Elin gücü dilindədir, dilin gücü dövlətində - Fazil Güney

 

Toplum dili, dil dövləti yaradır. Dövlət dili qoruyur, gəlişdirir. Elin gücü dilindədir, dilin gücü dövlətindədir, desək, yanılmarıq. XXI yüzillikdən tarixin dolanbac dönəmlərinə baxış saldıqda dünyada geniş yayılmış və güclü sayılan dillərin arxasında güclü dövlətlərin durduğunu görürük. Çox da uzaqlara getməyib, Orta yüzilliklərdən bizim dönəmlərə qədər zaman kəsiyinə baxmaq yetər. Ərəb, ingilis, beşyüzillik tarixi olan rus dillərini götürək. Bu dillərin arxasında Ərəb Xilafəti, Böyük Britaniya və rus imperiyaları dururdu. Bu imperiyalar öz rəsmi dillərinin gəlişib yayılmasına, dil qayda-qanunlarının işlənib möhkəmlənməsinə, başqa dillərdə olan Antik ədəbiyyatın, folklor nümunələrinin öz dillərinə çevrilməsinə, yeni-yeni kitabların yazılmasına davamlı çalışırdılar. Azərbaycan dövlətinin rəhbərliyi, Azərbaycan Parlamenti dövlət dili barəsində gərəkən qanunlar qəbul etmişdir. Ulu öndərimiz Heydər Əliyev, Prezident İlham Əliyev rəsmi dövlət dili olan Azərbaycan-türk dilinin təmizliyinin qorunması, gəlişməsi haqqında çoxsaylı tövsiyələr vermiş, fərmanlar imzalamışlar: bu məqsədlə dövlət tərəfindən davamlı olaraq gərəkən maliyyə ayrılır.

Onu da vurğulamaq istərdim ki, Azərbaycan dilini müstəqilliyimizə və onun bərpasına qədər qoruyan xalqımız, onun qələm sahibləri olmuşlar. Yoxsa bu dil əcnəbi söz və ifadələrlə korlanaraq əldən gedib, məhdud anlaşma vasitəsinə çevrilərdi.

Müstəqilliyimizin 28 ilində çox quruculuq işləri görülmüş, uğurlar qazanılmışdır. Ancaq ölkəmizin, dövlətimizin bu illərdə gördüyü böyük işləri, başqa-başqa alanlarda qazandığı uğurları dilçiliyimizin inkişafına aid etmək olmur.

Mən rus və ərəb dilləri timsalında dövlət və dil əlaqələri haqqında fikrimi əsaslandırmaq istəyirəm. Hamıya məlumdur ki, XVI yüzilliyə qədər, I Pyotr dönəminədək indiki güclü rus dili yox idi və bu dövlət möhkəmləndikcə slavyan və türk-tatar dilləri əsasında rus dili formalaşdırılıb yaradılmağa başladı. Rus ədəbiyyatında XVIII yüzildə Fonvizindən qabaq heç bir ədəbi simaya rast gəlinmir. Firdovsi müasir fars dilini formalaşdırdığı kimi, rus dilini ədəbi dil səviyyəsinə qaldırmaqda Puşkinin və digər qələm sahiblərinin böyük rolu oldu. Amma indi gəlişmiş, Avrasiya məkanında aparıcı dilə çevrilmiş rus dilini Rus İmperiyası yaratdı.

İndiki çağda 20-dən çox dövlətin rəsmi dili olan, bütün İslam aləmində yayılmış ərəb dilini isə tək "Qurani-Kərim" deyil, Ərəb Xilafəti də yaradıb qorudu, inkişaf etdirdi. Cahil, bədəvi ərəblərin dili inkişaf etmiş arami, siryani, finikiya, qəhtani və digər sami dilləri hesabına zənginləşdirildi, yüksək səviyyəyə qaldırıldı. Bunu dövlət edirdi. VIII yüzillikdə hakimiyyətə gəlmiş Abbasilər sülaləsi dönəmində, özəlliklə IX yüzillikdə Harun ər-Rəşidin xəlifəliyi zamanında çeşidli dil və tərcümə qurumları, ədəbi dərnəklər yaradılmışdı. Bu qurumlar ərəb dilinin sərf və nəhvini - klassik qrammatikasını, qayda-qanunlarını yaradırdı, hind, yunan, əski türk, fars dillərindəki kitablar, folklor nümunələri ərəbcəyə tərcümə edilirdi, ərəb şifahi ədəbiyyatı nümunələri yazıya köçürülürdü. "Min bir gecə" nağılları, "Kəlilə və Dimnə" alleqorik hekayətləri o dönəmlərdə ərəbcəyə çevrilmişdi. Bunların sırasında "Dədə Qorqud"dan  "Dəli Domrul" boyu da vardı. (Təəssüf ki, mənbələrdə adıçəkilən bu boyun tərcüməsi dövrümüzə çatmamışdır...). Bütün bu həşəmətli işlərə görə IX əsri Xilafətin "qızıl dövrü" adlandırırlar. Beləliklə, bədəvi - köçəri ərəblərin dili "Qurani-Kərim"dən sonra ikinci nəfəs aldı, bütün islam ellərində oxuma-yazmanı, bilim adamlarını öz təsiri altına saldı.

