmində bəstələnmiş parçalar daha çox faydalı ola bilərdi. Məsələyə digər bir yöndən yanaşanda etiraf etməliyəm ki, axı Fəhmi pyesinin özü də haradasa pritçavaridir. Ancaq bütün hallarda tamaşanın seyrçini ovsunlayacaq, onu Nəsimi dünyasının magiyasına salacaq emosional-energetik təsir qüvvəsi, təlqin qüvvəsi, mənim  fikrimcə, yenə də yetərli deyil.

Bununla belə gedək finala doğru.

Gənc istedad Ziya Ağa, rejissorun aktyor seçimi artıq neçənci dəfədir ki, dəqiqliyilə heyrətlidir, Seyid Əli Şamlını güc və zəifliyin qonşulaşdığı sərhəddə vücuda gətirir. Aktyorun personajı, eynən Ziya Ağanın özü kimi, səmimiyyəti içində çaşqın və şübhəlidir. Onun qəhrəmanı hürufi elmi-ilahidən, ilahi eşqdən, ilahi yazıdan, ilahi şeirdən nə qədər ki xəbərsizdir, cəllad, qatil "baramasında" mövcuddur. Elə ki bu bilgilər, duyumlar Seyid Əli Şamlının qanına, canına işləyəcək, varlığına çevriləcək, onun yaşıl barama paltarı Şeyx Əzəmin zərbəsindən sonra nar kimi pardaxlanacaq və barama Nəsimiyə transformasiya olunacaq, misali-kəpənək təəssüratı oyadacaq: Seyid Əli nəsimiləşəcək, hürufi əqidəsində öz ölümünü qəbul edəcək və Mənsur əl-Həllacın "ənəlhəqq" dastanını tamamlayacaq...

Əgər  İmadəddin Nəsimi söyləyirsə ki, "gərçi bu gün Nəsimiyəm, xak ilə yeksan olmuşam", deməli, "mənəm... mən" bir hürufi şairin mistifikasiyasıdır; arxasında "mən bir heç" fikri dayanır.

Əgər Azərbaycanın "Yuğ" məkanında belə bir tamaşa varsa, bu ona dəlalət edir ki, Nəsiminin ruhu bizimlədir.

Əgər ruh olmasa, sevinməzsən.

Əgər ruh olmasa, kədərlənməzsən.

Əgər ruh olmasa, heçlik səni qorxudar.

Əgər ruh olmasaydı, onu yenidən kəşf edib insanlara bağışlamağına dəyərdi.

Çünki ruhun mövcudluğuna inanıb ölmək ruhun yoxluğunu bilib yaşamaqdan yaxşıdır.

Çünki ruh dünyanın ən müqəddəs, ən şirin, ən xilaskar, ən müəmmalı həqiqəti və uydurmasıdır.

Çünki ruh insanın sonuncu sığınacağı və ümididir.

"Yuğ" məkanının cəmi ruhlarına salam olsun!!!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!