Sovet dönəmində mərkəz türk xalqlarının, onların dillərinin bir-birindən ayrılıb başqa-başqa yollarla getməsinə çalışırdı. Əski türk sözlərini, digər türk xalqlarının dillərindən sözlərin gətirilməsi pantürkizm sayılırdı. Azərbaycan xalqının milli kimliyi hər vəchlə gizlədilirdi. Burada bir haşiyəyə çıxım ki, pantürkizm qılıncı tək bizim, yəni Sovetlər Birliyindəki türk xalqlarının deyil, Bolqarıstan, Yunanıstan və İraqda oftoxon (aborigen) türklərin də başı üstündən asılmışdı. O dönəmlərdə bunun şahidi olmuşam. Məni çox etkiləndirmiş, ərəbcə desək, təsirləndirmiş bir olayı oxuculara danışmaq istəyirəm...

1968-70-ci illərdə hərbi dilmanc olduğum Almatıdakı hərbi təyyarəçilər məktəbində İraq kursantları arasındakı türkmanlarla tanış olduqda sevinclə dedim: "Nə yaxşı dilinizi qoruyub saxlamısınız". Məhəmmədli Bayat adlı kərküklü isə bildirdi ki, ərəb millətçilərinin Bəəs partiyası onları sıxışdırıb, milli kimliklərini yox etmək istəyir. "Ancaq bacara bilməzlər. Biz qədim və böyük xalqa mənsubuq. Bizim qədim və güclü dilimiz var" deyən Məhəmmədəli İraq türkmanlarının yaratdığı bir bayatını söylədi:

Qanaraya,

Qan axar qanaraya.

Mən bu dildən vaz keçməm,

Asılsam da qanaraya.

Mən 1970-73-cü illərdə Suriyada, 1977-78-ci illərdə İraqda Səddam dövründə eynən bizim dildə danışan türkmanlarla gizli-açıq çox danışmışam, dostluq etmişəm. Onlar bütün basqılara rəğmən öz dillərini qoruyub saxlamışlar. Ərəblərin yanında belə, mənimlə öz dilimizdə danışan bu fədakar adamlar haqqında kiçik yazıda geniş danışmaq mümkünsüzdür. Üzərində işlədiyim "Dilmanc" adlı memuarımda bu məsələyə çox toxunmuşam.

Sovet dönəmində yaşamış, türk xalqlarına basqıları görmüş bir qələm sahibi kimi özümdən də, oxuculardan da soruşuram: bəs indi necə? Dilimizin təmizlənməsində, bunun üçün digər türk dillərindən faydalanmaqda qarşımızı kəsən, bizə mane olan varmı? Vardır! O maneçiliyi törədənlər öz içimizdədir, biriləri bilməyərəkdən, biriləri bilərəkdən, qəsdən... Bəziləri Anadolu türkcəsindən aldığımız sözlərə qarşı çıxır, bunu Türkiyə türkcəsinin dilimizə basqısı adlandırırlar. Əksinə, bu, qarşılıqlı faydalanmadır. Düşünürəm ki, bizim "bildiriş", "açar" kimi sözlərimiz onların "ilan", "anahdar" sözlərini sıxışdırıb çıxaracaqdır. Bizim dildəki "təyyarə", "müəllim" kimi sözləri "uçaq", "öyrətmən" əvəz edəcəkdir. Təyyarə ərəbcə "uçmaq" feilindən yaranmışdır. Əgər dilimizdə bu feil varsa, niyə ərəbcəni işlətməliyik? "Müəllim" sözü üzərində dayanmaq istəyirəm. Ərəbcə bu söz "ələm, dərd, kədər verən" anlamını verir. Muallim isə "elm", "bilik verən" deməkdir. Əgər dilimizdə bilmək, öyrətmək feilləri varsa, biz niyə bunlardan düzəldilmiş adları, yəni "bilgi", "bilim adamı", "öyrətmən" sözlərini işlətməməliyik?! Əgər dilimizdə "cızıq", "çevrə" varsa, niyə ərəbcə "xətt", "dövrə", "dairə" sözlərini işlədirik? Biz "mədəni insan" dedikdə ərəbcə danışanlar bunu "şəhərli adam" kimi anlayırlar. Çünki ərəbcə bu anlam "insan musaqqaf" deyə işlədilir.

Məni qınamayın, hər kərə müəllim, təhsil, təxliyə, lüğət, səhhət, həşdad və bu qəbildən olan digər  sözləri eşidəndə, əsəbiləşirəm. Ərəb sözləri olan təxliyə - boşaltmaq, köçürtmək; təhsil - əldə etmək; lüğət - sözlük, səhhət - sağlamlıq, fars sözü "həşdad" - səksən deməkdir. "Təhsil Nazirliyi" adını kim icad etmişdir? Ərəb özü bu sözləri bu mənalarda işlətmir. Niyə biz "sözlük" deyil, "lüğət" sözünü işlədirik? "Səhiyyə Nazirliyi" adını dilimizə çevirəndə "Sağlamlıq Bakanlığı" alınır.  Lüğət ərəbcə "dil" deməkdir. Onlar bu anlamı "qamus" adlandırırlar. Qazaxlar "mərkəzi univermaq" yox, "aralıq univermağı" deyirlər. "Stansiya" sözünün yerinə "duracaq" işlətmək olmazmı? Biz, adətən, "peç" deyirik, Suriya ərəbləri isə onu "soba" adlandırırlar... Yüzlərlə belə misallar çəkmək olar.

Hələ Sovet dönəmində dilçilərimizlə, qələm sahibləri ilə dilimizdəki ərəb və fars sözləri yerinə öz sözlərimizi işlətmək barəsində söhbətləşəndə deyərdilər: bu sözlər artıq vətəndaşlıq hüququ qazanmışdır... (indi də çoxları o fikirdədir). Bəs onda niyə XX əsrin başlanğıc illərinədək dilimizdə olan mürəkkəb izafət tərkiblərini tulladıq, bir sıra ərəb və fars sözlərini özümüzünkülərlə dəyişdirdik? Bu söz və ifadələr əsrlər boyu dilimizdə "vətəndaşlıq hüququ" qazanmamışdımı? Söhbət, əlbəttə, dilimizdə olmayan sözlərdən, dini terminlərdən getmir. Bizim dillə tanış olub öyrənən əcnəbi alınma sözləri görüb, istər-istəməz onun yoxsul dil olmasını düşünə bilər. Əslində bu, mənim özümün başına gəlmişdir.

Ölkəmizdən kənarda dilmanc işləyərkən Bakıdan gəlmiş " Kommunist" qəzetinə ötəri baxış salan rus həmkarım gülə-gülə dedi: "İndi bildim ki, niyə sizin tərcüməçilər ərəbcə yaxşı bilirlər".

O, bizim dili bilmədiyi halda on bir sözdən ibarət cümləni oxuyub, ruscaya çevirdi. Həmin cümlədəki sözlərdən yeddisi ərəb, ikisi rus, yalnız feillər bizimki idi... Həmin sözlərdən yadımda qalanları bunlardır: siqlət, müvəffəqiyyət, əhəmiyyət, mütəşəlliklə, beynəlxalq... Siqlət - ağırlıq deməkdir, Allaha şükür, müvəffəqiyyət və əhəmiyyəti uğur və önəmlə dəyişdirmişik... Ərəbcə sözönü olan "beynə" "arasında" anlamını verir, "Xalq" sözü isə "yaranmış" deməkdir. Bizim işlətdiyimiz "xalq"a ərəblər "şaab" deyirlər. Biz "beynəlxalq" yerinə "uluslararası" deyə bilmərikmi?

Yazıqlar olsun ki, bizim bir sıra ədəbiyyatşünaslarımız "ağırlıq" əvəzinə "siqlət" işlətməklə yazılarının daha ağır, savadlı olacağını düşünürlər.

Zira Dil - əkilmiş bir ağaca bənzəyir və davamlı qulluq istəyir. Ağaca davamlı olaraq su, gübrə verdikdə, dibini qazdıqda, qurumuş budaqlarını arıtladıqda şaxələnir, qol-budaq atır. Dildə elədir...

Bizim dilimiz dünyanın ən əski dilidir, ən azı 8-9 min il öncələrdən yaranıb çox tarixi mərhələlər keçmişdir. Onun izlərinə Avropada da, Asiyada da, uzaq Amerikada da, elmi dillə desək toponimlərdə, hidronimlərdə, oykonimlərdə - yəni yer, çay, göl, dağ, dərə və adam adlarında rast gəlinir.

Gəlin ulu dədə-babalarımızdan bizə miras qalmış bu zəngin, gözəl dilimizin dəyərini bilək, onu qurumuş, əyri bitmiş budaqlardan, çör-çöplərdən təmizləyək...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!